Məhkəmə qərarları › İş №2(006)-3429/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3429/2024

11.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3429/2024 11.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia və iddia tələbinin dəqiqləşməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, abunə kodu **********04446 olan obyektə Azərişıq əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq borc yazılmış 521 manat Azərişıq tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi X10 iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək ona məxsus evə hesablanmış 521 manat borcun bir qismini ödədiyini bildirmiş və qalan 339,07 manatın silinməsini xahiş etmişdir. İşin iddiada qeyd edilən halları: Abunə kodu **********04446 olan evə Azərişıq əməkdaşları tərəfindən qanunsuz olaraq akt yazılmış, akta əsasən elektrik təchizatından qanunsuz istifadəyə görə 521 manat qanunsuz cərimə yazılmışdır. Evi təzə almış və makler evi sayılır. Evi alandan sonra göstərici yazan ərazi işıq idarəsinin əməkdaşlarına elektrik sayğacı qoydurmaq istədiyini bildirmiş, onlar isə narahat olmamasını və bu barədə xəbər veriləcəyini bildirmişlər. Beləcə bu minvalla 2 ay işıq idarəsinin əməkdaşlarına ayda 10 manat olmaqla pul ödəmişdir. Lakin sonradan Azərişıq əməkdaşları sayğac qoymaq üçün gəlmiş və sayğacla bərabər yüksək məbləğdə qanunsuz olaraq 521 manat cərimə də yazmışlar. Səbəbini soruşduqda bildirmişlər ki, qanunsuz işlətmişdir. Halbuki o vaxta kimi idarənin əməkdaşlarına ödəniş etmişdir. Həmin evdə yaşayış olmayıb, iddiaçı ora köçən kimi bu hadisə baş vermişdir. Abonent olaraq həmişə ödənişlərini ödəmiş, borcu olmamışdır. Bu qanunsuz cərimədir və ləğv olunmalıdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi X10 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, borc hesablanmış evin yerləşdiyi torpaq sahəsi xx.xx.2022-ci il tarixdə makler vasitəsilə tərəflərindən pul ödənilməklə etibarnamə əsasında alınmış və həmin vaxtdan etibarən hazırkı evin tikintisinə başlanmışdır. Yalnız xx.xx.2023-cü il tarixdən həmin evə köçüb yaşamağa başlamışlar. Bunu qonşuların tərtib etdiyi akt da təsdiq edir. Qısa müddət üçün yüksək borcun hesablanmasını ədalətsiz hesab edir və akt tərtib olunan gündən borc üzrə müəyyən ödənişlər etdiyini nəzərə alaraq qalan borcun silinməsini xahiş edir. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etmədi və iddianın rədd barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəcəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin 2311 saylı xx.xx.2013-cü il tarixli rəyinin surətindən görünür ki, Qobu bələdiyyəsinin 26 iyul 2007-ci il tarixi il 16 saylı qərarı ilə X8 266 kv m olmaqla fərdi ev tikmək məqsədilə satılmış torpaq sahəsi qanunamüvafıqdir və DT və XK-nin Abşeron rayonu şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verməsinə etiraz etmir. Azərbaycan Respublikası Abşeron rayonu X16 16 saylı xx.xx.2007-ci il tarixli qərarının surətindən görünür ki, Abşeron rayonu Qobu bələdiyyəsi perspektiv inkişaf fondunun alqı satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında vətəndaş X8 fərdi mənzil tikmək məqəsədilə 0.0266ha torpaq sahəsinin satılması barədə X22 Xəritəşəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən hazırlanmış sənədlərin nəzərə alınması, vətəndaş, X8 perspektiv inkişaf-fondunun alqı-satqı predmeti olan torpaqsahəsindən fərdi mənzil tikintisi məqsədi ilə torpaq sahəsi satılması, X1 normativ qiymətindən az olmamaq şərtilə torpağın nəzərdə tutulmuş satış qiymətinə Qobu bələdiyyəsnin bankdakı xüsusi hesabına 300 manat ödənilməsi qərara alınmışdır. Torpaqların alqı-satqısına dair xx.xx.2013-cü il tarixli aktın surətindən görünür ki, Bu akta görə ünvan 1 ünvanda yaşayan X14 AZE seriyalı 13709284 xx.xx.2013-ci il tarixdə Qaradağ RPİ rayon şəhər bələdiyyə orqanına 2007-cı il tarixdə torpaq sahəsi almaq barədə müraciət etməsi ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Abşeron rayonu Qobu bələdiyyəsi ərazisindən 0,0266ha torpaq sahəsinin satılması 26 iyul 2007-ci il tarixli 16 saylı qərarı qəbul edilmişdir. Bunun müqabilində X14 tərəfindən Qobu bələdiyyəsinin Abşeron rayon fılialındakı xüsusi hesabına 800 (səkkiz yüz manat) haqq ödənilməsi vətəndaşa həvalə edilmişdir. xx.xx.2022-ci il tarixli 614222 nömrəli etibarnaməyə əsasən X3 rayonu Qobu ərazisində yerləşən 0.0266 ha torpaq sahəsindən 100 kv.m torpaq sahəsinə və üzərində tikilini özgəninkiləşdirməsi, bank əməliyyatlarını aparması, tikinti işləri aparmağı, bağışlamağı və digər hərəkətlər etməyi etibar etmişdir. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş NDM seriyalı 035639 nömrəli akta əsasən, baxış zamanı məlum olmuşdur ki, yaşayış evində elektrik enerjisi qeydiyyatsız və sayğacsız istifadə edilir. Sayğac yoxlanılarkən və akt-protokol tərtib olunarkən abonentin iştirakı təmin edilməmişdir. Azərişıq ASC-nin 568774 saylı xx.xx.2023-cü il tarixli protokolun surətindən görünür ki, sayğac **********04446 abunə kodu olan ünvanın çöl divarına qutuda quraşdırılmışdır. ünvan 2onent saldosundan görünür ki, **********04446 abunə kodu üzrə 520.55 manat borc hesablanmışdır. "xxxx" ASC-nin akt komissiyası tərəfindən «Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahəsi üzrə və texniki sahələr üzrə tələblər» adlı xx.xx.2023-cü il tarixli sənədinə əsasən, İddiaçı yaşayış evinə dair borc aşağıdakı qaydada hesablanmışdır: 2.2kvt x 24 saat x 0.7 x 120gün=4435kvts, Tarif (0.08 man) -800 kvts x 0.08 =64 manat Tarif (0.09 man) -400 kvts x 0.09 =36 manat Tarif (0.13 man) -3235 kvts x 0.13 =420.55 manat Cəmi 520.55 manat xx.xx.2024-cü il tarixli akta əsasən X5, X9 və X2 Xanım Avdalim qızının Abşeron rayonu, Qobu qəsəbəsindəki fərdi yaşayış evində xx.xx.2023-cü il tarixdən yaşamağa başladığını təsdiq etmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”: 1.2. Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenegetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.9. Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. 8.20. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açmalıdır. 8.22. Məişət abonenti mənzildən və ya yaşayış evindən köçərkən, həmin mənzilin və ya yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 9.1. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu Qobu ərazisində 0.0266 ha torpaq sahəsindən 100 kv.m torpaq sahəsi X14 tərəfindən İddiaçı etibarnamə əsasında verilmiş (satılmış), sonuncu həmin torpaq sahəsində fərdi yaşayış evi tikərək xx.xx.2023-cü il tarixdən evə köçüb yaşamağa başlamış və həmin vaxtdan yeni sayğac quraşdırılan xx.xx.2026-cı il tarixədək olan dövr ərzində elektrik enerjisini sağyac olmadan istifadə etmişdir. Yaşayış sahəsində elektrik enerjisi uçotu və “Elektrik enerjisindən istifadə qaydaları”na riayət olunmasının yoxlanılması məqsədilə "xxxx" ASCnin əməkdaşları tərəfindən keçirilən baxış zamanı fərdi yaşayış evində elektrik enerjisinin qeydiyyatsız və sayğacsız istehlak edildiyi müəyyən edilmiş və bu barədə xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. Müvafiq aktın tərtib olunmasından sonra İddiaçı evinə dair borc 2.2kvt x 24 saat x 0.7 x 120 gün=4435kvts götürülməklə cəmi 520.55 manat həddində müəyyən edilmişdir. İddiaçı barəsində tərtib olunmuş akta və abonent saldosuna əsasən ona hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində və onun nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında da göstərilən dövr ərzində sayğacsız elektrik enerjisindən istifadə edilməsi halını təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, "xxxx" ASC tərəfindən iddiaçının borc hesablanan evdə yaşadığı 2 aya yaxın müddət üçün enerji sərfiyyatına görə 520,55 manat borcun hesablanması hədsiz yüksək olmaqla ağlabatan və ədalətli deyildir. Bu baxımdan məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-1-ci bəndində sonuncu baxış tarixindən 12 aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyərinin yenidən hesablanmasını nəzərdə tutmasını əsas götürərək, yəni, göstərilən qaydalarda hesablama üçün minimal müddətin müəyyən edilmədiyini nəzərə almaqla iddiaçıya məxsus evə dair göstəricilərin daha qısa müddət – 60 gün üçün hesablanmaqla borcun 232 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə eyni zamanda müvafiq akt tərtib olunan gündən hazıradək iddiaçı tərəfindən hesablanmış borc üzrə müəyyən ödənişlərin edildiyini (abonent saldosuna əsasən 239 manat ödəniş edilmişdir) nəzərə alır və iddiaçının iddia tələbinin dəqiqləşməsi barədə ərizəsini əsas götürməklə iddianın təmin edilməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 3 ünvanda yaşayan İddiaçı adına olan **********04446 saylı abunə koduna hesablanmış 339 manat 07 qəpik elektrik enerjisi borcu silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 3 ünvanda yaşayan İddiaçı adına olan **********04446 saylı abunə kodu üzrə hesablanmış 339,07 mamat (üç yüz otuz doqquz manat, yeddi qəpik) borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar