Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-359/2021 29.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X4, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndələri X11 və X10 iştirakı ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı əsassız əldə edilmiş pul vəsaitinin və əldən çıxmış faydanın qaytarılması tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı əsas borcun və əsas borca hesablanmış dəbbə pulunun tutulması barədə qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı əsassız əldə edilmiş pul vəsaitinin və əldən çıxmış faydanın qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh MMC-dən mərhum X3 tərəfindən ticarət obyektinin alğı-satqısı üçün ödənilmiş 40280 ABŞ dolları və həmin obyektin təmiri üçün ödənilmiş 6804 manat pulun qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə, habelə həmin məbləğlərin cavabdehə ödənildiyi tarixdən başlayaraq ödənildiyi günə kimi bank uçot dərəcəsi nəzərə alınmaqla və iddia qaldırılması ilə bağlı ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və sənədlərin surətlərinin çıxarılması ilə bağlı ödənilmiş 20 manat məbləğində notariat haqqının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı ilk iddia tələblərini onunla əsaslandırmışdır ki, mərhum X3 ilə Cavabdeh MMC arasında Bakı-Sumqayıt şossesinin 7-ci km-də inşa ediləcək “Ər-Riyad” Ticarət Mərkəzində 33/2 saylı, 9-cu xəttdə 18-ci binanın 2-ci mərtəbəsində yerləşən 27 kv.m sahəsi olan ticarət sahəsinin alğı-satqısı barədə 07 aprel 2008-ci il, AZ-100/1721 saylı müqavilə bağlanmışdır. Həmin ticarət sahəsinin hər kvadrat metri üçün 2350,00 ABŞ dolları, cəmisi 63450 ABŞ dolları məbləğində satış haqqı müəyyən olunmuşdur. Bu müqavilənin 3-cü bəndində tərəflərin öhdəlikləri kimi müəyyən olunmuşdur ki, müqaviləyə 1 saylı əlavədə göstərilən texniki şərtlərə uyğun olaraq Ticarət Mərkəzi inşa edilib istifadəyə verilməli, alıcı olan anası mağazanın tam dəyərini ödədikdən və Ticarət Mərkəzinin inşası başa çatdıqdan sonra ticarət sahəsinin açarları və mülkiyyət hüququ barədə sənəd ona təhvil verilməlidir. Alıcının ödəniş qrafikinə uyğun olaraq anası satıcı MMC-yə 07 aprel 2008-ci il tarixdə 13500 ABŞ dolları, 06 iyun 2008-ci il tarixdə 3090 ABŞ dolları, 10 iyul 2008-ci il tarixdə 1420 ABŞ dolları, 20 sentyabr 2008-ci il tarixdə 1420 ABŞ dolları, 28 oktyabr 2008-ci il tarixdə 1420 ABŞ dolları pul ödəmişdir. Həmin ödənişlər Cavabdeh MMC-nin ona verdiyi kassa mədaxil orderləri ilə təsdiq olunur. Bundan əlavə, 17 noyabr 2008-ci il tarixdə “xxxx” MMC ilə X3 arasında Cavabdeh MMC-dən satın aldığı ticarət sahəsinin təmiri barədə AZ-100/675 saylı podrat müqaviləsi bağlanılmışdır. Həmin müqavilə ilə “xxxx” MMC öhdəsinə götürmüşdür ki, anasının mülkiyyətinə veriləcək ticarət sahəsini 3402 manata təmir edəcəkdir. 17 noyabr 2008-ci il tarixli, AZE 1268 saylı kassa mədaxil orderi ilə həmin məbləğ “xxxx” MMC-yə ödənilmişdir. Bununla bərabər bacısı X18 ilə Cavabdeh MMC arasında da 07 aprel 2008-ci il tarixli ticarət sahəsinin alğı-satqısı barədə AZ-100/1720 saylı müqavilə bağlanılmışdır. O, 05 iyul 2010-cu ilə kimi həmin alğı-satqı üzrə 19430 ABŞ dolları ödəmişdir. Onunla “xxxx” MMC arasında da alacağı ticarət sahəsinin təmiri barədə podrat müqaviləsi bağlanılmışdır. Bu müqavilə üzrə o, “xxxx” MMC-yə 3402 manat ödəmişdir. 05 iyul 2010-cu ildə bacısı X18 ərizə ilə Cavabdeh MMC-yə müraciət edib ticarət sahəsindən imtina etdiyini bildirərək, ticarət sahəsinin alğı-satqısı və təmiri üçün ödədiyi 19430 ABŞ dolları və 3402 manat pulu X1 hesabına köçürülməsini xahiş etmişdir. Həmin ödənişlər 30 iyul 2010-cu il tarixdə X1 hesabına köçürülmüşdür. Hər iki ticarət sahəsi Cavabdeh MMC-nin mülkiyyətində qaldığı üçün Cavabdeh MMC onların təmiri üçün ödənilmiş pul məbləğlərini də əsassız mənimsəmişdir. X3 18 iyul 2013-cü ildə vəfat etmişdir. Onun ölməsi 24 iyul 2013-cü il tarixdə 2 saylı Bakı “Asan xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 633672 saylı Ölüm haqqında Şəhadətnamə ilə təsdiq olunur. 13 mart 2014-cü il tarixdə Bakı şəhəri 2 saylı “Asan Xidmət” Mərkəzinin notariusu H.H.Məmmədov tərəfindən ona Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları birinci növbə vərəsə sayılırlar. İddiaçı X1 iki vərəsəsi qalmışdır. Onlar İddiaçı və bacısı X14r. Hər ikisi qanunla müəyyən olunmuş qaydada anasının mirasını qəbul etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Anası X6 ölümündən sonra bacısı X12 ərizəsi ilə ondan miras qalmış Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektindəki 8 saylı evin 24-cü mənzili miras əmlak kimi İddiaçı mülkiyyətinə verilmiş və ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. X1 mirasını qəbul edən zaman onun Cavabdeh MMC ilə ticarət sahəsinin alğı-satqısı barədə məlumatları olmamışdır. Bu yaxınlarda anasının vaxtı ilə yaşadığı evdə təmir işləri apardıqda bu barədə sənədlər aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. O, qanun üzrə birinci növbəli vərəsə kimi anasından miras qalmış mənzili mülkiyyətinə keçirdiyinə görə onun bütün əmlakını, habelə ondan miras qalmış öhdəliklər üzrə hüquq və vəzifələri də qəbul etmişdir. Cavabdeh MMC ilə bağlanmış alğı-satqı müqaviləsi anasının ölməsi səbəbindən baş tutmadığından, onun ödədiyi pul məbləği cavabdehdə qala bilməz, həmin məbləğ vərəsəlik qaydasında ona çatmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən Cavabdeh MMC alğı-satqı və podrat müqavilələrinə əsasən mərhum X3ndan əldə etdiyi pul məbləğlərinə münasibətdə əsassız varlanmış şəxsdir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o, şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etmiş olsun. X1 cavabdehə ödədiyi pul məbləğinin onda qalmasının heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.1.1-ci maddəsinə görə isə əsassız əldə etmə götürülən faydaya da aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Hesab edir ki, ticarət sahəsinin alğı-satqısı və təmiri ilə bağlı cavabdehə ödənilən məbləğlər ödənilən tarixdən başlayaraq ona qaytarılan günə kimi bank uçot dərəcəsinə müvafiq olaraq hesablanmalı və ona ödənilməlidir. İlk iddia üzrə Cavabdeh MMC ilk İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, İddiaçı ilkin iddiasının rədd olunması, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 23170 ABŞ dolları məbləğində əsas borcun və 84570,5 manat məbləğində dəbbə pulunun alınaraq Cavabdeh MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh MMC qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 23 yanvar 2008-ci il tarixli, 066 saylı Sərəncamına əsasən Cavabdeh MMC-nin müraciəti, memarlıq və tikinti şöbəsinin 428- A saylı, 26 sentyabr 2007-ci il tarixli rəyi nəzərə alınıb, qüvvədə olan mövcud hüquqi normativ aktlara və “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnaməyə uyğun olaraq Cavabdeh MMC-yə Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, JN-0037 KOD30801006 və JN-0119 KOD 30801006 saylı Dövlət aktları ilə Xırdalan şəhəri ərazisində 12.83 ha torpaq sahəsində ticarət və iaşə kompleksinin tikintisinə icazə verilmişdir. Qəbul komissiyasının qərarına əsasən Xırdalan şəhərində Cavabdeh MMC tərəfindən ticarət və iaşə kompleksinin tikintisi başa çatmışdır. İddiaçı X3 ilə Cavabdeh MMC arasında 7 aprel 2008-ci il tarixdə AZ-100/1721 saylı müqavilə bağlanmışdır. Bağlanmış müqavilənin şərtlərinə görə Cavabdeh MMC cavabdeh X7 “ƏR-RİYAD” Ticarət Mərkəzində 9-cu xəttdə, 18-ci binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 27 kv. m olan 33/2 nömrəli mağazanı 1 kv.m üçün 2350 ABŞ dolları olmaqla, cəmi 63450 ABŞ dolları məbləğinə satmışdır. Lakin, həmin müqavilə üzrə öhdəlik X9 tərəfindən layiqincə tam icra edilməmişdir. Cavabdeh MMC ilə X6 övladı-cavabdeh İddiaçı bacısı X18 arasında da 07.04.2008-ci il tarixdə AZ-100/1720 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən X15 “ƏR-RİYAD” Ticarət Mərkəzində 9-cu xəttdə, 18-ci binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 27 kv. m olan 33/1 nömrəli mağazanın 1 kv. m üçün 2350 ABŞ dolları olmaqla, cəmi 63450 ABŞ dolları məbləğinə satılmışdır. Lakin, alıcı X12 müraciəti əsasında sözügedən mağaza geri qaytarılmış və X12 onlarla bağladığı müqavilə üzrə ödədiyi 19 430 ABŞ dolları və təmir üçün ödədiyi 3402 manat məbləği X3 ilə bağlanmış 07.04.2008-ci ildə AZ-100/1721 saylı müqavilə üzrə ödənişin üzərinə köçürülmüşdür. Bununla da, X9 ilə bağlanmış müqavilə üzrə ödənilməli olan 63450 ABŞ dolları məbləğindən 40280 ABŞ dolları məbləği ödənilmiş, qalıq borc 23170 ABŞ dolları təşkil etmişdir. Cavabdeh X6 iddiaçı Cavabdeh MMC-yə ödənilməmiş borcu 23170 ABŞ dolları təşkil edir. Lakin, X9 vəfat etdiyindən bu günədək borc ödənilməmişdir. Qanunvericiliyə əsasən vərəsənin və yaxud da qanuni nümayəndəsinin təyin edilməsi tələbi olmadığından bu günədək X6 vərəsəsinin təyin edilməsi gözlənilmiş və qalıq 23170 ABŞ dolları və gecikdirilmiş günlərə görə hesablanmış peniya (cərimə) tələb olunmamışdır. Belə ki, bağlanmış müqavilələrin ayrılmaz hissəsi olan 2 saylı əlavənin 2-ci bəndinə əsasən İddiaçı (X9) ödənişin hər gecikdirilmiş günü üçün 0,1 % dəbbə pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin, İddiaçı (X9) həmin müqavilə üzrə öhdəliyini layiqincə icra etməmiş və onun 84 578,5 ABŞ dolları məbləğində dəbbə pulu borcu yaranmışdır. İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh MMC ərizə ilə məhkəməyə müraciət edib, İddiaçı ilk iddiasına iddia müddətinin tətbiq edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh İddiaçı 07 aprel 2008-ci ildə bağlanmış AZ-100/1721 nömrəli müqavilə üzrə 36 ay müddətinə hər ay 2350 ABŞ dolları ödəməklə, cəmi 63450 ABŞ dolları məbləğində pul ödəməli idi. Lakin, cavabdeh müqavilə üzrə öhdəlikləri layiqincə tam icra etməmiş və müqavilə üzrə ödənilməli qalan 23170 ABŞ dolları məbləğini ödəməmişdir. İddia ərizəsindən göründüyü kimi, İddiaçı iddiası əsassızdır və Cavabdeh MMC ilə bağlanmış müqavilə üzrə öhdəliklərini icra etməkdən boyun qaçırmaq məqsədi ilə əsassız varlanmaq niyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Odur ki, İddiaçı tərəfindən iddia müddəti ötürüldüyü üçün iddia müddətini tətbiq etməklə, ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. İlk iddia üzrə İddiaçı onun tələblərinə iddia müddətinin tətbiq edilməsi barədə Cavabdeh MMC-nin ərizəsinə dair məhkəməyə təqdim etdiyi izahatında göstərmişdir ki, onun qaldırdığı iddianın predmetini 18 iyul 2013-cü ildə vəfat etmiş X1 miras kütləsinə daxil olan pul vəsaitinin qanunsuz müqavilə ilə əldə edən və saxlayan Cavabdeh MMC tərəfindən geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1155-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsələrin mülkiyyəti sayılır. O, 13 mart 2014-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X3ndan qalmış mirası qəbul etdiyinə görə, X1 ticarət sahəsinin alğı-satqısı və təmiri üçün Cavabdeh MMC-yə ödədiyi məbləğ də onun mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə görə mülkiyyətçinin və ya digər sahibin onun huququnun hər hansı pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə görə ümumi iddia müddəti 10 il təşkil edir. X3 18 iyul 2013-cü ildə vəfat etmişdir. O, mərhumun mirasını 13 mart 2014-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən qəbul etmişdir. Onun tələbinə iddia müddəti şamil edilsə belə, 10 illik iddia müddətinin 13 mart 2024-cü il tarixdə bitəcəkdir. İş materiallarında olan bacısı X12 Cavabdeh MMC-yə yazdığı 5 iyul 2010-cu il tarixli ərizədən görünür ki, cavabdeh MMC tərəfindən ona veriləcək ticarət sahəsindən imtina edərək həmin ticarət sahəsinin alğısatqısı və təmiri üçün ödədiyi 19430 ABŞ dolları və 3402 manat pulu X1 həmin MMCdə olan hesabına köçürməyi xahiş etmişdir. Bu məbləğlər 30 iyul 2010-cu ildə anasının hesabına köçürülmüşdür. Bu, anasının hesabına sonuncu ödəniş olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə görə ümumi iddia müddəti 10 il təşkil edir. İddia müddətinin başlanması son ödəniş tarixindən götürülsə belə, 30 aprel 2020-ci il tarixdə məhkəmədə iddia qaldırıldığına görə tələbi üzrə 10 illik müddəti keçməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X8 ilkin iddia ərizəsinin, qarşlıqlı iddiaya etirazın məzmununa uyğun izahat verib, ilkin iddia tələblərinin təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etdi. Cavabdeh MMC-nin nümayəndələri olan X19 və X16 ayrı-ayrılıqda qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı Cavabdeh MMC-yə qarşı əsassız əldə edilmiş pul vəsaitinin və əldən çıxmış faydanın qaytarılması tələbinə dair ilk iddiası qismən təmin edilməli, cavabdehin iddiaçıya qarşı əsas borcun və əsas borca hesablanmış cərimənin tutulması barədə qarşılıqlı iddiası isə rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - X9 ilə Cavabdeh MMC arasında alğı-satqı barədə 07 aprel 2008-ci il, AZ- 100/1721 saylı müqavilədən görünür ki, müqavilənin predmeti Bakı-Sumqayıt şossesinin 7-ci km-də inşa ediləcək “Ər-Riyad” Ticarət Mərkəzində 33/2 saylı, 9-cu xəttdə 18-ci binanın 2-ci mərtəbəsində yerləşən 27 kv.m sahəsi olan ticarət sahəsi olmuşdur. - X6 Cavabdeh MMC-yə ödədiyi kassa mədaxil orderlərindən görünür ki, 07 aprel 2008-ci il tarixdə 13500 ABŞ dolları, 06 iyun 2008-ci il tarixdə 3090 ABŞ dolları, 10 iyul 2008-ci il tarixdə 1420 ABŞ dolları, 20 sentyabr 2008-ci il tarixdə 1420 ABŞ dolları, 28 oktyabr 2008-ci il tarixdə 1420 ABŞ dolları ödəmişdir. - “xxxx” MMC ilə X3 arasında bağlanmış 17 noyabr 2008-ci il tarixli AZ-100/675 saylı podrat müqaviləsindən görünür ki, “xxxx” MMC öhdəsinə götürmüşdür ki, anasının mülkiyyətinə veriləcək ticarət sahəsini 3402 manata təmir edəcəkdir. - 17 noyabr 2008-ci il tarixli, AZE 1268 saylı kassa mədaxil orderindən görünür ki, 3402 manat həmin MMC-yə ödənilmişdir. - X18 ilə Cavabdeh MMC arasında 07 aprel 2008-ci il tarixli ticarət sahəsinin alğı-satqısı barədə AZ-100/1720 saylı müqaviləsindən görünür ki, müqavilənin predmeti “ƏR-RİYAD” Ticarət Mərkəzində 9-cu xəttdə, 18-ci binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 27 kv. m olan 33/1 nömrəli mağazadır. - 2 saylı Bakı “Asan xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ- İ 633672 saylı «Ölüm haqqında Şəhadətnamə»sindən görünür ki, X9 18 iyul 2013-cü ildə vəfat etmişdir. - 13 mart 2014-cü il tarixdə Bakı şəhəri 2 saylı “Asan Xidmət” Mərkəzinin notariusu H.H.Məmmədov tərəfindən iddiaçının adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X6 ölümündən sonra Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektindəki 8 saylı evin 24-cü mənzili miras əmlak kimi qalmışdır. Beləliklə də, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı mərhum X3 ilə Cavabdeh MMC arasında Bakı-Sumqayıt şossesinin 7-ci km-də inşa ediləcək “Ər- Riyad” Ticarət Mərkəzində 33/2 saylı, 9-cu xəttdə 18-ci binanın 2-ci mərtəbəsində yerləşən 27 kv. m sahəsi olan ticarət sahəsinin alğı-satqısı barədə 07 aprel 2008-ci il, AZ-100/1721 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən həmin ticarət sahəsinin hər kvadrat metri üçün 2350,00 ABŞ dolları, cəmisi 63450 ABŞ dolları məbləğində satış haqqı müəyyən olunmuşdur. Müqavilənin 3-cü bəndində tərəflərin öhdəlikləri kimi müəyyən olunmuşdur ki, müqaviləyə 1 saylı əlavədə göstərilən texniki şərtlərə uyğun olaraq Ticarət Mərkəzi inşa edilib istifadəyə verilməli, alıcı mağazanın tam dəyərini ödədikdən və Ticarət Mərkəzinin inşası başa çatdıqdan sonra ticarət sahəsinin açarları və mülkiyyət hüququ barədə sənəd ona təhvil verilməlidir. Cavabdeh MMC-nin ona verdiyi kassa mədaxil orderləri ilə müəyyən edilmişdir ki, alıcının ödəniş qrafikinə uyğun olaraq X2 MMC-yə 07 aprel 2008-ci il tarixdə 13500 ABŞ dolları, 06 iyun 2008-ci il tarixdə 3090 ABŞ dolları, 10 iyul 2008-ci il tarixdə 1420 ABŞ dolları, 20 sentyabr 2008-ci il tarixdə 1420 ABŞ dolları, 28 oktyabr 2008-ci il tarixdə 1420 ABŞ dolları pul ödəmişdir. Həmçinin müəyyən edilmişdir ki, 17 noyabr 2008-ci il tarixdə “xxxx” MMC ilə X3 arasında Cavabdeh MMC-dən satın aldığı ticarət sahəsinin təmiri barədə bağlanmış AZ-100/675 saylı podrat müqaviləsinə əsasən “xxxx” MMC X6 mülkiyyətinə veriləcək ticarət sahəsini 3402 manata təmir etməyi öhdəsinə götürmüş, T.Məmmədova tərəfindən də həmin məbləğ “xxxx” MMC-yə ödənilmiş, buna dair həmin tarixdə AZE 1268 saylı kassa mədaxil orderi verilmişdir. İş materiallarından daha sonra görünür ki, X6 digər qızı X18 ilə Cavabdeh MMC arasında da 07 aprel 2008-ci il tarixli ticarət sahəsinin alğı-satqısı barədə bağlanmış AZ-100/1720 saylı müqaviləyə əsasən də o, 05 iyul 2010-cu ilə kimi həmin alğı-satqı üzrə 19430 ABŞ dolları ödəmiş, “xxxx” MMC arasında da alacağı ticarət sahəsinin təmiri barədə podrat müqaviləsi bağlanılmış, sonuncu müqavilə üzrə də “xxxx” MMC-yə 3402 manat ödəmişdir. 05 iyul 2010-cu ildə X18 ərizə ilə Cavabdeh MMC-yə müraciət edib ticarət sahəsindən imtina etdiyini bildirərək, ticarət sahəsinin alğı-satqısı və təmiri üçün ödədiyi 19430 ABŞ dolları və 3402 manat pulu X1 hesabına köçürülməsini xahiş etmiş, həmin ödənişlər 30 iyul 2010-cu il tarixdə X1 hesabına köçürülmüşdür. İşin materiallarından həmçinin görünür ki, X9 18 iyul 2013-cü ildə vəfat etmiş,13 mart 2014-cü il tarixdə Bakı şəhəri 2 saylı “Asan Xidmət” Mərkəzinin notariusu H.H.Məmmədov tərəfindən İddiaçı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda ilk iddiaçı mərhumə X1 vərəsəsi kimi anasının cavabdehə 2008 və 2010-cu illərdə ödədiyi pul məbləğinin qaytarılmalı olmasını iddia edir və tələbin maddi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1, 1091, 1091.1, 1091.2-ci maddələinə istinad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları; mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları; qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi; elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması; başqa şəxsə zərər vurulması; əsassız varlanma; fiziki və hüquqi şəxslərin digər hərəkətləri; qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Həmin Məcəllənin 14.3-cü maddəsində xüsusi qeyd olunmuşdur ki, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Mülki və notariat haqqında qanunvericilikdə daşınmaz əmlakın özgəninkiləşdirilməsi barədə əqdlərin bağlanılması üçün imperativ qayda-notarial qaydası müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 394-cü maddəsinə görə daşınmaz əmlakın özgəninkiləşdirilməsi barədə müqavilə notariat qaydasında təsdiqlənməlidir. - 139.1-ci maddəsinə görə isə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 337.1-ci maddəsinə görə isə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Məhkəmə qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün müvafiq kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Məhkəmə hesab edir ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsi barədə əqdlərin bağlanılmasının formasına əməl olunmaması onun əhəmiyyətsizliyinə səbəb olur. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notarial qaydada təsdiq edilməlidir. Məhkəmə hesab edir ki, X9 ilə Cavabdeh MMC arasında ticarət sahəsinin alğısatqısı barədə müqavilə notarial formada deyil, sadə yazılı formada tərtib edilmişdir və bu müqavilə ilkin müqavilə xarakteri daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.2-ci maddəsinə görə ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. Məhkəmə hesab edir ki, daşınmaz əşyanın alğı-satqısı üçün notariat forması imperativ müəyyən edildiyi halda X9 ilə Cavabdeh MMC arasında ticarət sahəsinin alğısatqısı barədə olan müqavilə sadə yazılı formada bağlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanmış əqd etibarsızdır. - 402.2-ci maddəsinə görə ilkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. - 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Yəni bu müqavilənin etibarsız hesab edilməsi üçün məhkəmədə iddia qaldırmağa lüzum yoxdur. - 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı barədə nəticələr istisna olmaqla hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlanıldığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər həmin Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərin hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmçinin məhkəmə qeyd edir ki, əsassız varlanma institutunun məqsədi varlanmış tərəfin hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1.borclu əmlak əldə etməli, 2.həmin əmlak kreditorun hesabına əldə edilməli, 3.bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə görə isə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1) Mülki Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya;(1092.1.1) 2) əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə (1092.1.2) Beləliklə məhkəmə hesab edir ki, İddiaçı mərhum X3 ilə Cavabdeh MMC arasında Bakı-Sumqayıt şossesinin 7-ci km-də inşa ediləcək “Ər-Riyad” Ticarət Mərkəzinin 33/2 saylı, 9-cu xətt, 18-ci binanın 2-ci mərtəbəsində yerləşən 27 kv. m sahəsi olan ticarət sahəsinin alğı-satqısı barədə 7 aprel 2008-ci il tarixdə sadə yazılı formada alğı-satqı müqaviləsi bağlanılsa da, bu müqavilənin bağlanılma qaydalarına əməl olunmadığına görə həmin müqavilə əhəmiyyətsizdir və tərəflər üçün heç bir hüquq və vəzifə yaratmamışdır. Bu baxımdan onlar arasında müqavilə öhdəlikləri əmələ gəlməmişdir. Bundan əlavə, məhkəmə hesab edir ki, X6 göstərilən ticarət obyektinin alğısatqısı üçün Cavabdeh MMC-yə ödədiyi cəmi 40280 ABŞ dolları müqabilində, qeyd edilən məbləğin sonuncuda qalaraq faydalanması və qaytarmaması ilə əsassız varlanmaya yol verilmişdir. Göstərlənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, onun mərhum X1 göstərilən ticarət obyektinin alğı-satqısı üçün Cavabdeh MMC-yə ödədiyi 40280 ABŞ dolları məbləğində pulun qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəsi üzrə manatla həmin cavabdehdən tutulub İddiaçı ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, həmin obyektin təmiri üçün ödənilmiş 6804 manat pulun “xxxx” MMC-yə ödənildiyi halda həmin məbləğin Cavabdeh MMC-dən tələb edilməsi əsassızdır. Həmçinin ilk iddiaçı cavabdehə ödənilən məbləğlərin ödənilən tarixdən başlayaraq ona qaytarılan günə kimi bank uçot dərəcəsinə müvafiq olaraq hesablanaraq ona ödənilməli olmasına dair tələbini də, qanunvericiliyin tələblərinə uyğun əsaslandırmamışdır. Məhkəmə ilk iddiaya iddia müddətinin tətbiq edilməsinə dair Cavabdeh MMC tərəfindən verilən ərizə ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. İş materiallarından görünür ki, İddiaçı iddiasının predmetini 18 iyul 2013-cü ildə vəfat etmiş X1 miras kütləsinə daxil olan pul vəsaitinin əhəmiyyətsiz əqd ilə əldə edən və saxlayan Cavabdeh MMC tərəfindən geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1155-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsələrin mülkiyyəti sayılır. İş materiallarından görünür ki, İddiaçı 13 mart 2014-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X3ndan qalmış mirası qəbul etdiyinə görə onun ticarət sahəsinin alğı-satqısı və təmiri üçün Cavabdeh MMC-yə ödədiyi məbləğ də onun mülkiyyəti sayılır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı ilk iddiası miras kütləsinə daxil olan və mülkiyyəti olan pul məbləğinin cavabdeh tərəfindən geri qaytarılması barədə olduğuna görə bu tələbə iddia müddətinin tətbiq edilməsinə dair Cavabdeh MMC-nin ərizəsi təmin edilə bilməz. Məhkəmə Cavabdeh MMC-nin qarşılıqlı iddia tələbləri ilə bağlı qeyd edir ki, MMC-nin bu iddiasının əsasını İddiaçı anası mərhum X9 tərəfindən müqavilə öhdəliklərini yerinə yetirməməsinə əsaslanaraq müqavilə üzrə qalan 23170 ABŞ dolları məbləğinin və bu məbləğə hesablanmış 84570,5 ABŞ dolları məbləğində dəbbə pulunun ödənilməsi təşkil edir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış əqdin qanunla müəyyən olunmuş formasına əməl olunmadığına görə həmin əqdin tərəflər üçün heç bir hüquq və vəzifə yaratmamaqla əhəmiyyətsiz olmasına dair ilk iddia tələbində bu hallara hüquqi qiymət verildiyindən Cavabdeh MMC-nin qarşılıqlı iddiası təmin edilə bilməz. Məhkəmə bu nəticəyə gələrkən məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmiş halları da nəzərə almışdır. Belə ki, mübahisəli ticarət sahəsinə baxış keçirərkən həmin sahənin cavabdeh MMC tərəfindən inşa edildikdən sonra təmir edilərək cavabdeh tərəfindən başqa şəxslərin istifadəsinə verilməsi, həmin sahəni əldə edənlərin orada mebel yerləşdirməsi, habelə ümumi sahəsi 27 kv.m. olan həmin ticarət sahəsinin divar arakəsmələrinin açılaraq digər ticarət sahəsinə birləşdirilməsi müəyyən edilmişdir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilkin iddia yuxarıda göstərilən qaydada qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd olunmalıdır. MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilk iddia tələbi tam təmin edilməsə də, tələb edilən pulun 40280 ABŞ dolları məbləğində hissəsi cavabdehdən tutulmalı olduğundan, ilk iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği də buna müvafiq olaraq tərəflər arasında bölüşdürülməli, 30 manat dövlət rüsumunun 10 manatı İddiaçı, 20 manatı isə Cavabdeh MMC-yə aid edilməlidir. Qarşılıqlı iddia təmin edilmədiyindən Cavabdeh MMC-nin qarşılıqlı iddia qaldırılması ilə bağlı ödədiyi 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əsassız əldə edilmiş pul vəsaitinin və əldən çıxmış faydanın qaytarılması tələblərinə dair iddiası qismən təmin edilsin. Cavabdeh MMC-dən 40280 (qırx min iki yüz səksən) ABŞ dolları məbləğində pul vəsaitinin qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla tutularaq İddiaçı ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh MMC-nin İddiaçı qarşı alğı-satqı müqaviləsi üzrə əsas borcun və əsas borca hesablanmış dəbbə pulunun tutulması barədə qarşılıqlı iddiası rədd edilsin. İlk iddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ödənilmiş tələbin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülsün, 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manatı İddiaçı, 20 (iyirmi) manatı Cavabdeh MMC-yə aid edilsin, dövlət rüsumu ilə bağlı ödənilmiş 20 (iyirmi) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qarşılıqlı iddia tələbi təmin edilmədiyindən Cavabdeh MMC-nin qarşılıqlı iddia qaldırılması ilə bağlı ödədiyi 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-359/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-359/2021
29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver