Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3618/2025 23.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı2 cavabdeh İddiaçı1 ASC-nə qarşı ipoteka müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işdə icraatlraın birləşdirilməsi məsələsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı2 cavabdeh İddiaçı1 ASC-nə qarşı ipoteka müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Rabitəbank ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli RBN/BK-6565 saylı ipoteka müqaviləsinə xitam verilməsi və xx.xx.2023-cü il tarixli RBN/BK-6565 saylı ipoteka müqaviləsinin ona aid olan hissəsində etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ASC ilə onun yaxın tanışının rəhbərlik etdiyi, "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli RBN/BK-6565 saylı kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən bank tərəfindən illik faiz dərəcəsi 5 faiz olmaqla 36 ay müddətinə 200.000 manat məbləğində kredit verilmişdir. Həmçinin bu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və bununla əlaqədar xx.xx.2023-cü il tarixli RBN/BK-6565 saylı ipoteka müqaviləsi bağlanmışdır. Nəzərə çatdırır ki, bu yaxınlarda "xxxx" MMC tərəfindən bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklər tam şəkildə icra olunmuşdur. Yəni, "xxxx" MMC-nin İddiaçı1 ASC qarşısında hal-hazırda hər hansı bir öhdəliyi yoxdur. O, artıq bu müqavilə üzrə öhdəliklərin tam şəkildə icra olunduğunu bildikdən sonra onun mülkiyyətində olan mənzilin ipotekadan azad edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ərizənin təmin olunmasından imtina edilmiş və əsas kimi də bank ilə Cavabdeh3 ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli RBN/BK-6565 saylı baş krediti müqaviləsinə əsasən kreditin maksimum məbləği 500.000 manat, maksimal faiz dərəcəsi 30%, kreditin maksimal qaytarılma müddəti isə 60 ayadək təşkil edən öhdəliyin təminatı kimi iddiaçının mülkiyyətində olan bu mənzilin ipoteka ilə yüklü edildiyi bildirilmişdir. Qeyd etmək istəyir ki, onun bu kredit müqaviləsindən xəbəri olmamışdır. Belə ki, həmin kredit müqaviləsini onun adından etibarnamə əsasında başqa şəxs imzalamışdır. O, bundan yalnız 2025-ci ilin aprel ayında xəbər tutmuşdur. Təbii ki, real bazar dəyəri 150.000 manata yaxın olan evin 500.000 manatlıq kredit müqaviləsi üçün girov qoyulması tamamilə məntiqsiz və absurddur. O, yalnız "xxxx" MMC adına götürülmüş 200.000 manat həcmində olan kreditin təminatı kimi evinin girov qoyulmasına razılıq vermişdir. Hal-hazırda da həmin kredit ödənildiyi üçün bu ipoteka müqaviləsinə xitam verilməlidir. İddiaçının nümayəndəsi (vəkili) elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək yaxın qohumunun vəfatı ilə üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki,iddia tələbi tamamilə əsassızdır və bundan əvvəl tərəflərindən hazırki iş üzrə iddiaçı da cavabdeh qismində qeyd edilməklə iddiaçı kimi Şirvan Kommersiya Məhkəməsinə kredit müqaviləsindən irəli gələn iddia tələbi ilə müraciət etmişlər. Bundan sonra hazırki iş üzrə iddiaçı belə bir tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə təqdim edilmiş vəsatəti araşdıraraq hesab edir ki, hazırki tələb daha əvvəl Şirvan Kommersiya Məhkəməsinin icraatına qəbul edilmiş mülki işlə bir icraatda birləşdirilməli və bununla əlaqədar icraata xitam verilməlidir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, kommersiya məhkəməsinin icraatında olan iddia tələbinin daha əvvəl icraata qəbul edildiyini, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı2 cavabdeh İddiaçı1 ASC-nə qarşı ipoteka müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(006)-3618/2025 saylı mülki iş Şirvan Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair e-2-2(121)-362/2025 saylı mülki işlə bir icraatda birləşdirilsin. Birləşdirilmiş mülki iş üzrə e-2-2(121)-362/2025 qeydiyyat nömrəsi saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3618/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3618/2025
23.07.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver