Məhkəmə qərarları › İş №2(006)-3703/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3703/2021

19.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3703/2021 19.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Tağıyeva Ofelya Telman qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə Ərizəçi Bakı şəhəri Nəsimi rayon icra hakimiyyətini maraqlı şəxs qismində göstərilməklə «öhdədə olma faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Nəsimi rayon icra hakimiyyətini maraqlı şəxs qismində göstərilməklə «öhdədə olma faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 2008-ci ilin may ayından BP şirkətinin Azərbaycan Nümayəndəliyində “neft-qaz quyularının qazılması üzrə mühəndis" vəzifəsində işləyir. Ailəsini həmin işdə işləməklə dolandırır və son vaxtlar neftin qiymətinin düşməsi və son bir il ərzində pandemiya şəraiti olması ilə bağlı şirkət işçiləri ixtisar etməyə başlamışdır. Bununla bağlı ərizəçiyə də şifahi olaraq məlumat verilmiş və e-mail ünvanıma bildiriş göndərilmişdir. Ərizəçi şirkətin səlahiyyətli şəxslərinə məlumat verərək bildirmişdir ki, onun öhdəsində 1-ci qrup əlil şəxs var və bu səbəbdən də ştatların ixtisarı ilə bağlı sonuncunun əmək müqaviləsinə xitam verilə bilməz. X1 baş beyinin üzvi xəstəliyi (keçirilmiş meninqoensefalil) nəticəsində dərin demensiya (ağıl zəifliyi) formasında psixi xəstəliyi vardır. Onun daim kənar şəxsin qulluğuna ehtiyacı var. Ona görə də, Ərizəçi və ailə üzvləri ilə birlikdə yaşamaqla, ərizəçinin öhdəsindədir. Ərizəçi bu barədə şirkətin məsul şəxslərinə məlumat versə də, onlar öhdəsində 1-ci dərəcə əlil ailə üzvünün olmasına dair hər hansı sənəd təqdim elməyini tələb etmişlər. Bununla bağlı yerli icra hakimiyyəti orqanına, ƏƏSMN-nin yerli şöbəsinə müraciət etsə də, onlar bu barədə hər hansı sənəd təqdim etmək səlahiyyətinə malik olmadıqlarını bildirdirmişlər. Bundan sonra Ərizəçi 1-ci dərəcə əlil anası X4 onun öhdəsində olması faktını təsdiq etdirmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Ərizəçi 1 -ci dərəcə əlil anası X5 ərizəçinin öhdəliyində olması faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil oğlu ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.2-ci maddəsinə əsasən şəxsin öhdədə olması faktını məhkəmə müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 3-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Beləliklə Mülki Prosessual Məcəlləsinin 307.2.2-ci maddəsində şəxsin öhdədə olması faktının müəyyən edilməsi dedik də digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını nəzərdə tutmur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, göstərilən tələbə mülki mühakimə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi inzibati hüquq münasibətləri ilə bağlı münasibətlərin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi X2 məsələ ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, bununla əlaqədar imtina cavabı aldıqda aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Ərizəçi «öhdədə olma faktının müəyyən edilməsi» tələbinə dair ərizəsinə Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı olmadığından mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi «öhdədə olma faktının müəyyən edilməsi» tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar