Məhkəmə qərarları › İş №2(006)-3406/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3406/2022

24.06.2022 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3406/2022 24.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, Ərizəçi “notariat kontorunun notariusunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət” ərizəsinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi “notariat kontorunun notariusunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət” ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi icraat işi üzrə qərar qəbul edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 41-ci notariat kontorunun notariusu X2 hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz və əsassız hesab edilməsi, Nəsimi rayonu 41 saylı notariat kontorunun notariusunun üzərinə ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil üzrə 1/2 pay üçün X1 adına dördüncü növbə varisi kimi ərizəçiyə vərəsəlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin qoyulması, qətnamə ilə birlikdə məhkəmənin xüsusi qərardadının qəbul edilməsi və ya təqdimat üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120, 126.2.1, 134, 150.2.5 (hədə-qorxu), 178.3.2, 182.3.3, 294.1, 295.1, 307, 308, 314 və 320-ci maddələri üzrə, həmçinin, X1 qəsdən öldürülməsinə görə 120-ci maddə üzrə xüsusi ağır cinayət daxil olmaqla, cinayət icraatının başlanması haqqında qərarın qəbul edilməsi üçün iş materiallarının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ərizəçi ərizəni məhkəməyə təqdim edərkən mülki prosessual qanunvericiliyin tələblərini pozmuş, iddia ərizəsinin qanunla müəyyən olunmuş formasına və məzmununa riayət etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1 və 152.1.1-ci maddələrinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 №-li Qərarına (xx.xx.2021-ci il tarixli redaksiya) əsasən, notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğu halda ərizəçi tərəfindən “notariat kontorunun notariusunun hərəkətlərindən (hərəkətsizliyindən)” şikayət ərizəsi iddia icraatı qaydasında məhkəməyə təqdim edilməlidir. Lakin Ərizəçi “notariat kontorunun notariusunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət” ərizəsi ilə məhkəməyə müraciət etmiş və işə xüsusi icraat qaydasında baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin bu tələbi qanunvericiliklə müəyyən edilmiş və hazırda qüvvədə olan qaydalara ziddir. Burada məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ərizəçi tərəfindən əvvəllər də eyni formada və məzmunda ərizə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilmiş, həmin ərizəyə xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalı olduğundan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2098/2022 saylı, 14 mart 2022-ci il tarixli qərardadına əsasən şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmış, ərizəçiyə göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4385/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə (Ş.Məhərrəmova) ərizəçi tərəfindən verilən şikayət təmin edilməmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2098/2022 saylı, 14 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi ilə eyni mövqedə olmuş, ərizəçi tərəfindən “notariat kontorunun notariusunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət” ərizəsinin məhkəməyə iddia icraatı qaydasında təqdim edilməli olduğu qənaətinə gəlmişdir. Buna baxmayaraq, ərizəçi qərardadlarda göstərilən nöqsanları aradan qaldırmayaraq yenidən, həmin formada və məzmunda tərtib edilmiş ərizə ilə məhkəməyə müraciət etmişdir. Bunula əlaqədar məhkəmə aşağıda göstərilənlərin qeyd edilməsini zəruri hesab edir: “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qanununun 104-cü maddəsinə əsasən həmin məcəllənin 305.1.7-ci, 305.1.8-ci (notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə) və 339-341-ci maddələri ləğv edilmiş və həmin qanun xx.xx.2021-ci il tarixində qüvvəyə minmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 №-li Qərarının 8-ci bəndinin əvvəlki redaksiyasında deyilirdi: Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli 143-İVQD №li Qanunu ilə MPM-in XXXVİİİ fəsli (“Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər”) həmin Məcəllədən çıxarılsa da, “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 №-li Qərarının 8-ci bəndinin hazırki (xx.xx.2021-ci il tarixli) redaksiyasına əsasən, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Həmin məcəllənin 13.4-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi tərəfindən verilən ərizə geri qaytarılmalıdır, çünki ərizəçi məhkəməyə iddia icraatı qaydasında deyil, xüsusi icraat qaydasında müraciət etmişdir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.1, 263-264, 267- 268-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİM: Ərizəçi “notariat kontorunun notariusunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət” ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ərizəçi tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar