Məhkəmə qərarları › İş №2(006)-3412/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3412/2025

22.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3412/2025 22.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ona məxsus **********00331 saylı abonent koduna 03 aprel 2025-ci il tarixli 382145 saylı akta əsasən əlavə edilmiş borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hal-hazırda Saatlı rayonunun Qaracalar kəndində yerləşən fərdi yaşayış evində ailə üzvlərilə yaşayır və öz adına olan sayğacla elektrik enerjisindən istifadə edir. Yaşadığı evdə elektrik sayğacı vasitəsilə elektrik enerjisindən istifadə etmiş və istifadə etdikləri elektrik enerjisinin dəyərini ödəmişlər. Onlara yeni məlum olmuşdur ki, xx.xx.2025-ci ildə cavabdeh təşkilatın əməkdaşları evinə gələn elektrik sayğacına baxış keçirərək sayğacdankənar xətdən istifadə edilməsi barədə akt tərtib etmiş və həmin akta əsasən ona cərimə yazmışlar. O, cavabdeh təşkilatın işçilərinə həmin aktı əsaslı hesab etmədiyini, yaşadığı fərdi yaşayış evində quraşdırılmış elektrik sayğacına əsasən ödənişlər edərək istifadə etdiyini, bu halın abunə haqqında ödəniş cədvəlində təsdiqini tapdığını, sayğaca hər hansı bir müdaxilənin edilməsi barədə sayğaca nəzarət edən nəzarətçi tərəfindən xəbərdarlıq edilmədiyini demiş, lakin etirazının heç bir müsbət nəticəsi olmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilmədiyini, məhkəmə iclaslarının iştirakı olmadan keçirilərək tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialları: "xxxx" ASC-nin abunə haqqında vərəqəsindən müəyyən edilir ki, ünvan 1 ünvanı üzrə **********00331 №li abunə kodunun abonenti İddiaçı qeyd edilmişdir. Bağlanan aktlar qrafasında Elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə xx.xx.2025-ci il tarixli akt əsasında 0,08 tarif hesabı ilə 20, 0,10 tarif hesabı ilə 33,60 və 0,15 tarif hesabı ilə 482,10 manat olmaqla, cəmi 535,70 manat cərimə hesablanmışdır. "xxxx" ASC tərəfindən tərtib edilmiş R seriyalı 382145 nömrəli xx.xx.2025-ci il tarixli və R seriyalı 370037 nömrəli xx.xx.2024-cü il tarixli aktların surətindən görünür ki, E.E.İ.Qyə uyğun olaraq abonentin mənzilinə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, abonent 0 ilə faza xəttinin yerini dəyişərək kənardan 0 xətti götürərək sayğacdan kənar xətdən istifadə edirdi. Şirvan RETSİ-nin rəisi tərəfindən xx.xx.2025-ci il tarixdə təsdiq edilmiş Əhali istehlakçıları qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair staşı sahələri üzrə və texniki sahələr üzrə tələblər adlı sənəddən görünür ki, abonent İddiaçı, ünvan ünvan 2ıb, təklif: 17.2Ax0.22x0.7x.24 saat x 60 gün = 3.814 kvts.400(0,084)33.60, 200(0,10)20.00, 3214(0,15)482.10. Qeyd: kənar xətt ləğv olundu. Məhkəmə iclasında baxış keçirilmiş CD diskdəki video görüntülərdə 11 dekabr 2024cü il tarixdə və 2 aprel 2025-ci il tarixdə Saatlı rayonunun Qaracalar kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar xətdən istifadəsi faktının müəyyən edilməsi ilə bağlı çəkiliş qeyd alınmışdır. Tətbiq edilən hüquq: “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 14 və 16-cı maddələrinin müddəalarına əsasən tikinti obyekti ötürücü şəbəkəyə qoşulmuş istehlakçının sayğacını (ağıllı sayğaclar istisna olmaqla) hər ay oxumaq və bu barədə istehlakçıya bildiriş, habelə bu Qanunun 28.2-ci maddəsinə uyğun olaraq elektrik enerjisinin təchizatçısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda təchizatçının adından hesab təqdim etmək, tikinti obyekti ötürücü şəbəkəyə qoşulmuş istehlakçının sayğacının işlək vəziyyətdə olduğunu müəyyən etmək məqsədilə 3 (üç) ayda bir dəfə həmin sayğaca və onun qoşulma sxeminə baxış keçirmək (sahibkarlıq subyektlərinə münasibətdə bu Qanunun 19.14-cü maddəsinin tələblərinə uyğun olaraq) ötürücü və paylayıcı sistem operatorunun vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra mətndə “Qaydalar” adlanacaq): 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.11-ci maddəsinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 9.4-cü bəndinə əsasən istehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.16-cı maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1.-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: İddiaçı elektrik enerjisindən istifadə pozmaqla istifadəsinə görə barəsində tərtib olunmuş akta əsasən ona 535,70 manat cərimə hesablanmış, bu səbəbdən də, iddiaçı həmin borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən abonent barəsində elektrik enerjisi təchizatçısı tərəfindən tərtib edilmiş akt abonentin elektrik enerjisindən qanunsuz istifadəsini təsbit edən əsaslı sübut deyildir, abonentin elektrik enerjisindən istifadədə pozuntuya yol verməsi onun təqsirliliyinin müəyyən edilməsinə dair müvafiq orqanın qərarı ilə təsdiq edildiyi halda akt və onun əsasında hesablanmış cərimə əsaslı hesab edilə bilər. Hazırki halda isə abonentə xx.xx.2025-ci il tarixli akt əsasında hesablanmış cərimə borcu əsassız olduğundan silinməlidir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə istinad edib tədqiq olunmuş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, xx.xx.2025-ci iıl tarixli R№382145 nömrəli akt əsasında İddiaçı məxsus **********00331 №-li abunə kodu üzrə hesablanmış 535,70 manat borc abonentin hesabından silinməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixli R seriyalı 382145 nömrəli akt əsasında ünvan 1 ünvanı üzrə (**********00331 №li abunə kodu) üzrə hesablanmış 535,70 (beş yüz otuz beş manat yetmiş qəpik) manat cərimə borcu silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar