Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3515/2022 24.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus **********02240 abunə kodundan 708,29 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Sumqayıt şəhəri, “Metallurq” Bağları ərazisi, 996a saylı bağ sahəsini 1 il əvvəl X2 alaraq həmin bağa köçmüş və hazırda orada yaşayır. İddiaçı bağ sahəsinə köçdükdən sonra işıqların tez-tez qısaqapanma nəticəsində sönüb-yanması səbəbindən həyətdən çöldəki dirəyə baxan zaman dirəkdən sayğaca gəlib birləşən naqillərin bəzilərinin əvvəllər qırıldığı üçün birləşdirilmiş, bəzilərinin isə üzərinin açıq vəziyyətdə olduğunu aşkar etmişdir. Bundan sonra iddiaçı “199” qaynar xəttinə və "xxxx" ASC-nin işçilərinə naqillərin tam olaraq bərpa edilməsi üçün müraciət etmişdir. Müraciətə cavab olaraq "xxxx" ASC-nin əməkdaşlarının tez bir zamanda yaxınlaşıb mövcud nasazlığı aradan qaldıracağı bildirilsə də, bir neçə ay keçməsinə baxmayaraq heç bir əməkdaş onun yaşadığı ünvana gəlib qeyd edilən problemlə maraqlanmamışdır. 2021ci ilin dekabr ayında Tural adlı şəxs naqili düzəltmək üçün iddiaçıdan 50 manat pul istəmiş, lakin iddiaçı pulunun olmadığını bildirmişdir. Yanvar-mart ayları ərzində istifadə edilmiş işıq üçün iddiaçıya 77,37 manat borc hesablanmış, lakin həmin vaxt imkanı olmadığından iddiaçı borcunu ödəyə bilməmiş və işığı kəsmişlər. İddiaçı borcunu ödədikdən sonra "xxxx" ASC-nin əməkdaşı dərhal gələrək işığın verilməsini bərpa etmiş, lakin sayğacda olan nasazlıq bu dəfə də aradan qaldırılmamışdır. 2022-ci ilin may ayında iddiaçıya xəbərdarlıq edilmədən sayğaca baxış keçirilmiş və guya sayğaca əlavə qoşulmuş naqil aşkar edilməsi səbəbindən ona cərimə borcu yazılmışdır. İddiaçıya xx.xx.2022-ci il tarixli xəbərdarlıqda 700 manat borc yazılsa da, xx.xx.2022-ci il tarixli xəbərdarlıqda isə 708,29 manat borc hesablanmışdır. "xxxx" ASC-nin əməkdaşları olan Elvin və Tural adlı şəxslər borcunu ödəmədiyi təqdirdə işığının kəsiləcəyini bildirmişlər. Həmçinin, sahə rəisi olan Elvin iddiaçıya 350 manat pulu ona verəcəyi təqdirdə onun borcunu tam olaraq sildirə biləcəyini bildirmişdir. İddiaçı işığının kəsilməməsi üçün rəsmi olaraq 200 manat ödəniş etmişdir. Lakin Elvinə və Turala ödəniş etməsinə baxmayaraq, əsassız borc yazdıqları üçün iddiaçı məhkəməyə müraciət edəcəyini bildirmişdir. Həmin şəxslər iddiaçıya heç bir şey edə bilməyəcəyini, özünü boş yerə yormamasını, nə istəsələr edə biləcəklərini və onlara heç kimin heç nə deməyəcəyini bildirmişlər. İddiaçı qeyd olunan səbəblərdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyib bildirdi ki, 06 may 2022-ci il tarixli NDM 028745 nömrəli akt ASC-nin Satışa nəzarət idarəsinin əməkdaşları tərəfindən axan gücə uyğun olaraq tərtib edilmiş və videoçəkilişlə rəsmiləşdirilmişdir. Onlar yüksək səviyyəli elektriklərdir. Axan gücə uyğun sərfiyyat hesablanıb. İddiaçı yaşadığı ünvanda yerləşən elektrik sayğacına kənar müdaxilə olunub. İddiaçı özü etiraf edir ki, borcu ödəməyə cəhd etmişdir. Akt qanunsuz olsaydı, abonent borcunu ödəmək istəməzdi. İddianın əsassız olduğunu və təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı yaşayış yeri üzrə ünvanı Yardımlı rayonu, Şıxlar kəndidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Sumqayıt X4 massivinin 8-ci məhəlləsi üzrə 1 saylı məhəllə komitəsinin xx.xx.2022-ci il tarixli 995 nömrəli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhər, “Yeni Yaşayış massivi”, 8-ci məhəllə üzrə 1 saylı məhəllədə, 996 saylı evdə yaşayır. Mülki işin materiallarında olan abunə haqqında sənəddən görünür ki, Sumqayıt, St.Sumqayıt y/s, Ev (Bina): 0660, Mənzil: 2240 ünvanında yaşayan abonent İddiaçı (abunə kodu: **********02240) xx.xx.2022-ci il tarixinə - EİQ pozulması 0.13 - 5,244 kvt - 681,72 manat, EİQ pozulması 0.09 - 100 kvt - 9 manat olmaqla, cəmi 690,72 manat məbləğində borc hesablanmışdır. Mülki işin materiallarında olan abonentin hərəkət cədvəlindən görünür ki, Sumqayıt, St.Sumqayıt y/s, Ev(Bina): 0660, Mənzil: 2240 ünvanında yaşayan abonent İddiaçı (abunə kodu: **********02240) 2016-cı il üzrə 88,82 manat, 2017-ci il üzrə 167,27 manat, 2019-cu il üzrə 2,96 manat, 2020-ci il üzrə 23,68 manat, 2021-ci il üzrə 12,51 manat, 2022-ci illər üzrə 522,93 manat məbləğində borcu olmuşdur. Mülki işin materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli xəbərdarlığından görünür ki, abonent İddiaçı (abunə kodu: **********02240) 700 (yeddi yüz) manat məbləğində borc hesablanmışdır. Mülki işin materiallarında olan "xxxx" ASC-nin bildiriş xəbərdarlığından görünür ki, abonent İddiaçı Sumqayıt BTZ bağlar B: 0, M: 41 ünvanında yerləşən evinin sayğacına (abunə kodu: **********02240) xx.xx.2022-ci il tarixinə olan son göstəriciyə əsasən ödəniləcək məbləğ 708,29 manat təşkil edir. Mülki işin materiallarında olan 06 may 2022-ci il tarixli NDM 028745 nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı (abunə kodu: **********02240) yaşadığı Sumayıt şəhəri, Ceyranbatan qəsəbəsi ünvanında yerləşən evində elektrik hesabat sayğacına baxış keçirilən zaman mənzilə məxsus elektrik sayğacının giriş faz xəttini zədələməklə çıxış faz xəttinə qapamaqla sayğac sxemdən kənarlaşdırılması aşkar edilmişdir. Kənar xəttin en kəsiyinin sahəsi 10 mm2 aliminium məftildən ibarətdir. Qoyuluş gücü p = 11 kvt. EEİQ-na uyğun olaraq kənar xəttin ləğv edilməsi, sayğacın sxeminin bərpa olunması qərara alınmışdır. Akt "xxxx" ASC-nin əməkdaşları R.Kərimov və H.Mehdiyev tərəfindən imzalanmışdır. Abonentin nümayəndəsi hissəsində “qapını açmadılar” qeydinə rast gəlinir. Mülki işin materiallarında olan "xxxx" ASC-nin Akt Komissiyasının sədrinin xx.xx.2022-ci il tarixli “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər”dən görünür ki, 06 may 2022-ci il tarixli NDM 028745 nömrəli Akta əsasən abonent İddiaçı (abunə kodu: **********02240) Sumayıt şəhəri, Ceyranbatan qəsəbəsi ünvanında yerləşən evində baxış keçirilən zaman mənzilə məxsus elektrik sayğacının giriş faz xəttini zədələyərək çıxış faz xəttini giriş faz xəttinə qapamaqla sayğac sxemdən kənarlaşdırılması aşkar edilmiş, Tarif 11 kvt x 24 saat x (0,7) x 30 gün = 5544 kvts, Tarif (0,08 man) – 200 kvts * 0,08 man = 16 man, Tarif (0,09 man) – 100 kvts * 0,09 man = 9 man, Tarif (0,13 man) – 5244 kvts * 0,13 man = 581,7 man, cəmi 707 man məzmunlu qərar verilmiş və kənar xəttin ləğv edilməsi qeyd edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən elektrik sayğacına hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin əməkdaşları tərəfindən 2022-ci ilin may ayında iddiaçıya məxsus evə quraşdırılmış sayğaca iddiaçının iştirakı olmadan baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir. Belə ki, baxış zamanı sayğaca kənar müdaxilə edildiyi müəyyənləşdirildiyinə görə cavabdeh tərəfindən iddiaçıya həmin dövrlər üzrə borc məbləği hesablanmışdır. İddiaçı iddia ərizəsində cavabdeh tərəfindən 708,29 manat məbləğində hesablanmış borcun silinməsini tələb etsə də, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçının enerjidən istifadə qaydalarının pozulmasına görə cavabdeh tərəfindən ona 690,72 manat məbləğində cərimə borcu hesablanmışdır. Lakin cavabdeh tərəfindən hesablanmış cərimə borcunun əsaslı olmasına dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək, iddiaçının pozulmuş hüquqları bərpa edilməli, iddiaçıya məxsus abunə koduna hesablanmış 690,72 manat məbləğində borc silinməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndində qeyd edilmişdir ki, dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Qanunun 17-ci maddəsinin 1-ci bəndində qeyd edilmişdir ki, ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra – Qaydanın) 7.6-cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Qaydanın 8.32-ci bəndində göstərilmişdir ki, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydanın 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Mülki işin materiallarında olan 06 may 2022-ci il tarixli NDM 028745 nömrəli Aktdan görünür ki, istehlakçı İddiaçı (abunə kodu: **********02240) yaşadığı Sumayıt şəhəri, Ceyranbatan qəsəbəsi ünvanında yerləşən evində elektrik hesabat sayğacı həyətdən çöldə quraşdırılmışdır. Belə olan vəziyyətdə isə sayğacda müəyyən edilmiş qüsurlara görə abonent məsuliyyət daşımadığından, həmin akt əsasında enerjidən istifadə qaydalarının pozulmasına görə hesablanmış 690,72 manat məbləğində borc silinməlidir. Beləliklə, məhkəmə yuxarıda istinad edilən hüquq normalarına əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı hesablanmış 690,72 (altı yüz doxsan manat, yetmiş iki qəpik) manat borc əsassız hesab edilərək, iddiaçıya məxsus **********02240 nömrəli abunə kodundan silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı hesablanmış 690,72 (altı yüz doxsan manat, yetmiş iki qəpik) manat borc əsassız hesab edilərək, iddiaçının **********02240 nömrəli abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-3515/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3515/2022
24.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver