Məhkəmə qərarları › İş №2(006)-3475/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3475/2023

07.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3475/2023 07.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********00166 abunə koduna hesablanmış 2080 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1ində yerləşən İddiaçı məxsus evdə 2017-ci ildə elektrik sayğacı quraşdırılmışdır (abonent kodu: **********00166). Azərişıq ASC-nin əməkdaşı tərəfindən hər ay mütəmadi olaraq sayğaca baxış keçirilmiş və tərəfindən aylıq ödənişlər gecikdirilmədən ödənilmişdir. Ailəsi ilə birlikdə 2022-ci ilin avqust ayından bu günə kimi övladının ali təhsil alması ilə əlaqədar Bakı şəhərində yaşayırlar. Uzun müddət evdə olmadığını görən cavabdehin əməkdaşları xx.xx.2023 tarixdə ətrafı hasarlanmış evinin həyətinə naməlum yolla keçərək daxil olmuş, evinin fasadına bərkidilmiş sayğacın təhlükəsizliyi məqsədilə şəxsi vəsaiti hesabına quraşdırılan qutunu sındırmış, xx.xx.2023 tarixli aktı onun məlumatı və iştirakı olmadan tərtib edərək evindən uzaqlaşmışlar. Daha sonra abonent kodu üzrə sistemdə məlumatlarına nəzər saldıqda ona məlum olmuşdur ki, adına 2080 manat borc məbləği qeydə alınmışdır. Baş verənlər barəsində şikayət etmək üçün cavabdehin Lənkərandakı idarəsinə yaxınlaşmışdır. Orada fəaliyyət göstərən əməkdaşları abonent kodu üzrə elektron sistemdə məlumatlarını yoxlamış və bildirmişlər ki, hesablanmış məbləğ absurddur, həmçinin ona demişlər ki, absurd olsa belə, sənin bu məbləği ödəməkdən başqa yolu yoxdur. Baş verənlər 2022-ci ilin avqust ayına kimi sayğacı vaxtaşırı yoxlayıb ödənişləri qəbul edən cavabdehin o paytaxta köçdükdən sonra qəfil baxış təyin edərək sayğacın yararsız olduğunu bildirməsi təzadlardan xəbər verir. Qaydalardan da göründüyü kimi, vaxtaşırı sayğaca baxış keçirib fakturalar təqdim edib ödənişləri qəbul edən cavabdehin sonradan iddiaçının təqsiri olmadan yaranmış nasazlıq ucbatından əvvəlki tarixlər üçün borc hesablaması və tələb etməsi qanunsuzluqdur. Görünür cavabdeh qanundan bixəbər şəkildə sayğacın kimin təqsiri ucbatından sıradan çıxmasına əhəmiyyət vermədən bütün hallarda meydana gələn zərərin istehlakçı tərəfindən ödənilməsini tələb etməyi özünə prinsip etmişdir. Hələ sayğacın həqiqətən də sıradan çıxıb-çıxmamasının özü də müəmmalıdır. Çünki cihazın düzgün işləməməsi barədə məlumatı təsdiq edən yeganə fakt cavabdeh tərəfindən birtərəfli tərtib olunmuş aktdır və digər tərəfdən cavabdehin məktubunda qeyd edilir ki, cihazdakı göstəricinin 18040 olması müəyyən edilib. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini etiraf etməyərək qeyd etdi ki, iddiaçı tərəfindən silinməsi tələb edilən 1298.88 manat borc sayğac üzrə istifadə etdiyi elektrik enerjisinə görə, 796.80 manat borc isə limitdən artıq sərfiyyat göstəricisi ilə hesablanmış borcdur. Odur ki, iddiaçının iddiası əsassız olmaqla təmin edilməməlidir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı adına ünvan 1i ünvanına **********00166 saylı abunə koduna 2079.26 manat borc hesablanmışdır. İş materiallarında olan iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, qeyd edilən ünvanda xx.xx.2023-cü il tarixdə əməkdaşlar tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunmasının vəziyyəti yoxlanılan zaman xx.xx.2017-ci il tarixdə quraşdırılmış sayğacın göstəricisinin kompüter məlumat bazasında qeyd edildiyi kimi “1804” deyil, “18040” olduğu aşkarlanmışdır. Sayğac istismara yararsız olduğu üçün xx.xx.2023-cü il tarixdə yenisi ilə əvəz edilmişdir. Çıxarılan sayğac laboratoriya şəraitində yoxlanılmış, daxili qüsur nəticəsində işləmədiyi, üzərindəki göstəricinin “18040” olduğu barədə rəy verilmişdir. "xxxx" ASC-nin Müştəri xidmətləri idarəsində abonentə **********00166 saylı abunə kodu üzrə yuxarıda qeyd edilən göstərici əsasında tarif və limit fərqinə görə yaranmış borcun azaldılması təklif edilsə də, abonent qalan məbləğin ödənişindən imtina etdiyi üçün razılaşma protokolunun tərtib edilməsi mümkün olmamışdır. İş materiallarında olan iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, qeyd edilən ünvanda xx.xx.2023-cü il tarixdə əməkdaşlar tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunmasının vəziyyəti yoxlanılan zaman xx.xx.2017-ci il tarixdə quraşdırılmış sayğacın göstəricisinin kompüter məlumat bazasında qeyd edildiyi kimi “1804” deyil, “18040” olduğu aşkarlanmışdır. Sayğac istismara yararsız olduğu üçün xx.xx.2023-cü il tarixdə yenisi ilə əvəz edilmişdir. Çıxarılan sayğac laboratoriya şəraitində yoxlanılmış, sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında 022980 saylı akt-protokolda sayğacın daxili qüsur nəticəsində işləmədiyi, üzərindəki göstəricinin “18040” olduğu barədə rəy verilmişdir. "xxxx" ASC-nin Müştəri xidmətləri idarəsində abonentə **********00166 saylı abunə kodu üzrə yuxarıda qeyd edilən göstərici əsasında tarif və limit fərqinə görə yaranmış borcun azaldılması təklif edilsə də, abonent qalıq borcun ödənişindən imtina etdiyi üçün razılaşma protokolunun tərtib edilməsi mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, baxış zamanı elektrik sayğacı 7 rəqəmli olduğu halda kompüter bazasında 6 rəqəmli kimi qeyd olunub **********06171 saylı sayğacın 18040 göstəricisinə əsasən kompüter məlumat bazasına daxil edilməmiş 16236 kvts enerji sərfiyyatı aşkar edilmişdir. İş materiallarında olan hesabatdan görünür ki, İddiaçı abunə hesabına xx.xx.2023cü il tarixə elektrik enerjisinin limitdən artıq sərfiyyatına görə 796.8 manat borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvan 2i ünvanda **********00166 saylı abonent kodu üzrə hesablanmış borcun 1298.88 manat onun istehlak etdiyi elektrik enerjisi üzrə hesablanmış borcdur. Həmin borc xx.xx.2018-ci il tarixdən başlayaraq yaranmış sərfiyyatla bağlı olmuşdur. Həmin tarixdə abunəçi X2 istifadəsində olan sayğacın sərfiyyat göstəricisi “0” dan başlayaraq xx.xx.2023-ci il tarixə qədər “1804” əks olunmuşdur, yəni sərfiyyat üzrə sayğac göstəricisi 4 rəqəmli olmuşdur. Bu müddət ərzində orta aylıq sərfiyyat 2-3 manat məbləğində əks olunur. xx.xx.2023-cü il tarixdə isə sayğacın sərfiyyat göstəricisi 5 rəqəmli əks olunmaqla “18040” təşkil etdiyi görünür. Borcun yaranmasının səbəbi də bununla bağlıdır. X1 istifadəsində olan sayğacın xx.xx.2018-xx.xx.2023 tarixində sərfiyyat göstəricisi “18040”dır. Əvvəlki dövrün sərfiyyatı ilə müqayisə etdikdə görünür ki, 2017-ci il ərzində ümumiyyətlə heç bir sərfiyyat olmamış, 2015-2016-cı illər üçün sərfiyyat üzrə orta aylıq ödəniş isə təxminən 7-8 manat olmuşdur. Bu zaman əvvəlki illərin, yəni 2015-2018-ci illərin, sərfiyyat üzrə sayğac göstəriciləri də 4 rəqəmli əks olunmuşdur. Cavabdehin nümayəndəsi qeyd olunanları təmsil etdiyi şirkətin əməkdaşlarının səhvi ilə izah etmiş, lakin, sayğac üzrə elektrik enerjisinin sərfiyyat göstəricisinin “18040” real olmasını bildirmişdir. Bu aktlar və sayğac üzərində əks olunmuş rəqəmlərlə təsdiq olunur. Bu əsasla da sərfiyyat üzrə 2018-ci ildən başlayaraq hesablanmış borc iddiaçıdan tələb edilmişdir. İddiaçının sayğac göstəricilərinə münasibəti aydılnlaşdırılarkən o, bildirmişdir ki, sayğac əslində 7 rəqəmli olmaqla onda sərfiyyat üzrə əks olunan göstəricinin 5 rəqəmli olmasını qəbul edir. Lakin, ona təqdim edilən bildirişlərdə cavabdehin əməkdaşlarının səhvi nəticəsində sərfiyyat üzrə göstərici 4 rəqəmli olmaqla əks olunması ucbatından bildirişlər üzrə hesablanan məbləğin ödənişini etmişdir. Sonradan isə sərfiyyat göstəricisinin səhv əks olunmasını ona bildirildikdə yaranmış borcu qəbul etmədiyini bildirmişdir. Mübahisələndirilən digər məbləğin, yəni xx.xx.2023-cü il tarixinə limitdən artıq sərfiyyat kimi göstərilmiş 796.80 manat borcun hansı əsaslarla hesablanması araşdırılarkən abunə haqqında məlumatlarda limitdən artıq sərfiyyatın konkret hansı illər və aylar üzrə əks olunması görünmür. Bu səbəbdən, mötəbər subutlar olmadığından bu hal məhkəmədə müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmaqla, cavabdeh "xxxx" ASC tərəfindən limitdən artıq sərfiyyat göstəricisi kimi hesablanmış 796.80 manat borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsinə əsasən, icraçı (iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar) görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının (şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs) təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır. Qanunun həmin maddəsinin məzmunundan belə nəticəyə gəlinir ki, bu tip mübahisələrdə sübutetmə vəzifəsi icraçının, yəni "xxxx" ASC-nin üzərinə düşür ki, hazırki işdə ASC tərəfindən məhkəməyə həmin borcun yaranma səbəbləri barədə təqdim etdiyi sübutlarda limitdən artıq artıq sərfiyyat üçün hesablanmış məbləğ ziddiyyətlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, buna görə də, 30 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı məxsus abunə hesabına (**********00166) əsassız hesablanmış 796.8 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. "xxxx" ASC-dən 30 manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar