Məhkəmə qərarları › İş №2(006)-3701/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3701/2020

06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3701/2020 06.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ HakimXəlilov Ramin Adilxanoğlununsədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «depozit əmanətinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «depozit əmanətinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən «xxxxxxxxxxx» ASC-yə xx.xx.2015-ci il tarixdə iki ayrı müqavilə üzrə hərəsi 25 000 avro məbləğində əmanət qoyulmuşdur.həmin əmanətlər 12 aylıq və illik 6 faizlə yerləşdirilmişdir. Faizlərin ödənilməsi müddətin sonunda baş verəcəyi halda isə faiz məbləği 6,3 olaraq müəyyən edilmişdir. Həmin əmanətlər üzrə iddiaçıya Bank tərəfindən əmanət kitabçaları təqdim edilmişdir. Daha sonra cavabdeh tərəfindən «xxxxxxxxxxx» ASC-nin lisenziyası ləğv edilmiş və bank müflis elan olunmuşdur. Cavabdeh tərəfindən hər iki əmanət müqaviləsi üzrə cəmi 17 062 avro məbləğində pul ona ödənilmişdir. Qalan əmanətlərin ödənilməsi ilə bağlı müraciətllər olunsa da, hazırki vaxta qədər hər hansı bir ödəniş həyata keçirilməmişdir. Göstərilənlərə əsasən, cavabdehdən iddiaçının xeyrinə 32 956 avro məbləğində pulun tutularaq ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı valyutasında ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, onun vəkili və nümayəndəsi ayrı-ayrılıqda iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək iddianı qəbul etmədiyini bildirmiş və onun təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşin materiallarında olan «xxxxxxxxxxxxxx» ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2015-cı il tarixli, 210FM**********5 saylı Standart əmanət (depozit) hesabı haqqında müqavilədən görünür ki, Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 25 000 Avro) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Müqavilənin 1.5-ci maddəsinə əsasən müqavilənin müddəti 12 aydır (xx.xx.2016-ci il tarixinədək). Bank əmanətçiyə illik 6 % ödəməyi öhdəsinə götürmüşdür. İşin materiallarında olan «xxxxxxxxxxxxxx» ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2015-cı il tarixli, 210FM**********4 saylı Standart əmanət (depozit) hesabı haqqında müqavilədən görünür ki, Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 25 000 Avro) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Müqavilənin 1.5-ci maddəsinə əsasən müqavilənin müddəti 12 aydır (xx.xx.2016-ci il tarixinədək). Bank əmanətçiyə illik 6 % ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan ərizələrdən və sənədlərdən görünür ki, İddiaçı hər iki əmanət müqaviləsi üzrə ümumilikdə 32 956,86 avro məbləğində kredit tələbi Fond tərəfindən qeydə alınmışdır. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ünvanladığı xx xxxxxxxx 2018-ci il tarixli məktubunun surətinə əsasən bildirilir ki, iddiaçının kreditor tələbi kreditorların reyestrinə daxil edilmiş və ödəniş növbəlilik daxilində həyata keçiriləcəkdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, «xxxxxxxxxxxxxx» ASC ilə əmanətçi İddiaçı arasında xx.xx.2015-ci il tarixli əmanət müqavilələri bağlanmış, iddiaçı (əmanətçi) əmanət məbləğini Banka illik 6% ödənilməsi şərti ilə yerləşdirmiş, Bank müflis elan olunsa da, iddiaçıya yerləşdirdiyi ümumilikdə 50 000 avro əmanət məbləğindən 32 956,86 avro ödənilməmiş depoit məbləği mövcuddur. Hazırda iddiaçı (əmanətçi) banka qoyduğu əmanətin cavabdehdən ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 947.2-ci maddəsinə əsasən istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1.2 və 2.1.2.6-cı maddələrinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Eyni Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Göstərilən Qanunun 8.1.20-ci maddəsinə əsasən X2 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Fondun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən əmanət yerləşdirilərkən siğortalı əmanət kimi bağlanmış əmanət müqaviləsinin qüvvədə olduğu ərəfədə bank ləğv edilmiş və bank ləğv edilməsə idi iddiaçının müqavilə münasibətləri davam edəcək və yeni qanunun ( əmanətlərin tam siğortalanması haqqında) təsir dairəsinə düşəcəyini nəzərə alaraq iddia tələbi təmin edilməli, İddiaçı xeyrinə cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan 32 956 avro məbləğində pulun tutularaq ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı valyutasında iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «depozit əmanətinin ödənilməsi» tələbinə dair iddiası təmin edilsin. İddiaçı xeyrinə cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan 32,956 ( otuz iki min doquz yüz əlli altı) avro məbləğində pulun tutularaq ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı valyutasında iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar