Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3637/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və «xxxx» MMC-yə qarşı «düzgün olmayan vaxtı keçmiş borcun silinməsi, həmin borcdan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi və kredit tarixçəsi hesabatında düzgün olmayan məlumatların aralan qaldırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdeh ləğv prosesində olan QSC «Bank Standard» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 25.12.2020-ci il tarixdə bank xidmətləri ilə bağlı əməliyyat aparan zaman ona ilk dəfə adında vaxtı keçmiş kreditin olması barədə məlumat bildirilmişdir. xxxxndan (ASAN Xidmətdən) əldə etdiyi 13.01.2021ci il tarixli SF-336 nömrəli çıxarışda həmin vaxtı keçmiş kreditin ləğv prosesində olan Cavabdeh1 ASC-dən götürülmüş kreditin olduğu qeyd olunmuşdur. Göstərilmişdir ki, həmin kredit 27.03.2013-cü il tarixdə verilmiş 160,96 manat «kredit»dir və kreditin son müqavilə ilə bitmə tarixi 27.03.2014-cü il, əsas borcun gecikmə günlərinin sayı 2291 gün qeyd olunmuşdur. Eyni zamanda qeyd olunan kredit reyestrinə 2019-cu ilin sentyabr ayında əlavə olunmuşdur. «Kredit Büroları haqqında» Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinə uyğun olaraq kredit tarixçəsi barədə hesabatda düzgün olmayan məlumatın aradan qaldırılması üçün Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin 2017-ci il 27 dekabr tarixli qərarı ilə müflis elan edilmiş və barəsində iflas proseduruna hesablanmış Cavabdeh1 ASC-yə Əmanətlərin Sığortalanması Fondunun ləğvedicisi təyin edildiyini nəzərə alaraq yuxarıla qeyd olunan məsələnin araşdırılması ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna müraciət ünvanlanmışdır. Qeyd olunan müraciət ləğv prosesində olan Cavabdeh1 ASC-nin 18.01.2021-ci il tarixli **********611 nömrəli məktubu ilə cavablandırılmışdır. Bildirilmişdir ki, «ləğv prosesində olan Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 27.03.2013-cü il tarixli, 55181803 saylı müqaviləyə əsasən borcalana 12 ay müddətinə qaytarmaq şərti ilə 160.96 manat məbləğində debet kartı verilmişdir. Birdiririk ki, 19.12.2013-cü il tarixdə «Hoten National»-da 51,20 (əlli bir,20) EURO istifadə edilib, və 55,40 (əlli beş, 40) manat qalıq yaranmışdır və illik 27% olmaqla hesablamağa başlanmışdır. 29.06.2015-ci il tarixdə isə «Hoten Orcagna»-da 89,20 (səksən dolluz,20) EURO istifadə edilib və 105,56 (bir yüz beş,56) manat qalıq yaranmışdır və ümumi əsas borca 160,96 manat illik 27% olmaqla faiz hesablamağa başlanmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, ləğv prosesində olan Cavabdeh1 ASC qarşısında 27.03.2013-cü il tarixli 55181803 saylı müqavilə üzrə 08.01.2021-ci il tarixinə, bank əməliyyat sistemində, 160,96 manat məbləğində əsas, 249,49 (iki yüz qırx doqquz,49) manat məbləğində faiz, 158,37 (bir yüz əlli səkkiz, 37) manat məbləğində cərimə borcu olmaqla, 568,82 (beş yüz altmış səkkiz,82) manat borc öhdəliyiniz mövcuddur». Buna müvafiq olaraq ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən təqdim edilmiş məlumatlarla ciddi uyğunsuzluqlar mövcuddur. Belə ki: 1.Digər banklarla yanaşı 27.03.2013-cü ildə Cavabdeh1 ASC-də istifadə müddəti 1 il olan «Debet» kartı olmuşdur. Kart təqdim olunan zaman içərisində vəsait olmamışdır və karta daxil etdiyi ilkin 200 manat vəsaiti istifadə etdikdən sonra kartla heç bir əməliyyat aparılmamış və kartın istifadə müddəti 27.03.2014-cü ildə bitmişdir. Başqa sözlə, bank tərəfindən iddiaçıya hər hansı bir vəsait verilməmişdir və «Debet» kartlarda (əmək haqqı kartı da debet kartdır) olan vəsait bankın deyil, sırf kart istifadəçisinin şəxsi vəsaitidir.
2. «Debet» kartın overdrafta düşməsi ilə bağlı şərtin Müqavilədə olub-olmaması sorğu olunmuşdur. Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçı ilə bank arasında «Müqavilənin» olmadığını bildirmişdir. Cavabdeh1 ASC tərəfindən isə 2013-2014-cü illərdə «Debet» kartlara görə müqavilə olmadığı bildirilmişdir. Müqavilənin olmaması və ya müqavilədə iddiaçıya verilmiş «Debet» kartın overdrafta düşməsi ilə bağlı şərtin olmadığı təqdirdə, iddiaçının həmin borcla bağlı hər hansı məsuliyyəti yaranmır. Başqa sözlə, tərəflər yalnız müqavilə şərtləri ilə bağlı öhdəlik daşıyırlar.
3. Bildirilmişdir ki, 27.03.2013-cü ildə «Debet» kartı 1 il müddətinə verilmişdir və 19.12.2013-cü il tarixdə və 29.06.2015-ci il tarixdə overdrafta düşmüşdür. Halbuki kartın istifadə müddəti 27.03.2014-cü ildə bitmişdir. İstifadə müddəti bitmiş kartın 29.06.2015-ci ildə (1 il 3 ay sonra) overdrafta düşməsi mümkünsüzdür və məntiqsizdir.
4. Qeyd olunan əməliyyatlar 2013-cü ildə baş vermişdir. İndiyə kimi istifadə etdiyi kredit kartlarını da götürən zaman Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarış (ən sonuncu 28.10.2016-cı il tarixdə) əldə olunmuş və çıxarışlarda hansı bir gecikmiş borcun olması barədə qeyd və ya məlumat olmamışdır. xxxxndan əldə etdiyi 13.01.2021-ci il tarixli SF-336 nömrəli çıxarışda da 2013-cü ilə aid məlumatlar isə yalnız 2019-cu ilin sentyabr ayında kredit reyestrinə daxil edilmişdir. Təxminən 6-7 il ərzində faiz, vaxtı keçmiş faiz və cərimələr hesablanmış və bu barədə kredit reyestrinə və iddiaçıya məlumat verilməmişdir. Təsadüf nəticəsində iddiaçı başqa banka (Kredit Bürosuna) müraciət etməsəydi, hələ də bu məsələ ilə bağlı məlumatı olmayacaqdı. Bu dövr ərzində iddiaçıya bu borc barədə hər hansı bildiriş, məlumat və s.verilməmişdir. Göstərilənlərə əsasən kredit tarixçəsinin subyekti olaraq, kredit hesabatını təşkil edən ləğv prosesində olan Cavabdeh1 ASC ilə bağlı düzgün olmayan vaxtı keçmiş borcun silinməsi, həmin borcdan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi və kredit tarixçəsi təşkil edən düzgün olmayan məlumatların aradan qaldırılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək «xxxx» MMC-nin cavabdeh kimi əlavə edilməsi, iddiaçı ilə ləğv prosesində olan Cavabdeh1 ASC arasında olan münasibətlərdən (düzgün olmayan kredit borcunun silinməsi) irəli gələn kredit tarixçəsi təşkil edən düzgün olmayan məlumatların aradan qaldırılması, ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xxxxna iddiaçıya dair yanlış, düzgün olmayan məlumatın kredit tarixçəsinin məlumat bazasından silinməsi ilə bağlı məlumat göndərilməsi, xxxx tərəfindən kredit tarixçəsi hesabatını təşkil edən yanlış, düzgün olmayan məlumatın kredit tarixçələrinin məlumat bazasından silinməsi təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini və dəqiqləşdirilməni müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh «xxxx» MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh «xxxx» MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “xxxx” MMC-nin 13.01.2021-ci il tarixli çıxarışından görünür ki, İddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC-yə 27.03.2013-cü il tarixli kredit müqaviləsi üzrə kredit qalıq 160,96 manat, faiz məbləği 245,27 manat, əsas borcun gecikdirdiyi günlərin sayı – 2291 gün, faizlərin gecikdirildiyi günlərin sayı 952 gün təşkil etmişdir. Kreditin bitmə tarixi 27.03.2014-cü il tarixi göstərilmşdir. İş üzrə ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən İddiaçı ünvanlanmış 12.02.2021-ci il tarixli məktubun kserosurətindən görünür ki, ləğv prosesində olan Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 27.03.2013-cü il tarixli, 55181803 saylı müqaviləyə əsasən borcalana 12 ay müddətinə qaytarmaq şərti ilə 160,96 manat debet kartı verilmişdir. 19.12.2013-cü il tarixdə «Hoten National»da 51,20 Euro istifadə edilib və 55,40 manat qalıq yaranmışdır və illik 27% olmaqla hesablanmağa başlanmışdır. 29.06.2015-ci il tarixdə isə «Hoten Orcagna»da 89.20 Euro istifadə edilib və 105,56 manat qalıq yaranmışdır və ümumi əsas borca 160,96 manat illik 27% olmaqla faiz hesablanmağa başlanmışdır. Ləğv prosesində olan Cavabdeh1 ASC qarşısında, 27.03.2013-cü il tarixli, 55181803 saylı müqavilə üzrə 08.01.2021-ci il tarixinə, bank əməliyyat sistemində, 160,96 manat məbləğində əsas, 249,49 manat məbləğində faiz, 158,37 manat məbləğində cərimə borcu olmaqla, 568,82 manat borc öhdəliyi mövcuddur. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmçinin, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «Kredit Büroları Haqqında» Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinə əsasən kredit tarixçəsinin subyekti öz kredit hesabatını təşkil edən məlumatın yanlış olmasını aşkar etdikdə, düzgün olmayan məlumatın aradan qaldırılması üçün müvafiq kredit bürosuna və məlumat təchizatçısına müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh1 ASCdən 27 mart 2013-cü il tarixdə 1 illik müddətlə debet kart hesabı açılmışdır. İddiaçı tərəfindən həmin debet karta 200 manat məbləğində vəsait yerləşdirilmiş, daha sonradan həmin vəsait iddiaçı tərəfindən istifadə olunmuşdur. Kartın istifadə müddəti 27 mart 2014cü il tarixində bitmişdir. Kartın istifadə müddəti bitdikdən sonra tərəflər arasında heç bir müqavilə olmadan, şərtlər müəyyən edilmədən “overdraft”la iddiaçıya borc limiti açılmış və müəyyən məbləğ iddiaçının məlumatı olmadan istifadə olunmuşdur. Halbuki qeyd olunan debet kartları kredit kartı olmamaqla şəxsin qoyduğu vəsait məbləğində istifadə üçün nəzərdə tutulan kartdırki, onada əlavə borc kimi limit açılması(overdraft) barədə tərəflər arasında müqavilə olması lazım idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iddia tələblərinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilərək, iddiaçı ilə ləğv prosesində olan Cavabdeh1 ASC arasında olan 27 mart 2013-cü il tarixli kart hesabı üzrə borc silinməli, ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən “xxxx” MMC-yə iddiaçıya dair 27 mart 2013-cü il tarixli kart hesabı üzrə borcun olmaması və gecikdirilmiş günlərə dair məlumatın kredit tarixçəsi bazasından silinməsi ilə bağlı məlumat göndərilməsi öhdəliyi ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun, “xxxx” MMC tərəfindən İddiaçı aid 27 mart 2013-cü il tarixli LPO Cavabdeh1 ASC ilə bağlı kredit tarixçəsinin “Borcalanın aktiv öhdəlikləri”-nə aid hissədəki məlumat bazasından silinməsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. İddiaçı ilə ləğv prosesində olan Cavabdeh1 ASC arasında olan 27 mart 2013-cü il tarixli kart hesabı üzrə borc silinsin. Cvaabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən “xxxx” MMC-yə iddiaçıya dair 27 mart 2013-cü il tarixli kart hesabı üzrə borcun olmaması və gecikdirilmiş günlərə dair məlumatın kredit tarixçəsi bazasından silinməsi ilə bağlı məlumat göndərilməsi öhdəliyi Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. “xxxx” MMC tərəfindən İddiaçı aid 27 mart 2013-cü il tarixli LPO Cavabdeh1 ASC ilə bağlı kredit tarixçəsinin “Borcalanın aktiv öhdəlikləri”-nə aid hissədəki məlumat bazasından silinsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ramin Xəlilov