Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3523/2020 04.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Nəsimi Rayon Qəyyumluq və Himayəçilik Orqanına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Nəsimi Rayon Qəyyumluq və Himayəçilik Orqanına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası X10 və anası X2 xx.xx.1968-ci il tarixdə Bakı şəhəri, Oktyabr rayon VVADQ bürosunda rəsmi nikaha girməklə evlənmişlər. Həmin nikahdan iki övladları - ərizəçi (xx.xx.1977-ci il təvəllüdlü) və qardaşı X6 (xx.xx.1970-ci il təvəllüdlü) olmuşdur. Ərizəçinin anası xx.xx.2004-cü il tarixdə, atası xx.xx.2011-ci il tarixdə vəfat etmişlər. Ərizəçi ailəli olmuş, 2015-ci il tarixdə yoldaşı ilə aralarında olan nikah pozulmuşdur. Aralarında olan nikahın pozulmasına baxmayaraq, ərizəçi hazırda da keçmiş ərinin soyadını saxlamış, bu səbəbdən də şəxsiyyət vəsiqəsində soyadı Əkbərova deyil, İsmayılova göstərilmişdir. Ərizəçinin valideynləri vəfat edənədək qardaşı Aydın onun və valideynlərinin himayəsində, 2011-ci ildən isə ərizəçinin himayəsindədir. Ərizəçinin qardaşında uşaqlıqdan ağıl zəifliyi olduğundan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumları tərəfindən xx.xx.2000-ci il tarixdə ona ömürlük birinci qrup əlillik vəsiqəsi verilmiş, lakin sonradan müxtəlif bəhanələrlə onun əlillik qrupu dəyişdirilmiş, o ikinci qrup əlil kimi tanınmışdır. Onda psixi xəstəlik (ağıl zəifliyi) olduğundan, məktəbdə təhsil almayıb, hərbi xidmətdə olmayıb, Bakı RƏXD-də qeydiyyatda olmaqla, dəfələrlə 1 saylı Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicədə olub və hazırda da ərizəçi psixi vəziyyəti ilə əlaqədar onun ambulator müalicəsini davam etdirir. Onun mülkiyyətində Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 39, 19 saylı bir otaqlı mənzil olmasına baxmayaraq, o, ərizəçinin yaşadığı mənzilin qonşuluğunda yerləşən və mülkiyyətində olan mənzilində yaşayır. Bu onunla bağlı olmuşdur ki, ərizəçi qardaşının gündəlik zəruri ehtiyaclarını tez və operativ həyata keçirsin. Eyni zamanda, ərizəçi qardaşının psixi və fiziki cəhətdən özünü idarə etmək (yerimək) və sair imkanı olmadığından, ona 2011-ci ildən daimi olaraq onun yanında qalmaq şərti ilə xidmətçi tutmuşdur. Ona görə ki, ərizəçinin qardaşı Aydın ağıl zəifliyindən başqa, onun aşağı ətrafları demək olar fəaliyyətsizliyindən əziyyət çəkir, yəni kimsənin köməyi olmadan mənzilin içərisində belə hərəkət etmək imkanı yoxdur. Onda psixi xəstəlik (ağıl zəifliyi) olduğundan, onun tək mənzildə qalması mümkünsüzdür, bu həm onun özü və həmin binada yaşayan digər sakinlərin həyatı üçün real təhlükədir. Göstərilənlərə əsasən xx.xx.1970-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və ərizədə göstərilənləri təsdiq edərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. İş materiallarında olan Bakı şəhəri Oktyabr rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1970-ci il tarixdə verilmiş A3 № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, atası X10, anası X1r. İş materiallarında olan Bakı şəhəri Oktyabr rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1977-ci il tarixdə verilmiş V-JQ № 344939 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, atası X10, anası X1r. İş materiallarında olan Bakı şəhəri Səadət Sarayı tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İ № 427039 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X5 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 589 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada İsmayılova soyadı verilmişdir. İşin materiallarında olan 278231 saylı vəsiqənin surətindən görünür ki, X6 birinci qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 xx.xx.2020-ci il tarixli, 2868 saylı ekspert rəyindən görünür ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X6fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, xx.xx.1970-ci il tarixdə anadan olmuş X6 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi»nə dair ərizəsi təmin edilsin. xx.xx.1970-ci iltəvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Hazırkı qətnamə X6 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3523/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3523/2020
04.11.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver