Məhkəmə qərarları › İş №2(006)-3517/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3517/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3517/2021 26.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.03.2019-cu il tarixli müqaviləyə əsasən “Samsung” markalı televizor üçün 1809 manat ödənilməmiş hissə, 405 manat cərimə, 11.02.2020-ci il tarixli müqaviləyə əsasn İMEİ kodu **********86775 olan «iPhone Xs» markalı telefon üçün 1.650 manat ödənilməmiş hissə, 450 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 4.314 manat pul vəsaitinin Cavabdeh iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, iddiaçı «xxxx» MMC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin xahiş etdi hissəsində “18.03.2019-cu il tarixli” müqavilənin “09.12.2019-cu il tarixli” kimi oxunmasını xahiş etmişdir. İddiaçı «xxxx» MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı «xxxx» MMC arasında bağlanmış 09.12.2019-cu il tarixli və 11.02.2020-ci il tarixli müqavilələrə əsasən cavabdeh iddiaçıdan “Samsung” markalı televizor və İMEİ kodu **********86775 olan «iPhone Xs» markalı telefon almış, nəticədə 4.314 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 09.12.2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 2.430 manat (18 ay x 135 manat + 0 manat ilkin ödəniş) olan “Samsung” markalı televizor üçün ümumilikdə 2.214 manat olmaqla, həmin məbləğdən 1.809 manat ödənilməmiş hissə, 405 manat cərimə pulu, 11.02.2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 2.100 manat (14 ay x 150 manat + 15 manat ilkin ödəniş) olan “İMEİ kodu **********86775 olan «iPhone Xs» markalı telefon üçün ümumilikdə 2.100 manat olmaqla, həmin məbləğdən 1.650 manat ödənilməmiş hissə, 450 manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1.071 manat təşkil edir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin tələblərini 4-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönəldə bilər. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 09.12.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh «xxxx» MMC-dən dəyərini hissə-hissə ödəmək şərti ilə “Samsung” markalı televizor almışdır. Televizorun alğı-satqı qiyməti 2.430 manat olmaqla, cavabdeh 18 ay ərzində hər ay 135 manat, həmçinin 0 manat ilkin ödəniş etməli idi. Cavabdeh həmin televizorun alğı-satqı qiymətini təşkil edən ümumi borc məbləğindən hissə-hissə cəmi 621 manat ödəniş etmişdir. İş materiallarına əlavə olunmuş «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 11.02.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh «xxxx» MMC-dən dəyərini hissəhissə ödəmək şərti ilə İMEİ kodu **********86775 olan «iPhone Xs» markalı telefon almışdır. Mobil telefonun alğı-satqı qiyməti 2.100 manat olmaqla, cavabdeh 14 ay ərzində hər ay 150 manat, həmçinin 0 manat ilkin ödəniş etməli idi. Cavabdeh həmin mobil telefonun alğı-satqı qiymətini təşkil edən ümumi borc məbləğindən hissə-hissə cəmi 450 manat ödəniş etmişdir. 02.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 09.12.2019-cu il tarixli və 11.02.2020-ci il tarixli müqavilələr üzrə 3.459 manat əsas borcu, 855 manat cərimə olmaqla, cəmi 4.314 manat borcunun olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçı «xxxx» MMCdən yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə televizor və telefon almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, nəticədə borc məbləği yaranmış, iddiaçı tərəfindən həmin məbləğə dəbbə pulu hesablanmışdır. Xəbərdarlıqdan görünür ki, «xxxx» MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış 09.12.2019-cu il tarixli 01112999 saylı müqavilə üzrə 1.809 manat əsas borc, 40 manat cərimə və 11.02.2020-ci il tarixli 20093392 saylı müqavilə üzrə 1.650 manat əsas borc, 35 manat cərimə, cəmi 3.534 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3.564 manat Cavabdeh alınaraq iddiaçı «xxxx» MMC-yə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilə bilməz. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 09.12.2019-cu il tarixli müqavilə üzrə 40 manat və 11.02.2020-ci tarixli müqavilə üzrə 35 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış 09.12.2019-cu il tarixli 01112999 saylı müqavilə üzrə 1.809 manat əsas borc, 40 manat cərimə və 11.02.2020-ci il tarixli 20093392 saylı müqavilə üzrə 1.650 manat əsas borc, 35 manat cərimə, cəmi 3.534 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3.564 manat Cavabdeh alınaraq iddiaçı «xxxx» MMC-yə ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar