Məhkəmə qərarları › İş №2(006)-3639/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3639/2023

02.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3639/2023 02.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Heydərova Əfsanə Elbrus qızı, İddiaçı MTK-nın cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM : İddiaçı MTK cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verildiyindən geri qaytarılmalıdır. Belə ki, işə baxan məhkəmə aidiyyəti ilə bağlı məsələni həll edərkən mübahisənin predmeti (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakteri) və hüquq münasibətlərinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və s.) nəzərə almalıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi” haqqında 16 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinin məzmunu dəyişdirilmiş, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxılması müəyyən edilmişdir. Maddənin məzmunundan göründüyü kimi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olan bütün mübahisələrə ərazi yurisdiksiyası üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Hazırki iddia ərizəsindən göründüyü kimi hazırki tələb İddiaçı MTK-nın cavabdeh "xxxx" ASC-yə qarşı kommunal xərclərlə bağlı yaranmış borcun silinməsi ilə bağlıdır. Belə olan halda hazırki mübahisəyə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan ümumi məhkəmədə yox, ərazi yurisdiksiyası üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmçinin “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarına əsasən fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. Həmçinin nəzərə alınmalıdır ki, təbii inhisar subyektləri olan “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC-yə qarşı sahibkarlıq subyektlərinin, dövlət, bələdiyyə orqanlarının, eləcə də kommersiya məhkəmələrinə aid olduğu halda qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərin iddialarına, sonuncunun yerləşdiyi yer üzrə müvafiq kommersiya məhkəmələrində baxılması Azərbaycan Respublikası MPM-nin 36.11-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddənin tələbinə görə icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Bu Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. Hesab edirəm ki, işə məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3, 152, 284-3.5, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MTK-nın cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar