Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3391/2022 18.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əzizova Şəbnur Rəfail qızının katibliyi, İddiaçı X2, İddiaçıların nümayəndəsi X3 iştirakı ilə İddiaçılar X2 və İddiaçı1 Cavabdeh MTK-ya qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar X6 və İddiaçı1 Cavabdeh MTK-ya qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan 9.200 manat və dövlət rüsumu kimi ödədikləri 30 manat pulun alınaraq onlara verilməsi; 14 noyabr 2017-ci il tarixli 27 saylı müqavilədə nəzərdə tutulmuş qaydada ümumi sahəsi 121,5 m2 təşkil edən yaşayış sahəsinin Cavabdeh MTK tərəfindən onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, Cavabdeh MTK-nın sədri X4 ilə aralarında 14 noyabr 2017-ci il tarixli 27 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə vətəndaşlar (gələcəkdə payçılar adlandırılacaq) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət kimi qeydiyyata alınan və onlara məxsus ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 66,8 m2-dən ibarət olan 102 saylı mənzili Bakı şəhəri Binəqədi RİHB-nin 174 saylı, 20 iyul 2017-ci il tarixli Sərəncamı əsasında ünvan 1 ünvanda nəzərdə tutulmuş layihənin həyata keçirilməsi üçün kooperativin mülkiyyətinə verir, kooperativ isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutumuş yeni layihə tam başa çatdıqdan sonra həmin layihə üzrə yaşayış binasının «D» blokunda, 5-ci mərtəbədə, ümumi sahəsi 121,5 m2 təşkil edən 3 otaqdan ibarət mənzili təmirsiz şəkildə vətəndaşların (gələcəkdə payçı adlandırılacaq) müvvəqəti yaşayacağı yer üzrə aylıq 400 manat kirayə haqqının ödənilməsini təmin edir. Həmin müqavilənin 2.1.4-cü bəndinə görə kooperativin vəzifəsi vətəndaşıların müvəqqəti yaşayacağı yer üzrə aylıq 400 manat kirayə haqqının ödənilməsini təmin etməkdir. Yenə də həmin müqavilənin 2.1.5-ci bəndinə görə kooperativin vəzifəsi tikinti işləri tam başa çatdıqdan sonra müqavilədə nəzərdə tutulmuş qaydada ümumi sahəsi 121,5 m2 təşkil edən yaşayış sahəsini təmirsiz şəkildə payçılara təhvil-təslim edilməsini təmin etməkdir. Lakin Cavabdeh Mənzil Tiknti Kooperativi tərəfindən 14 noyabr 2017-ci il tarixli 27 saylı müqavilənin şərtləri pozularaq 23 ay müddətində olan kirayə haqqı, cəmi 9.200 manat pul onlara ödənilməmiş, müqavilədə nəzərdə tutulmuş qaydada ümumi sahəsi 121,5 m2 təşkil edən yaşayış sahəsini onlara təhvil verməmişdir. İddiaçı X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçıların nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddiaçı M.Hüseynovun izahatına oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X1 iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, iddiaçılar ilə müqavilə bağlanmış, onlara kirayə haqqı verilməsi nəzərdə tutulmuşdur. 2019-cu ilin oktyabr ayı daxil olmaqla, kirayə pulu ödənilmişdir. Həmin tarixdə iddiaçı X6 şirkətə yaxınlaşıb maddi sıxıntılarının olması ilə bağlı evin satılmasını istəmiş, lakin şirkət yalnız yeni evə dair çıxarış alındıqdan sonra mümkün olacağını bildirmişdir. İddiaçılar müvəqqəti kirayə haqqından ərizə yazaraq imtina etmişlər. Bir il öncə kirayə haqqını istəmişlər. Yenidən kirayə haqqı almaları üçün iddiaçılara ərizə yazmalı olduqlarını izahat etmişlər, lakin iddiaçılar ərizə yazmaqdan imtina etmişlər. İndi isə hesablayıb kirayə haqqı istəyirlər. Evin təhvil verilməsi ilə bağlı isə cavabdeh tərəfindən iddiaçılara 2 otaqlı ümumi sahəsi 114 m2 olan mənzil verilə bilər, qalan 7 m2 əvəzində isə iddiaçılar ilə razılığa gələrək, təmirə kömək edə biləcəklərini qeyd etmişdir. Cavabdeh MTK-ya növbəti məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı M.Hüseynovun və iddiaçıların nümayəndəsi H.Muradovanın izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 30 iyun 2017-ci il tarixli 11/10730 inventar nömrəli və 01 iyul 2017-ci il tarixli 11/10803 saylı texniki pasportlardan görünür ki, ünvan 3 ünvana dair İddiaçı1 və X2 adına zəruri texniki göstəricilərin əks olunduğu texniki pasportlar tərtib edilmişdir. - 05 iyul 2017-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı və RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, ünvan 1 saylı evin 102 saylı mənzili hər birinin payı 1/2 hissədə olmaqla paylı mülkiyyət kimi İddiaçı1 və X2 adına daşınmaz əmlakın dövlət reyestrində 775 nömrəli reyestr kitabının 72412 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin 27 noyabr 2017-ci il tarixli **********93 saylı və 30 noyabr 2017-ci il tarixli **********69 saylı məktublarından görünür ki, ünvan 1 saylı evin 102 saylı mənzilinin məhv olduğu nəzərə alınaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ləğv edilmişdir. - İddiaçılarla cavabdeh arasında bağlanmış 14 noyabr 2017-ci il tarixli 27 saylı əvəzləşdirmə müqaviləsindən görünür ki, Cavabdeh Mənzil Tikinli Kooperativi ilə X6 və Hüseynov Çavİd Elşad oğlu arasında bağlanmış əvəzləşdirmə müqaviləsinə əsasən vətəndaşlar (gələcəkdə «Payçı»lar adlandırılacaq) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət kimi qeydiyyata alınan və onlara məxsus ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 66,8 m2-dən ibarət olan 102 saylı mənzili Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 174 saylı, 20 iyul 2017-ci il tarixli Sərəncamı əsasında ünvan 1 ünvanda nəzərdə tutulmuş layihənin həyata keçirilməsi üçün kooperativin mülkiyyətinə verir, kooperativ isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yeni layihə tam başa çatdıqdan sonra həmin layihə üzrə yaşayış binasının «D» blokunda, 5-ci mərtəbədə, ümumi sahəsi 121,5 m2 təşkil edən 3 otaqdan ibarət mənzili təmirsiz şəkildə vətəndaşların (gələcəkdə «Payçılar» adlandırılacaq) mülkiyyətinə verməyi öz öhdəsinə götürür və vətəndaşlara (gələcəkdə «Payçı» adlandırılacaq) müvəqqəti yaşayacağı yer üzrə aylıq 400 manat kirayə haqqının ödənilməsini təmin edir. Tərəflər tikinti və təmir işlərinin aparılması üçün nəzərdə tutulmuş müddəti, binanın özül işlərinə başlanmasından hesablanmaqla 36 ay olmasını qəbul edirlər. Tərəflərin hüquq və vəzifələri müqavilənin 2-ci, öhdəlikləri müqavilənin 3-cü, müqavilənin hüquqi qüvvəsi və müddəti müqavilənin 4-cü, tərəflərin məsuliyyəti müqavilənin 5-ci, mübahisələrə baxılması müqavilənin 6-cı, fors-major hallar müqavilənin 7-ci, müqavilənin dəyişdirilməsi şərtləri müqavilənin 8-ci, tərəflərin ünvan və rekvizitləri müqavilənin 9-cu bəndlərində və həmin bəndlərin yarımbəndlərində təsbit olunmuşdur. Müqavilə həm iddiaçılar, həm də cavabdehin səlahiyyətli şəxsi tərəfindən imzalanmış və möhürlənmişdir. - X2 cavabdehə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, “M.Hüseynov ona məxsus ünvan 1 ünvanında yerləşən 102 saylı mənzilin MTK tərəfindən tikilən yaşayış binasında 121.5 kv.m-dən ibarət mənzillə əvəzləşdirilməsi barədə 14 noyabr 2017-ci il tarixli 27 nömrəli müqavilə bağlanmışdır. Hal-hazırda müvəqqəti olaraq ona verilən aylıq 400 manat kirayə haqqından imtina edərək MTK tərəfindən ona verilmiş mənzilin MTK vasitəsilə satışının həyata keçirilərək əldə olunan vəsaitin ona ödənilməsini xahiş etmişdir.” İşin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçılarla cavabdeh arasında 14 noyabr 2017-ci il tarixli 27 saylı əvəzləşdirmə müqaviləsi bağlanmış, müqavilə üzrə iddiaçılar onlara məxsus olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 66,8 m2-dən ibarət olan 102 saylı mənzili Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 174 saylı, 20 iyul 2017-ci il tarixli Sərəncamı əsasında ünvan 1 ünvanda nəzərdə tutulmuş layihənin həyata keçirilməsi üçün kooperativin mülkiyyətinə verməyi, kooperativ isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yeni layihə tam başa çatdıqdan sonra həmin layihə üzrə yaşayış binasının «D» blokunda, 5-ci mərtəbədə, ümumi sahəsi 121,5 m2 təşkil edən 3 otaqdan ibarət mənzili təmirsiz şəkildə iddiaçıların mülkiyyətinə verməyi və vətəndaşlara müvəqqəti yaşayacaqları yer üzrə aylıq 400 manat kirayə haqqının ödənilməsini öz öhdəsinə götürmüşdür. Bir müddətdən sonra iddiaçılar əvəzləşdirmə müqaviləsi üzrə aldıqları mənzili satmaq istəmişlər, lakin cavabdeh tərəf iddiaçıların buna hüququnun olmadığını bildirməklə, mənzili yalnız müştəriyə qısa müddət ərzində özləri sata biləcəklərini iddiaçılara izah etmişlər. İddiaçılar cavabdehin bu təklifi ilə razı olmuş, cavabdeh tərəf bunun üçün iddiaçıların mənzilin satılmasına razılıqlarının olması barədə, habelə kirayə haqqından imtina etməli olduqlarına dair ərizə yazmalarını təklif etmiş, iddiaçı Məmməd Hüseynov cavabdehin təklifi ilə razılaşaraq, mənzilin satılmasına razılıq vermələri, habelə müvəqqəti olaraq kirayə haqqının ödənilməsini tələb etməmələri barədə ərizə yazmışdır. İşin araşdırılmış hallarından daha sonra görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət olunan günədək mənzil satılmamış, mənzilin pulu iddiaçılara təqdim edilməmiş, habelə həmin müddət ərzində kirayə haqqı da ödənilməmişdir. İddiaçılar bununla bağlı cavabdehə müraciət etdikdə, cavabdeh MTK-nın tikdiyi binada ümumi sahəsi 121,5 m2 təşkil edən 3 otaqlı mənzilin olmadığını bildirmiş, əvəzində sahəsi 114 m2 olan 2 otaqlı mənzil təqdim edə biləcəklərini qeyd etmişdir. Eyni təklifi cavabdehin nümayəndəsi məhkəmə iclasında da səsləndirmişdir. İddiaçı tərəfin izahatlarına əsasən təklif edilən həmin sahənin ailələrinin tələbatını ödəmək üçün kifayət etmədiyini, məhz ümumi sahəsi 121,5 m2 təşkil edən 3 otaqlı mənzilin təqdim edilməsini təkid etmiş, cavabdehin müqavilə üzrə üzərinə məhz ümumi sahəsi 121,5 m2 təşkil edən 3 otaqlı mənzilin iddiaçılara təhvil verilməsi öhdəliyini üzərinə götürməsinə baxmayaraq, iddiaçıların tələblərini yerinə yetirmədiyindən, onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında həmçinin cavabdehin nümayəndəsinin etirafı ilə də müəyyən edilmişdir ki, kirayə haqqı 20 ay ərzində, yəni kirayə haqqının ödənilməsindən imtina edilməsi barədə ərizənin yazıldığı aydan sonrakı, 2019-cu ilin noyabr ayından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi 2021-ci ilin iyun ayı daxil olmaqla ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Müəyyən edilmişdir ki, qüvvədə olan müqavilə şərtlərinə əsasən cavabdeh tərəf iddiaçılara ümumi sahəsi 121,5 m2 olan 3 otaqlı mənzil təqdim etməli, həmin mənzil təqdim edilənə qədər hər ay 400 manat kirayə haqqı ödəməlidir. Cavabdeh tərəf 04 oktyabr 2019-cu il tarixə kimi üzərinə düşən öhdəliklərini yerinə yetirsələr də, iddiaçıların həmin tarixdə onlara verilməsi nəzərdə tutulan mənzilin satılmasını istəmələrinə dair ərizələrini nəzərə alaraq bu ödənişi dayandırmışdır. Lakin iddiaçılar göstərilən ərizəni yazandan sonra da həmin mənzil satılmamış, iddiaçılar uzun müddət gözləmələrinə baxmayaraq onlara nə mənzil, nə də pul təqdim olunmamışdır. İddiaçılar cavabdehə müraciət edərək, mənzili təhvil vermələrini tələb etdikdə isə cavabdeh tərəf müqavilə üzrə üzərinə götürdüyü ümumi sahəsi 121,5 m2 olan 3 otaqlı mənzil verməkdən imtina etmiş, iddiaçılara yalnız ümumi sahəsi 114 m2 olan 2 otaqlı mənzil verə biləcəklərini qeyd etmişdir. Halbuki, bu müqavilə şərtlərində nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçılardan mənzilin satılmasına dair razılıq ərizəsi almaqla, mənzili satmamasına baxmayaraq müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməmişdir. Halbuki, məhkəmə qeyd edir ki, həmin ərizə olmasa idi cavabdeh əvvəlki kimi iddiaçılara kirayə haqqını ödəməkdə davam edəcəkdi. Lakin mənzili qısa müddət ərzində sata bilməyən cavabdeh bunu digər sonrakı vaxtlarda da edə bilməmiş, bununla da iddiaçılar almalı olduqları kirayə məbləğindən faktiki məhrum olmuşlar. xx.xx.2019-cu il tarixli ərizənin məzmunundan aydın olur ki, iddiaçı tərəf kirayə pulundan müvəqqəti olaraq imtina etmiş və bunu da məhz MTK vasitəsilə ona veriləcək mənzilin satışı ilə şərtləndirmişdir. MTK-nın isə mənzili uzun müddət satmaması və bu prosesin hələ də baş tutmaması iddiaçılara hazırki vaxta kimi həm kirayə pulunu, həm də müqavilədə nəzərdə tutulmuş mənzil sahəsini təhvil verməməsi anlamına gəlmir. Məhkəmə hesab edir ki, MTK ağlabatan müddətdə mənzilin satışını həyata keçirə bilmədiyi üçün iddiaçılara kirayə haqqını ödəməlidir. Belə ki, müəyyən edilmişdir ki, iddiaçılara məhz iddia ərizəsi ilə məhkəməyə müraciət etdikləri dövrədək 20 ay ərzində kirayə haqqı ödənilməmişdir və həmin dövr üçün ödənilməli kirayə haqqı borcu 8.000 manat təşkil edir ( hər ay üçün 400 manat). Məhkəmə kirayə pulu ilə bağlı göstərilən nəticəyə gələrkən onu nəzərə alır ki, iddiaçılar tərəfindən əvvəlki 3 ay ərzində (yəni tərəflər arasında 14 noyabr 2017-ci il tarixli, 27 saylı müqavilənin bağlandığı tarixdən 2018-ci ilin fevral ayınadək) kirayə haqqının ödənilməməsini bildirsələr də, buna dair mötəbər sübutlar təqdim edilməmiş, cavabdeh tərəf həmin dövr üçün iddiaçılara kirayə haqqının ödənildiyini və borclarının qalmadığını bildirmişdir. Göstərlənlərə əsasən məhkəmə hesab edir ki, iddia kirayə pulu hissəsində qismən əsaslıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçılara iddia ərizəsi ilə məhkəməyə müraciət etdikləri vaxtdan mənzil təhvil verilənədək, ödənilməmiş dövr üçün kirayə haqqının ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, müqavilə üzrə iddiaçılara təhvil verilməli olan mənzil bu günədək iddiaçılara təqdim edilmədiyindən cavabdeh 14 noyabr 2017-ci il tarixli, 27 saylı müqavilə üzrə üzərinə götürdüyü qaydada ümumi sahəsi 121,5 m2 təşkil edən 3 otaqdan ibarət mənzili təmirsiz şəkildə cavabdehlərə təhvil verməlidir. Məhkəmə cavabdeh tərəfin inşa edilən binada ümumi sahəsi 121,5 m2 təşkil edən 3 otaqdan ibarət mənzilin tikilməsinin nəzərdə tutulmamasına dair dəlili ilə bağlı qeyd edir ki, mövcud olmayan mənzil sahəsi ilə bağlı müqavilə bağlamaq cavabdehin riskidir və o, bağladığı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin daşıyıcısıdır. Cavabdeh tərəfindən iddiaçılara 2 otaqlı ümumi sahəsi 114 m2 olan mənzilin verilməsi, qalan 7 m2 əvəzində isə iddiaçılar ilə razılığa gəlinməsi ilə bağlı cavabdehin göstərilənlərinə məhkəmə bunun yalnız sonuncuların razılığı ilə mümkün olmasını qeyd edir. Məhkəmə baxışı zamanı isə iddiaçılar cavabdehin məhz müqavilə üzrə göstərilən mənzilin onlara verilməli olmasını bildirmişlər və bu tələblərinin hüquqi əsası kimi müqavilənin müvafiq şərtinə istinad etmişlər. Müqavilənin qeyd edilən şərti isə hazırki vaxta kimi nə dəyişdirilməmiş, nə də ləğv edilməməklə qüvvəsindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ödəniş qəbzindən görünür ki, məhkəmədən iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 20 ay ərzində ödənilməli olan cəmi 8.000 manat kirayə haqqı və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh MTK-dan tutularaq iddiaçılar X5 və İddiaçı1 ödənilməli; 14 noyabr 2017-ci il tarixli, 27 saylı müqavilə ilə tərəflər arasında razılaşdırılmış, Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının 20 iyul 2017-ci il tarixli, 174 saylı Sərəncamı ilə ünvan 4 ünvanda tikintisi nəzərdə tutulmuş ərazidə yerləşən yaşayış binasının «D» blokunda, 5-ci mərtəbədə, ümumi sahəsi 121,5 m2 təşkil edən 3 otaqdan ibarət mənzil təmirsiz şəkildə Cavabdeh MTK tərəfindən iddiaçılar X5 və İddiaçı1 təhvil verilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 20 ay ərzində ödənilməli olan cəmi 8.000 manat kirayə haqqı və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh MTK-dan tutularaq iddiaçılar X5 və İddiaçı1 ödənilsin. 14 noyabr 2017-ci il tarixli, 27 saylı müqavilə ilə tərəflər arasında razılaşdırılmış, Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının 20 iyul 2017-ci il tarixli, 174 saylı Sərəncamı ilə ünvan 4 ünvanda tikintisi nəzərdə tutulmuş ərazidə yerləşən yaşayış binasının «D» blokunda, 5-ci mərtəbədə, ümumi sahəsi 121,5 m2 təşkil edən 3 otaqdan ibarət mənzil təmirsiz şəkildə Cavabdeh MTK tərəfindən iddiaçılar X5 və İddiaçı1 təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-3391/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3391/2022
18.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver