Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3417/2020 05.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 ASC-nin nümayəndəsi X2 və "X1 Mərkəzi" MMCnin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və "X1 Mərkəzi" MMC-yə qarşı "hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və "X1 Mərkəzi" MMC-yə qarşı "hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-3362/2018 saylı qətnaməsi ilə iddiaçı «xxxxxx» İKB ASC-nin iddiaçıya və qeyrilərinə qarşı iddia tələbi qismən təmin edilməklə iddiaçıdan bankın xeyrinə 47793,63 ABŞ dolları borcun tutulması və 30 manat məbləğində dövlət rüsumunun, 10 manat bildirişin qeydə alınması xərcinin və 20 manat xidmət haqqının tutulması,borcun ipoteka predmetinə yönəldilməsi, iddiaçının və qeyrilərinin mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayon,ev 27-də yerləşən 9 saylı mənzilə yönəldilməsi və həmin mənzilin ilkin satış qiymətinin 50000 manat müəyyən edilməklə mənzilin açıq hərracda satılması, satışdan əldə edilmiş məbləğdən bankın xeyrinə ödənilməsi və iddiaçı ilə bank arasında bağlanmış müqavilənin ləğv olunması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İddiaçının və həmin mənzildə qeydiyyatda olan ailə üzvlərinin hərracın keçirilməsindən məlumatları olmamış, onlara bu barədə hər hansı bir məktub göndərilməmiş və həmin mənzil onlara təklif edilməmişdir. Bundan başqa, hərracın nəticələrinə dair xx.xx.2019-cu il tarixdə protokol tərtib edilməklə həmin gün cavabdeh «X1 Mərkəzi» MMC ilə alqı-satqı müqaviləsi bağlamışdır. Cavabdehlə alqı-satqı müqaviləsi bağlanan vaxt bir mülkiyyətçi kimi nə iddiaçının, nə də ailə üzvlərinin razılığı alınmamış, onlar bununla bağlı dəvət edilməmiş və həmin mənzilin hansı qiymətə satılmasından xəbərsiz olmuşlar.Protokolun surətini Sumqayıt şəhər İcra və Probasiya şöbəsindən aldıqda isə iddiaçı mənzilin 31875 manata satıldığının şahidi olmuşdur. Halbuki Sumqayıt şəhərində hazırda 1 otaqlı mənzilin bazar qiyməti 35.000- 40.000 manat civarındadır, iddiaçının mənzili isə 3 otaqlı olmaqla, onun bazar qiyməti təxminən 65000 manatdır. Göstərilənlərə əsasən cavabdeh “Cavabdeh1» ASC (xxxxxx)ilə «X1 Mərkəzi» MMC arasında hərracın nəticələrinə dair yekun protokolun və xx.xx.2019-cu il tarixli Sumqayıt şəhər, 10-cu mikrorayon,ev 27-də yerləşən 9 saylı mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 ASC-nin nümayəndəsi X6 iddia tələbinə etirazını bildirərək, təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “X1 Mərkəzi" MMC-nin nümayəndəsi X7 iddia tələbinə etirazını bildirərək, təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarındakı «X1 Mərkəzi» MMC-nin tələbkar “xxxxxx” İKB ASC-yə, borclular İddiaçı, X5, X4 və Kazımova Könül Məhərrəm qızına ünvanladığı «açıq hərracın keçirilməsinə dair» xx.xx.2019-cu il tarixli, 776 №-li bildirişdən görünür ki, Sumqayıt şəhər, 10-cu mikrorayon,ev 27, mənzil 9-un ilkin satış qiyməti 50.000 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi xx xxxxxxxx 2019-cu il tarixə təyin edilmişdir. İş materiallarındakı «X1 Mərkəzi» MMC-nin tələbkar “xxxxxx” İKB ASC-yə, borclular İddiaçı, X5, X4 və Kazımova Könül Məhərrəm qızınaünvanladığı «açıq hərracın keçirilməsinə dair» xx.xx.2019-cu il tarixli, 863 №-li bildirişdən görünür ki, Sumqayıt şəhər, 10-cu mikrorayon,ev 27, mənzil 9-un satış qiyməti 42500 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi xx xxxxxxxx 2019-cu il tarixə təyin edilmişdir. İşin materiallarında olan xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli xəbərnamələrin surətlərindən görünür ki, «X1 Mərkəzi» MMC tərəfindən borclulara göndərilmiş bildirişlər onların köçməsi (yaxud qapının bağlı olması) səbəbindən geri qaytarılmışdır. İşin materiallarında olan «Hərracın nəticələri haqqında» xx xxxxxxx 2019-cu il tarixli, Y-235/2 №-li protokoldan və hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, hərracın təşkilatçısı – «X1 Mərkəzi» MMC-nin nümayəndəsi Z.H.Bədəlovilə alıcı «xxxxxx» ASC-nin nümayəndəsi O.Ə.Babaşov Sumqayıt şəhər, 10-cu mikrorayon,ev 27, mənzil 9-un 31.875 manata alınması barədə razılığa gələrək həmin protokolu imzalamışlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhər, 10-cu mikrorayon,ev 27, mənzil 9 Cavabdeh1 ASC-nin adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-(102)-2496/2019 saylı qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxxxx” İKB ASC-nin cavabdehlər İddiaçı, X5, X4 və Kazımova Könül Məhərrəm qızına qarşı borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdeh İddiaçı “xxxxxx” İKB ASC-nin xeyrinə xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 47.793,63 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu, tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, həmin qətnamə ilə tutmanın cavabdehlərin ümumi birgə mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 3 otaqlı, 63,38 kv.m ümumi, 39,6 kv.m yaşayış sahəsindən ibarət 27 nömrəli evin 9 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50.000 manat məbləğində müəyyən edilməklə, açıq hərracdan satılaraq borcun ödənilməsi, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin olunmaması, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmiş, kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırki mübahisə ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Eyni Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Göstərilən Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Eyni Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Göstərilən Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Sumqayıt şəhər üzrə İcra İdarəsinin sifarişi əsasında «X1 Mərkəzi» MMC tərəfindən Sumqayıt şəhər, 10-cu mikrorayon,ev 27, mənzil 9-unaçıq hərracda satışı üçün elan verilmiş və ilkin hərracxx.xx.2019-cu il tarixində, təkrar hərrac isə xx.xx.2019-cu il tarixində keçirilmiş, lakin “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1.2-ci maddəsinə əsasən hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış elan olunmuşdur. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən əmlak 25 % endirimlə “xxxxxx” İKB ASC-yə təklif olunmuş və nəticədə ASC tərəfindən ipoteka predmeti əldə edilmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Eyni Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol müqavilə qüvvəsinə malikdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, qüvvədə olan qanunvericiliyə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmiş və bundan sonra həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarış almışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair» xx xxxxxxx 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Həmin Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Həmin Qərarda qeyd olunmuşdur ki, ipoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. «İpoteka haqqında» Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarır. Göründüyü kimi, hərracın keçirilməsini həyata keçirən «X1 Mərkəzi» MMC tərəfindən «İpoteka haqqında» Qanunun tələblərinə uyğun olaraq hərracın keçirilməsinin qanunla müəyyən olunmuş qaydalarına riayət olunmuş, ipoteka saxlayan “xxxxxx” İKB ASC (Cavabdeh1 ASC) də öz növbəsində təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmetini 30 gün müddətində əldə etmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı hərracın keçirilməsindən xəbərinin olmadığını bildirsə də, hərracın keçirilməsindən 1 (bir) il keçdiyini nəzərə alaraq, məhkəmə həmin halı inandırıcı hesab etmir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və "X1 Mərkəzi" MMC-yə qarşı "hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və "X1 Mərkəzi" MMC-yə qarşı "hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3417/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3417/2020
05.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver