Məhkəmə qərarları › İş №2(006)-3462/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3462/2022

29.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3462/2022 29.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh "xxxx" KB ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh "xxxx" KB ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin tələbinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinə əsasən göründüyü kimi, hazırda iddiaçılar məhkəməyə müraciət etməklə İddiaçı1 ilə "xxxx" KB ASC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli 24KDİ/14 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2014-cü il tarixli 24KD/14 saylı əsas müqavilə çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 106106KD/14-1 saylı əlavə kredit müqaviləsi üzrə İddiaçı3 kredit borcunun ödənilməsinə və xx.xx.2014-cü il tarixli 24KDİ/14 saylı ipoteka müqaviləsi üzrə ipotekaya qoyulan İddiaçı1 mülkiyyətində olan əmlakın açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin müqavilələrin etibarlılığı artıq yoxlanılmış, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müqavilənin etibarsızlığı ilə bağlı müvafiq maddələrinə istinad edərək qiymət verilmişdir. Hazırki iş üzrə iddiaçı tərəfindən etibarsızlığı mübahisələndirilən xx.xx.2014-cü il tarixli 24KDİ/14 saylı ipoteka müqaviləsi xx.xx.2014-cü il tarixli 106106KD/14-1 saylı əlavə kredit müqaviləsi üzrə kredit alan İddiaçı3 "xxxx" KB ASC tərəfindən verilmiş kreditin təminatı, yəni əsas öhdəliyinin icrasının təmin edilməsi məqsədilə bağlanmışdır. İpoteka predmeti olan əmlak hərrac vasitəsilə satılmışdır. Hazirki iş üzrə iddiaçıların ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarılmaqla, həmin fərdi yaşayış evinin boşadılması barədə tələb Abşeron Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-7049/2016 saylı qətnaməsi iddiaçıların yaşayış sahəsindən çıxarılmasına aid hissədə dəyişdirilmədən saxlanılmış, qətnamə qanuni qüvvəsini almışdır. Belə ki, borcun tutulması tələbinə dair işə baxan məhkəmə mübahisəni mahiyyəti üzrə həll edərkən iddianın əsaslı olub-olmadığını müəyyən etmək üçün ilk növbədə bu tələbin əsasını təşkil edən etibarlı kredit müqaviləsinin bağlanıb-bağlanmadığını müəyyən etmək vəzifəsi daşıyır və həmin vəzifəni yerinə yetirməklə tələbin qanuni və əsaslı olmasına hüquqi qiymət verir. Ona görə də bu mübahisəyə baxılan vaxt və yaxud baxıldıqdan sonra ipoteka müqaviləsinin etibarsızlığına dair ayrıca iddia tələbinin irəli sürülməsi və həmin tələbə mahiyyəti üzrə baxılması prosessual qanunvericiliyin normaları baxımdan mümkün deyildir. Oxşar mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 22 aprel 2021-ci il tarixli Qərarında əks olunmuşdur. Belə ki, həmin Qərarda qeyd edilir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, borcun tutulmasına və həmin borcun ipoteka borcuna yönəldilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 02/2022 saylı qərardadına əsasən, əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalıdır. Mülki Prosessual Məcəllənin 153.5-ci maddəsinə görə, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Mülki Prosessual Məcəllənin 114.1 və 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Hesab edirəm ki, iddia yolverilməz olduğundan iddia ərizəsi qəbul edilməkdən imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Həmçinin, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2, 153.5 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh "xxxx" KB ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçılar tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul onlara geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar