Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-362/2023 22.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «avtomobil» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «avtomobil» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə aralarında 26 yanvar 2022-ci il tarixdə yazılı lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MMC əvvəlcədən lizinq vermək məqsədi ilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan, cavabdehlə satıcı arasında bağlanılan alğı-satqı müqaviləsinə əsasən, «Chevrolet Cruze» markalı avtomobili Cavabdeh MMC ilə bağladıqları müqavilənin şərtlərinə uyğun olaraq, avtomobili müvəqqəti sahiblik və istifadə üçün ona vermişdir. Buna müvafiq olaraq ilkin ödəniş kimi 9.200 manat pul məbləğini və müqaviləyə uyğun olaraq fevral ayında şərtləşdirilmiş aylıq muzdu ödəmişdir, lakin Cavabdeh MMC mart və aprel aylarının qaimələrini vermədiyi üçün növbəti ayların ödənişini etməmişdir və bildirmişdir ki, o, ödənişi yalnız qanuni formada etmək istəyir. Sonra aralarındakı şifahi razılığa əsasən, Cavabdeh MMC avtomobili başqasına satmağı və onun ödədiyi ilkin ödəniş olan 9.200 manat pulu və əlavə ödədiyi aylıq pulları ona qaytarmağı öz öhdələrinə götürmüşlər. O da bununla razılaşmışdır. Bu şifahi razılığa görə də o, məcbur qalaraq, avtomobilinin iyul və avqust aylarının ödənişlərini də etmişdir. Lakin sonradan məlum olmuşdur ki, avtomobil həmin şirkətin Bakı şəhərində yerləşən avtomobil kirayə salonunda istifadə edilir və satışa çıxarılmayıb. Bu səbəbdən də, o, avtomobilin cavabdehdən alınaraq ona qaytarılması tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının işə qiyabi icraat qaydasında baxılması barədə yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-362/2023 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-362/2023 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş. 2013-cü il buraxılışlı, «Chevrolet Cruze» markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh MMC-dən alınaraq İddiaçı qaytarılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və 40 qəpik məbləğində xidmət (bank xidməti) haqqının Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Daha sonra Cavabdeh MMC məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının vaxtı və yeri barədə məlumatdırılmadığını və qeyd olunan qətnamədən yalnız xx.xx.2023-cü il tarixdə Nəsimi rayon icra şöbəsinin icra məmuru Murad Xudaverdiyev tərəfindən müəssisənin rəhbəri ilə əlaqə saxlanıldıqda məlumat aldıqlarını qeyd edərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-362/2023 saylı qiyabi qətnaməsinin ləğv edilməsini və işə onların iştirakı ilə baxılmasını xahiş etmişdir . Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-362/2023 saylı qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş və mülki iş təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. Hazırkı məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 26 yanvar 2022-ci il tarixli 00/0049/LZ saylı daxili maliyyə lizinqi müqaviləsindən görünür ki, Cavabdeh MMC (lizinq verən) ilə İddiaçı (lizinq alan) arasında daxili maliyyə lizinqi müqaviləsi bağlanmış, lizinq verən əvvəlcədən lizinq vermək məqsədi ilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya «lizinq alan» tərəfindən seçilmiş, «lizinq verən»lə «satıcı» arasında bağlanan alğı-satqı müqaviləsinə əsasən əldə edilmiş 1 ədəd 2013-cü il buraxılışlı, ban və mühərrik nömrələri müqavilədə qeyd olunan «Chevrolet Cruze» markalı nəqliyyat vasitəsini «lizinq alan»ın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürmüş, «lizinq alan» isə bu müqavilənin şərtlərinə uyğun olaran lizinq obyektindən istifadəyə görə «lizinq verən»ə şərtləşdirilmiş muzd ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər arasında imzalanmış maliyyə lizinqi müqaviləsinin predmeti bir ədəd «Chevrolet Cruze» markalı nəqliyyat vasitəsidir. Müqavilənin 3.1-ci bəndinə əsasən hazırki maliyyə lizinqi müqaviləsi 36 ay müddətinə bağlanmaq şərti ilə lizinq obyektinin «lizinq alan»a təhvil-təslim aktının imzalanmaqla təhvil verildiyi andan hüquqi qüvvəyə minir və 27 yanvar 2025-ci il tarixədək qüvvədədir. Göründüyü kimi, müqavilənin 4.4.1-ci bəndinə əsasən «lizinq alan» maliyyə lizinqi müqaviləsinə 01 saylı əlavə olan ödəniş qrafikinə əsasən dövri olaraq müəyyənləşdirilmiş lizinq ödənişlərini vaxtında və tam şəkildə icra etməlidir. Müqavilənin 5.3-cü bəndinə görə maliyyə lizinqi müqaviləsinə əsasən lizinq obyektinə mülkiyyət hüququ bütün lizinq ödənişlərinin verilməsi və «Lizinq alan»ın «Lizinq verən» qarşısında mövcud olan digər bütün öhdəlikləri icra edildikdən sonra «Lizinq alan»a keçir. İş materiallarına əlavə olunmuş elektron qaimələrdən göründüyü kimi, iddiaçı, lizinq alan İddiaçı ona təqdim edilmiş elektron qaimələr üzrə ödənişləri: xx.xx.2022-ci il tarixdə (11.500 manat); xx.xx.2022-ci il tarixdə (345 manat 26 qəpik); xx.xx.2022-ci il tarixdə (352 manat 61 qəpik); xx.xx.2022-ci il tarixdə (312 manat 59 qəpik) icra etmişdir. Elektron qaimələr üzrə cəmi ödənilən məbləğ 12.510 manat 46 qəpik təşkil edir. Yuxarıda qeyd olunan müqavilənin 9.4-cü bəndinə əsasən lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişləri cəmi 18.963 manat təşkil etməlidir. Həmin məbləğdən 11.500 manatı əmtəənin dəyəri, 7.463 manat isə mükafatdır. Həmçinin iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsinin 5-ci bəndinə əsasən «Lizinq a!an»ın müvəqqəti sahiblik və istifadəsinə verilmiş lizinq obyekti «Lizinq verən»in mülkiyyətindədir. Lizinq obyekti özrə sahiblik və ondan istifadə hüququ «Lizinq alan»a tam həcmdə keçir. Maliyyə lizinqi müqaviləsinə əsasən lizinq obyektinə mülkiyyət hüququ bütün lizinq ödənişlərinin edilməsi və «lizinq alanın «Lizinq verən» qarşısında mövcud olan digər bütün öhdəlikləri icra edildikdən sonra «Lizinq alan»a keçir. Həmçinin daxili maliyyə lizinqi müqaviləsinin 11-ci bəndində, lizinq müqaviləsinin ləğvinə səbəb olan hallar, müqaviləyə birtərəfli qaydada xitam verilməsi, lizinq obyektinin mübahisəsiz qaydada geri götürülməsi və satışı şərtləri müəyyən edilmişdir. Belə ki, lizinq verənin maliyyə lizinq müqaviləsini «Lizinq alan»ın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun olmadıqda, lizinq a!an lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirərsə və ya lizinq obyektini digər şəkildə özgəninkiləşdirməyə yönəlmiş hərəkətlər etdikdə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə və ya iki dəfədən artıq ödənişləri gecikdirirsə, lizinq alan müqavilənin şərtləri ilə nəzərdə tutulmuş məlumatı təqdiq elməyib və ya bilə-bilə yalan və və ya natamam məlumat təqdim etdikdə və müqavilədə müəyyən edilmiş digər hallarda vaxtından əvvəl ləğv etmək və lizinq obyektini geri almaq hüququ vardır. Hazırki iddia tələbi ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında lizinq müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır Azərbaycan Pespublikasının Mülki Məcəlləsinin (bundan sonra - MM) 747.1, 747-5.1 və 747-5.2.1-ci maddələrinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Lizinq obyekti lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilir. Mülki Məcəllənin 748-10.1, 748-10.2 və 748-10.4-cü maddələrinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən yuxarıda sadalanmış normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır. Belə ki, Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Məhkəmə ilk növbədə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı). Qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, mülki məhkəmə icraatı zamanı qanunvericiliklə məhkəmənin üzərinə “obyektiv həqiqət”in deyil, “formal həqiqət”in müəyyən edilməsi, yəni işdə olan sübutlar əsasında nəticəyə gəlmək vəzifəsi qoyulmuşdur. Hazırki mülki işin gedişatı zamanı iddiaçının mübahisələndirdiyi hallara münasibətdə toplanılmış sübutlara, iddia tərəfinin verdiyi izahatlara əsasən müəyyən olunur ki, Cavabdeh MMC «Chevrolet Cruze» markalı avtomobili iddiaçı ilə bağladıqları müqavilənin şərtlərinə uyğun olaraq, müvəqqəti sahiblik və istifadə üçün ona vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını özgənin qanunsuz sahibliyindən tələb edə bilər. İş materiallarından, iddiaçının təqdim etdiyi sübutlardan və tərəflər arasında bağlanmış lizinq müqaviləsindən də göründüyü kimi tələb olunan avtomobil Cavabdeh MMC-nin vəsaiti hesabına əldə olunub və onun mülkiyyətindədir. Tərəflər arasında bağlanmış lizinq müqaviləsi iddiaçıya yalnız lizinq obyektindən istifadə və sahiblik hüququ verib. İddiaçı isə iddia ərizəsində qeyd edir ki, tərəflər arasında şifahi razılaşmaya əsasən, Cavabdeh MMC avtomobili başqasına satmağı və onun ödədiyi ilkin ödəniş olan 9.200 manat pulu və əlavə ödədiyi aylıq pulları ona qaytarmağı öz öhdələrinə götürmüşlər. O da bununla razılaşmışdır. Bu şifahi razılığa görə də o, məcbur qalaraq, avtomobilinin iyul və avqust aylarının ödənişlərini də etmişdir. Lakin sonradan məlum olmuşdur ki, avtomobil həmin şirkətin Bakı şəhərində yerləşən avtomobil kirayə salonunda istifadə edilir və satışa çıxarılmayıb. Bu səbəbdən də, o, avtomobilin cavabdehdən alınaraq ona qaytarılmasını tələb edir. Məhkəmə isə bununla bağlı qeyd edir ki, iddiaçının iddia etdiyi şifahi razılaşma sübut kimi qəbul edilə bilməz. Həmçinin iddiaçı lizinq müqaviləsi qüvvədə olduğu müddətdə lizinq ödənişlərini vaxtında ödəməyərək artıq müqavilənin şərtlərini pozmuş, həmçinin həmin avtomobili cavabdehə qaytararkən və bununla da öz öhdəliyini yerinə yetirmək və lizinq obyektindən istifadə etməyəcəyi niyyətini ifadə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Belə ki, iddiaçının öz tələblərini əsaslandırdığı faktlar təsdiqini tapmadığından və qeyd olunan avtomobilə mülkiyyət hüququ, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsinin şərtlərindən də məlum olduğu kimi Cavabdeh MMC-yə məxsus olduğundan iddia ərizəsi rədd edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı «avtomobil» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdiq etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «avtomobil» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №2(006)-362/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-362/2023
22.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver