Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3473/2022 12.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Ayaztullovnanın iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (5 Saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “renta müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı (5 Saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “renta müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh Azyatullovna arasında bağlanmış və Bakı şəhəri 5 saylı notariat ofisində təsdiq edilmiş 10 iyun 2022-ci il tarixli renta müqaviləsinin etibarsız hesab edilməsi, eyni zamanda cavabdehdə olan ona məxsus 2000 manat məbləğində pulun, şəxsiyyət vəsiqəsinin, mənzilin mülkiyyətində olmasına dair qeydiyyat vəsiqəsinin, bank kartının, X6 adına verdiyi vəsiyyətnamənin, şəkərölçən aparatının və dərmanlarının cavabdeh X2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Katya kimi tanıdığı cavabdeh X3 təqribən 15 ildir tanıyır, o yaşadığı məhəllədə mağaza işlədirdi və onlar orada tanış olmuşlar. O, Azərbaycan dilini bilmədiyi üçün onunla rus dilində danışmışlar və onların ünsiyyəti alındığı üçün onunla münasibəti yaranmışdır. Cavabdehlə təqribən iki ilə yaxın müddətdə əlaqələri olmamışdır, onun deməyinə görə koronavirus epidemiyasından əvvəl Rusiya Federasiyasına getmişdir, uzun müddət orada qalmışdır və yaxın zamanlarda Azərbaycan Respublikasına qayıtmışdır. 2022-ci ilin iyun ayının əvvəllərində o, cavabdehlə telefonla danışmış, onlar bir neçə gün onun evində qalmağı və sonra isə bağa getməkləri barədə razılaşmışlar. Bundan sonra cavabdeh yaşadıqları mənzilə gəlmişdir, ona bir müddət evdə olmayacağı üçün bütün sənədlərini və pulu götürməyinin lazım olduğunu bildirmişdir, o, 2000 manat məbləğində pulunu, şəxsiyyət vəsiqəsini, mənzilin mülkiyyətində olmasına dair qeydiyyat vəsiqəsini, pensiya kartını, mərhum həyat yoldaşının ögey nəvəsi olan və onu saxlayan X6 adına yazdırdığı vəsiyyətnaməni, şəkərölçən aparatını və dərmanlarını götürərək saxlamaq üçün cavabdehə verdi və bundan sonra o onu evinə aparmışdır. Həyat yoldaşı vəfat etmişdir, övladı yoxdur, tənha qadındır. Mərhum həyat yoldaşının ögey nəvəsi olan X8 və onun həyat yoldaşı X1 qulluq edirlər. O, cavabdehlə onun evinə gəldikdən sonra X5 zəng edərək tanışı Katyanın evinə gəldiyini və bağa gedib bir neçə gün orada qalacağı barədə məlumat verərək narahat olmamaqlarını bildirmişdir. Cavabdeh onu evinə apardıqdan sonra, o ona onların dost olduğumuzu, müəyyən işlərinin görülməsində ona yardımçı olmaq istədiyini və bunun üçün ona etibarnamə verməyinin lazım olduğunu bildirdi və o da razılaşdı. Bundan sonra cavabdeh onu notarius ofisinə aparmışdır, lakin həmin notariuslarda bilmədiyi səbəbdən sənədləşmə aparmaqdan imtina edilmişdir, hətta notariuslardan birində olduğu zaman notarius qadının cavabdehə tərcüməçi olmadan rəsmiləşdirmə aparmayacağını bildirdiyini eşitmişdir. Həmin notarius ofislərinə getdikdən təqribən 1 gün sonra xx.xx.2022-ci il tarixdə cavabdeh onu Bakı şəhəri 5 saylı notariat ofisinə aparmışdır, orada o etibarnamə bildiyi sənədə imza etmiş və sonra cavabdeh onu evinə gətirmişdir və ona notariusa getməyi heç kimə deməməyimi tapşırmışdır. O, bir neçə gün cavabdehin evində qaldıqdan sonra X5 zəng edərək evə qayıtmaq istədiyini bildirdi və o gələrək onu evə apardı. O, evə qayıdıqdan sonra pulunun, sənədlərinin, ən mühümü şəkərölçən aparatı və dərmanlarının cavabdehdə qaldığı üçün və Xalid cavabdehə zəng edərək onların qaytarılmasını istədikdə cavabdeh müxtəlif bəhanələr göstərərək 2.000 manat məbləğində pulunu, şəxsiyyət vəsiqəsini, mənzilin mülkiyyətində olmasına dair qeydiyyat vəsiqəsini, pensiya kartını, mərhum həyat yoldaşının ögey nəvəsi olan və onu saxlayan X6 adına yazdırdığı vəsiyyətnaməni, şəkərölçən aparatını və dərmanlarını qaytarmamışdır. Bundan sonra o, Xalid və Həvvaya cavabdehin onu notariusa apararaq sənədə imza etdirdiyini bildirmişəm, hansı sənədə imza etdiyini bilməyidiyi üçün o vəkillə müqavilə bağlamış, və o Bakı şəhəri 5 saylı notariat ofisinə sorğu verib sənədlərin surətini əldə etdikdən sonra cavabdehin onu aldadaraq etibarnamə əvəzinə onun ona ayda 100 manat verməsi qarşılığında onun mülkiyyətində olan mənzili onun mülkiyyətinə verməyi barədə renta müqaviləsinə imza etdirildiyi məlum olmuşdur. O, Azərbaycan dilində bəzi sözləri başa düşür, lakin danışa bilmir, eyni zamanda kiril əlifbasını bilir, latın əlifbasında yazıb-oxumağı bilmir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanılmış renta müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd edilən məzmunda izahat verərək renta müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ilə onun arasında bağlanmış 10 iyun 2022-ci il tarixli renta müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbini qəbul etdiyini, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq, onun nümayəndəsi, göstərilən tarixdə məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinin ÖM seriyalı, 100752 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsi, 02 saylı evin 29,11 kv.m olan yaşayış sahəsindən ibarət 2 otaqlı 97 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1205 nömrəli reyestr kitabının 181038 nömrəli səhifəsində 30/181038 nömrə ilə xx.xx.2022-cu il tarixdə qeydiyyata alınmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli “Renta müqaviləsi”nin surətindən görünür ki, renta alan - İddiaçı ona məxsus olan ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 29,11 kv.m olan 2 otaqlı mənzili Cavabdeh mülkiyyətinə verməyi, sonuncu isə aylıq 100 manat haqq ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 864.1-ci maddəsinə əsasən renta müqaviləsinə görə bir tərəf (renta alan) əmlakı digər tərəfin (renta ödəyicisinin) mülkiyyətinə verir, renta ödəyicisi isə alınmış əmlakın müqabilində renta alana vaxtaşırı müəyyən pul məbləği şəklində renta ödəməyi öhdəsinə götürür. İşin mübahisələndirilməyən hallarından görünür ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə renta müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı özünə məxsus olan ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 29,11 kv.m olan 2 otaqlı mənzili cavabdehin mülkiyyətinə verməyi, sonuncu isə bunun müqabilində iddiaçıya aylıq 100 manat haqq ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı tərəf olduğu renta müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir, cavabdeh isə iddianı etiraf etdiyini və təmin olunmasına etiraz etmədiyini bildirir. Mülki Prosessual Məcəllənin 52.2-ci və 52.5-ci maddələrinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 106.3-cü və 106.4-cü maddələrinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Həmin Məcəllənin 191.1-ci və 191.3-cü maddələrinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, cavabdehin etirafının qəbul edilməməsinə əsas ola biləcək hal müəyyən edilmədiyindən, həmin etiraf təsdiq edilməli, iddia təmin olunaraq İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli “Renta müqaviləsi” etibarsız hesab edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh Ayaztullovna arasında bağlanılmış xx.xx.2022-ci il tarixli renta müqaviləsi etibarsız hesab edilsin. İddiaçı tərəfindən 100 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh Ayaztullovna tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3473/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3473/2022
12.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver