Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3634/2021 26.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Tağıyeva Ofelya Telman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı "aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC tərəfindən tərtib edilmiş 06.01.2021-ci il tarixli, 206240 saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış 461,83 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı məcburi köçkün olmaqla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. İddiaçı işıqdan istifadəyə verilən bildirişdə ödəniləcək məbləğin 775.87 manat olması qeyd edildiyindən həmin borc məbləğinin aydınlaşdırılması üçün müvafiq quruma müraciət etmiş, bildirişdə qeyd edilən 775.87 manat pulun 461,83 manatının cərimə, 314,04 manatının isə borc olması izah edilmişdir. İşıq idarəsi tərəfindən İddiaçı yaşadığı fərdi yaşayış evinin yerləşdiyi küçədə quraşdırılmış sayğaca keçirilmiş baxış zamanı sayğacın klemalarının yanaraq sıradan çıxmaqla sayğacın yanması müəyyən edilmiş, 06.01.2021-ci il tarixli, 206240 saylı akt tərtib edilmiş, tərtib edilən akt zamanı hal şahidlərinin iştirakı təmin edilməmiş, habelə məişət abonenti olaraq İddiaçı əvəzinə saxta imza edilmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh qismində «xxxx» ASC-nin cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, «xxxx» ASC-nin əməkdaşları tərəfindən onun iştirakı və xəbəri olmadan, üzərində isə heç bir təsdiqləyici möhür olmadan 06.01.2021-ci il tarixli, 206240 saylı aktı tərtib etmiş, saxtakarlıq edilərək aktda isə onun adının qarşısında onun yerinə imza edilməsi ASC-nin əməkdaşlarının saxtakarlığını bir daha sübuta yetirir. İddianın əsaslı olmasını nəzərə alıb təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də cavabdeh məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 06 yanvar 2021-ci il tarixli 206240 saylı Aktdan görünür ki, istehlakçı İddiaçı (abonent kodu: **********20072) yaşadığı ünvan 2 ünvanında ünvanında yerləşən həyət evinin çölündə yerləşən elektrik sayğacının qısa qapanmadan yanması aşkar edilmiş, amperkəlbətinlə axan cərəyan ölçülmüş, akt «xxxx» ASC-nin əməkdaşları F.Kərimov və E.Zeynalov tərəfindən imzalansa da, məişət abonenti qarşısında imza qrafasının İddiaçı tərəfindən imzalanması qeyd edilmişdir (halbuki abonent həmin imzanın ona məxsus olmadığını qeyd edir.) Mülki işin materiallarında olan 16 mart 2021-ci il tarixli icra vərəqindən görünür ki, 06 yanvar 2021-ci il tarixli 206240 saylı Akta əsasən elektrik sayğacının qısa qapanmadan yanması qüsuru aşkar edilmiş, istehlakçı İddiaçı (abonent kodu: **********20072) 2020-ci ilin dekabr ayında 3806 kvt elektrik enerjisi sərf etmişdir. Mülki işin materiallarında olan abunə haqqında məlumatdan görünür ki, İddiaçı (abonent kodu: **********20072) tərəfindən 3806 kvt elektrik enerjisində istifadə etməsi qeyd edilmiş, nəticədə 15,05 manat (köhnə tarif üzrə 0,7 manat), 418,66 manat (yeni tarif üzrə 0,11 manat) enerjidən istifadə qaydalarının pozulması ilə bağlı 433,71 manat məbləğ hesablanmışdır. Mülki işin materiallarında olan «xxxx» ASC-nin bildiriş-xəbərdarlıq vərəqindən görünür ki, İddiaçı (abonent kodu: **********20072) 461,83 manat qalıq borc hesablanmışdır. Mülki işin materiallarında olan 07 yanvar 2021-ci il tarixli ******* saylı məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokoldan görünür ki, İddiaçı yaşadığı ünvanda (abonent kodu: **********20072) 06 yanvar 2021-ci il tarixli 206240 saylı Akta əsasən sayğacın yanması səbəbindən M550 tipli 18782122 №-li yeni sayğac quraşdırılmışdır. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, «xxxx» ASC-nin elektrik sayğacının qısa qapanma səbəbindən yanmasına görə cavabdehliyi iddiaçı-istehlakçı İddiaçı üzərinə qoymasl barədə dəlili əsassızdır. Odur ki, qısa qapanma istehlakçının təqsiri üzündən baş verməsinə dair paylayıcı qurum tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən elektrik sayğacına hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair, həmçinin elektrik sayğacında qısa qapanmanın istehlakçının təqsiri üzündən baş verməsi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçıdan tələb olunan borcun hansı akta əsasən abonent hesabına borc olaraq hesablanması və borcun yaranması əsası müəyyən edilmədiyindən həmin məbləğ iddiaçıdan tələb edilə bilməz. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına istinadən əsaslı hesab edir: İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 13cü maddəsinin 8-ci bəndində qeyd edilmişdir ki, dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Qanunun 17-ci maddəsində qeyd edilmişdir ki, ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra – Qaydanın) 7.6-cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Qaydanın 8.32-ci bəndində göstərilmişdir ki, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydanın 8.33-cü bəndində göstərilmişdir ki, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydanın 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Məhkəmə araşdırmaları zamanı o da müəyyən edilmişdir ki, «xxxx» ASC-nin əməkdaşları F.Kərimov və E.Zeynalov tərtib edilmiş 06 yanvar 2021-ci il tarixli 206240 saylı Akt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq tərtib edilməmişdir. Belə ki, qeyd edilən qərarda abonent tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə aktın tərtib edilməsi zamanı enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı zəruri hesab edilsə də, mübahisəli aktın tərtibi zamanı iki nəfər hal şahidinin iştirakı təmin edilməmişdir. Bundan başqa hazırki iş üzrə iddiaçı abonent İddiaçı məxsus elektrik sayğacı evdə deyil, həyət evinin çölündə olduğundan hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıdığından «xxxx» ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 06.01.2021-ci il tarixli, 206240 saylı akt etibarsız hesab edilməli, həmin akt əsasında ünvan 1 ünvanında yerləşən evdə quraşdırılmış elektrik sayğacının abonent hesabına əsassız yazılmış 433,71 manat məbləğində əlavə borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsi). Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, yaşadığı ünvan 2 ünvanında ünvanında yerləşən həyət evinin çölündə yerləşən elektrik sayğacının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı-istehlakçı İddiaçı (abonent kodu: **********20072) deyil, cavabdeh-enerjitəchizatı müəssisəsi özü daşıdığından, elektrik sayğacının işlək vəziyyətdə olmaması onun təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) səbəbindən baş vermədiyindən İddiaçı (**********20072 nömrəli abonent kodu) adına tərtib edilmiş 206240 nömrəli, 06.01.2021-ci il tarixli akt etibarsız hesab edilməli, sərf olunmuş elektrik enerjisinin bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna 3806 kvt enerjinin sərfiyyatına dair əsassız olaraq hesablanmış 433,71 manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 9.1.15-ci maddəsində göstərilmişdir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də cavabdehdən 20 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı (**********20072 nömrəli abonent kodu) adına tərtib edilmiş 206240 nömrəli, 06.01.2021-ci il tarixli akt etibarsız hesab edilsin və həmin akta əsasən hesablanmış 433,71 manat (dörd yüz otuz üç manat, yetmiş bir qəpik) manat məbləğində cərimə silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-3634/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3634/2021
26.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver