Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-368/2022 07.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Ləğv prosesində olan "xxxx" açıq səhmdar cəmiyyətinə və Cavabdeh4nə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Ləğv prosesində olan "xxxx" açıq səhmdar cəmiyyətinə və Cavabdeh4nə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ləğv prosesində olan "xxxx" açıq səhmdar cəmiyyətinin əməliyyat sistemində və kredit bürosundan çıxarışda qeyd olunmuş 349.89 avro borcun olmaması borcun iddiaçıya aid olmadığı müəyyən edilərək həmin borcun cavabdehlərin əməliyyat sistemindən silinməsi, borclu olmadığı barədə qeydin Cavabdeh4 MMC-nin kredit reyestrində aparılmasının cavabdehlərin üzərinə öhdəlik qoyulması və ödənilmiş 20 manat dövlət rüsumunun, iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 40 manat xidmət haqqının Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Ləğv prosesində olan "xxxx" ASC iddiaçıya qarşı 12.09.2014-cü il tarixli 432249 ssuda hesablı müqavilə üzrə yaranmış 349.89 Avro məbləğində borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin Nərimanov rayon Məhkəməsinin 2(005)-556/2021 saylı, 06.04.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmə tərəfindən qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, ləğv prosesində olan "xxxx" ASC tərəfindən borc tələb edilən kredit müqaviləsinin əsli məhkəmə tərəfindən tələb edilməsinə baxmayaraq, təqdim edə bilməmişdir və nəticədə tərəflər arasında imzalanan borc müqaviləsinin mövcudluğunu sübuta yetirə bilməmişdir. Belə olan halda məhkəmə borcun qaytarılması vəzifəsinin iddiaçının üzərinə vəzifə qoyulmasını mümkün hesab etməmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minməsinə baxmayaraq, Azərbaycan Kredit Bürosundan verilmiş çıxarışda iddiaçının aktiv öhdəlikləri siyahısında ləğv prosesində olan "xxxx" ASC-nə 107.14 avro məbləğində borc öhdəliyi qeyd olunur. İddiaçı bu barədə əvvəllər dəfələrlə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ərizə ilə müraciət edərək borcun ona aid olmadığını bildirmişdir. Lakin, borc MKR sistemindən silinmədiyi üçün ona əlavə problemlər yaradır. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra iddiaçı yenidən ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna borcun silinməsi üçün ərizə ilə müraciət etmişdir. Lakin, cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavab məktubu təqdim edilməmişdir. İddiaçı hesab edir ki, 12.09.2014-cü il tarixli kredit müqavilənin iddiaçı tərəfindən imza edilmədiyindən məhkəmə tərəfindən əhəmiyyətsiz əqd kimi qiymətləndirilərək onun əsasında yaranmış borcun iddiaçıya aid olmadığı müəyyən edilməli və Azərbaycan Kredit Bürosunun kredit reyestrində buna dair qeydlər aparılmalıdır. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Eyni zamanda, iddiaçı iddia ərizəsini məhkəməyə göndərmək üçün 20 manat dövlət rüsumu ödəmişdir və hüquqi yardım üçün 40 manat ödəniş etmişdir. Bütün bunları özünə dəymiş maddi ziyan hesab edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli 2(005)-556/2021 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı Ləğv prosesində olan "xxxx" açıq səhmdar cəmiyyətinin cavabdeh İddiaçı qarşı cavabdehdən iddiaçının xeyrinə 107,14 Avro əsas borcun, 80,17 Avro faiz borcunun, 151,92 Avro cərimə borcunun, 10,66 Avro gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 349,89 Avro məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair iddiası rədd edilmişdir. 06.11.2020-ci il tarixli SF-13112 saylı Azərbaycan Kredit Bürosundan çıxarışdan görünür ki, iddiaçının Ləğv prosesində olan "xxxx" ASC-yə 107,14 Avro əsas, 140,68 Avro faiz borcu olmaqla 247,82 Avro kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli 2(005)-556/2021 saylı qətnaməsinin məzmunundan müəyyən olunur ki, ləğv prosesində olan "xxxx" ASC tərəfindən kredit müqaviləsinin əsli məhkəmə tərəfindən tələb edilməsinə baxmayaraq, təqdim edilməmiş, tərəflər arasında imzalanan borc müqaviləsinin mövcudluğunu ləğv prosesində olan "xxxx" ASC sübuta yetirə bilməmişdir. Məhkəmə qətnaməsi ilə ümumilikdə 349,89 Avro məbləğində kredit borcunun iddiaçıya aid olmaması, onun bank qarşısında belə bir öhdəlik götürməməsi müəyyən olunmuşdur ki, bu halda məhkəmə hesab edir ki, iddiaçının adında qanunsuz qaldığından həmin borc məbləği silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan 25.08.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə “Mərəndskiy və Partnyorları” Vəkil Bürosunun hesabına 40 manat ödəniş edilmişdir. Məhkəmə vəkilin göstərdiyi yardıma görə ödənilmiş 40 manat məbləğin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını ağlabatan məbləğ hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Ləğv prosesində olan "xxxx" açıq səhmdar cəmiyyətinin əməliyyat sistemində və kredit bürosundan çıxarışda qeyd olunmuş 349.89 avro borc İddiaçı aid olmadığından həmin borc Ləğv prosesində olan "xxxx" açıq səhmdar cəmiyyətinin və Cavabdeh4 əməliyyat sistemindən silinsin. İddiaçı borclu olmadığı barədə qeyd Cavabdeh4 MMC-nin kredit reyestrində aparılması öhdəliyi Ləğv prosesində olan "xxxx" açıq səhmdar cəmiyyətinin və Cavabdeh4 üzərinə qoyulsun. İş üzrə ödənilmiş 20 manat dövlət rüsumu və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 40 manat xidmət haqqı Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-368/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-368/2022
07.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver