Məhkəmə qərarları › İş №2(006)-3611/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3611/2021

05.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3611/2021 05.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız borcun silinməsi» barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız borcun silinməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus İmişli rayonu, İmişli-Bəhramtəpə şosse yolunun kənarı, Sarxanlı döngəsində yerləşən qeyri-yaşayış sahəsinə aid **********01061 saylı abunə kodunda Bakı Elektrik Şəbəkə tərəfindən 2015-ci ilədək yazılmış 7121,08 manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, oiddiaçı əvvəllər X3 məxsus olmuş, daha sonra vərəsəlik şəhadətnaməsi ilə X4 mülkiyyətinə keçmiş, İmişli rayonu, İmişli- Bəhramtəpə şosse yolunun kənarı, Sarxanlı döngəsində yerləşən qeyri-yaşayış sahəsini alqı-satqı müqaviləsi əsasında 2016-cı ildə X1 almış və həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu AR ƏMDK yanında DƏDRX-də 27 dekabr 2016-cı ildə qeydiyyata aldırmışdır. İddiaçının mülkiyyətində olan İmişli-Bəhramtəpə şosse yolunun kənarı, Sarxanlı döngəsində yerləşən qeyri-yaşayış sahəsinə əvvəlki mülkiyyətçisi X2 dövründə elektrik enerjisindən istifadəyə dair texniki şərt və onun əsasında abunə kodu- **********01061 verilmişdir. İmişli-Bəhramtəpə şosse yolunun kənarı, Sarxanlı döngəsində yerləşən qeyri-yaşayış sahəsinə iddiaçı mülkiyyət hüququ əldə etdiyi 2016-cı ildən sonra 2020-ci ilin ortalarınadək həmin qeyri-yaşayış sahəsindən istifadə etməmişdir. 2020-ci ildə mülkiyyətində olan sözügedən qeyri-yaşayış sahəsiniicrayə vermək istəmiş və bunun üçün 3-cü şəxslərlə icarə müqaviləsi də bağlamışdır. Lakin icarəçi müqavilə bağlandıqdan bir gün sonra obyektdə elektrik enerjisinin olmadığını bildirdikdə iddiaçı bununla əlaqədar olaraq ASC-nin X9 Təchizatı və Satış İdarəsinə müraciət etmişdir. ASC-nin X9 Təchizatı və Satış İdarəsi tərəfindən iddiaçıya **********01061 saylı abunə kodunda Bakı Elektrik Şəbəkə tərəfindən 2015-ci ilədək yazılmış 7121,08 manat məbləğində borcun olduğu bildirilmiş və bu səbəbdən də obyektə elektrik enerjisinin verilişinin dayandırıldığı qeyd edilmişdir. Bu səbəbdən iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsini xahiş etdi. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş cavabdeh "xxxx" ASC nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə, cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduğuna baxmayaraq gəlmədiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Beləliklə, Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız borcun silinməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus İmişli rayonu, İmişli-Bəhramtəpə şosse yolunun kənarı, Sarxanlı döngəsində yerləşən qeyri-yaşayış sahəsinə aid **********01061 saylı abunə kodunda Bakı Elektrik Şəbəkə tərəfindən 2015-ci ilədək yazılmış 7121,08 manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Belə ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş abunə haqqında çıxarışdan görünür ki, 7121,08 manat enerji haqqı üzrə olan borc abunə kodu olan **********01061 qeyd edilmişdir. Çıxarışda abonentin adı və soyadı X5 göstərilmişdir. Bundan başqa həmin borc 01.10.2015 - 27.08.2016-cı il tarixlərində həmin sayğac əsasında yaranmış, lakin iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən İmişli rayonu, İmişli-Bəhramtəpə şosse yolunun kənarı, Sərxanlı döngəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmışdır, qeydiyyat tarixi 27 dekabr 2016-cı ildir. Belə olduğu halda İmişli rayonu, İmişli-Bəhramtəpə şosse yolunun kənarı, Sərxanlı döngəsndə yerləşən qeyriyaşayış sahəsi üzrə yeni mülkiyyətçi olaraq iddiaçı tərəfindən istifadə edilməmiş elektrik enerjisi borcuna görə elektrik enerjisindən istifadə etmək hüququndan məhrum edilməyi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qeyd olunan qaydaların 8.17-ci maddəsinin tələblərinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Odur ki, istinad olunan hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən İmişli rayonu, İmişli-Bəhramtəpə şosse yolunun kənarı, Sarxanlı döngəsində yerləşən qeyri-yaşayış sahəsinə aid **********01061 saylı abunə kodunda göstərilən 7121,08 manat borc məbləği silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İmişli rayonu, İmişli-Bəhramtəpə şosse yolunun kənarı, Sarxanlı döngəsində yerləşən qeyri-yaşayış sahəsinə aid **********01061 saylı abunə kodunda göstərilən 7121,08 manat borc məbləği silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar