Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-345/2021 25.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X7 və ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi X5 nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-nə və ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi X3rşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-nə və ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi X3rşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xxxx şəhəri Nizami rayon Məhkəməsi xx xxxxxxxx 2015-ci il tarixli, 2(044)-3265/2015 saylı qətnamə ilə iddiaçının cavabdeh "Cavabdeh1” ASC-nə qarşı iddiası tam təmin edərək "Cavabdeh1" ASC-dən 294205,45 manat və onun üzərinə faiz kimi hesablanmış 88261,62 manat, cəmi 382467 manat 07 qəpik pulun alınaraq iddiaçıya verilməsini qət etmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. "Cavabdeh1" ASC buna qədər olan digər məhkəmə çəkişmələrini də uduzmuşdur. xxxx şəhəri Nizami rayon Məhkəməsinin göstərilən qətnaməsinin icrası məqsədilə "Banklar haqqında" Qanunun tələbinə uyğun olaraq xxxx Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx xxxx 2017-ci il tarixli, 8(104)-57/2017 saylı qərardadla "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ərizəsinə əsasən onun təqdim etdiyi kreditorların tələblərinin ödənişi qrafikini təsdiq etmişdir. Təsdiq edilmiş həmin qrafiklə iddiaçıya 70 min manat ödəniş həyata keçirilməlidir. Bundan başqa xxxx Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 8(104)-274/2018 sayl qərardadı ilə Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan Cavabdeh1 ASC-nin tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş 2-ci tranş üzrə 7-ci növbədə olan bank kreditorlarına ödənişlərin aparılması qrafiki təsdiq edilmişdir. Həmin qrafikdə iddiaçının 382467 manat kreditor tələbinin 230120 manatdan ibarət hissəsinin ödənilməsi təsdiq edilmişdir. Həmin qrafik də Fondun ərizəsinə əsasən təsdiq edilmişdir. Hər iki qərardada görə cavabdeh iddiaçıya cəmi 300120 manat pul ödəməlidir. Göstərilənlərə baxmayaraq "Cavabdeh1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini, icraçı direktorun vəzifəsini müvəqqəti icra edən X9 qüvvədə olan məhkəmə qərarlarının tələblərini kobud surətdə pozaraq iddiaçıya ödənişləri həyata keçirməkdən müxtəlif bəhanələrlə qanunsuz olaraq boyun qaçırır. Vüqar Abdullayev "Cavabdeh1" ASC-nin keçmış rəhbərinln xahişi əsasında pulun ödənişindən boyun qaçırır. Yaxud həmin vəsait Fond təyinatına uyğun olmayaraq israf edilmişdir. Çünki qeyd olunduğu kimi hər iki halda ödəniş qrafikləri məhkəmə tərəfindən məhz Fondun rəhbərliyinin ərizəsi əsasında təsdiq edilmişdir. xxxx Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli 8(104)-57/2017 saylı və xx xxxxxx 2018-ci il tarixli, 8(104)-274/2018 sayl qərardadları ilə təsdiq edilmiş ödəniş qrafiklərinə əsasən digər kreditorların pulları verilmişdir. Bundan başqa, Əmanətlərin Sığortalanması Fondu mətbuat vasitəsilə ləğv prosesində olan bankların, o cümlədən "Cavabdeh1" ASC-də fiziki şəxslərin sığortalanmayan əmanətlər üzrə 17.000 manat ekvivalentinədək kreditor tələbinin ödənilməsinə başlandığını da bildirmişdir. X9 heç bir səbəb olmadan iddiaçıya münasibətdə məhkəmə qərarlarını icra etməkdən boyun qaçırır, icranı gecikdirir. X9 məhkəmə qərarlarının icrasının gecikdirilməsinə bəraət qazandırmaq, ödənişi yubatmaq üçün iddiaçıya qarşı pul tələbinə dair əsassız iddia ərizəsi ilə xxxx İnzibati-İqtisadi məhkəməsinə müraciət etmişdir. Dövlət orqanlarının sorğularına guya məhkəmədə iddiaçıya qarşı pul tələbinə baxıldığı barədə cavablar verməklə məsuliyyətdən yayınırdı. Əsassız iddia verdiyinə görə məhkəmə baxışı zamanı Fond çətin vəziyyətə düşdüyündən Fondun rəhbərliyi iddia ərizəsini məhkəmədən geri götürmək məcburiyyətində qalmışdır. Artıq Fondun rəhbərliyinin pulu verməmək üçün bəhanəsi qalmadığından xeyli vaxtdır ki, X9 guya qeyd olunan məsələnin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılması bəhanəsini ortaya atmışdır. Orqanlara bu barədə həqiqətə uyğun olmayan cavablar verir, özünü günahsız kimi göstərir. Şikayəti araşdıran səlahiyyətli orqanlar da həmin yalan cavablara inanır. Cavabdeh məhkəmə qərarlarına və qanuna əsasən dərhal ödəməli olduğu pulu uzun müddət ödəməkdən imtina etdiyi üçün iddiaçıya mühüm maddi zərər vurmuşdur. İddiaçı ona görə öz sahibkarlıq fəaliyyətini davam etdirərək qazanc əldə edə bilmir. Ağır maddi mərhumiyyətə düçar olmuşdur. X9 iddiaçı ilə aşkar qərəzli münasibətdədir. Məhkəmə qərarlarına hörmətsizlik edir, icranı gecikdirir, vəzifə borcunun icrasından qəsdən əsassız boyun qaçırır. Göstərilənlərə əsasən, xxxx Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 8(104)-57/2017 saylı və xx xxxxxx 2018-ci il tarixli, 8(104)-274/2018 saylı qərardadları ilə təsdiq edilmiş ödəniş qrafiklərinə əsasən iddiaçıya ödənişləri dərhal etməli olduğu halda bu günədək qəsdən icra etməyərək gecikdirdiyindən cavabdehdən 70.000 manatın ödənilməsinin gecikdirilməsi üçün 70.000 manatın 13 faizi olaraq 9 min 100 manatın, 230 min 120 manatın 10 faizi olaraq 23 min 12 manatın, cəmi 32 min 120 manatın alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Sonradan iddiaçı qeyd olunan mülki iş üzrə əlavə cavabdeh kimi LPO Cavabdeh1 ASC-nin ləğvedicisi X1 işə cəlb etmişdir. Sonradan iddiaçı tərəfindən iddia tələbləri dəqiqləşdirilərək, iddiaçının cavabdeh "Cavabdeh1" ASC-dən 382467.07 manat məbləğində pul tələbinin pul tələbi siyahısına əlavə olunaraq təsdiq edilməsi barədə Gəneə Apellyasıya Məhkəməsinin xx xxx 2017-ci il tarixli qərardadının nəticə hissəsinin birinci bəndinə əsasən həmin məhkəmənin xx xxxx 2017-ci il tarixli 8(104)-57/2017 saylı qərardadı ilə təsdiq edilmiş bank kreditlərinin ödənişi qrafikinə uyğun olaraq xx xxxx 2017-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixdədək olan dövr ərzində iddiaçıya dərhal ödənilməli olan 70.000 manat məbləğində pulun ödənilməsi gecikdirildiyi üçün cavabdehlərin hər ikisindən müştərək qaydada iddiaçının xeyrinə 12250 manat (70 min manat:100 faiz x 17,5 faiz=12 250 manat) məbləğində pulun, cavabdehlər xxxx Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 8(104)-274/2018 sayl qərardadı ilə təsdiq edilmiş ödəniş qrafikinə əsasən 230000 manat məbləğində pulu iddiaçıya dərhal ödəməli olduqları halda ödəməni gecikdirdikləri uçün cavabdehlərin hər ikisindən müştərək qaydada iddiaçının xeyrinə xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan dövr üçün 32200 manat (230000 manat :100 faiz x 14 faiz= 32200 manat) məbləğində pulun, cəmi 44450 manat məbləğində pulun tutulmasına dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vidadi Mahmudov izahat verərək iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Toğrul Surxaylı iddianın əsassız olduğunu bildirərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədn xahiş etdi. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdeh məhkəmə iclasında iştirak etməmiş, və bunun səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan xxxx Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 8(104)-57/2017 saylı qərardadından görünür ki, ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan "Cavabdeh1" ASC-nin tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafiki xxxx Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadın nəticə hissəsinin 1-ci bəndinə aid hissədə (Cavabdeh1 ASC-nin kreditorlarının tələblərinin reyestri (qəbul edilmiş tələblərin siyahısı) təsdiq edilsin hissəsində) təsdiq edilmişdir. İş materiallarına əlavə olunmuş xxxx Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 8(104)-274/2018 saylı qərardadından görünür ki, ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan "Cavabdeh1" ASC-nin tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş 2-ci tranş üzrə 7-ci növbədə olan bank kreditorlarına ödənişlərin aparılması qrafiki təsdiq edilmişdir. İşdə olan xxxx şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli, 2(044)-3265/2015 saylı qətnaməsindən görünür ki, iddiaçının cavabdeh "Cavabdeh1” ASC-nə qarşı iddiasının təmin edilməsi, "Cavabdeh1" ASC-dən 294205,45 manat və onun üzərinə hesablanmış 88261,62 manat faiz, cəmi 382467 manat 07 qəpik və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Qətnamə xx.xx.2016-cı il tarixdə qanuni qüvvəsini almışdır. İşdə olan Əmanətlərin Sığortalanması Fondunun xx xxxx 2018-ci il tarixli **********433 saylı məktubundan görünür ki, iddiaçının tələbi üzrə ödənişin həyata keçirilməsi üçün ləğv prosesində olan "Cavabdeh1" ASC-nin 2-ci tranş üzrə 7-ci növbədə olan bank kreditorlarına ödənişlərin aparılması qrafikinə daxil edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xxxx şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli, 2(044)-3265/2015 saylı qətnaməsi ilə iddiaçının cavabdeh "Cavabdeh1” ASC-nə qarşı iddiasının təmin edilməsi, "Cavabdeh1" ASC-dən 294205,45 manat və onun üzərinə hesablanmış 88261,62 manat faiz, cəmi 382467 manat 07 qəpik və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Qətnamə xx.xx.2016-cı il tarixdə qanuni qüvvəsini almışdır. xxxx Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 8(104)-57/2017 saylı qərardadı ilə ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan "Cavabdeh1" ASC-nin tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafiki xxxx Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadın nəticə hissəsinin 1-ci bəndinə aid hissədə (Cavabdeh1 ASC-nin kreditorlarının tələblərinin reyestri (qəbul edilmiş tələblərin siyahısı) təsdiq edilsin hissəsində) təsdiq edilmişdir. xxxx Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 8(104)-274/2018 saylı qərardadı ilə ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan "Cavabdeh1" ASC-nin tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş 2-ci tranş üzrə 7-ci növbədə olan bank kreditorlarına ödənişlərin aparılması qrafiki təsdiq edilmişdir. İddiaçının tələbi üzrə ödənişin həyata keçirilməsi ləğv prosesində olan "Cavabdeh1" ASC-nin 2-ci tranş üzrə 7-ci növbədə olan bank kreditorlarına ödənişlərin aparılması qrafikinə daxil edilmişdir. Lakin cavabdehlər tərəfindən iddiaçının tələbi üzrə ödəniş hazıradək həyata keçirilməmişdir. Hazırda iddiaçı ödənişin gecikdirildiyinə görə faizin ödənilməsini cavabdehlərdən tələb edir. Məhkəmə iddia tələbinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.4-ci maddəsinə əsasən icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. "Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 87.3-cü və 87.4-cü maddələrinə əsasən məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz. Ödənişlərin aparılması qrafiki məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğvedici dərhal həmin qrafikdə nəzərdə tutulan ödənişləri icra edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Məhkəmə hesab edir ki, xxxx Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 8(104)-57/2017 saylı və xx xxxxxx 2018-ci il tarixli 8(104)-274/2018 saylı qərardadları əsasında cavabdehlərin iddiaçı qarşısında öhdəliyi yaranmış və hazırkı iddia da məhz həmin öhdəliyin icra edilib-edilməməsi çərçivəsində araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallardan göründüyü kimi xxxx Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 8(104)-57/2017 saylı və xx xxxxxx 2018-ci il tarixli 8(104)-274/2018 saylı qərardadları ilə ödənişlərin aparılması qrafikləri təsdiq edilmişdir ki, bu halda cavabdehlər "Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 87.3-cü və 87.4-cü maddələrinə əsasən cavabdehlər dərhal həmin qrafikdə nəzərdə tutulan, o cümlədən iddiaçıya ödənilməli olan ödənişləri icra etməli idi. Lakin məhkəmənin qərardadları hal-hazırki dövrədək icra olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı», “Tarıverdiyev Azərbaycana qarşı”, “Cəfərov Azərbaycana qarşı” və s. qərarları məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və həmin qərarlarında Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. «Əfəndiyeva Azərbaycana qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qətnaməsi ilə ərizəçiyə verilmiş tələb hüququ Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulan mənada “mülkiyyət” təşkil edir. “Burdov Rusiyaya qarşı” iş üzrə qərarında isə həmin məhkəmə bir daha xatırlatmışdır ki, «tələb» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə «mülkiyyət» kimi o halda başa düşülə bilər ki, kifayət qədər müəyyən olunmuş olsun və bu tələb hüquqi cəhətdən realizə edilə bilsin. Məhz bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının məhkəmə qərardadları əsasında əldə etdiyi tələb hüququ kifayət qədər müəyyən olunmuş və hüquqi cəhətdən realizə edilə bilən hüquq olmaqla, Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə əsasən Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi baxımından «mülkiyyət» hüququdur. Ona görə də məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xxxx Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 8(104)-57/2017 saylı və xx xxxxxx 2018-ci il tarixli 8(104)-274/2018 saylı qərardadlarının icra edilməməsi nəticəsində iddiaçının hüquqları pozulmuş və bu pozuntu nəticəsində iddiaçı maddi itkilərə məruz qalmışdır. Belə ki, həmin maddi itkilər cavabdehin iddiaçıya məxsus olan pul vəsaitinin ödənilməsini gecikdirməsindən yaranan maddi itkilərdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Cavabdehlər isə qanuni qüvvəyə minmiş məhkəmə qərardadlarının icrası ilə bağlı pozuntunun, yəni məhkəmə qərardadları ilə dərhal ödənilməli olan pul vəsaitinin iddiaçıya ödənilməməsinin onların cavabdeh olmadığı haldan irəli gəldiyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirə bilməmiş və bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Belə olan halda cavabdehin icra haqqında qanunvericiliyi könüllü yerinə yetirməməsi və onların icrasından qərəzli olaraq boyun qaçırması birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərardadları ilə tutulmuş pul vəsaitini iddiaçıya ödəməməklə və ya onun ödənilməsini hər hansı formada gecikdirməklə iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının tələb hüququ xxxx Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 8(104)-57/2017 saylı və xx xxxxxx 2018-ci il tarixli 8(104)-274/2018 saylı qərardadlarının qüvvəyə mindiyi xx xxxx 2017-ci il və xx xxxxxx 2018-ci il tarixlərdən etibarən realizə edilə bilən hüquq olmuş və bu tarixlərdən sonra cavabdehlərin həmin qərardadların icrasını təmin etmək öhdəliyi yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, ödənilməli olan pul məbləğlərinin gecikdirilməsinə görə faizlər göstərilən tarixlərdən hesablanmalıdırlar. Məhkəmə həmçinin qeyd edir ki, mülki iş üzrə digər cavabdeh ləğv prosesində olan “xxxx Bank” ASC iş üzrə subyektiv cavabdeh olmadığından, ləğv prosesində olan banka qarşı kreditor tələblə və ya pul tələbi ilə bağlı tələblərə apellyasiya instansiyası məhkəməsində baxılmalı olduğundan məhkəmənin eyni tarixli qərardadı ilə cavabdeh ləğv prosesində olan “xxxx Bank” ASC-yə qarşı olan tələblə bağlı mülki iş üzrə icraata xitam verilmişdir Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehlərdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının cavabdeh LPO "Cavabdeh1" ASC-nin ləğvedicisi X2 382.467,07 manat məbləğində pul tələbinin pul tələbi siyahısına əlavə olunaraq təsdiq edilməsi barədə xxxx Apellyasiya Məhkəməsinin xx xxx 2017-ci il tarixli qərardadının nəticə hissəsinin birinci bəndinə əsasən həmin məhkəmənin xx xxxx 2017-ci il tarixli 8(104)-57/2017 saylı qərardadı ilə təsdiq edilmiş bank kreditlərinin ödənişi qrafikinə uyğun olaraq xx xxxx 2017-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixdədək olan dövr ərzində iddiaçıya dərhal ödənilməli olan 70.000 manat məbləğində pulun ödənilməsi gecikdirildiyi üçün cavabdehdən iddiaçının xeyrinə 12.250 manat məbləğində pul, cavabdeh xxxx Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 8(104)-274/2018 sayl qərardadı ilə təsdiq edilmiş ödəniş qrafikinə əsasən 230.000 manat məbləğində pulu iddiaçıya dərhal ödəməli olduqları halda ödəməni gecikdirdikləri uçün cavabdehdən iddiaçının xeyrinə xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan dövr üçün 32.200 manat məbləğində pul, cəmi 44.450 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi X4 İddiaçı xeyrinə 44.450 (qırx dörd min dörd yüz əlli) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-345/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-345/2021
25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver