Məhkəmə qərarları › İş №2(006)-3401/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3401/2023

05.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3401/2023 05.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X4, iddiaçının nümayəndəsinin vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən tərtib olunmuş 05 aprel 2023-cü il tarixli, 289920 saylı akta əsasən hesablanmış 2830,1 manat borc məbləğinin mənzilinin **********10251 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, DYP-nin alt hissəsi, Vİl-ci məhəllə ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. Həmin evə səhhəti ilə bağlı yay aylarında vaxtaşırı gedirlər və orada daimi yaşamadıqları üçün elektrik enerjisindən evə getdikləri zaman istifadə edirlər. Həmçinin, ev təbii qazla təchiz edilib və evin isidilməsi təbii qazla işləyən kombi sistemi vasitəsi ilə həyata keçirilir. 05 aprel 2023-cü il tarixində ona (Abonent kodu:**********10251) məxsus olan Binəqədi rayonu, DYP-nin alt hissəsi, Vİİ məhəllə ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılan sayğaca cavabdehin əməkdaşları Kəlbəliyev Elmir, Vəliyev Nazim və Hüseynov Elnurun iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı 05 aprel 2023-cü il tarixli, 289920 nömrəli akt tərtib olunmuş, həmin aktda amperırıetrdən istifadə edilərək ölçmə zamanı elektrik sayğacının rəqəmində sıçrayışın baş verməsi qeyd edilmişdir. Belə ki, aktın tələb hissəsində 03887189 nömrəli sayğacın yenisi ilə əvəz edilməsi qeyd edilmişdir. Cavabdehin nümayəndələri qızı X2 heç bir problemin olmadığını və sadəcə sayğacın yenisi ilə əvəz ediləcəyi barədə məlumat vermişlər. Sonradan xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndəsi, icraçı M.Şərifovun iştirakı ilə sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 370100 nömrəli protokola əsasən 03887189 nömrəli, dövlət möhürü ******* olan elektrik sayğacı 15808315 nömrəli, dövlət möhürü 367813 olan sayğacla əvəz edilmişdir. Köhnə sayğacın yenisi ilə əvəz edilməsindən bir müddət sonra elektrik istehlakı ilə bağlı yaranmış aylıq borcu qızı X4 ödəmək istədiyi zaman adında 2792.94 AZN (iki min yeddi yüz doxsan iki manat, doxsan dörd qəpik) məbləğində borcun yarandığnı görmüşdür. Bununla əlaqədar 02 iyun 2023-cü il tarixində etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 borcun hansı əsasla yarandığı barədə məlumat əldə etmək üçün "xxxx" ASC-nin Müştəri Xidmətləri İdarəsinə getmişdir. Müştəri Xidmətləri İdarəsinin rəisi X6 Həsənovaya şifahi şəkildə borcun 600 (altı yüz) manata qədər olan hissəsini silə biləcəklərini, qalan məbləğin isə ödənilməli olduğunu bildirmişdir. X8 əsassız yaranmış borcun tam şəkildə silinməsini tələb etsə də, cavabdehin nümayəndələri bunun mümkün olmayacağını bildirmişlər. 07 iyun 2023-cü il tarixində X8 elektrik sayğacının dəyişdirilməsi nəticəsində yaranmış borcun araşdırılması ilə bağlı “Azərişıq" ASC-yə məktub ünvanlamışdır. Cavabdehin 12 iyun 2023-cü il tarixli, № 13-13/2-2/18-H-3684-5/2023 saylı məktubunda borc məbləğinin 2830,1 manat (iki min səkkiz yüz otuz manat, on qəpik) təşkil etməsi və ödənişi aparılmamış elektrik enerjisinin dəyəri olması qeyd edilmişdir. Əlavə olaraq tərəfindən 21 iyun 2023-cü il tarixindən elektrik sayğacının dəyişdirilməsi nəticəsində yaranmış borcun araşdılması ilə bağlı ünvanlanmışdır. Həmin məktub cavabdeh tərəfindən 24 iyun 2023-cü ildə münasibət bildirilmişdir. Cavab məktubunda yaranmış borc yenə də 2830,1 manat (iki min səkkiz yüz otuz manat, on qəpik) təşkil etməsi və ödənişi aparılmamış elektrik enerjisinin dəyəri olması qeyd edilmişdir. Buna görə də bir istehlakçı kimi hüquqlarının müdafiəsinin və bərpa olunmasının yalnız məhkəmə yolu ilə mümkün olacağı qənaətinə gəlmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh "xxxx" ASC-nin 289920 saylı aktı qanunsuz olduğundan həmin akta əsasən hesablanmış 2830.1 manat borc məbləği iddiaçının abonent hesabından silinməlidir. 05 aprel 2023-cü il tarixli 289920 nömrəli aktdan görünür ki, cavabdehin ərazi üzrə nümayəndələri həmin tarixdə sayğaca baxış keçirmişlər və yoxlama zamanı sayğacın rəqəmlərində sıçramanın olmasını müəyyən etmişlər. Aktın tələb hissəsində sayğacın yenisi ilə əvəz edilməsi, əvəz edilən sayğacın laboratoriya şəraitində yoxlanması və buna uyğun rəy verilməsi qeyd edilmişdir. Lakin, 03 may 2023-cü il tarixli rəylə iddiaçını heç kim tanış etməmişdir və yoxlamanın nəticəsi barədə məlumat verilməmişdir. Eyni zamanda, abunə haqqında çıxarışdan və 370100 saylı sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokoldan görünür ki, evinə yeni sayğac xx.xx.2023-cü il tarixdə quraşdırılmışdır. Həmin protokol ona və ya qızına təqdim edilmədən evin qarşısında qoyulmuş və protokolla onlar tanış edilməmişlər. Protokolda nə onun, nə də nümayəndəsinin imzası vardır. Cavabdeh tərəfindən ona borc məbləğinin hesablanmasına əsas olmuş 05 aprel 2023-cü il tarixli 289920 saylı akt qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmişdir. Mübahisəli akt tərtib edilərkən hal şahidlərinin iştirakı təmin edilməmişdir. Bu isə həmin aktın qanunsuz və qərəzli olmasını sübut edən növbəti bir faktdır. Ona görə də həmin akta əsasən hesablanmış borc məbləğ qanuni və əsaslı hesab edilə bilməz. Qeyd olunanlarla yanaşı bildirir ki, elektrik sayğacı onun sərəncamında deyil. Belə ki, sayğac evindən kənarda çöl tərəfdə divara bərkidilmişdir. Həmçinin, onun elektrik enerjisindən qanunsuz istifad etmək niyyəti heç zaman olmayıb. Çünki, yuxarıda qeyd etdiyi kimi evə səhhətilə bağlı yay aylarında vaxtaşırı gedirlər və orada daimi yaşamadıqları üçün elektrik enerjisindən evə getdikləri zaman istifadə edirlər. Evində elektrik enerjisindən yalnız işıqlandırma məqsəd ilə istifadə edilir. Evi qazla təchiz edilib və evin isidilməsi kombi sistemi vasitəsilə həyat keçirilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinin vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı "xxxx" ASC-yə ünvanladığı məktubla 03887189 nömrəli sayğacın rəqəmlərində baş vermiş sıçrayışın obyektiv və hərtərəfli şəkildə araşdırılmasını, xx.xx.2023-cü il tarixli, 289920 nömrəli aktın ləğv edilməsini və adına yaranmış 2794.20 manat məbləğində borcun silinməsinə dair göstəriş verilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən X2 ünvanlanan xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli cavab məktublarından görünür ki, **********10251 nömrəli kod üzrə yaşayış sahəsinin elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunmuş, xx.xx.2023-cü il tarixinə sərf olunan elektrik enerjisi sərfiyyatına görə yaranmış 2830.81 manat məbləğində borcun yaşayış sahəsində istehlak edilmiş, lakin ödənişi aparılmamış elektrik enerjisinin dəyəri olduğu müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, 023063 nömrəli protokolda çıxarılan ******* nömrəli elektrik hesabat sayğacının öz-özünə hərəkətinin olmaması, sayğacın AZS möhürünün normal olması, sayğacın normal sərfiyyat qeyd etməsi öz təsdiqini tapmışdır. Mülki işin materiallarında olan "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, AKT R 289920 nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı adına olan sayğaca "xxxx" ASC-nin əməkdaşları tərəfindən baxış keçirilən zaman elektrik sayğacının rəqəmində sıçrayışın baş verməsi müəyyən edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 370100№-li protokoldan görünür ki, 289920№-li Akta əsasən sayğac yenisi ilə əvəz olunmuşdur. Mülki işin materiallarında olan abunə kodu **********10251 olan abunə haqqında sənəddən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, DYP-nin alt hissəsi, Vİl-ci məhəllə ünvanında yerləşən sayğac xx.xx.2023-cü il tarixdə yenisi ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixə 32 gün ərzində 399 kvts hesablanmışdır. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Elektroenergetika haqqında” 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın: 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. 8.17-ci maddəsinin tələblərinə əsasən istehsalçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qopardıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəhcizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən istehlakçının (məişət abonenti istina olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Məhkəmə baxışı zamanı toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən 05 aprel 2023-cü il tarixdə iddiaçıya məxsus ünvanda (abunə kodu-**********10251) sayğaca baxış keçirilmiş, elektrik sayğacının rəqəmində sıçrayışın baş verməsi aşkar edilmiş, bununla əlaqədar AKT R 289920 saylı akt tərtib edilmiş və xx.xx.2023-cü il tarixə, yəni iki aya 798 kvts (798 x 0.08=63,84). 798-400 (2 aylıq limit)=398 kvts (398 x 0.13=51.74). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Belə ki, Mülki Məcəllənin 21.2, 1096 və 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərərvuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Bundan başqa, ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu məsuliyyət yüksək təhlükə mənbəyinin sahibinin təqsirindən asılı olmayaraq yaranır. Bundan başqa, işə baxılan zaman elektrik enerjisi sayğacının evdən kənarda, yəni çöldə quraşdırılması müəyyən edilmişdir. «Elektrik enerjisindən istifadə qaydaları»nın yuxarıda qeyd edilən bəndlərinin tələblərinə görə evin daxilində quraşdırılmamış sayğaclarda aşkar edilmiş qüsurlara görə abonent məsuliyyət daşımamalıdır. Bununla əlaqədar qeyd edilməlidir ki, iddiaçıya məxsus sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansıl sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddia tələbinin akta əsasən hesablanmış 2830.10 manat məbləğində borcun silinməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçıya əlavə ödəniş hesablanmışdır. 63.84 (798 x 0.08) +51.74 (398 x 0.13)=115.58 manat. Akta əsasən hesablanmış borcun digər hissəsi – 2714.52 manat isə (2830.10-115.58) əsassız hesab edilməklə iddiaçının abunə hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 05 aprel 2023-cü il tarixli, 289920 saylı akt ilə hesablanmış 2714.52 (iki min yeddi yüz on dörd manat, əlli iki qəpik) manat məbləğində borc **********10251 saylı abonent heabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar