Məhkəmə qərarları › İş №2(006)-365/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-365/2022

20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-365/2022 20.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi ilə, İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC ilə onun arasında olan 16.08.2011-ci il tarixli kredit müqaviləsi üzrə ona qanunsuz hesablanmış 1391,38 manat borcun silinməsi barədə silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ASC ilə 16.08.2011-ci il tarixdə 216 ay müddətinə qaytarmaq şərti ilə müqavilə bağlayaraq 42000 manat məbləğində kredit götürmüşdü. O, banka olan borcunu ödəyib qutarmışdı. Lakin hazırda ona məlum olmuşdur ki, guya onun banka 07.07.2021-ci il tarixinə 1391,38 manat borcu vardır. Ona borcunun olması ilə bağlı heç vaxt bank tərəfindən xəbərdarlıq gəlməyib. Həmçinin bildirir ki, o borcu tam ödəyib qutarmışdı. Hesab edir ki, ona hesablanan borc tam əsassız və qanunsuzdur. Həmçinin pul tələbi barədə ona qarşı yönələn borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, lakin məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ünvanlayaraq növbəli iş rejiminə görə iştirak edə bilməyəcəyini bildirmiş və iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdehin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə işinin çoxluğu ilə bağlı iclasda iştirak edə bilməyəcəyini bildirmiş, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla borclunun kredit hüquq münasibətləri üzrə yaranmış kredit borcunun və ya onun bir hissəsinin silinməsi, borcun aaldılması və ya borc öhdəliyindən tam və qismən azad edilmə, yaxud borcun məbləğinin müəyyən edilməsi kimi tələblər ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Çünki kreditor tərəfindən yaranmış borc məbləği borcludan məhkəmə qaydasında tələb edilməyənədək kredit müqaviləsi üzrə kreditor və ya borclu tərəfindən hesablanmış borc məbləği özü-özlüyündə borclunun qanunla qorunan hüquqlarını və mənafelərini pozmur. Bu cür tələblər mahiyyətcə kreditorun borcun qaytarılması barədə gələcəkdə irəli sürəcəyi iddiaya etirazını təşkil etməklə, əsaslı olduğu halda iddianın tam və ya qismən rədd olunması üçün əsas ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Mülki-prosessual hüququn prinsiplərinə əsasən məhkəmə yalnzı mübahisə olduqda ədalət mühakiməsini həyata keçirə bilər (ümumi iddia icraatı qaydasında baxılan işlər üzrə) və mübahisə edən tərəflər arasında mübahisə yoxdursa və ya mövcud olmuş mübahisə aradan qaldırılmışsa, belə halda məhkəmə icraatının aparılması yolverilməzdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş borcun məbləğinin dəqiqləşdirilməsinə dair tələbə müstəqil iddia kimi iddia icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddələrinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsində isə təsbit olunmuşdur ki, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərin müstəqil iddia kimi iddia icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli, həmçinin, iddiaçıya izah olunmalıdır ki, o, İddiaçıya izah olunsun ki, o, iddia ərizəsində göstərilən tələblərlə bağlı Cavabdeh1 ASC-nin iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 261-262 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə: QƏRARA ALDİ: İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar