Məhkəmə qərarları › İş №2(006)-3464/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3464/2023

17.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3464/2023 17.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı X3 nümayəndəsi İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X3 cavabdeh "xxxx" ASC-yə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ederək, cavabdeh "xxxx" ASC tərəfindən əsassız olaraq tərtib olunmuş xx.xx.2023-cü il tarixli 033227 saylı aktın ləğv edilməsi və tətbiq edilmiş 500 (beş yüz manat) manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Daha sonra iddiaçı X3 nümayəndəsi İddiaçı məhkəməyə “tələbin həcminin azaldılması” barədə vəsatət ünvanlayaraq, xx.xx.2023-cü il tarixli, 033227 nömrəli akt əsasında hesblanmış 467,84 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Nübar kəndində yerləşən abonent kodu **********02210 olan işıq sayğacı atam X4 adınadır. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən onlara heç bir xəbərdarlıq edilmədən, heç bir məlumat vermədən sayğaca baxış keçirilmiş və 033227 saylı akt tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixdə kartı yoxlayarkən 500 (beş yüz) manat məbləğində cərimə olunmağları ilə bağlı məlumatı olmuşdur. Sözügedən aktda qeyd olunmuşdur ki, guya qapını döyüblər açan olmayıb. Son zamanlar "xxxx" ASC əməkdaşları tərəfindən qeyriqanuni akt tərtib edib, vətəndaşları incitmək adi hal almışdır. Onlar sayğaca gizli baxış keçirir və əsassız olaraq istənilən qüsurları qeyd edib aktlaşdırırlar. Akta əsasən, guya elektrik sayğacının şəbəkəyə qoşulma sxemi səhvdir, sayğacın giriş faz yuvasına "Sıfır" xətti, sıfir yuvasına isə "Faza" xətti daxil edilmişdir. Guya kənar mənbədən verilmiş "Sıfir" xətti vasitəsi ilə sayğac dövrədən kənarlaşdırılmışdır. "xxxx" ASC əməkdaşları tərəfindən qeyd edilmiş bu nöqsanlar tamamilə əsassızdır və qəbul olunmazdır. O ailəsi ilə birgə uzun illərdir ki, həmin mənzildə yaşayır, bu günədək nə ailəsi nə də özü tərəfindən sayğaca heç bir kənar müdaxilə edilməmişdir. Bir neçə gündür ki, evə gələn işıq verilişi dayandırılmışdır. Anası və atası yaşlı insanlardır. İşıq olmaması səbəbi ilə günlərdir soyuducuda bütün ərzaqlar yararsız hala düşmüş, kandisianer işləmədiyi üçün isti hava şəraiti ilə əlaqədar evdə oturmaq mümkün deyil. Həyat yoldaşı hamilədir, istidən nəfəs ala bilmədiyi üçün hal-hazırda atasının evindədir. "xxxx" ASC əməkdaşları onlara zülm edir, onların bu amansız hərəkətləri qanun çərçivəsində araşdırılmalıdır. Hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız olaraq tərtib etdiyi akt ləğv edilməli, tətbiq etdiyi 500 (beş yüz) manat borc silinməlidir. İddiaçı ərizə verərək onun əsl iddiaçı olan X6 ilə əvəz olunmasını xahiş etmiş və iddiaçı əsl iddiaçı ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 nümayəndəsi İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, akt qanunauyğun olaraq tərtib olunmuş və cərimə yazılmışdır. Buna görə də iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, CD diskə baxış keçirərək, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin 346094 №-li məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokoldan görünür ki, abonent X4 məxsus Xırdalan şəhəri, Ay yalı (abonent kodu **********00042) ünvan üzrə yerləşən evə 030919 №-li akta əsasən sayğac quraşdırılmışdır. İş üzrə 033227 nömrəli akta əsasən Aktlar üzrə Komissiyanın xx.xx.20223-cü il tarixli icra vərəqəsinə əsasən Vəliyev Vidadiyə (abonent kodu **********00042) əlavə olaraq 3668 kvt.s (4,4 x (0,7) x 24 saat x 54 gün) -324 kvt.s) əlavə sərfiyyat, yəni 467,84 manat (36 kvt.s. x 0,08 manat = 2,88 manat, 180 kvt.s. x 0,09 manat = 16,20 manat, 3452 kvt.s. x 0,13 manat = 448,76 manat) məbləğində ödəniş hesablanmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli abunə haqqında arayışdan görünür ki, X4 məxsus Xırdalan şəhəri, At yalı (abonent kodu **********02210) ünvanına 467.84 manat borc hesablanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin 033227 №-li 03 iyul 2023-cü il tarixli aktına əsasən abonent X4 məxsus Xırdalan şəhəri, Ay yalı (abonent kodu **********00042) ünvan üzrə yerləşən evinə aid elektrik sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacın şəbəkəyə qoşulma sxemi səhv olduğunu, sayğacın giriş “faza” yuvasına “sıfır” xətti, “sıfır” yuvasına isə “faza” xətti daxil edildiyi, kənar mənbən verilmiş “sıfır” xətti vasitəsi ilə sayğacın dövrdən kənarlaşdığı, sayğac sxeminin EEİQ-na uyğun bərpa edilməsi qeyd edilmişdir. Həmin aktdan görünür ki, yoxlama zamanı abonent iştirak etməmişdir. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, "xxxx" ASC tərəfindən əhaliyə elektrikin satılması, fərdi qaydada bağlanan alğı-satqı müqaviləsi əsasında həyata keçirilir. Qaydaların 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin X1 Agentliyi həyata keçirir.[33] Qaydaların 6.3-cü bəndinə əsasən dövlət enerji nəzarətinin həyata keçirilməsi dövlət elektroenergetika müəssisəsini, enerjitəchizatı müəssisələrini, müstəqil enerji istehsalçılarını, istehlakçıları onların və ya tabeliklərindəki struktur bölmələrinin sərəncamında olan elektrik qurğularının texniki vəziyyətinə və istismarına görə nəzarətdən azad etmir və onlar “Elektrik qurğularının quraşdırılması Qaydası”na, “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”na və “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”na, bu Qaydalara və digər normativ sənədlərə əməl olunmasına görə cavabdehlik daşıyırlar. [36] Qaydaların 6.4-cü bəndinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar” fəslində X1 Agentliyinin səlahiyyətinə aid maddələrə uyğun olaraq, pozuntuya yol vermiş fiziki şəxslərə, vəzifəli şəxslərə və hüquqi şəxslərə qarşı X1 Agentliyi tərəfindən inzibati tənbeh növləri tətbiq edilir. Qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın əsasən elektrik paylayıcısı ilə ilə məişət elektrik istifadəçisi arasında elektrikin alqı-satqısı müqaviləsinin şərtləri müəyyən edilmişdir. Həmin müqavilənin 6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək üçün sayğac quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Həmin müqavilənin 6-1-ci bəndinə əsasən elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır. Həmin müqavilənin 7-ci bəndinə əsasən tərəflər arasında elektrik enerjisindən istifadədə mübahisəli məsələlər yarandıqda, enerjitəchizatı müəssisəsi və ya məişət abonenti bilavasitə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göründüyü kimi tərəflər arasında bağlanılmış elektrik enerjisinin alqı-satqısı barədə müqaviləyə əsasən elektrik enerjisinin dəyəri barədə mübahisəli hallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Eyni zamanda müqavilə iştirakçılarının hərəkətləri və ya hərəkətsizliyi nəticəsində dəymiş ziyanın ödənilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır. Yəni dəymiş ziyanın tələb edilməsi yalnız məhkəmə qaydasında iddia qaldırılması yolu ilə qəbul edilmiş müvafiq məhkəmə qərarı əsasında yol verilir. Lakin göründüyü kimi cavabdeh birtərəfli qaydada və qanunun tələblərinə zidd olaraq müəyyən etdiyi ziyanı (akt üzrə hesablanmış) birbaşa müqavilədə nəzərdə tutulmamış əsaslarla iddiaçının abunə hesabına yazmış və bununla da hüquqdan suiistifadə etməklə etibarsız hesab olunan hərəkətlə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən) qanunun tələblərini pozmuşdur. Cavabdeh təşkilat alğı-satqı müqaviləsinin tərəfi kimi istehlakçı barəsində dəymiş ziyanın əvəzi kimi abunə hesabına əlavə borc yazmaqla, faktiki olaraq istehlakçı barəsində sanksiya tətbiq etmişdir. Halbuki belə sanksiya tətbiq etmə səlahiyyəti yalnız dövlət orqanının (müvafiq icra hakimiyyəti) səlahiyyətində olan məsələdir. Göründüyü kimi elektrik enerjisi paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilədə də elektrik enerjisi paylayıcısının istehlakçı barəsində hər hansı cərimə və istehlakçının təqsirli hərəkətlərinə görə abunə hesabına əlavə borcun yazılması hüququ nəzərdə tutulmamışdır. Həmin müqavilədə elektrik enerjisi paylayıcısının istehlakçının hərəkətlərinə görə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ müəyyən edilmişdir. Bu isə elektrik enerjisi paylayıcısına istehlakçının abunə hesabına əlavə borcun yazılması hüququnun olması anlamına gəlmir. Beləliklə akt əsasında iddiaçının abunə hesabına yazılmış borc qanunun tələbləri pozulmaqla yazıldığı üçün həmin borcun Vidadi Vəliyevin abunə hesabından silinməsi barədə tələb əsaslı hesab edilməli, 467.84 manat borc iddiaçının abunə hesabından silinməlidir. Bununla da məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, X4 məxsus Xırdalan şəhəri, At yalı (abonent kodu **********02210) dair əlavə sərfiyyat kimi hesablanmış 467,84 manat məbləğində borc iddiaçının **********02210 saylı abunə hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Xırdalan şəhəri, At yalı ünvanında yerləşən X4 aid evə (abunə kodu **********02210) dair əlavə sərfiyyat kimi hesablanmış 467,84 (dörd yüz altmış yeddi manat, səksən dörd qəpik) manat məbləğində borc iddiaçının **********02210 saylı abunə hesabından silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar