Məhkəmə qərarları › İş №2(006)-361/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-361/2022

06.01.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-361/2022 06.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil, fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi tələb edilən şəxs X4, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə Ərizəçi Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X9 26.02.1948-ci il tarixində Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuşdur. Atası əvvəllər sağlam biri olmuş, uzun müddət X8 xidmət etmişdir. Lakin son 10 il ərzində onun səhhətində problemlər yaranmışdır və yaddaş pozğunluğundan əziyyət çəkir. Hətta bəzən onu, yaxın qohumlarını belə tanımır, etdiyi hərəkətlərin, danışdığı sözlərin mahiyyətini anlamır. O, atası üzərinə qəyyum təyin ediləcəyi təqdirdə onun mütəmadi olaraq ixtisaslı həkimlər tərəfindən müalicə olunmasına, etdiyi hərəkətlərin mahiyyətinin ona anladılmasına çalışacağdır. Məhkəməyə ərizə ilə müraciət etməyinin səbəbi ondan ibarətdir ki, atası öz hərəkətlərini idarə edə bilmədiyindən özü üçün hansı hüquqi nəticə yarada biləcəyindən asılı olmayaraq gələcəkdə istənilən formalı şifahi əqd bağlaya bilər və bu onlar üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Qeyd olunanlara əsasən, ərizəçinin 26 fevral 1948-ci il təvəllüdlü atası, X4 fəaliyyət qabiliyyətli hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında Ərizəçi izahat verərək bildirmişdir ki, atasının son 10 il ərzində səhhətində problemlər yaranmışdır və yaddaş pozğunluğundan əziyyət çəkir. Hətta bəzən onu, yaxın qohumlarını belə tanımır, etdiyi hərəkətlərin, danışdığı sözlərin mahiyyətini anlamır. Halbuki tərtib olunmuş ekspert rəyində atasının fəaliyyət qabiliyyətli olması təsbit olunmuşdur. Bu, tamamilə absurddur. Ekspert rəyinin nəyə əsasən tərtib olunduğunu bilmir. Odur ki, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək bildirmişdir ki, ekspert rəyi tamamən absurd şəkildə tərtib olunmuşdur. Belə ki, ekspertiza keçirilərkən, yəni ekspert həmin şəxsin ünvanına gələrək ona suallar verərkən o da orda olmuşdur. Budaqov Məmməd suallara yarım və qeyri-müəyyən cavablar vermiş, həyatında baş verən önəmli hadisələri xatırlamamışdır. Keçirdiyi avtomobil qəzasını, keçmiş yoldaşı ilə evlilik tarixlərini, ümumiyyətlə, xatırlamamışdır. Şəxs şəkərli diabeti olmuş, uzun müddət amneziyadan əziyyət çəkmişdir. Odur ki, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi tələb edilən şəxs X9 izahat verərək bildirmişdir ki, oğlunun ərizəsi əsassızdır. O, öz hərəkətlərinin mənasını başa düşür və öz hərəkətlərinə rəhbərlik edə bilir. Ərizənin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi tələb edilən şəxs X4 nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, ekspert rəyindən də hər şey açıqaşkar görünür. Şəxs tam fəaliyyət qabiliyyətlidir. O, özü onunla görüşmüş və ünsiyyətdə olmuşdur. Fikirlərini tam rahatlıqla ifadə edə bilir, tək problemi yeriməyi ilə bağlıdır, bu da onun fəaliyyət qabiliyyətsiz hesab olunmasına dəlalət edə bilməz. Şəxsin evindəki qadın isə hər hansı bir adam deyil, onun öz həyat yoldaşıdır. Şəxsin həmin qadınla rəsmi nikahından bir övladları da var. Əgər, fəaliyyət qabiliyyətsiz olsa idi, nə ailə həyatı qura bilə, nə də müvafiq dövlət orqanlarında sənədləşmə işlərində iştirak edə bilərdi. Şəxsin fəaliyyət qabiliyyətsiz hesab olunması, ola bilsin ki, ərizəçiyə hansısa imtiyazlar verilməsi üçün lazımdır. Ərizənin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 27 aprel 2011-ci il tarixində verilmiş AZ-İ № 636435 seriya nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X2 27 aprel 2011-ci il tarixində nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 292 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Budaqova soyadı verilmişdir. İş materiallarında olan 18 noyabr 2021-ci il tarixli, 05/Q-1837/70 saylı arayışdan görünür ki, X4 X3 ilə Nəsimi rayon qeydiyyat şöbəsində 27.04.2011-ci il tarixində 292 saylı nikah haqqında aktla nikahı rəsmiləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 24 dekabr 2011-ci il tarixində verilmiş AZ-İİ № 793974 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 11 fevral 2011-ci il tarixində Bakı şəhərində anadan olmuş, atası X9, anası X1r. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 13.11.2021-ci il tarixli, 2675 nömrəli rəyindən görünür ki, X9 hər hansı bir xroniki psixi xəstəlik, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkmir. Onda yüngül ifadəli koqnitiv pozuntu müəyyən edilir. Hazırda aparılan psixiatrik müayinə zamanı X5 aşkar edilən koqnitiv pozuntu ifadə dərəcəsinə görə yüngüldür. Yəni yoxlanılan şəxsdə sosial dezadaptasiyaya səbəb ola bilən ağıl zəifliyinə gətirib çıxaran ağır dərəcədə ifadə olunmuş koqnitiv pozuntu əlamətləri müəyyən edilmir. Buna görə də o, öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarındadır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinin tələbinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının , psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Eyni Məcəllənin 318.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Məhkəmə belə qənaətə gəlir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş olunan şəxsin ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsi iş materialları ilə sübut olunmur, həmçinin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi tələb edilən şəxs X12 oğlunun məhkəmə zalında dindirilməsi zamanı verdiyi ifadələrdən və məhkəmə psixiatrik ekspertizasının rəyindən müəyyən olunur ki, X9 öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malikdir. Həmçinin iş materiallarına əsasən də müəyyən edilir ki, Budaqov Məmməd öz hüquqlarının həyata keçirilməsi üçün vəkilə etibarnamə vermiş, verilən etibarnamə isə müvafiq notarius tərəfindən fəaliyyət qabiliyyəti yoxlanılmaqla təsdiq edilmişdir. Buna görə də, X9 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəçinin ərizəsi əsassızdır. Odur ki, ərizə təmin edilməməlidir. Məhkəməyə ərizə verilərkən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar