Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-352/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontoruna qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi və pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontoruna qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi və pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında bağlanmış 28 dekabr 2017-ci il tarixli kredit müqavilələrinin etibarsız hesab edilməsi və ona olan 14.000 manat puldan qaytarılmamış qalan 11.100 manat pul, 1 il 4 ay qanunsuz istifadəyə görə illik 5 % olmaqla 740 manat, hüquqi yardıma görə ödənilmiş 150 manat, ödənilmiş 30 manat dövlət rüsumu və 500 manat mənəvi zərərin əvəzi olmaqla, cəmi 12.520 manat pulun Cavabdeh1 onun xeyrinə tutulması və ünvan 2ndan onun xeyrinə maddi zərər kimi 500 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında bağlanmış 28 dekabr 2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, evin alqı-satqısından ödənilməmiş qalan 14.000 manat puldan qaytarılmamış qalan 11.100 manat pul, 2 il 4 ay qanunsuz istifadəyə görə illik 5 % olmaqla 1.295 manat, hüquqi yardıma görə ödənilmiş 150 manat, ödənilmiş 30 manat dövlət rüsumu və 500 manat mənəvi zərərin əvəzi olmaqla, cəmi 13.075 manat pulun Cavabdeh1 onun xeyrinə tutulması və ünvan 2ndan onun xeyrinə maddi zərər kimi 500 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İ qrup əlildir. Şəxsi mülkiyyətində olan ünvan 1 ünvanda olan fərdi yaşayış evini 28.12.2017-ci il tarixdə ünvan 2nda Cavabdeh1 alğı-satqı qaydasında satmışdır. Qarşılıqlı razılığa görə cavabdeh satdığı evin pulunun 14.000 manat qalıq hissəsini hər ay ödəmək şərti ilə hissə-hissə ödəməyi razılaşmışlar. Notarius tərəflərin istəyi ilə nisyə alğı-satqı müqaviləsi tərtib etmək əvəzinə evin pulunun bir hissəsinin ona ödənilməsini tərəflərin arasında formal bağlanmış borc müqaviləsi ilə rəsmiləşdirmişdir. Əslində o, cavabdehə borc pul verməmişdir. Borc müqaviləsində göstərilən məbləğ evin alğı-satqısından ödənilməmiş qalan hissəsidir. Hesab edir ki, hər iki cavabdehin mülki məsuliyyəti vardır. Cavabdeh1 evin alğısatqısından qalan məbləği ona ödəməlidir. Cavabdeh Bakı şəhəri, 43 saylı notariat kontorunun notarusu isə yol verdiyi qanun pozuntusu nəticəsində ona vurulmuş zərərə görə maddi məsuliyyət daşıyır. Belə ki, o, qeyd etdiyi tarixdə alıcı ilə razılaşdıqları qaydada, yəni evin pulundan qalan 14.000 manatı hər ay ödəməklə satmışdır. Notarius isə tərəflərin arzuladıqları əqdi deyil, eyni gündə tərəflər arasında formal borc müqaviləsi bağlamışdır. Əgər notarius tərəflərin arzu etdiyi əqdi təsdiq etmiş olsa idi, cavabdehin evin pulunu ödəməməsi əsası ilə alğı-satqını mübahisələndirmək hüququ yaranardı. İndiki halda notariusun qanunu pozması nəticəsində o, formal bağlanmış borc müqaviləsi üzrə pulunu tələb etməklə əlverişsiz vəziyyətə düşmüşdür. Notariusun səhvi nəticəsində cavabdeh R.Nəsirovanın arxasınca sürünməli olmuşdur. Dəfələrlə taksi ilə onun yanına getmişdir, mobil telefonla danışmışdır. Bu günə nəqliyyat xərci və telefon xərci kimi 500 manat xərci çıxmışdır. Qeyd edir ki, əslində nə onun cavabdehə borc vermək, nə də Cavabdeh1 ondan borc almaq kimi niyyətləri olmayıb. Qeyd etdiyi kimi, Cavabdeh1 tələb etdiyi məbləğ satdığı evin alğı-satqısından ödənilməmiş hissəsidir. Yəni, o, borc verən kimi Cavabdeh1 nə müqavilə bağlanan gün, yaxud nə vaxtsa, hər hansı bir məbləğdə borc verməmişdir, eynilə də Cavabdeh1 da borc alan kimi ondan nə müqavilə bağlanan günü, nə də, nə vaxtsa borc almamışdır. Hesab edir ki, notarius tərəfindən qanun pozuntusuna yol verilərək, nisyə alğı-satqı müqaviləsi bağlamaq əvəzinə ayrıca formal borc müqaviləsi təsdiq etmişdir. Əqdlərin etibarlı olması üçün dörd qrup şərtin olması vacibdir. Bu şərtlər Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmişdir. Bu şərtlər pozulmaqla bağlanmış əqdlər etibarsızdır. Hazırda mübahisələndirdiyi əqdin məzmunu qüsurlu olduğundan, həm də iradə ifadəsi düzgün formalaşmadığından etibarsız hesab edilməlidir. 2019-cu ilin yayında o, zəng edib pulunun ödənilməsini tələb etdikdə, Cavabdeh1 demişdir ki, «pulum yoxdur, hara istəyirsən şikayət et». O, başa düşmüşdür ki, əslində cavabdehin evin alğı-satqısından qalıq pulu ona vermək fikri yoxdur və onunla yalandan borc müqaviləsi bağlamışdır. Hesab edir ki, cavabdeh onun pulunu qaytarmaqla yanaşı pulunu qanunsuz saxladığı üçün əlavə faizlər də ödəməlidir. Cavabdeh ona məxsus pulu qaytarmaq öhdəliyi ilə bərabər, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən əlavə məsuliyyət daşıyır. İndiki halda bank uçot dərəcəsi daha yüksək olsa da, o, başqa əsasdan çıxış etmir və illik 5 % tələb edir. Cavabdeh pulunun qaytarılmasını qanunsuz olaraq 1 il 4 ay (10.10.2018-ci ildən indiyə kimi) gecikdirmişdir. Ona görə də, cavabdehdən gecikdirməyə görə illik 5 % olmaqla faizlər də tutulmalıdır. Bundan başqa, Cavabdeh1 ona vurduğu mənəvi zərərə görə də məsuliyyət daşımalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehin qalan borcu ödəməməsi üçün gətirdiyi arqument əsassızdır və məntiqsizdir. Cavabdehlə aralarında mənzilin təmiri, videomüşahidə qurulması və sairlə bağlı hər hansı razılaşma olmamışdır. O, evi cavabdehə olduğu vəziyyətdə satmışdır. Cavabdehin pulu çatmadığından, qalan pulu sonra hissə-hissə ödəyəcəyinə vəd vermiş və aralarında mübahisələndirdiyi müqavilə bağlanmışdır. Cavabdeh həmin borcdan bir hissəsini ödəmiş, qalanını ödəməkdən boyun qaçırmışdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında hüquqlarını təmsil etdiyi iddiaçının izahatına oxşar məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, həqiqətən evi 34.000 manata razılaşmışlar. Evin pulunun 20.000 manatını ödəmiş, qalan 14.000 manatı sonra ödəyəcəyinə vəd vermişdir. Lakin iddiaçı ilə razılıqları belə olmuşdur ki, iddiaçı həmin evdə təmir işləri aparacaq, videomüşahidə kamerası quraşdıracaq və sair işləri yerinə yetirəcək. Lakin iddiaçı vədinə əməl etməmişdir. Bu səbəbdən, qalan borcu ödəməmişdir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, tərəflər arasında bağlanmış 28 dekabr 2017-ci il tarixdə ünvan 2nda AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən iddiaçı özünə məxsus olan fərdi yaşayış evini 20.000 manata Cavabdeh1 satmışdır. Həmçinin tərəflər arasında eyni tarixdə ünvan 2nda bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı 28.08.2021-ci il tarixədək hər ay 300 manat olmaqla hissə-hissə geri qaytarmaq şərti ilə Cavabdeh1 14.000 manat borc vermişdir. İş materiallarında olan borc müqaviləsinə əlavə edilmiş borcun ödənilməsi cədvəlindən göründüyü kimi, Cavabdeh1 İddiaçı aldığı 14.000 manat borcdan müxtəlif tarixlərdə, sonuncu dəfə 28.09.2018-ci il tarixdə 300 manat olmaqla, cəmi 2.900 manat ödəniş etmiş, iddiaçıya 11.100 manat borcu qalmışdır. İddiaçı hazırda 28 dekabr 2017-ci il tarixdə ünvan 2nda bağlanmış kredit müqaviləsini mübahisələndirərək, həmin müqavilənin etibarsız hesab edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə müqavilənin etibarsız hesab edilməsinin əsasları təsbit olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Qeyd edilən normaya əsasən isə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı səxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.03.2020-ci il tarixli qərarında göstərilmişdir ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Məhkəmə işin faktiki hallarına və qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, həm mübahisələndirilən kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmiş, həm də iddiaçı bu müqavilənin etibarsızlığı üçün qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddətinə riayət etməmişdir. Belə ki, işin faktiki hallarından görünür ki, tərəflərin hər ikisi etiraf edirlər ki, fərdi yaşayış evinin alğı-satqısını 34.000 manata razılaşsalar da, evin alğı-satqı müqaviləsində 20.000 manat göstərildiyinə görə əlavə olaraq notarial qaydada alğı-satqı müqaviləsi ilə yanaşı borc müqaviləsi də bağlamışlar. Cavabdeh iddiaçıya 20.000 manat ödəmiş, qalan 14.000 manat borcu hissə-hissə ödəyəcəyinə dair müqavilə üzrə üzərinə öhdəlik götürmüş, sözügedən borc müqaviləsi üzrə iddiaçıya ödəməli olduğu 14.000 manat borcun bir hissəsini ödəsə də, 11.100 manat borcu ödəməmiş, ödəməməsini iddiaçının ona satdığı evi təmir etməsi, videomüşahidə kamerası quraşdırması və sair işləri görməsi barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi ilə əsaslandırmışdır. Lakin məhkəmə baxışı zamanı iddiaçı evin alğı-satqısı zamanı və bununla əlaqədar bağlanmış müqavilədə üzərinə bu cür öhdəlik götürməsini inkar etmiş, cavabdeh isə iddiaya olan etirazın əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Ümumilikdə məhkəmə hesab edir ki, cavabdehin 11000 manat borcu ödəməməsinin səbəbini əsaslandırmaq üçün gətirdiyi arqumentlər məntiqsizdir və ağlabatan olmamışdır. Məhkəmənin qənaətinə görə bu arqumentlər qalıq borcu ödəməkdən yayınma üçün cavabdeh tərəfindən gətirilən əsassız bəhanədir. Məhkəmə hesab edir ki, nə qədər ki, tərəflər fərdi yaşayış evinin alğı-satqısını 34.000 manata razılaşdıqlarını, bu məbləğdən 20.000 manatın alğı-satqı müqaviləsi bağlanarkən ödənildiyini və 14.000 manat borc qaldığını, Cavabdeh1 da qalıq məbləğlə bağlı bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən 2900 manat ödənişi həyata keçirməsini etiraf edirlər, borc müqaviləsinin müddəti başa çatmasa da, qalan 11.100 manat borc da həmin cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəlik əsassız olaraq yerinə yetirilmədiyi üçün iddiaçıya bütünlüklə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 11.100 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə idida tələblərinin digər hissələrinə qiymət verərək təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iddiaçı ona Cavabdeh1 tərəfindən əlavə maddi və mənəvi zərər, cavabdeh 43 saylı Notariat Kontoru tərəfindən maddi zərər vurulmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə bu nəticəyə gələrkən iddiaçının cavabdehə borc pul verməsə də, faktiki olaraq borc müqaviləsini könüllü olaraq bağlamasını və həmin müqavilə üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyi qismən də ola icra etməyə başlaması dövründə iddiaçının bu müqaviləni mübahisələndirməməsini, başqa sözlə müqavilənin qüvvədə olaraq icra edilməsi ilə razılaşmasını da nəzərə alır. Belə olan halda isə 43 saylı Notariat Kontorunun iddiaçı qarşısında hər hansı formada məsuliyyət daşımasından söhbət gedə bilməz. Belə ki, Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni, şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Bundan başqa, iddiaçı hüquqi yardım göstərilməsi üçün 150 manat vəsait ödəməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə göstərilən nəticələrə gələrkən qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 11.100 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-352/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-352/2021
20.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver