Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3456/2021 21.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə onun arasında bağlanmış 12.09.2018-ci il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi; cavabdehlə onun arasında bağlanmış 19.04.2014-cü il tarixli kredit müqaviləsi üzrə məhkəmə aktları ilə müəyyən edilmiş öhdəçiliklərinin bərpası haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış 19.06.2014-cü il tarixli kredit müqaviləsinə əsasən: 4 min ABŞ dolların qəbul etmiş; Bu zaman alınmış pul vəsaitinə görə illik 26 faiz ödəmək öhdəçiliyi qəbul etmişdir. Öhdəçiliyini vaxtında yerinə yetirməmiş, kredit məbləğindən 261 ABŞ ödəmiş, 3639 ABŞ dolları kredit borcumu ödəyə bilməmişdir. Bu səbəbdən cavabdeh Nərimanov rayon Məhkəməsinə müraciət etmiş və sonda 01 may 2015-ci il tarixli Məhkəmə əmri verilmişdir, nəticədə əsas borc 3639.70 ABŞ dolları, 271.71 ABŞ dolları faiz, 17.33 ABŞ dolları cərimə, ümumilikdə 3872,74 ABŞ dolları miqdarında borc yaranmışdır. Cavabdehin nümayəndəsilə görüşmüş, hissəvi ödəniş etməyini məlum etmiş, cavabdehin nümayəndəsi məsələnin həlli ilə bağlı 3872,74 ABŞ dollarının manatla məzənnəsi həcmində yeni müqavilə bağlamağı təkidlə təklif etmiş, dolların manata olan nisbətdə bahalaşacağını və sair bildirmişdir. Bu sahədən məlumatsız insan olaraq təklifi qəbul etmiş və 12.09.2018-ci il tarixdə yeni müqaviləyə imza etmiş, guya: 12.02.2018ci il tarixdə o, cavabdehdən 5644.60 manat vəsait qəbul etmiş, illik 12 faiz ödənişə razılaşmış; 48 ay ərzində yenidən əsas vəsaitlə birlikdə faiz ödəməli olduğunu bildirmişdir. Lakin yenidən öhdəçiliyinin yerinə yetirilmədiyi halda faizlə hesablanacağını o, bilməmişdir, cavabdehin əməkdaşı isə bunu ona izah etməmişdir, həmçinin bu sahədən məlumatsız insan olaraq yeni müqavilənin nəticələrini anlamamışdır. Belə ki, ilk müqavilə üzrə məhkəmə aktı olduğundan faizlərin dayanması kimi halla ona məlum olmamışdır. Məhkəmə iclasında İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə əsasında nümayəndəsi X2 iddianın əsassız olduğunu bildirərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış 19.06.2014-cü il tarixli 3919nkNAR/14 nömrəli «Kredit və bank hesabı müqaviləsi»nə əsasən bank kredit alana 48 ay müddətinə illik 26 faiz ödəmək şərti ilə 4.000 ABŞ dolları məbləğində kredit verməyi, kredit alan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə banka illik 26% ödəməyi öhdəsinə götürmüşdür. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-2778/2021 saylı 01.05.2015-ci il tarixli məhkəmə əmrinin surətindən görünür ki, İddiaçı 3.639,70 ABŞ dollan məbləğində əsas, 215,71 ABŞ dolları məbləğində faiz, 17,33 ABŞ dolları məbləğində cərimə, cəmi 3.872,74 ABŞ dolları məbləğində borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən məzənnə üzrə manatla və 20 manat məbləğində dövlət rüsumunun "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulması əmr edilmişdir. 343895 saylı, 19.06.2014-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən "xxxx" KB ASCyə 1829,60 manat ödəniş edilmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-217/2016 saylı 04.02.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 19.06.2014-cü il tarixli kredit və bank hesabı üzrə 3.639,70 (üç min altı yüz otuz doqquz ABŞ dolları, yetmiş sent) ABŞ dollan məbləğində əsas, 215,71 (iki yüz on beş ABŞ dollan, yetmiş bir sent) ABŞ dollan məbləğində faiz, 5 (beş) ABŞ dolları məbləğində cərimə, cəmi 3.860,41 (üç min səkkiz yüz altımış ABŞ dollan, qırx bir sent) ABŞ dolları məbləğində borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən məzənnə üzrə manatla və 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı tərəfindən "xxxx" KB ASC-yə ünvanlanmış 12.09.2018-ci il tarixli bank hesablarının açılması və kredit sifarişi üçün ərizədən görünür ki, İddiaçı bankdan 48 ay müddətinə 5739 manat məbləğində istehlak məqsədləri üçün təminatsız kredit verilməsini xahiş etmişdir. "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış 12.09.2018-ci il tarixli 3552nkBANK/18 nömrəli «Kredit və bank hesabı müqaviləsi»nə əsasən bank kredit alana 48 ay müddətinə illik 12 faiz ödəmək şərti ilə 5739 manat məbləğində kredit verməyi, kredit alan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı öhdəsinə götürmüşdür. 29.03.2019-cu il tarixli problemli kreditlərin kompensasiyasına dair əsas məlumatlardan görünür ki, "xxxx" KB ASC tərəfindən İddiaçı hesablanmış kompensasiya məbləği cəmi 3993,74 manat, restrukturizasiya olunmuş məbləğ isə 1077,66 manat təşkil edir. "xxxx" MMC-dən 16.07.2019-cu il tarixli, SF-15913 saylı Çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı "xxxx" KB ASC-yə 12.09.2018-ci il tarixli kredit müqaviləsinə əsasən kredit hesabı üzrə kreditin qalıq məbləği 3391,29 manat, faiz məbləği üzrə 311,95 manat təşkil edir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-2764/2021 saylı, 04.06.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, cavabdeh İddiaçı 3391,29 manat məbləğində əsas borc, 1047,68 manat məbləğində faiz borcu və 21,41 manat məbləğində cərimə olmaqla, cəmi 4460 manat borc və 30 manat dövlət rüsumu "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iddianın “12.09.2018-ci il tarixli 3552nkBANK/18 nömrəli «Kredit və bank hesabı müqaviləsi»nin etibarsız hesab edilməsi” hissəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, iddiaçının istinad etdiyi hallara əsasən iddia tələblərinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2 və 339.3-cü maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinin tələblərinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən müəyyən olunur ki, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin maddələrin məzmununa görə “aldatma” dedikdə əqd üzrə mühüm əhəmiyyət kəsb edən faktlar və hallar barədə tərəfin digər tərəfə qəsdən yanlış məlumat verilməsi anlaşılır. Məhkəmə hesab edir ki, hazırkı işdə qeyd olunan maddənin dispozisiya şərtləri müəyyən edilmir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçının 12.09.2018-ci il tarixli 3552nkBANK/18 nömrəli «Kredit və bank hesabı müqaviləsi»nin bağlanması məqsədi ilə aldadılması barədə dəlillər öz təsdiqini tapmamışdır. Halbuki mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. (MPMnin 62-ci, 81-ci və 104.1-ci maddələri) Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər tələbləri ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab olunması və s.” tələbinə dair iddiası rədd edilməlidir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Mülki-Prossesual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3456/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3456/2021
21.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver