Məhkəmə qərarları › İş №2(006)-3676/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3676/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3676/2021 26.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh ləğvedici Əmanətlərin Sığortalanması Fonduna qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğvedici Əmanətlərin Sığortalanması Fonduna qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondundan 3.317 manat 76 qəpik və ödənilmiş 30 manat pulun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 1984-cü il təvəllüdlüdür. Ailəli olmaqla, 3 uşaq atasıdır. Fərdi sahibkardır. 12.06.2019-cu il tarixdə "xxxx" MMC ilə aralarında kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 113 saylı müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtinə görə lizinqverən "xxxx" MMC Tumason-8095 markalı traktoru 48.000 manata qiymətləndirməklə lizinqalan kimi ona satır. O isə əvvəlcədən 12.310 manatı ödəməli, 60 ay müddətində qrafik əsasında hər ay 320 manat "xxxx" ASC vasitəsi ilə krediti başa çatdırmalı idi. Qeyd edilənlərlə razılaşmış, şərtlər əsasında müqavilə imzalamışdır, yəni o, müqavilənin şərtlərinə uyğun olaraq əvvəlcədən 12.310 manat ödəmiş və qrafikə uyğun olaraq 6.718 manat 31 qəpik, yəni bu günə qədər cəmi (12.310 manat + 6.718 manat 31 qəpik = 19.028 manat 313 qəpik) 19.028 manat 31 qəpik onun tərəfindən "xxxx" ASC vasitəsi ilə kredit ödəmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14.05.2020-ci il tarixli 2-3(103)-132/2020 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-nin ləğv edicisi təyin edilmişdir. Ona bildirmişlər ki, guya banka pul ödənişlərində gecikmələr olmuşdur. Dərhal müraciət edib, ödənişlə bağlı çıxarış verilməsini tələb etmişdir. LPO "xxxx" ASC-nin 10.11.2020-ci il tarixli hesabdan çıxarışından məlum olur ki, ödədiyi 19.028 manat 31 qəpik pulun 3.317 manat 76 qəpiyi "xxxx" ASC-nin sistemində oturdulmamışdır. Bu da onda narahatçılıq yaratmış, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında 12 iyun 2019-cu il tarixli 113 saylı kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Müqavilə şərtləri anlaşılan, aydın şəkildə göstərilmiş, müqavilə tərəfləri müqavilə şərtlərini qəbul edərək, müqaviləni imzalamışlar. Həmin müqaviləyə əsasən İddiaçı "xxxx" MMC-dən kənd təsərrüfatı texnikası olan 8095 4wd klimalı traktoru lizinqə götürmüşdür. İddiaçı "xxxx" ASC vasitəsi ilə 12.310 manat ilkin ödəniş etmiş, 31.510 manatdan qalıq hissəni ödəniş cədvəlinə əsasən həmin bank vasitəsi ilə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı bundan sonra müxitəlif tarixlərdə "xxxx" ASC vasitəsi ilə 6.718 manat 31 qəpik ödəniş etmiş, lakin bank tərəfindən kassaya mədaxil edilən məbləğdən ümumi məbləğdən cəmi 3.317 manat 76 qəpiyi müvafiq hesaba oturdulmamışdır. Halbuki, kassaya pul nağd qaydada ödənilmiş, iddiaçıya bununla bağlı kassa mədaxil qəbzləri verilmişdir. İddiaçı bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3.317 manat 76 qəpik vəsaitin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.3-cü maddəsinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. İddiaçının tələbi yalnız “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 77-ci maddəsi ilə müəyyənləşdirilmiş qaydada irəli sürülə və iflas proseduru çərçivəsində ödənilə bilər, bu tələblərin qeydə alınması və qəbul edilməsi ilə bağlı etirazlar olduqda isə həmin müraciətə iflas haqqında qərarı qəbul etmiş məhkəmə tərəfindən baxılması mümkündür. Məhkəmə hazırkı iş üzrə qeyd edir ki, iddiaçı tərəfindən cavabdeh qismində Əmanətlərin Sığortalanması Fondu göstərilmiş, halbuki, iddia ərizəsində iddiaya cavab verməli olan tərəf kimi Ləğv prosesində olan "xxxx" ASC göstərilməli və Banklar haqqında qanunun yuxarıda göstərilən normalarının tələblərinə uyğun olaraq müraciət olunmalıdır. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh ləğvedici Əmanətlərin Sığortalanması Fonduna qarşı «pul» tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh ləğvedici Əmanətlərin Sığortalanması Fonduna qarşı «pul» tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar