Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-366/2021 24.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “qızıl-zinət əşyalarının geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən lombarda girov qoyulmuş 36,3 qram qızılın alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MMC arasında 08 iyul 2013-cü ildə “Əşyanın lombardda girovu haqqında” AEƏ 234915 saylı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə 500 (beş yüz) manat pulun müqabilində cavabdeh ondan 36,3 qram qızıl qəbul etmişdir. Bunu cavabdehin vermiş olduğu AEƏ Seriyalı 234915 saylı girov bileti təsdiq edir. O, müqavilənin şərtlərinə tam əməl etmiş və 500 (beş yüz) manatı cavabdehin hesabına ödəmişdir. Lakin cavabdeh ondan qəbul etmiş olduğu qızılları qaytarmaqdan imtina edir. Səbəb kimi guya həmin qızılların bankda olması göstərilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Beləki müqavilənin 5.6-cı bəndinə görə qızıl-zinət əşyalarını qaytarmaq mümkün olmadıqda Cavabdeh MMC müştəriyə 3 gün müddətinə faiz almamaq şərtilə qızılın dəyərini ödəyir. Əyər bu mümkün deyilsə qızıl-zinət əşyalarının dəyəri məbləğində qızıl-zinət əşyaları ilə əvəzlənir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq cavabdehdən Lombarda girov qoyulmuş 36,3 qram qızılın alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, əyarı 583 çəkisi 5,3 qram olan üzük, əyarı 583 çəkisi 6,7 qram olan üzük, əyarı 750 çəkisi 4,5 qram olan brilyant qaşlı üzük, əyarı 583 çəkisi 4,7 qram olan 1 cüt sırğa, əyarı 583 çəkisi 5,2 qram olan 1 cüt sırğa, əyarı 583 çəkisi 27 qram olan qolbaq Cavabdeh MMC-dən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.10.2020-ci il tarixli, 2(006)-3213/2020 saylı qiyabi qətnaməsinə əsasən iddianın təmin edilməsi, əyarı 583 çəkisi 5,3 qram olan üzük (344,50 manat), əyarı 583 çəkisi 6,7 qram olan üzük (435,50 manat), əyarı 750 çəkisi 4,5 qram olan brilyant qaşlı üzük (675 manat), əyarı 583 çəkisi 4,7 qram olan 1 cüt sırğa (314,90 manat), əyarı 583 çəkisi 5,2 qram olan 1 cüt sırğa (348,40 manat), əyarı 583 çəkisi 27 qram olan qolbağın (qətnamə icra olunan vaxt mövcud olmasa onların dəyərinin) Cavabdeh MMC-dən alınaraq İddiaçı qaytarılması qət edilmişdir: Cavabdeh MMC qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, tərəfindən məhkəmə prosesləri barədə məlumatı olmadığından Mülki- Prosessual Məcəllənin 244-cü maddəsinə əsasən qiyabi qətnamənin ləğv edilməsi, mülki işin iddia icraatı qaydasında baxılması xahiş olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.11.2020-ci il tarixli, 2(006)-3213/2020 saylı qərardadı ilə ərizə təmin edilmiş, həmin məhkəmənin 05.10.2020-ci il tarixli, 2(006)- 3213/2020 saylı qətnaməsi ləğv edilmiş, iş təzələnərək mahiyyəti üzrə baxılması və mülki işin məhkəmə iclasının 21.01.2021-ci il tarixə, saat 10:15-ə təyin edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 294.2-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. Əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. Saxlanca qoyulan əşyalar lombarda verilir. Lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. Lombard girov qoyulmuş əşyanın itirilməsi və zədələnməsi üçün məsuliyyət daşıyır. Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. Əşyanın lombardda girovu haqqında müqavilənin girov qoyanın hüquqlarını bu Məcəllənin ona verdiyi hüquqlara nisbətən məhdudlaşdıran şərtləri əhəmiyyətsizdir. (Mülki Məcəllənin 302.1, 302.2, 302.3, 302.5, 302.6, 302.7 və 302.9-cu maddələri). İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 08.07.2013-cü il tarixli, AFƏ 234915 saylı “Əşyanın lombardda qirovu haqqında” müqavilədən və girov biletindən görünür ki, İddiaçı tərəfindən 2 ədəd üzük, 2 cüt sırğa, 1 ədəd brilyant qaşlı üzük, 27 qr olan 1 ədəd qolbaq növündə qızıl-zinət əşyaları girov olaraq Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin müqavilənin 6.1-ci qızıl-zinət əşyalarının lombarda girovu ilə təmin edilmiş ssuda məbləği, faizi və gecikmə məbləği qaytarıldıqdan sonra lombard tərəfindən girov əşyaları girovqoyana qaytarılır. Kassa mədaxil orderinin qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 09.11.2015-ci il tarixdən 06.09.2017-ci il tarixədək Cavabdeh MMC-yə 532.8 manat ödəniş edilmişdir. “xxxx” MMC tərəfindən tərtib edilmiş 10.12.2019-cu il tarixli qiymətləndirmə hesabatına əsasən əyarı 583 çəkisi 27 qram üzük, əyarı 583 çəkisi 5,3 qram üzük, əyarı 583 çəkisi 6,7 qram üzük, əyarı 750 çəkisi 4,5 qram brilyant qaşlı üzük, əyarı 583 çəkisi 4,7 qram 1 cüt sırğa, əyarı 583 çəkisi 5,2 qram 1 cüt sırğanın bazar dəyəri 3873,30 manat məbləğində qiymətləndirilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında girov müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Girov qoyan (iddiaçı) girov müqaviləsi ilə təmin edilmiş əsas öhdəliyi, yəni götürdüyü pulun qaytarılmasına dair vəzifəsini lazımi qaydada icra etsə də, girov saxlayan (cavabdeh) girov qoyulmuş əşyaları geri qaytarmaq üzrə vəzifəsini icra etməmişdir. Məhkəmə, mülki işin materiallarında cavabdeh tərəfindən girov qoyulmuş qızıl-zinət əşyalarının geri qaytarılmasını təsdiq edən hər hansı sübutun olmadığını və qeyd edilən halın sübut edilməsi yükünü cavabdehin daşıdığını nəzərə alaraq belə qənaətə gəlməkdədir. Belə ki, hazırki iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Yalnız həmin şərtlərin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı işdə də qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Maddənin məzmunundan görünür ki, əmlakın dəyəri cavabdehdən o zaman tutulur ki, alınmalı əmlak qətnamə icra edilən vaxt mövcud olmasın. Yəni əmlak cavabdeh tərəfindən natura şəklində qaytarılarsa, onun dəyərinin tutulması istisna olunur. Beləliklə, cavabdeh həmin əşyaların özünü qaytarmaqla onların dəyərini ödəmək vəzifəsini daşımayacaqdır. Həmin əşyaların dəyərinin tutulması cavabdehin özünün hərəkətlərindən asılıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, adları çəkilən əşyalar, həmin əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa onların dəyəri Cavabdeh MMC-dən alınaraq İddiaçı qaytarılmalıdır: əyarı 583 çəkisi 5,3 qram olan üzük (344,50 manat), əyarı 583 çəkisi 6,7 qram olan üzük (435,50 manat), əyarı 750 çəkisi 4,5 qram olan brilyant qaşlı üzük (675 manat), əyarı 583 çəkisi 4,7 qram olan 1 cüt sırğa (314,90 manat), əyarı 583 çəkisi 5,2 qram olan 1 cüt sırğa (348,40 manat), əyarı 583 çəkisi 27 qram olan qolbaq (1755 manat). Məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, “xxxx” MMC tərəfindən tərtib edilmiş 10.12.2019-cu il tarixli qiymətləndirmə hesabatında əyarı 583 çəkisi 27 qram olan əşyanın adının səhvən “üzük” kimi qeyd edilməsi işin faktiki halları ilə uyğunlaşmamaqdadır. Belə ki, AFƏ 234915 saylı girov biletinə əsasən əyarı 583 çəkisi 27 qram olan əşyanın qolbaq olduğu müəyyən edilir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Aşağıda adları çəkilən əşyalar, həmin əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa onların dəyəri, Cavabdeh MMC-dən alınaraq İddiaçı qaytarılsın: əyarı 583 çəkisi 5,3 qram olan üzük (344,50 manat), əyarı 583 çəkisi 6,7 qram olan üzük (435,50 manat), əyarı 750 çəkisi 4,5 qram olan brilyant qaşlı üzük (675 manat), əyarı 583 çəkisi 4,7 qram olan 1 cüt sırğa (314,90 manat), əyarı 583 çəkisi 5,2 qram olan 1 cüt sırğa (348,40 manat), əyarı 583 çəkisi 27 qram olan qolbaq (1755 manat). Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-366/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-366/2021
24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver