Məhkəmə qərarları › İş №2(006)-3625/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3625/2022

08.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3625/2022 08.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili – Vəkil2, Cavabdeh – Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər – X2 və X9, Müstəqil tələb irəli sürən üçüncü şəxs – X17, Müstəqil tələb irəli sürən üçüncü şəxs X17 nümayəndəsi (vəkili) və Cavabdeh nümayəndəsi - Vəkil1 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X20 olmaqla Cavabdeh qarşı «mirasın qəbul edilməsi» tələbinə dair və müstəqil tələb irəli sürən üçüncü şəxs X17 cavabdehlər İddiaçı, X42, Bakı şəhəri 30 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi və s.» tələbinə dair iddia ərizələri üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mirasın qəbul edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi, dalan 8, 2 saylı evin mərhum X12 məxsus 1/2 açıq qalan hissə mirasın iddiaçı tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi, dalan 8, 2 saylı evin mərhum X12 məxsus 1/6 açıq qalan hissə mirasın iddiaçı tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X10 və X20 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X29 cavabdehlər İddiaçı, X42, Bakı şəhəri 30 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Ə.Topçubaşov küçəsi, dalan 8, 2 saylı evin 1/3 hissəsinin 1/2 hissəsinə (1/6 hissəsinə) İddiaçı adına 23 dekabr 2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında göstərilən evin 1/6 hissəsinə dair 27 dekabr 2021-ci il tarixdə İddiaçı Əbdlhüseyn qızının adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilmələri, Bakı şəhəri, Ə.Topçubaşov küçəsi, dalan 8, 2 saylı evin Məryəm İmamverdi qızından miras qalmış 1/3 hissəsinə X11 vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması, Bakı şəhəri, Ə.Topçubaşov küçəsi, dalan 8, 2 saylı evin Məryəm İmamverdi qızından miras qalmış 1/3 hissəsinin daşınmaz əmlakın dövlət reyestrində X11 adına qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi, dalan 8, 2 saylı ev 1/3 hissə olmaqla X19, 1/3 hissə olmaqla X43, 1/6 hissə olmaqla onun və 1/6 hissə açıq qalmaqla mərhum anası X44 adlarına qeydiyyata alınmışdır. Anadan olandan mübahisəli evdə yaşamış, 05 oktyabr 1976-cı il tarixdə X52 ilə nikah bağlayandan sonra mübahisəli evdən qeydiyyatdan çıxaraq ünvan 1 ünvana qeydiyyata düşmüşdür. Həmin nikahdan iki oğlu, Yunus - xx.xx.1977-ci il təvəllüdlü və Taleh - xx.xx.1980-cı il təvəllüdlü olmuşdur. İkinci oğlu anadan olandan sonra həyat yoldaşı daimi yaşamaq üçün Kiyev şəhərinə köçmüşdür. Onun ailəsi onu yola verməmiş, məcbur olaraq 1985-ci ildə anasının, yəni miras qalan evə uşaqları ilə birlikdə qayıtmalı olmuşdur. Həmin vaxtdan anası X21 və atası X45 ilə oğlanları ilə birlikdə yaşamışlar. 27 may 1989-cu il tarixdə anası X21, 20 iyul 1989-cu il tarixdə isə atası X45 vəfat etmişlər. Onlar vəfat etdikdən sonra bu günkü günə kimi miras qalan evdə tək yaşayır və bu günkü günə kimi miras qalan evin kommunal xərclərini və bütün təmir işlərini etmişdir. Məhrum anası X6 miras qalan Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi, dalan 8, 2 saylı ev 1/3 hissə ilə bağlı Bakı şəhəri 30 saylı Notariat ofisinə miras almaq üçün müraciət etmişdir. 23 dekabr 2021-ci il tarixdə miras əmlakın 1/2 hissədə pay almaq ücün vərəsəlik şəhadətnaməsini almışdır, miras əmlakın qalan 1/2 hissəsi açıq qalmışdır. Vərəsə kimi miras əmlaka sahiblik və idarə etmiş, miras əmlakla bağlı bütün kommunal xidmətləri üçün haqlarını vərəsəlik açıldıqdan sonra ödəmişdir. Həm də mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirası tamamilə qəbul etmiş, ondan başqa anasından qalan mirası qəbul edən olmamışdır. Faktiki olaraq mərhum anası X6 qalan mirası qəbul etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X29 iddia ərizəsi onunla əsaslandırılmışdır ki, nənəsi X25 ilə rəsmi nikaha daxil olmuş, onların birgə nikahlarından 01 mart 1931-ci il tarixdə atası X22 və 1933-cü ildə X34 anadan olmuşdur. Babası Pəncəli öldükdən sonra nənəsi X8 Dadaş oğlu ilə rəsmi nikaha daxil olmuşdur. Məryəm İmamverdi qızı ilə Abdulhüseyn Dadaş oğlunun birgə nikahlarından 1941-ci ildə Ağahüseyn, 1946-cı ildə Xanım, 1948-ci ildə Zülfila, 1951-ci ildə Gülzar, 1953-cü ildə Sevil və 1956-cı ildə Həqiqət adlı uşaqları anadan olmuşdur. X1 Zərifə Əşrəf qızı ilə 08 aprel 1955-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından 20 mart 1976-cı il tarixdə anadan olmuşdur. Bakı şəhəri, Ə.Topçubaşov küçəsi, dalan 8, 2 saylı evin 1/3 hissəsi bibisi Cavabdeh, 1/3 hissəsi X9, digər 1/3 hissəsi isə X18 mülkiyyətində olmuşdur. Beləliklə, X30 Bakı şəhəri, Ə.Topçubaşov küçəsi, dalan 8, 2 saylı evin 1/3 hissəsinin mülkiyətçisi olmuş və həmin evdə olan 1/3 hissədə payını 23 yanvar 1989-cu il tarixdə, onun oğlu, atası X13 vəsiyyət etmişdir. Buna dair 23 yanvar 1987-ci il tarixdə vəsiyyətnamə tərtib edilmiş və həmin vəsiyyətnamə 23 yanvar 1987-ci il tarixdə Bakı şəhəri 1 saylı notariat kontoru tərəfindən 417 reyestr sayda qeydə alınaraq təsdiq edilmişdir. X30 26 may 1989-cu il tarixdə ölmüşdür. Nənəsinin ölümünən sonra atası X22 Bakı şəhəri, Ə.Topçubaşov küçəsi, dalan 8, 2 saylı evdə yaşamaqla mirası faktiki qəbul etmiş və sonradan həmin evi yaşaması üçün oğlu Gəncəliyə vermişdir. Gəncəli 1990-cı ildən 2000-ci ilədək həmin evdə yaşamışdır. Sonradan rəhmətə getmişdir. Hazırkı iş üzrə iddiaçı olan bibisi İddiaçı ailə qurması ilə əlaqədar hələ X18 ölməsindən zaman etibarı ilə daha əvvəl Bakı şəhəri, Ə.Topçubaşov küçəsi, dalan 8, 2 saylı evdən köçüb getmişdir. Sonradan evi olmadığı üçün müvəqqəti olaraq onun göstərilən evdə yaşamasına atası İ.Quliyev tərəfindən müvəqqəti icazə verilmişdir. Göstərilənlərə əsasən X18 23 yanvar 1989-cu il tarixdə ölməsi ilə onun mülkiyyətində olmuş Bakı şəhəri, Ə.Topçubaşov küçəsi, dalan 8, 2 saylı evin 1/3 hissəsinə dair miras açılmış və onun ölməsindən sonra atası X22 göstərilən evdə faktiki yaşamaqla mirası faktiki qəbul etmişdir. Göründüyü kimi, atası İ.Quliyev vəsiyyət üzrə vərəsədir və o, Bakı şəhəri, Ə.Topçubaşov küçəsi, dalan 8, 2 saylı evdə faktiki yaşamaqla, habelə ev üzərində səramcanverici səlahiyyəti həyata keçirərək oğlu Gəncəlini və sonradan bacısı və iş üzrə İddiaçı həmin evə köçürmüşdür. Bununla da mirasa faktiki sahibliyi həyata keçirərək mirası faktiki qəbul etmişdir. X18 Bakı şəhəri, Ə.Topçubaşov küçəsi, dalan 8, 2 saylı evin 1/3 hissədə payını 23 yanvar 1989-cu il tarixdə, onun oğlu, atası X13 vəsiyyət etməsinə dair vəsiyyətnamə mövcud olduğu, atası İ.Quliyev mirası vəsiyyət üzrə vərəsəlik hüququ əsasında qəbul etdiyi halda, habelə göstərilən vəsiyyətnamə notariusa məlum olduğu halda, notarius həmin vəsiyyətnaməni notariat işinə əlavə etmiş, lakin mirasın vəsiyyət olunmasına və qanunun tələbinə görə belə halda qanun üzrə vərəsəliyin deyil, vəsiyyət üzrə vərəsəliyin həyata keçirilməli olduğu halda, notarius buna əhəmiyyət verməmiş, miras əmlakı kütləsinə daxil olan Bakı şəhəri, Ə.Topçubaşov küçəsi, dalan 8, 2 saylı evin 1/3 hissəsinin V hissəsinə (1/6 hissəsinə) İddiaçı Əbdlhüseyn qızının adına 23 dekabr 2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş və İddiaçı həmin şəhadətnamə əsasında göstərilən evin 1/6 hissəsinə dair 27 dekabr 2021-ci il tarixdə öz adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Odur ki, Bakı şəhəri, Ə.Topçubaşov küçəsi, dalan 8, 2 saylı evin 1/3 hissəsinin V hissəsinə (1/6 hissəsinə) İddiaçı Əbdlhüseyn qızının adına 23 dekabr 2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında göstərilən evin 1/6 hissəsinə dair 27 dekabr 2021-ci il tarixdə İddiaçı adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Göründüyü kimi, X18 23 yanvar 1989-cu il tarixdə ölməsi ilə onun mülkiyyətində olmuş Bakı şəhəri, Ə.Topçubaşov küçəsi, dalan 8, 2 saylı evin 1/3 hissəsinə dair miras açılmış və onun ölməsindən sonra atası X22 göstərilən evdə faktiki yaşamaqla mirası faktiki qəbul etmişdir. Odur ki, atası İ.Quliyev miras əmlakı olan Bakı şəhəri, Ə.Topçubaşov küçəsi, dalan 8, 2 saylı evin 1/3 hissəsini vəsiyyət üzrə vərəsəlik hüququna malik olduğundan, lakin belə bir hüququnu qeydə aldırmadan vəfat etdiyindən, onun vərəsəsi kimi onun müraciəti əsasında Bakı şəhəri, Ə.Topçubaşov küçəsi, dalan 8, 2 saylı evin 1/3 hissəsi vəsiyyət üzrə vəsərəlik hüququ əsasında atası İ.Quliyevin adına qeydə alınmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 ilk iddia tələbinin təmin olunmasını və müstəqil tələb irəli sürən üçüncü şəxs X29 tərəfindən verilmiş iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ilk iddia tələbinin rədd edilməsini və müstəqil tələb irəli sürən üçüncü şəxs X29 tərəfindən verilmiş iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 ilk iddia tələbinin rədd edilməsini və müstəqil tələb irəli sürən üçüncü şəxs X29 tərəfindən verilmiş iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 ilk iddia tələbinin rədd edilməsini və müstəqil tələb irəli sürən üçüncü şəxs X29 tərəfindən verilmiş iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X29 ilk iddia tələbinin rədd edilməsini və onun tərəfindən verilmiş iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X17 nümayəndəsi (vəkili) və Cavabdeh nümayəndəsi Vəkil1 ilk iddia tələbinin rədd edilməsini və müstəqil tələb irəli sürən üçüncü şəxs X29 tərəfindən verilmiş iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X27 ifadəsində bildirdi ki, 19 aprel 1922-ci il tarixli aktı imzalamışdır. İddiaçı qonşusudur. Oraya 1987-ci il tarixdə köçmüşdür və köçdüyü gündən də iddiaçı mübahisəli mənzildə yaşayır. Oraya köçəndə iddiaçının ana-atası sağ idi. İddiaçı mənzildə tək yaşayır. Cavabdeh, Zəhraxanımı və X23 tanımır. Məhkəmə iclasında şahid X62 ifadəsində bildirdi ki, 19 aprel 1922-ci il tarixli aktı imzalamışdır. İddiaçı qonşusudur. 1968-ci ildə orada doğulmuşdur və orada yaşayır. İddiaçı daima orada yaşamışdır. Sevil xanımı tanıyır, lakin həmin evdə yaşamamışdır. Zəhraxanımı, Rafiq bəyi və Pəncəlini tanımır. Məhkəmə iclasında şahid X46 ifadəsində bildirdi ki, 19 aprel 1922-ci il tarixli aktı imzalamışdır. İddiaçı qonşusudur. Orada doğulmuş və 1961-ci ildən orada yaşayır. İddiaçı həmin mənzildə doğulmuşdur. İddiaçı bəzi vaxtlar orada olmamışdır. İddiaçını təxminən 10 il müddətdir ki, fasiləsiz orada görür. Sevil xanımı tanıyır, Sevil xanım oraya gəlir-gedir. Rafiq bəyi tanıyır, Pəncəlinin qardaşıdır. Pəncəlini orada görmüşdür. Pəncəli iddiaçının qardaşı oğludur. Zəhraxanımı tanımır. Məhkəmə iclasında şahid X35 ifadəsində bildirdi ki, iddiaçı əmisinin arvadıdır, Sevil xanım ərinin bibisidir. 1991-1997-ci il tarixlərdə həmin mənzildə yaşamışdır. İddiaçı Ukraniyadan gəldi, onlarla birlikdə qalmışdır. 1997-ci ildən sonra məlumatı yox idi. Bir həyətdə girişləri ayrı olan evlərdir. Məhkəmə iclasında şahid X36 ifadəsində bildirdi ki, iddiaçı qonşusudur. Cavabdehlər də qonşularıdır. 1981-ci ildən orada yaşayır. Həmin həyətdə 3 üv var. İddiaçının ana-atası vəfat edəndən sonra iddiaçı orada yaşamağa başlamışdır. Əvvəl Zemfiraxanım orada yaşayırdı. İmamverdi bəy də orada yaşamışdır. İmamverdi bəy Sevilin qardaşıdır. 1989-cu ildən oradan çıxmış, 1995-ci ildə oraya qayıtmışdır. 1981-ci ildən 1989-cu ilə kimi iddiaçını orada görməmişdir. Hazırda iddiaçı həmin evdə yaşayır. Cavabdehlər orada yaşamırlar. Pəncəlini görmüşdür, gəlib-gedirdi, bir müddət ailəsi ilə də orada qalmışdır. Məhkəmə iclasında şahid X37 ifadəsində bildirdi ki, 1972-ci ildə ailə həyatı qurduqdan sonra oraya köçmüşdür. İddiaçını və cavabdehləri 1972-ci ildən orada görmüşdür. Hazırda həmin evdə yalnız iddiaçını görür. İddiaçı Kiyevə 1992-ci ildə getmişdir. 1971-ci ildə nişan mərasimi həmin həyətdə olmuşdur. İddiaçının əri ilə münaqişəsi olduqdan sonra yenidən həmin evə qayıtmışdır. Məhkəmə iclasında şahid X31 ifadəsində bildirdi ki, Rafiq Quliyev qardaşıdır. Pəncəli və Allahverdi qardaşları olmuş, onlar vəfat etmişlər. Doğulandan Sumqayıt şəhərində yaşamışdır. Mübahisəli mənzildə nənəsi yaşamışdır. Nənəsi vəfat etdikdən sonra atası yaşamağa başlamışdır. Daha sonra Pəncəli və arvadı həmin evdə yaşamışlar. Mübahisəli mənzilə gedib-gəlmişdir. İddiaçı bibisidir, orada yaşamamışdır, iddiaçı da həmin evə gəlibgedirdi. Atası həmin mənzildə 1985-ci ildən 1991-ci ilə qədər yaşamışdır. Pəncəli 1991-ci ildən 2001-ci ilədək həmin mənzildə yaşamamışdır. Məhkəmə iclasında şahid X14 ifadəsində bildirdi ki, Rafiq Quliyev bacanağıdır. Həmin mübahisəli mənzildə çoxdan olmuşdur. 1991-ci ilə qədər mübahisəli mənzilə gedibgəlmişdir. 1991-ci ilə qədər mübahisəli mənzildə İmamverdi bəy və onun övladları yaşamışdır. İddiaçını tanımır və görməmiş, cavabdehi tanıyır. İmamverdi bəy insult keçirdikdən sonra Sumqayıt şəhərinə köçmüşlər. Pəncəli 2001-ci ilə qədər orada yaşamışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin, müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin, müstəqil tələb irəli sürən üçüncü şəxsin, onun nümayəndəsi (vəkili) və Cavabdeh nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia tələbi təmin edilməli, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: АЗБ seriyalı 160238 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1951-ci il təvəllüdlü X3 atası Dadaşov Əbdülhüseyn, anası X7r. AZ-İİ seriyalı 186996 saylı Ölüm haqqında Şəhadətnamədən görünür ki, X16 xx.xx.1989-cu il tarixdə ölmüşdür. AZ-İİ seriyalı 186999 saylı Ölüm haqqında Şəhadətnamədən görünür ki, X45 xx.xx.1989-cu il tarixdə ölmüşdür. “Vətəndaşlıq vəziyyəti aktları” AQİS-dən çıxarışdan görünür ki, XX.XX.1931-ci il təvəllüdlü X22 xx.xx.1991-ci il tarixdə ölmüşdür. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.1953-cü ildə Bakı şəhərində anadan olmuş Xəlilova (Dadaşeva) Sevil Abdul qızı ailə qurduqdan, yəni 1985-ci ildən sonra, yaşadığı və mərhum anası X15 məxsus olan ünvan 2 ünvanda yerləşən evdən başqa ünvana köçdüyü üçün həmin vaxtdan etibarən bu günə kimi bir gündə olsa qeyd edilən ünvanda yaşamamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********85 saylı məktubundan görünür ki, ünvan 5 ünvanı hər birinə 1/3 hissə olmaqla X19, X42 və X48 adlarına qeydiyyata alınmışdır. Dövlət reyestrində və arxiv sənədlərində olan məlumatlara əsasən həmin fərdi yaşayış evinin ümumi sahəsi 138.3 kv.m, yaşayış sahəsi isə 107. 2 kv.m təşkil edir. Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş 8İ- 20053 reyestr nömrəli Ərizədən görünür ki, İddiaçı 1985-ci ildən hal-hazıra kimi Bakı şəhəri, Nəsimi rayonu, Ə.M.Topçubaşov küçəsi, dalan 8 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evində yaşayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ünvan 6 ünvanında qeydiyyatdadır. ünvan 7əsəlik işi üzrə verilmiş xx.xx.2021-ci il tarixli 2V-92 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.1989-ci il tarixdə vəfat etmiş X4 vərəsələri İddiaçıdır ve o miras əmlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2021 tarixdə X4 adına verilmiş **********18-10301 reyestr nömrəli, ********** qeydiyyat nğmrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 8 ünvanında yerləşən üınumi sahəsi 138.3 kv/m olan fərdi yaşayış evinin 1/3 hissəsindən ibarətdir. **********18-10301 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi X9, 1/3 hissəsi Cavabdeh, 1/6 hissəsi İddiaçı, 1/6 hissəsi (açıq qalır) X4 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Kommunal ödənişlərə dair qəbzlərdən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi üzrə hesablanmış kommunal ödənişlər ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə İddiaçı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı 1985-ci ildən hal-hazıra kimi Bakı şəhəri, Nəsimi rayonu, Ə.M.Topçubaşov küçəsi, dalan 8 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evi X4 mülkiyyətində olmuş, X16 həmin evdə ailəsi, o cümlədən iddiaçı (nikaha daxil olanadək) ilə birgə yaşamışdır. X16 xx.xx.1989-cu il tarixdə, onun əri və iddiaçının atası X45 xx.xx.1989-cu il tarixdə öldükdən sonra həmin evdə iddiaçı yaşamış və hazırda da həmin evdə yaşayır, evə dair kommunal ödənişləri həyata keçirir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 217.2-ci maddəsinin tələblərinə müvafiq olaraq hesab edir ki, iddiaçı mübahisə predmeti olan fərdi yaşayış evini 1989-cu il tarixdən idarə etməyə başladığından hazırkı mübahisəyə Azərbaycan SSR-in 1964-cü ildə qəbul edilmiş və 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. 2000-ci il sentyabr 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu birtərəfli, könüllü əqddir və özünün miras əmlak əldə etmək və almaq niyyətini açıq şəkildə göstərən hərəkətlərdə ifadə olunur. Bu hərəkətlər əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı hesab oluna bilər. Mirasın qəbuluna dair hərəkətlər isə iki formada ola bilər - mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmək barədə ərizə vermək, yaxud əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Hazırki halda qeyd edilənlər formasında miras əmlakın faktiki olaraq qəbul edilməsi təsdiqini tapır. Belə ki, iş materiallarında olan sənədlərlə və şahid ifadələri ilə müəyyən edilir ki, anası X16 1989-cu ildə öldükdən sonra birinci növbə vərəsə olan iddiaçı evdə yaşamaqla evi faktiki olaraq qəbul edib istifadəsində saxlamış və hazırda da mirası idarə etməkdə davam edir ki, nəticədə onun mübahisəli evdə olan X4 açıq qalan 1/6 hissəsinə vərəsəlik hüququ yaranmışdır. Eyni zamanda iddiaçının mirası faktiki qəbul etməsi Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən açılmış V-57/2021 nömrəli vərəsəlik işində də müəyyən edilmiş, həmin əsasla iddiaçıya xx.xx.2021-ci il tarixli 2V-92 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X17 iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Qeyd edilən iddia tələbi üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs iddia tələbinin əsası kimi X16 tərəfindən mübahisəli evin X13 vəsiyyət edilməsinə dair 23 yanvar 1989-cu il tarixli vəsiyyətnamə olduğuna görə mübahisələndirilən Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsinin qanunsuz olmasına istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, vəsiyyətnamə 23 yanvar 1989-cu il tarixdə verilmiş, X22 isə xx.xx.1991-ci il tarixdə ölmüşdür. Anası öldükdən sonra, yəni mirasın açıldığı gündən X22 tərəfindən mirasın vəsiyyətnamə üzrə qəbul edilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət edilməsi, eyni zamanda mirasın faktiki qəbul edilməsinə dair iş materiallarında mötəbər sübut yoxdur, habelə bu barədə müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Hətta, X22 tərəfindən vəsiyyətnamə üzrə miras qəbul edilmiş sayılsa belə, müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən vərəsəliyin açıldığı xx.xx.1991-ci il tarixdən mirasın qəbul edilməsinə dair qanunla müəyyən edilmiş müddət ərzində notariat orqanına müraciət etməsinə, habelə onun tərəfindən mirasın faktiki qəbul edilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X22 tərəfindən miras, mirasın qəbuluna dair hərəkətlərin hər iki formasında qəbul edilmədiyindən onun miras əmlaka vəsiyyət üzrə vərəsəlik hüququ tanına bilməz, həmçinin vəsiyyətnamə iddiaçının adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçının adına verilmiş xx.xx.2021-ci il tarixli 2V-92 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğv edilməsi üçün məhkəmə tədqiqatı zamanı hər hansı əsas müəyyən edilməmiş, eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs şəhadətnamənin ləğv edilməsi üçün əsas olan hər hansı bir sübutu məhkəməyə təqdim etməməklə iddiasını sübuta yetirə bilməmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin digər hissələrinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbinin həmin hissələri şəhadətnamənin ləğv edilməsinə və vərəsəlik hüququnun tanınmasına əsaslanmaqla onlardan asılı olduqlarından və həmin tələblər üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi digər hissələrdə də əsassız hesab olunmaqla təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X20 olmaqla Cavabdeh qarşı «mirasın qəbul edilməsi» tələbinə dair iddia ərizəsi təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi, dalan 8, 2 saylı evin mərhum X12 məxsus 1/6 açıq qalan hissə miras İddiaçı tərəfindən qəbul edilmiş hesab edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X17 cavabdehlər İddiaçı, X42, Bakı şəhəri 30 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi və s.» tələbinə dair iddia ərizəsi rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu müstəqil tələb irəli sürən üçüncü şəxs X24 aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar