Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-359/2022 15.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı X11 nümayəndəsi (vəkili) - Vəkil, Cavabdeh nümayəndəsi - X1, Cavabdeh nümayəndəsi (vəkili) - X5 iştirakları ilə, İddiaçı X11 Cavabdehnə qarşı «qeyri-yaşayış sahəsinin mülkiyyət sənədi ilə və naturada təhvil verilməsi öhdəliyinin qoyulması, faiz borcunun tutulması və s.» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X13 Cavabdehnə qarşı «qeyri-yaşayış sahəsinin mülkiyyət sənədi ilə və naturada təhvil verilməsi öhdəliyinin qoyulması, faiz borcunun tutulması və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 25 yanvar 2010-cu il tarixli müqavilənin tam icra edilməsi və Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 34-də yerləşən ərazidə layihə sənədlərinə uyğun olaraq inşa olunan çoxmərtəbəli binanın (X10 bloku) 16-cı mərtəbəsində 944 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsini naturada və adına verilmiş mülkiyyət sənədləri ilə birlikdə (çıxarışla) qeyd-şərtsiz təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, vurulmuş maddi ziyana görə cavabdehdən 141600 manat məbləğində cərimə pulunun, ******* manat əldən çıxmış faydanın, 696672 manat məbləğində devalvasiya görə dəymiş ziyanın və 300000 manat mənəvi ziyanın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 25 yanvar 2010-cu il tarixli müqavilə üzrə əldə edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekt, ev 34-də yerləşən ərazidə layihə sənədlərinə uyğun olaraq inşa olunan çoxmərtəbəli binanın (X10 bloku) 16-cı mərtəbəsində 944 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının tanınması, həmin qeyri-yaşayış sahəsinin təhvil verilməsi yolu ilə iddiaçının sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması, cavabdehdən iddiaçının xeyrinə 141600 manat məbləğində cərimənin, ******* manat məbləğində əldən çıxmış faydanın, 696672 manat məbləğində devalvasiyaya görə dəymiş ziyanın və 300000 manat məbləğində mənəvi ziyanın, cəmi ******* manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X13 iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında 25 yanvar 2010-cu il tarixdə müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci və 2.1-ci bəndlərinə əsasən cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 34-də yerləşən ərazidə layihə sənədlərinə uyğun olaraq inşa olunan çoxmərtəbəli binanın (X10 bloku) 16cı mərtəbəsində 944 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsini, hər bir kvadrat metri 1500 manatdan hesablanmaqla ******* manat müqabilində iddiaçı satmışdır. İddiaçı tərəfindən müqavilə öhdəlikləri tam şəkildə icra edilmiş və cavabdeh tərəfindən iddiaçının adına 16.10.2012-ci il tarixli maliyyə arayışı verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini kobud şəkildə pozaraq, bu günə qədər icra etməkdən yayınır. İllərdir ki, müxtəlif bəhanələrlə vaxtı uzadır, qeyri-yaşayış sahəsini nə naturada, nə də sənəd üzrə təhvil vermir. Hətta, 02.07.2021-ci il tarixli pretenziya məktubuna belə cavab verilməmişdir. Müqavilənin 4.16-cı bəndinə əsasən cavabdeh binanı 01.07.2010-cu il tarixinədək tikib, müqavilədəki mərtəbəni təmir üçün təhvil verilməli idi. Müqavilənin 4.17-ci bəndinə əsasən 01.06.2011-ci il tarixinədək cavabdeh bina üçün Fövqəladə Hallar Nazirliyi və digər dövlət qurumları tərəfindən lazımi sənədləri alaraq, adına dövlət reyestri tərəfindən çıxarış verilməsini üzərinə öhdəlik götürmüşdür. Müqavilənin 4.18-ci bəndinə görə cavabdeh 01.06.2011-ci il tarixədək qeyri-yaşayış sahəsini alıcıya şəhadətnamə (kupça) da daxil olmaqla təhvil verməzsə, eyni ərazidə tikdiyi digər binalardan eyni sahə qədər yerin verilməsini və alıcının öz sahəsində həyata keçirdiyi bütün dekorasiya işlərinin xərclərini 01.07.2011-ci il tarixinədək qaytarılmasını öz öhdəsinə götürür. Bu ödəmə gecikərsə hər gecikən günə bir faiz cərimə hesablanır. Müqavilədə də açıq-aşkar qeyd olunduğu kimi, cavabdeh 01.06.2011-ci il tarixədək qeyri-yaşayış sahəsini hüquq müəyyənedici sənədlərlə birlikdə iddiaçıya təhvil verməli idi. Lakin üzərinə götürdüyü öhdəlik bu günə qədər yerinə yetirməmişdir. Yəni, 10 ildən artıq müddət keçməsinə baxmayaraq müqavilə şərtləri icra edilməmişdir. Ona görə də, hər gecikən gün üçün iddiaçıya ödədiyi məbləğin bir faizi miqdarında cərimə ödənilməlidir. 01.06.2011-ci il tarixdən hesablanmaqla 10 ildən artıq müddət ötmüşdür. ******* manat məbləğinin 1 %-14160 manat təşkil etdiyini, həmin məbləği 10 ilə vurduqda 141600 manat çıxır. Beləliklə, cavabdeh iddiaçıya 141600 manat məbləğində cərimə ödəməlidir. Bundan əlavə, iddiaçı həmin qeyri-yaşayış sahəsindən çox böyük bir ticarət mərkəzi kimi istifadə etməyi planlaşdırmış və həmin fəaliyyətindən külli miqdarda vəsait əldə edəcəkdi. Lakin cavabdehin qanunsuz hərəkətləri nəticəsində əldə edə biləcəyi faydadan məhrum olmuşdur. Adi qaydada həmin sahəni icarəyə versəydi, ən azı ******* manat əldə edəcəydi (944 kv.m. x 9 manata 123 ay = 1045008). Yəni, orta hesabla bu illər ərzində göstərilən ərazidə kirayə qiymətləri bir kvadrat metr sahənin bir ay üçün 8-10 manat arasında olduğu, daha yuxarı qiymətlərlə icarəyə verildiyi təkzib olunmazdır. Yuxarıda göstərilən məbləğdə əldə edə biləcəyi minimum fayda əlindən çıxmışdır. Bundan əlavə, ölkədə devalvasiya baş vermiş, Azərbaycan Respublikası Mərkəzi Bankın 21 fevral 2015-ci il tarixli qərarı ilə 0.78 manata bərabər olan 1 ABŞ dolları 1.05 manata, 21 dekabr 2015-ci il tarixli qərarı ilə isə 1.05 manatı 1.55 manat təşkil etmişdir. Hal-hazırda isə 1.70 manat təşkil etməkdədir. Belə olan təqdirdə, əmlakının icarəsindən və digər fəaliyyətlərdən əldə edə biləcəyi gəlir ən azı 1,3 dəfədən artıq dəyərini itirmişdir. Ona görə də, hesab edir ki, vaxtında qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilmədiyi üçün, həmin ziyanın əvəzi olaraq 696672 manat məbləğində pul alınıb iddiaçıya ödənilməlidir. O cümlədən, qeyri-yaşayış sahəsi iddiaçıya hal-hazırki dövrə qədər təhvil verilmədiyi üçün, özü, ailə üzvləri ağır mənəvi, psixoloji iztirablar, sarsıntılar, stresslər keçirmişlər və onlara külli miqdarda mənəvi ziyan dəymişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, iddia tələbi uydurma xarakter daşıyır. İstinad edilən 25 yanvar 2010-cu il tarixli Müqavilə haqqında Cəmiyyətdə heç bir sənəd, məlumat mövcud deyil və belə Müqavilənin hansı şəraitdə, necə imzalanması, iddiaçı tərəfindən ödəniş edilməsi məlum deyil. Məhkəməyə təqdim edilmiş müqavilə nüsxəsi sənədin əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti deyil. Bu hal da Müqavilənin həqiqiliyinə ciddi şübhə doğurur və onu mötəbər sübutlar siyahısından kənarlaşdırır. İddiaçı 25 yanvar 2010-cu il tarixli müqavilə üzrə qeyri-yaşayış sahəsinin 01 iyun 2011-ci ilədək hüquqmüəyyənedici sənədlərlə birlikdə ona təhvil verilməli olduğunu iddia etsə də, keçən 10 il ərzində iddiaçı Cəmiyyətə hər hansı yazılı və ya şifahi müraciət, tələb irəli sürməmişdir. İddiaçının onun tərəfindən ödənildiyinə istinad etdiyi 1.416.000 manatı necə əldə etməsi və hansı qaydada və kimə ödəməsi barədə iddia ərizəsində heç bir məlumat yoxdur. İddiaçı tərəfindən təqdim edilmiş sənədləri nəzərdən keçirdikdə istinad edilən 25 yanvar 2010-cu il tarixli Müqavilə ilə iddia ərizəsinin eyni şəxs - İddiaçı tərəfindən imzalanmadığı aşkar görünür. Müqavilədə olan imzanın iddiaçıya aid imza kimi qəbul edildiyi təqdirdə, iddia ərizəsinin səlahiyyətli şəxs, hüquq sahibi tərəfindən imzalanmadığı məlum olur. İddia tələbi cavabdehdən 141.600 manat cərimə məbləğinin tutulması hissəsində də qeyri-müəyyəndir. İddiaçı öz tələbini əsaslandırmaq üçün hər hansı Müqavilə müddəasına və ya qanun normasına istinad edə bilməmişdir. İlk növbədə, iddiaçının təqdim etdiyi müqavilədə sadəcə Alıcı tərəfindən ödənişin gecikdirilməsi halında ona münasibətdə cərimə tətbiq edilməsi imkanı nəzərdə tutulmuş, Satıcı tərəfindən hər hansı ödənişin edilməsi və onun gecikdirilməsinə görə cərimə tətbiq edilməsi qaydası müəyyən edilməmişdir. Digər tərəfdən, bu günədək iddiaçının Cəmiyyətə qarşı ödənilmiş pulun geri qaytarılmasına dair tələbi olmamışdır. Belə olan halda, cərimənin tətbiq edilməsi üçün müddət axımının hansı vaxtdan və nəyə əsasən hesablandığı anlaşılan deyil. Əldən çıxmış faydaya və devalvasiyaya görə itirilmiş pul vəsaitinin Cəmiyyətdən tutulmasına dair iddiaçının tələbləri sui-istifadə xarakteri daşıyır. İddiaçı cavabdehin hansı qanunsuz hərəkətləri nəticəsində onun gəlirdən məhrum olması, güman edilən qanunsuz hərəkətlə nəticə arasında səbəbli əlaqə, bu hallan təsdiq edən faktlar və s. kimi vacib əhəmiyyətli məsələləri ört-basdır etməklə utopik məbləğlər hesablayaraq, əsassız varlanma niyyətinə qapılmışdır. İddia tələbinin mənəvi ziyanın əvəzi kimi 300.000 manat pulun Cavabdehdən alınıb iddiaçıya ödənilməsi hissəsində də heç bir əsaslılığı yoxdur. Mənəvi ziyan tələbi sözlə ifadə olunmaqla qalmamalı, Cəmiyyətin təqsirli hərəkətlərə yol verməsi, bunun nəticəsində iddiaçıya mənəvi ziyan vurulması və onun Cəmiyyətin təqsirli hərəkəti nəticəsində əsəb, stress, sarsıtı keçirməsi öz təsdiqini tapmalıdır. Lakin hazırki iş üzrə iddia tələbi bütünlüklə əsassız olduğundan və Cəmiyyətin hər hansı öhdəlikdən yayınması halı, təqsirli hərəkəti, hüquqpozma faktı mövcud olmadığından mənəvi ziyan tələbi də məntiqəuyğun və qanuni hesab edilə bilməz. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti etməyə və ya hərəkəti etməkdən çəkinməyə müddət şamil etmişdir. (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi). Həmin Məcəllənin 373-cü maddəsində müəyyən olunmuşdur ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, ümumi iddia müddəti isə on il təşkil edir. İddiaçının istinad etdiyi Müqavilə üzrə qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi üçün son müddət 01 iyun 2011-ci il müəyyən olunmuşdur. Həmin tarixdən 10 ildən artıq müddət keçsə də, iddiaçı Cəmiyyətə qarşı heç bir tələb irəli sürməmiş, qanunvericiliyin iddia müddəti ilə bağlı tələbini də kobud surətdə pozaraq, daşınmaz əşyalarla bağlı 6 illik xüsusi, o cümlədən 10 illik ümumi iddia müddətini də ötürmüşdür. Beləliklə, iddiaçının qeyri-yaşayış sahəsinin təhvil verilməsi və maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi tamamilə qanunsuzdur və onun əsaslılığına dair hər hansı mötəbər sübut mövcud deyil. Habelə, iddiaçı daşınmaz əşyalarla bağlı 6 illik xüsusi iddia müddətini və 10 illik ümumi iddia müddətini ötürdüyündən, iddia tələbi məhkəmə tərəfindən təmin edilə bilməz. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) X8 iddia ərizəsinə etirazın məzmununa uyğun olaraq izahat verərək, iddiaya etiraz etdi və tələbin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin (vəkilləri) izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: 25.01.2010-cu il tarixli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 34-də yerləşən ərazidə layihə sənədlərinə uyğun olaraq inşa olunan çoxmərtəbəli binanın (X10 bloku) 16-cı mərtəbəsində 944 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsini iddiaçıya satmağı, iddiaçı isə həmin qeyri-yaşayış sahəsini almağı öhdələrinə götürmüşlər. 16.10.2012-ci il tarixli 10/16 saylı Maliyyə arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı qeyri-yaşayış sahəsinin 1.416.000 manat dəyərini cavabdehə tam ödəmişdir. 25.01.2010-cu il tarixli, 01.06.2010-cu il tarixli və 15.05.2011-ci il tarixli kassa mədaxil orderinin qəbzlərinin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, iddiaçı tərəfindən 25.01.2010-cu il tarixli müqaviləyə əsasən 100.000 manat, 400.000 manat və 700.000 manat, cəmi 1.200.000 manat cavabdehə ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci, 157.2-ci, 157.4-cü və 157.8-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 178.8-ci maddəsinin 09.02.2018-ci il tarixədək qüvvədə olan məzmununa əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmin Məcəllənin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1 -ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. "M.Hüseynovun şikayət üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 04 mart 2015-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə hüququ başqa şəxs tərəfindən əldə edildikdən sonra MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun deyildir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25.01.2010-cu il tarixli müqavilənin, 16.10.2012-ci il tarixli 10/16 saylı Maliyyə arayışının və 25.01.2010-cu il tarixli, 01.06.2010-cu il tarixli və 15.05.2011-ci il tarixli kassa mədaxil orderinin qəbzlərinin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 34-də yerləşən ərazidə layihə sənədlərinə uyğun olaraq inşa olunan çoxmərtəbəli binanın (X10 bloku) 16-cı mərtəbəsində 944 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsini iddiaçıya satmağı, iddiaçı isə həmin qeyri-yaşayış sahəsini almağı öhdələrinə götürmüşlər. İddiaçı qeyri-yaşayış sahəsinin 1.416.000 manat dəyərini cavabdehə tam ödəmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilə və maliyyə arayışı Cavabdeh direktoru tərəfindən imzalanmaqla Cəmiyyətin möhürü ilə təsdiq edilmişdir ki, göstərilənlərin doğruluğu cavabdeh tərəfindən münbahisələndirilməmişdir. 16.10.2012-ci il tarixli 10/16 saylı Maliyyə arayışından göründüyü kimi iddiaçı mübahisə predmeti olan əmlakın dəyərini cavabdehə tam ödəmişdir ki, bu halda o, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin 09.02.2018-ci il tarixədək qüvvədə olan məzmununa əsasən həmin əmlak üzərində gözlənilən mülkiyyət hüququna malikdir. Buna görə də məhkəmə hesab edir ki, mübahisə predmeti olan əmlak üzərində iddiaçının sahiblik və istifadə hüquqları tanınmalıdır. Eyni zamanda məhkəmə tədqiqatı zamanı iddiaçının üzərində gözlənilən mülkiyyət hüququ olduğu əmlak iddiaçıya təhvil veriləməməklə ondan istifadə edə bilməməsi müəyyən olunur ki, bu da onun sahiblik və istifadə hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Buna görə də məhkəmə hesab edir ki, həmin əmlakın təhvil verilməsi yolu ilə iddiaçının sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələr aradan qaldırılmalıdır. Məhkəmə iddia tələbinin cərimənin, əldən çıxmış faydanın, dəymiş ziyanın və mənəvi ziyanın tutulması hissələrinə münasibətdə qeyd edir ki, iddiaçı göstərilən tələblər üzrə cavabdehdən pul məbləğləri tələb etsə də, qeyd olunan tələblərin əsası kimi hər hansı bir sübut məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia göstərilən hissələrdə təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Cavabdehin iddia müddəti ilə bağlı ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi mübahisə predmeti olan əmlak üzərində iddiaçı mülkiyyət hüququna malikdir ki, bu halda hazırki mübahisə mülkiyyətçinin hüququnun pozuntusunun aradan qaldırılması ilə bağlı olmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinin tələblərinə əsasən bu hüquq münasibətindən irəli gələn tələb onun irəli sürülməsi müddətindən asılı olmayaraq məcburi qaydada müdafiə olunmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hazırki mübahisəyə göstərilənlərə əsasən iddia müddəti şamil edilmədiyindən iddia müddəti tətbiq oluna bilməz. Məhkəmə cavabdehin, X4, X2, iddiaçının və digərlərinin barələrində xüsusi qərardad çıxarılması barədə vəsatətinə münasibətdə qeyd edir ki, tələb üzrə adıçəkilən şəxslərin əməllərində cinayətin əlamətləri müəyyən edilməmiş, eyni zamanda cavabdeh həmin şəxslərin əməllərində cinayətin əlamətlərinin olması barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı ilə cavabdeh arasında bağlanmış 25 yanvar 2010-cu il tarixli müqavilə üzrə əldə edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 34-də yerləşən ərazidə layihə sənədlərinə uyğun olaraq inşa olunan çoxmərtəbəli binanın (X10 bloku) 16-cı mərtəbəsində 944 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinə iddiaçının sahiblik və istifadə hüquqları tanınmalı, həmin qeyriyaşayış sahəsinin təhvil verilməsi yolu ilə iddiaçının sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələr aradan qaldırılmalı və iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. X13 ilə Cavabdeh arasında bağlanmış 25 yanvar 2010-cu il tarixli müqavilə üzrə əldə edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 34-də yerləşən ərazidə layihə sənədlərinə uyğun olaraq inşa olunan çoxmərtəbəli binanın (X10 bloku) 16-cı mərtəbəsində 944 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinə X11 sahiblik və istifadə hüquqları tanınsın, həmin qeyri-yaşayış sahəsinin təhvil verilməsi yolu ilə X11 sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələr aradan qaldırılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-359/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-359/2022
15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver