Məhkəmə qərarları › İş №2(006)-3653/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3653/2024

05.11.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3653/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” X9 nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 Sosial Sığorta və X14 Mərkəzi Filialının nümayəndəsi X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Dövlət Sosial Müdafiə Fondu" X9 nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər “Bakı Baş Səhiyyə Mərkəzi” X8 və Cavabdeh1nə qarşı pul və sairə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 32 saylı Poliklinkasının rəhbərliyi tərəfindən əmək hüquqlarının pozulmasına görə əmək müqaviləsinin bağlandığı xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixə kimi fərdi hesabına köçürülməmiş pulun aylıq əmək haqqına uyğun köçürülməsi, əmək müqaviləsinə xitam verilərkən işlədiyi 2024-cü ilin yanvar ayının 1 və 3-cü tarixlərindəki günlər (bayram günləri) nəzərə alınmaqla son ödənclərin hesablanıb verilməsi, 7 iş ilində istifadə etmədiyi əmək məzuniyyəti üçün pul kompensasiyasının əmək stajına görə verilməsi nəzərdə tutulmuş əlavə məzuniyyətlər nəzərə alınmaqla hesablanıb verilməsi, əmək hüquqularının pozulması ilə əlaqədar ona vurulmuş mənəvi ziyana görə 6 000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, ona verilmiş İT-1 ******* saylı əmək kitabçasına görə xx.xx.1981-ci ildən əmək fəaliyyətinə başlamışdır. xx.xx.2006-cı il tarixdən Bakı şəhəri 32 saylı poliklinkasmda işə qəbul olunmuş və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə, yəni çalışmanın yaş həddinə çatması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. Əmək fəaliyyətinə başlayana qədər Bakı Energetika Texnikomunda oxumuşdur (1976-1981 -ci illərdə). 1978- 1980-ci illərdə Orduda xitmət etmiş 32 saylı Bakı səhər Poliklinkasmda 17 il müddətində işləmişdir. Lakin, işdən çıxarkən əmək hüququları pozulmuşdur. Belə ki, qanunsuz olaraq fərdi hesabına 2006-cı ildən deyil 2012-ci ildən başlayaraq pul keçirilmişdir. Nəticədə şəxsi hesabının sığorta hissəsində mühasibatlıq tərəfindən 6 il müddətində pul köçürülmədiyindən sığorta hissəsində toplanan sığorta kapitalının miqdarı az olmuşdur. xx.xx.2024-cü ildə pensiya kartı alarkən ona bildirmişlər ki, onun fərdi hesabının sığorta hissəsində 14490 manat qeydə alınmışdır. Müvafiq icra hakimiyyəti orqanlarına müraciət etdikdə məlum olmuşdur ki, fərdi hesabının sığorta hissəsində 11919,96 manat pul vardır. Buna görə də ona pensiya təyinatı zamanı aşağı həddə aylıq pensiya təyin edilmişdir. 32 saylı şəhər poliklinkasında işlədiyi 17 il müddətində dəqiq bilmədiyi illərə görə 7 halda əmək məzuniyyətindən istifadə etməmişdir. 2023-cü ilin noyabr ayının 15-dən xx.xx.2023cü il tarixə kimi xəbəri olmadan müdiriyyət tərəfindən əmək məzuniyyətinə buraxılmışdır. Lakin, faktiki olaraq işləmişdir. Ona verilmiş məzuniyyətlər zamanı müddət düzgün hesablanmamışdır. Əmək Məcəlləsinin 144-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 116-cı maddəsində əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydası müəyyən edilmişdir. Həmin maddənin 1-ci hissəsinə əsasən iş stajının müddətlərinə görə 2,4,6 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Lakin, ona bu əlavə məzuniyyətlər verilməmişdir. İstifadə etdiyi məzuniyyətə görə kompensasiya şəklində şikayətdən sonra 1833 manat pul ödənilmişdir. Bu hal 6 məzuniyyət haqqını ödəmir və əlavə məzuniyyət günləri nəzərə alınmamışdır. Əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbi pozulmuşdur. Bütün ödəniclər tam məbləğdə işdən çıxdığı gün verilməli olduğu halda verilməmişdir. 2024-cü ilin yanvar ayının 1 və 3-də işdə olduğu halda əmək haqqı ödənilməmişdir. Bu səbəblərdən X2 32 nömrəli Bakı şəhər Polinlinkasının baş həkimi X1 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* saylı protokol tərtib edilərək bu Məcəllənin 192.4-cü maddəsinə əsasən 14.0-3.2024-cü il tarixində inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərar qəbul edilmişdir. Bütün bu aşkar qanunsuzluqlara görə pozulmuş əmək hüquqları cavabdeh tərəfindən aradan qaldırılmamışdır. Cavabdehin təqsiri üzündən hesabına pul köçürülmədiyindən illərlə gözlədiyi pensiya məbləği az hesablanmışdır. Nəticədə ona maddi və mənəvi ziyan dəymişdir. Hesab etmişdir ki, mənəvi ziyanın 6 min manat məbləğində müəyyənləşdirilməsi ədalətli olardı. xx.xx.2024-cü il tarixdə onunla yaşıd olan və təsərrüfat üzrə şöbə müdiri vəzifəsində işləyən Gülnisə Vəliyevanı, xadimə işləyən Fəridə Zeynalova və xadimə işləyən Şahnaz Nemətova işdən çıxarılarkən 32 saylı poliklinkanın rəhbərliyi tərəfindən əmək haqqları düzgün hesablanmamışdır. Bütün bunlar poliklinkada mühasibat uçotu qaydalarının kobud şəkildə pozulduğunu göstərir. Sonradan “Bakı Baş Səhiyyə Mərkəzi” X13 əlavə cavabdeh, Azərbaycan Resublikasının səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 Sosial Sığorta və X14 Mərkəzi Filialı, İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi, "Dövlət Sosial Müdafiə Fondu" X13 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” X13 etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, qanunsuz olaraq fərdi hesabına 2006-cı ildən deyil, 2012-ci ildən başlayaraq pul keçirilib. Nəticədə şəxsi hesabın sığorta hissəsində mühasibatlıq tərəfindən 6 il müddətində pul köçürülmədiyindən sığorta hissəsində toplanan sığorta kapitalının miqdarı az olmuşdur. Buna görə də pensiya təyinatı zamanı aşağı həddə aylıq pensiya təyin olunmuşdur. İşçi bu arqumentini təsdiqləyən heç bir subut təqdim etməmiş, iş materiallarında olan heç bir sənəd bu faktı təsdiqləmir. Bu fakt həqiqəti əks etdirmir. İşçinin işlədiyi müddət ərzində bütün aylar üzrə əmək haqqından DSMF tutulmaları tutularaq ödənilmişdir. İşçinin illər üzrə tərtib olunmuş şəxsi vərəqəsi də bu faktı təsdiqləyir. Daha sonra iddiaçı ərizədə bildirir ki, işlədiyi müddətdə 7 dəfə, yəni 7 iş ili üçün əmək məzuniyyətindən istifadə etməmişdir. İşdən çıxarkən istifadə etmədiyi məzuniyyət günləri hesablanarkən iş stajının müddətinə görə ona ödənilməli olan əlavə məzuniyyət günləri nəzərə alınmamışdır. İşçinin şəxsi vərəqəsi və işçinin məzuniyyətə çıxması barədə çıxarılmış əmrlər də təsdiq edir ki, işçi işlədiyi xx.xx.2016-cı il tarixindən xx.xx.2024-cü il tarixinə kimi cəmi 6 dəfə (6 iş ili üçün) məzuniyyət hüququndan istifadə etməmişdir (2007, 2009, 2010, 2012, 2015, 2016cı illər üzrə). Məzuniyyət barədə çıxarılmış əmrlər də təsdiq edir ki, işçinin yalnız 6 iş ili üçün ödənilməmiş məzuniyyət haqqı movcud olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin maddənin 3-cü hissəsinə əsasən əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. Göründüyü kimi işçinin əmək müqaviləsinə xitam verilərkən istifadə etmədiyi məzuniyyət günləri hesablanarkən yalız əsas məzuniyyət günləri nəzərə alınır. İddiaçının əsas məzuniyyəti 21 gün olduğundan və 6 il üçün pul əvəzi ödəniləcəyi üçün toplamda 126 gün üçün pul əvəzi hesablanaraq iddiaçının hesabına ödənilmişdir. Məzuniyyət üçün pul əvəzi hesablanarkən əmək qanunvericilyinin tələblərinə tam şəkildə riayət olunmuşdur. Əmək Məcəlləsinin 140.3-cü maddəsinə əsasən məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Maddənin 4-cü hissəsinə əsasən bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. İşçi xx.xx.2024-cü il tarixində işdən azad olunduğuna görə məzuniyyət hesablanarkən 2023-cü il ərzində ödənilmiş əmək haqlarına mütənasib olaraq 1 günlük məzuniyyət haqqı müəyyən edilərək 126-ya vurularaq ödəniləcək pul əvəzi müəyyən edilmişdir. Hesablama sənədi də təsdiq edir ki, işçiyə 2023-cü il üzrə hesablanmış 6453.09 manat əmək haqqı məbləği ayların sayına, yəni 12-yə bölünməklə orta aylıq əmək haqqı müəyyən edilmişdir. Orta aylıq əmək haqqı 537.76 manat olduğundan orta günlük əmək haqqı tapılarkən bu rəqəm 30.4-ə bölünmüş və nəticədə 1 günlük əmək haqqı müəyyənləşdirilmişdir. 1 günlük əmək haqqı 17,69 manat, 126 günlük məzuniyyət haqqı isə 2228.94 manat təşkil etmişdir. Lakin, bu məbləğ gross (vergilər çıxılmadan hesablanmış) məbləğ olduğundan vergilər çıxıldıqdan sonra nett olaraq iddiaçının hesabına 1833.72 manat pul köçürülmüşdür. İddiaçı iddia ərizəsində onu da qeyd edir ki, 2024-cü ilin yanvar ayının 1 və 3-cü günləri işdə olduğu halda son haqq-hesabda bu nəzərə alınmamışdır. 2024-cü ilin yanvar ayı üçün tərtib olunmuş iş vaxtının istifadəsi haqqında cədvəldən də göründüyü kimi işçi həmin günlər işdə olmadığından mühasibatlıq tərəfindən ona əmək haqqı hesablanmamışdır. İddiaçı bu qədər əsassız iddialarla kifayətlənməyərək əmək hüquqlarının pozulmasına görə ona mənəvi zərərin dəydiyini buna görə 6 min manat pulun tutularaq ödənilməsi tələbini irəli sürmüşdür. Göründüyü kimi iddiaçının heç bir əmək hüququ pozulmadığından ona hər hansı məbləğdə mənəvi zərərin dəyməsindən söhbət belə gedə bilməz. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 Sosial Sığorta Və X14 Mərkəzi Filialı ərizə (etiraz) ilə məhkəməyə müraciət etmişdir. Ərizədə qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdən 280 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı həmin Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və xx.xx.2007ci il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış 11619,13 manat (2024-cü il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında onun yaşa görə əmək pensiyasının məbləği yenidən hesablanmış və pensiyasının məbləğində (280 manat) dəyişiklik olmamışdır. Təqdim edilən sənədlərin surətlərinə xx.xx.2006-cı il tarixədək İddiaçı faktiki sığorta stajı 19 il 8 ay olduğu halda, ona Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. İddiaçı yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, İddiaçı ilə telefon əlaqəsi saxlanılan zaman onun sığorta stajının ikiqat nəzərə alınaraq pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Qanunun 24-cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması zamanı döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə, şəxsin qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətləri ikiqat ölçüdə, cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti ikiqat ölçüdə, əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrinin yerinə yetirilməsi müddəti üçqat ölçüdə daxil edilir. Qeyd olunan maddənin tələbləri nəzərə alınmaqla İddiaçı sığorta stajının hesablanmasında güzəştin tətbiq olunması mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa (Qanun) əsasən əmək pensiyalarının məbləği 2006-cı ilin 1 yanvar tarixədək olan dövr üçün şəxslərin sığorta stajına əsasən formalaşan kapitala və 2006-cı ilin 1 yanvar tarixdən sonrakı dövr üçün fərdi hesabın sığorta hissəsində toplanan sığorta kapitalına uyğun olaraq müəyyənləşdirilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu ilin 1 yanvar tarixdən etibarən sığorta olunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin 1 yanvar tarixədək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Qanunun 22-1.2.1-ci maddəsinə əsasən 2019-2025-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı ilin 1 yanvar tarixinədək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçı xx.xx.2024-cii il tarixdən Qanunun 22-1.1 -ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada 280 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunmuşdur ki, İddiaçı əmək pensiyası xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və xx.xx.2007-ci il tarixdən xx.xx.2024-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 11919,96 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında yenidən hesablanmış və pensiyasının məbləğində (280,00 manat) dəyişiklik olmamışdır. İddiaçı xx.xx.2024-cü il tarixli müraciəti ilə təqdim edilən sənədlərə əsasən xx.xx.2006-cı il tarixədək olan dövrə (xx.xx.1981-xx.xx.1998, xx.xx.1999-xx.xx.2001-ci illər) faktiki sığorta stajı 19 il 8 ay olduğu halda, Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır.” Göründüyü kimi İddiaçı iddia ərizəsində qeyd etdiyi fərdi hesabının sığorta hissəsinə xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək məcburi dövlət sosial sığorta haqları köçürülməməsinə dair iddia tələbinin bu hissəsi əsassızdır və iş materiallarından da aydın olur ki, xx.xx.2007-ci il tarixdən xx.xx.2024-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 11919,96 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında onun əmək pensiyası yenidən hesablanmış və pensiyasının məbləğində (280,00 manat) dəyişiklik olmamışdır. Bu səbəbdən də mübahisə Cavabdeh1 Açıq X13 ilə əlaqədar olduğu üçün 2(006)-3653/2024 nömrəli mülki iş üzrə üçüncü şəxs qismində cəlb olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial sığorta və X14 mərkəzi filialına münasibətdə icraata xitam verilməsini xahiş edirik. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmədə cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” X9 nümayəndəsi və vəkili Vəkil iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 Sosial Sığorta və X14 Mərkəzi Filialının nümayəndəsi təqdim edilən etirazın çıxış kimi qəbul edilməsini xahiş etdi. Məhkəmədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Dövlət Sosial Müdafiə Fondu" X9 nümayəndəsi iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh1nə, Azərbaycan Resublikasının Səhiyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh1 “32 nömrəli şəhər poliklinikası” tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş əmrdən görünür ki, “32 nömrəli şəhər poliklinikası”nın təsərrüfat bölməsində mühafizəçi vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-maddəsinin “e” bəndinə əsasən işçinin çalışmanın yaş həddinə çatması ilə əlaqədar xitam verilmişdir. İş materiallarında olan Cavabdeh1 “32 nömrəli şəhər poliklinikası” tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş əmr №23-k saylı əmrindən görünür ki, həmin əmr “32 nömrəli şəhər poliklinikası”nın təsərrüfat bölməsində mühafizəçi vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verilməsi, İddiaçı xx.xx.2012-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 126 məzuniyyət gününün son haqqı-hesabı əmək kitabçası və həmin əmrin surəti ƏM-nin 83cü maddəsinin 2-ci bəndinə uyğun olaraq son iş günü verilməsi barədə verilmişdir. İş materiallarında olan DSMF-in Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-S-63806/2024 nömrəli məktubda qanunvericiliyin tələbləri nəzərə alınmaqla İddiaçı sığorta stajının hesablanmasında güzəştin tətbiq olunmasının mümkün hesab edilmədiyi qeyd olunmuşdur. Həmin məktubda həmçinin göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdən 280 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı həmin Qanunun 22-1.2.1-22-1.2.3cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və xx.xx.2007-ci il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış 11619,13 manat (2024-cü il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında onun yaşa görə əmək pensiyasının məbləği yenidən hesablanmış və pensiyasının məbləğində (280 manat) dəyişiklik olmamışdır. Təqdim edilən sənədlərin surətlərinə xx.xx.2006-cı il tarixədək İddiaçı faktiki sığorta stajı 19 il 8 ay olduğu halda, ona Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. İddiaçı yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, İddiaçı ilə telefon əlaqəsi saxlanılan zaman onun sığorta stajının ikiqat nəzərə alınaraq pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Qanunun 24-cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması zamanı döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə, şəxsin qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətləri ikiqat ölçüdə, cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti ikiqat ölçüdə, əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrinin yerinə yetirilməsi müddəti üçqat ölçüdə daxil edilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsi tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-5/2-S-23670/2024 nömrəli məktubda aşağıdakılar qeyd olunmuşdur: ”Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq İddiaçı müraciətinin araşdırılması ilə bağlı ona aid olan sənədlərin təqdim olunmasının təmin edilməsi üçün 32 nömrəli Şəhər Poliklinikasının Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, dəmiryol 8-də yerləşən ünvanına xx.xx.2024-cü il tarixli 3-17-5/2- 7830/2024 saylı məktub göndərilmiş, göndərilən məktub xx.xx.2024-cü il tarixində ünvana çatdırılmışdır. Lakin, müəssisə rəhbərliyi tərəfindən sənədlər tam təqdim (son haqqhesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlər, iş vaxtının uçotu tabelləri və kollektiv müqavilə) olunmamışdır. Bu səbəbdən İddiaçı müraciətinin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Eyni zamanda, cəmiyyətin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən və araşdırmaya təqdim edilən əməkhaqqı bank hesabından çıxarışda son haqq-hesabının ödənilmədiyi məlum olmuşdur. Bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin (İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) tələbləri pozulmuşdur. Bu səbəbdən, 32 nömrəli Şəhər Poliklinikasının baş həkimi X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) xx.xx.2024-cü il tarixli MN1932018 saylı protokol tərtib edilərək, bu Məcəllənin 192.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixində inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirərkən İddiaçı ilə 32 nömrəli Şəhər Poliklinikasın rəhbərliyi arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda) əsasən xitam verildiyi müəyyən edilmişdir. Həmçinin, onun son haqq-hesabının ödənilməsi üçün 32 nömrəli Şəhər Poliklinikasın rəhbərliyinə xx.xx.2024-cü il tarixli 3-17-5/2-15739/2024 nömrəli məktub göndərilmişdir. 32 nömrəli Şəhər Poliklinikasının rəhbərliyi tərəfindən sənədlər tam təqdim olunacağı təqdirdə İddiaçı müraciəti araşdırılaraq, cavab veriləcəkdir. Həmçinin İddiaçı pensiya təminatı ilə bağlı müraciətinə dair 6 aprel 2024-cü il tarixli 3-17/1-S- 8257/2024 nömrəli məktuba Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının məbləği 2006-cı ilin 1 yanvar tarixədək olan dövr üçün şəxslərin sığorta stajına əsasən formalaşan kapitala və 2006-cı ilin 1 yanvar tarixdən sonrakı dövr üçün fərdi hesabın sığorta hissəsində toplanan sığorta kapitalına uyğun olaraq müəyyənləşdirilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu ilin 1 yanvar tarixdən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin 1 yanvar tarixədək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Qanunun 22- 1.2.1-ci maddəsinə əsasən 2019-2025-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı ilin 1 yanvar tarixinədək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1 -dək faktiki sığorta stajı Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Qanunun 27.1ci maddəsinə əsasən sığortaolunanların 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixə qeydə alınaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq sığortaolunanların pensiya hüququ qazandığı tarixədək illər üzrə indeksləşdirilir. Qanunun 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği 2023-cü il 1 fevral tarixindən 280 manat məbləğində müəyyən olunmuşdur. Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. İddiaçı xx.xx.2024-cü il tarixdən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada 280 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunmuşdur ki, İddiaçı əmək pensiyası xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və xx.xx.2007-ci il tarixdən xx.xx.2024-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 11919,96 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında yenidən hesablanmış və pensiyasının məbləğində (280,00 manat) dəyişiklik olmamışdır. İddiaçı xx.xx.2024-cü il tarixli müraciəti ilə təqdim edilən sənədlərə əsasən xx.xx.2006-cı il tarixədək olan dövrə (xx.xx.1981-xx.xx.1998, xx.xx.1999-xx.xx.2001-ci illər) faktiki sığorta stajı 19 il 8 ay olduğu halda, Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır.” İş materiallarında olan Cavabdeh1 tərəfindən 9 saylı Mediasiya təşkilatına ünvanlanmış təklifə cavabda İddiaçı xx.xx.2024-cü il tarixli 23-k nömrəli xitam əmrində 126 istifadə etmədiyi məzuniyyət günlərinin kompensasiya olaraq ödənilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinə əsasən əmək stajından asılı olaraq işçilərə: beş ildən on ilədək əmək stajı olduqda — 2 təqvim günü; on ildən on beş ilədək əmək stajı olduqda — 4 təqvim günü; on beş ildən çox əmək stajı olduqda — 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Əmək stajına görə əlavə məzuniyyətin müddəti işçinin bir müəssisədə işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktik olaraq işlədiyi dövrə əsasən müəyyən edilir. Bu əmək stajına işçinin əmək müqaviləsi üzrə faktik işlədiyi müddətdən başqa yalnız əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əmək haqqı saxlanıldığı dövrlər daxil edilir. Əmək stajına görə (o cümlədən əmək şəraitinə görə) əlavə məzuniyyətlər bu Məcəllənin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə verilmir. Həmin Məcəllənin 144-cü maddəsində göstərilmişdir ki, Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Məhkəmə iddianın “xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixə kimi fərdi hesabına köçürülməmiş pulun aylıq əmək haqqına uyğun köçürülməsi” hissəsinə münasibətdə cavabdehin təqdim etdiyi sənədlərə əsaslanaraq hesab edir ki, həmin hissədə iddia təmin edilməməlidir. Belə ki, işəgötürən tərəfindən təqdim edilmiş işçinin şəxsi vərəqəsindən görünür ki, İddiaçı 2007-ci ilin may ayından 2023-cü ilin dekabr ayınadək fərdi hesabına aylıq əmək haqları köçürülmüşdür. İddiaçının bununla bağlı iddiada qeyd etdiklərinin öz şəxsi mülahizələri olmaqla heç bir hüquqi əsası yoxdur. Cavabdehin təqdim etdiyi sənədlərlə iddiaçının “7 iş ilində istifadə edilməmiş məzuniyyət üçün pul kompensasiyasının əlavə məzuniyyətlər nəzərə alınmaqla hesablanıb verilməsi” hissəsinin də əsassız olması müəyyən edilmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının istifadə etmədiyi məzuniyyət günlərinin sayı 126 gün olmaqla, həmin günlərə görə vergi tutulmaları çıxıldıqdan sonra ümumilikdə 1833.72 manat kompensasiya ödənilmişdir. İddianın “əmək müqaviləsinə xitam verilərkən işlədiyi 2024-cü ilin yanvar ayının 1 və 3-cü tarixlərindəki günlər (bayram günləri) nəzərə alınmaqla son ödənclərin hesablanıb verilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissədə də iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin “iddiaçıya vurulmuş mənəvi ziyana görə 6.000 manatın tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdeh tərəfindən ona mənəvi zərərin vurulması ilə əlaqədar sübut təqdim edə bilmədi. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Odur ki, iddia qeyd edilən hissədə də təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər “Bakı Baş Səhiyyə Mərkəzi” X10 və qeyrisinə qarşı pul və sairə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar