Məhkəmə qərarları › İş №2(3-8)-274/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-274/2026

14.04.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-274/2026 14.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi hüquqi əhəmiyyət kəsb edən faktın müəyyən edilməsi barədə ərizəsi üzrə (Açar söz: qulluq etdilməsi faktının müəyyən edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, ərizəçi Ərizəçi, onun nümayəndə və vəkili Vəkil İdayət qızının, maraqlı şəxs Maraqlı şəxs PHŞ-nin nümayəndəsi nümayəndə4 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən ərizəçi Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, mərhum anası İsmayılova Marış Hüseynalı qızına 70 yaşından, yəni 1998-ci ildən 2014cü ilədək qulluq etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum anası İsmayılova Marış Hüseynalı qızı 1928-ci ildə Zəngilan rayonunun İçəri Müşlan kəndində anadan olmuş, 2014-cü ilin may ayının 3-də, yəni 86 yaşında Sumqayıt şəhərində vəfat etmişdir. 1993-cü ildə Zəngilan rayonundan məcburi köçkün kimi Sumqayıt şəhərinə gələn anası, həmin vaxtdan 2014-cü ilədək onun himayəsində olmuş və ona qulluq etmişdir. Bunu şahidlər də təsdiq edə bilərlər. Ona əmək pensiyası təyin edilməsi üçün Sumqayıt şəhərində yerləşən ASAN xidmətə müraciət etmiş, oradan isə bildirmişlər ki, əmək stajı az olduğu üçün pensiya təyin edilə bilməz. Onun əmək kitabçası üzrə 16 il əmək stajı vardır. “Əmək pensiyaları haqqında Qanunun” 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin) müəyyən etdiyi qaydada hesablanan yaşı 70-ə çatmış şəxslərə qulluq edilməsi müddəti də sığorta stajına daxil edilir. Mərhum anası İsmayılova Marış Hüseynalı qızının 70 yaşı 1998-ci ildə tamam olmuşdur. O, Sumqayıt şəhərinə məcburi köçkün kimi gəldiyi vaxtdan vəfat etdiyi vaxta qədər, yəni 1993-cü ilin oktyabr ayından 2014-cü ilin may aymadək anası onun himayəsində olub və 70 yaşından 86 yaşınadək anasına o qulluq etmişdir. Göstərilənlərə əsasən ərizə təmin olunmalıdır.

3. Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi nümayəndə4 tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilərək qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 21.2-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1 -ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991 -ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərəjqulluq edilməsi müddəti; işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; zabit heyəti, R, R və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət; hərbi xidmət müddəti (1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının ## ###### 2017-ci tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli, ** saylı Qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həm qanunun, həm Ali Məhkəmənin Plenumunun Qərarına əsasən ərizəçinin hüquqi fakt qismində müəyyən etmək istədiyi tələb əsassızdır. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına və xüsusi rütbəlilərə, hərbi qulluqçulara verilən müavinətlər istisna olmaqla, digər əmək pensiyalarının, sosial müavinətlərin və Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdlərinin, kompensasiyaların təyinatını, yenidən hesablanmasını, bir növdən digər növə keçməsini mərkəzləşdirilmiş şəkildə həyata keçirən struktur bölmədir. Qeyd olunanlara əsasən cavabdeh kimi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər qeyd edilmişdir. Həmin şərtlər kimi məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda qeyd edilən qanunvericilik normasının məzmunundan göründüyü kimi xüsusi icraat qaydasında məhkəmə tərəfindən hüquqi əhəmiyyətli faktlar müəyyən edilən zaman iki şərt nəzərə alınır: 1) ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır; 2) ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədənkənar qaydada əldə etməyin mümkün olmaması nəzərdə tutulur. Ərizədən göründüyü kimi ərizəçinin mərhum anasına qulluq etməsi ilə əlaqədar hər hansı rəsmi sübut və məlumat yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” ## ##### 2019-cu il tarixli, ** saylı Qərarının 13.2-ci bəndinə əsasən, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin Qərarın 13.4-cü bəndinə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən, yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir; Ən azı iki nəfər şahid olmalı; Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli); Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Yəni müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər (işə daxil olma və işdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli, ** saylı Qərarının 1.2-ci bəndində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmçinin, sözügedən qərarın 3.4-cü bəndinə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir.

4. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Elçin Kaızmov) iddia tələbi təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ərizəçi Ərizəçi ##.##.1958-ci il tarixdə anadan olmuşdur. Onun anası İsmayılova Marış Hüseynalı qızı 1928-ci ildə Zəngilan rayonunun İçəri Müşlan kəndində anadan olmuş, 2014-cü ilin may ayının 3-də, yəni 86 yaşında Sumqayıt şəhərində vəfat etmişdir. Ərizəçi iddia edir ki, 1993-cü ildə Zəngilan rayonundan məcburi köçkün kimi Sumqayıt şəhərinə gələn anası, həmin vaxtdan 2014-cü ilədək onun himayəsində olmuş və ona qulluq etmişdir. Mərhum anası İsmayılova Marış Hüseynalı qızının 70 yaşı 1998-ci ildə tamam olmuşdur. O, Sumqayıt şəhərinə məcburi köçkün kimi gəldiyi vaxtdan vəfat etdiyi vaxta qədər, yəni 1993-cü ilin oktyabr ayından 2014-cü ilin may aymadək anası onun himayəsində olub və 70 yaşından 86 yaşınadək anasına o qulluq etmişdir. Ərizəçinin anasına 16 il qulluq etməsi faktının müəyyən edilməsi onun pensiya hüququnun yaranmasına əsas verir, yəni bu fakt hüquqi nəticə yaratmaqla ərizəçinin pensiya hüququnun əmələ gəlməsinə səbəb olur. Bununla belə ərizəçi qeyd etdiyi faktın mövcud olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Təqdim edilmiş sübutlar (aktlar və arayışlar) isə qeyd edilən faktın müəyyən edilməsinə kifayət etmir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 305.1.1, 307-ci maddələrinə, Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2019-cu il tarixli ** saylı Qərarına istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Ərizəçi Ərizəçi apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum anası İsmayılova Marış Hüseynalı qızı 1928-ci ildə Zəngilan rayonunun İçəri Müşlan kəndində anadan olmuş, 2014-cü ilin may ayının 3-də, yəni 86 yaşında Sumqayıt şəhərində vəfat etmişdir. 1993-cü ildə Zəngilan rayonundan məcburi köçkün kimi Sumqayıt şəhərinə gələn anası, vəfat etdiyi vaxtadək, yəni 2014-cü ilədək himayəsində olmuş və ona qulluq etmişdir. Ona əmək pensiyası təyin edilməsi üçün Sumqayıt şəhərində yerləşən ASAN xidmət mərkəzinə müraciət etmiş, oradan bildirilmişdir ki, əmək stajı az olduğu üçün ona əmək pensiya təyin edilə bilməz. Əmək kitabçası üzrə 16 il əmək stajı vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin) müəyyən etdiyi qaydada hesablanan yaşı 70-ə çatmış şəxslərə qulluq edilməsi müddəti də sığorta stajına daxil edilir. Mərhum anası İsmayılova Marış Hüseynalı qızının 70 yaşı 1998-ci ildə tamam olmuşdur. Qeyd etdiyi kimi Sumqayıt şəhərinə məcburi köçkün kimi gəldiyi vaxtdan vəfat etdiyi vaxtadək, yəni 1993-cü ilin oktyabr ayından 2014-cü ilin may ayınadək anası himayəsində olub və 70 yaşından 86 yaşınadək, yəni 16 il müddətində ona qulluq etmişdir. DSMF-yə müraciət edərək 70 yaşlı anasına qulluq faktının müəyyən edilməsi və bunun sığorta stajına daxil edilərək ona əmək pensiyası təyin edilməsini xahiş etsə də bildirişmişdir ki, mərhum Marış İsmayılova vəfat etdiyi üçün ona qulluq faktı onlar tərəfindən müəyyən edilə bilməz. Odur ki, 70 yaşına çatmış şəxsə qulluq faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməlidir. İllərlə yaşlı anasına qulluq etmişdir, bu onun övladlıq borcudur, amma iş stajı az olduğu üçün və qanunun ona verdiyi imkandan istifadə edərək anasına qulluq faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. Məhkəmə isə qanusuz və əsassız olaraq bu faktı müəyyən etməyərək ərizəni təmin etmədi. NK-nın 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarına əsasın “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1 və 4.1.8-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan ahıllara qulluq etmə müddəti üzrə sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: Patronajın təyin edilməsi barədə qərara əsasən: Qulluq etməyə dair qulluq olunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluq edənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdikləri ərizələrinə əsasən: Qulluq olunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən. Yuxarıda qeyd olunan hüquq normalarının tələblərindən göründüyü kimi qulluq olunan şəxs vəfat etmişdirsə, ona qulluq edilmə müddətinin qulluq edənin sığorta stajına daxil edilməsi üçün məhkəmənin qanuni qüvvəyə minmiş qərarı tələb olunur. Məhkəmə Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli, *** nömrəli qərarını iş üzrə tətbiq etməli olduğu halda tətbiq etməmiş və bununla da qətnamənin ləğvi üçün əsaslar yaratmışıdr. Məhkəmə qətnamədə məhkəməyə təqdim edilən bütün sübutları sadalayır, lakin əsassız olaraq belə qərara gəlir ki, sübutlar kifayət qədər deyil. Məhkəməyə təqdim etdiyi ## ###### 2024-cü il tarixli arayışda və həmin idarə tərəfindən tərtib edilmiş aktda üç nəfərin şahidliyi ilə təsdiq edilir ki, anası vəfat etdiyi tarixədək o, qulluq etmişdir. ## ###### 2024-cü il tarixli arayışda və həmin arayış əsasında tərtib edilmiş aktla da təsdiq edilir ki, anasına qulluq etmişdir. Bu aktlarla 6 nəfər təsdiq edir ki, anası vəfat etdiyi tarixədək onun himayəsində olmuş və ona qulluq etmişdir. Hətta bacı və qardaşlarını da şahid kimi dindirilməsini məhkəmədən xahiş etsə də, məhkəmə onların dindirilməsinə ehtiyac olmadığını bildirmişdir. Lakin bütün bunlara baxmayaraq məhkəmə belə nəticəyə gəlmişdir ki, sübutlar kifayət qədər deyil. Məhkəməyə daha hansı sübutlar lazım idi, müəyyən etmək mümkün deyil.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi nümayəndə4 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında ərizəçi Ərizəçi apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, vəkilinin dedikləri ilə razıdır. Subaydır, ailə qurmamışdır, övladı yoxdur. Anası ölənə kimi onunla yaşamış, ondan sonra tək yaşayır. 1994-2005-ci illər arası yataqxanada yaşamışlar. Anasının xəstəliyi ilə əlaqədar sonradan 10-cu mikrorayonda yerləşən evə köçmüşlər. Həmin ev qardaşının olmuş, orada qardaşı, qardaşının ailəsi və anası ilə birgə yaşamışdır. Anasına o qulluq etmişdir. Qardaşı və onun arvadı pandemiya dövründə ölmüşlər, ona görə hazırda tək yaşayır. Qardaşı da məcburi köçkün olub. Anası 2006-cı ildə insult keçirib, yataq xəstəsi olub, sonra ölüb. Anası əlillik almamışdır. Qardaşının ailəsi ilə birgə yaşasa da qardaşı və onun arvadı işlədiyinə görə anasına özü tək qulluq etmişdir. Anası ilə hər iki qardaşının evində yaşamış, anası xəstə olduğuna görə həkimlə qonşu olan Vəliyəddinin evinə aparmışlar.

11. Məhkəmə kollegiyasının iclasında ərizəçi Ərizəçi nümayəndə və vəkili Vəkil İdayət qızı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmə sübutların kifayət etmədiyini bildirərək ərizəni rədd etmiş, ərizəçidən zəruri sübutları tələb etməmişdir. Anasının 70 yaşından sonra ərizəçi 16 il ərzində ona qulluq etmişdir. Həmin müddət ərzində ərizəçi və anası 2 dəfə ünvan dəyişmiş, ilk olaraq yataqxanada yaşamış, daha sonra isə 10-cu mikrorayona köçmüşlər. Qonşular tərəfindən tərtib olunan aktlar və iki dövlət nümayəndəsinin verdiyi arayışlardan da görünür ki, ərizəçi illərlə anasına qulluq etmiş, anası onun himayəsində olmuşdur. Digər tərəfdən bu işlə əlaqədar inzibati məhkəməyə də müraciəti olub, məhkəmə ərizəçinin anasına qulluq etdiyini müəyyən etsə də qulluq faktının təsdiq olunmasının onun səlahiyyətində olmadığını bildirmişdir. Maraqlı şəxs tərəfindən verilmiş etirazı qəbul etmirlər, ərizəçi başqa yolla müəyyən edə bilmədiyindən pensiya hüququnun yaranması üçün məhkəməyə müraciət etmişdir. Ona görə də şikayətinin təmin olunmasını xahiş edir. Sübut olaraq məhkəməyə arayışları təqdim etmişdir. Şahidləri, yəni bacıları və qardaşları məhkəməyə təqdim etsələr də məhkəmə qəbul etməmişdir. Qonşuları zərurət olmadığından məhkəmə iclasına şahid qismində gətirməmişlər, onlar tərəfindən tərtib edilmiş aktları təqdim etmişdir. Ərizəçinin 9 il qulluq stajı çatmır. Ərizəçi anasına 16 il qulluq edib. Hüquqlarını müdafiə etdiyi şəxs hər iki qardaşının evində anasına qulluq etmiş, eyni zamanda, 70 yaşına çatmış şəxsə qulluq faktı müəyyən edilərkən onun xəstə olub-olmaması məsələsi əhəmiyyət kəsb etmir.

12. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Maraqlı şəxs PHŞ-nin nümayəndəsi nümayəndə4 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, etirazda qeyd olunduğu kimi ərizəçi hüquqi əhəmiyyətli faktın təsdiq olunması ilə bağlı zəruri sənədləri təqdim etməmişdir. Tərəflərin notarial qaydada təsdiq olunmuş razılıqları, patronajın təyin edilməsi barədə qərar yaxud qulluq edilən şəxs öldüyü halda məhkəmə qərarı tələb olunur. Hansı ki, həmin sənədlər təqdim olumayıb. Vətəndaşa qulluq dövrü 1998-2014cü illəri əhatə etdiyi bildirilsə də təqdim olunmuş arayışlar həmin dövrə aid olmadığından onların mötəbərliyi şübhə altına alınır. Eyni zamanda ərizəçi suallara cavabında anasına ayrıca baxmadığını bildirir, bu isə onu göstərir ki, birbaşa ahıla qulluq faktından söhbət getmir, anasına özünün yaxud qardaşının baxdığı qeyri-müəyyəndir. Həmçinin ərizəçi anasının xəstə olduğunu bildirir.

13. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Maraqlı şəxs PHŞ-nin nümayəndəsi nümayəndə1 izahat verib bildirmişdir ki, şahid şahid1 ifadəsində 6-cı mikrorayonda yaşadığını, Sarayın anasının illərlə həmin ünvanda yataq xəstəsi olduğunu, nə zaman həmin ünvana getsə Saray və anasının orada olduğunu bildirmiş, şahid şahid3 İbrahim qızı isə ifadəsində 10-cu mikrorayonda ərizəçi ilə qonşu olduğunu, Sarayın illərlə anası ilə həmin ünvanda yaşadığını bildirmişdir. Göründüyü kimi şahid ifadələri bir-biri ilə ziddiyyət təşkil edir. Şahid şahid2 ifadəsinə gəldikdə isə həmin dövrdə 13-14 yaşı olmuş, yetkinlik yaşına çatmamış, beləliklə nənəsinin həmin zamanlarda Vəliyyəddinin yoxsa Səhiyəddinin evində yaşamasını dərk etmək iqtidarında olmamışdır. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

İşdə olan sübutlar

14. ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ##.##.1958-ci il tarixdə anadan olmuşdur. Anası İsmayılova Marış Hüseynalı qızıdır.

15. AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ##.##.1958-ci il tarixdə anadan olmuşdur.

16. AZ-İ ****** saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İsmayılova Marış Hüseynalı qızı ##.##.2014-cü il tarixdə ölmüşdür.

17. AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayılova Marış Hüseynalı qızı ##.##.1928-ci il tarixdə anadan olmuşdur.

18. ##.##.2024-cü il tarixli ** saylı arayışdan və aktdan görünür ki, İsmayılova Marış Hüseynalı qızı 1994-cü ildən 2005-ci ilədək ünvan 1 ünvanında yaşamış və ona övladı Ərizəçi qulluq etmişdir.

19. ##.##.2024-cü il tarixli aktdan görünür ki, Ərizəçi anası İsmayılova Marış Hüseynalı qızına ##.##.2005-ci ildən ##.##.2014-cü ilədək qulluq etmişdir.

20. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** saylı qərarından görünür ki, Ərizəçi DSMF SÖTM Filialına qarşı anasına qulluq etdiyi dövrün sığorta ödənişinə daxil edilərək pensiya təyin edilməsi öhdəliyinin qoyulması barədə iddiası təmin olunmamışdır.

21. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərmişdir ki, ərizəçinin anası sağlığında oğlu Vəliyəddinin 6-cı mikrorayondakı evində yaşayırdı, onlarla qonşu olmuş, eyni zamanda, Saray xanımın anasının həkimi olmuşdur. Təcili yardım xəstəxanasında terapevt-kardioloq, Şəfqət klinikasında isə terapevt kimi çalışır. Xəstə ilk olaraq insult keçirmiş, sonra müvazinətini itirərək yıxılmış, bud sümüyü sınmışdır. Əvvəl digər oğlugildə yaşamış, xəstəlikdən sonra qonşuluğunda yaşayan oğlu Vəliyəddinin evinə gətirilmiş, ən azı 8 il xəstə yatmışdır. Vəliyəddinin evində özü, arvadı və uşaqları yaşamış, sonradan anasına qulluq etmək üçün Saray xanım da orada yaşamağa başlamışdır. Demək olar əksər vaxtlarda Saray Vəliyəddinin evində yaşamışdır. Xəstənin vəziyyəti ilə bağlı ona müraciət olunmuş, lakin xəstəxanada sənədləşdirmənin həyata keçirilməsi barədə məlumatı yoxdur. Həkim terapevt olaraq ərizəçi ona müraciət etmiş, o isə onun anasını müayinə etmiş, həmin şəxs daim onun nəzarətində olmuşdur. Saray xanımın anası Sarayın digər qardaşıgildə yaşayıb, xəstəliyinə görə Vəliyəddingilə gətirilib. Evə gedib xəstəni yoxlamışdır. Xəstəni yoxlamaq üçün müayinəyə gedəndə Sarayın ona qulluq etdiyini görürmüşdür. Vəliyəddin özü və arvadı gün ərzində işdə olurdu deyə, anasına Saray qulluq edirdi.

22. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, bibi Saray onların evində yaşamış, atası ilə anası hər gün işdə olduqlarından nənəsinə bibisi Saray qulluq etmişdir. Nənəsinin xəstəliyi, dərmanları ilə bağlı məsələlərin həlli bibisinin üzərinə düşmüşdü. Həmin zamanlar 13 yaşı var idi, nənəsi iflic olmuş, sağ tərəfi işləməmişdir.

23. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş şahid3 İbrahim qızı ifadəsində göstərmişdir ki, ərizəçinin qardaşı Səhiyəddin öz ailəsi ilə 10-cu mikrorayonda onların qonşuluğunda yaşamış, Saray həmin evdə anasına qulluq etmişdir. 1990-cı ildən həmin binada yaşayır, ora köçəndən ərizəçinin anası oğlu Səhiyəddin də orada olub. Saray isə anası xəstələnəndən sonra ona qulluq etmək üçün orada yaşamağa başlamışdır. Saray hazırda da həmin ünvanda yaşayır. Maral xanım yataq xəstəsi idi, ona kömək edib ayağa qaldırır, qolundan tutub gəzdirirdilər.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydası

4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.8. ahıllara qulluqetmə müddəti üzrə:

1. patronajın təyin edilməsi barədə qərara əsasən;

2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;

3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən.

25. “Əmək pensiyaları haqqında Qanunun” 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin) müəyyən etdiyi qaydada hesablanan yaşı 70-ə çatmış şəxslərə qulluq edilməsi müddəti sığorta stajına daxil edilir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

27. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydası 4.1.8-ci bəndinin üçüncü hissəsinə əsasən ahlllara qulluq etmə müddəti əgər qulluqolunan vəfat etmişdirsə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edirlir ki, ərizəçi də məhz anasının vəfat etməsini və vəfat etdiyi günədək ahıl anasına onun qulluq etdiyini iddia edərək, bu faktın müəyyən olunmasını xahiş etmişdir.

30. Ərizəçi anasının uzun müddət yataq xəstəsi olmasını və kənar şəxsin qulluğuna daim ehtiyacının olduğunu iddia etsə də buna dair hər hansı bir xəstəlik sənədini məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa ərizəçi 1994-cü ildən 2005-ci ilədək ünvan 1 ünvanında anası ilə birlikdə yaşadığını və həmin dövrdə də ona qulluq etdiyini iddia etmiş və bunun təsdiqi kimi ##.##.2024-cü il tarixli, ** saylı yaşayış istismar sahəsinin arayışını və ##.##.2024cü il tarixli iki nəfər şəxsin iştirakı ilə tərtib edilmiş aktı məhkəməyə təqdim etmişdir ki, qeyd olunan arayış ahıl şəxsə qulluq etmə faktını təsdiq edə biləcək sübut olmamışdır. ##.##.2024-cü il tarixli aktda qeyd olunan V.Allahverdiyeva və S.Muradova adlı şəxslərin imzası ilə təsdiqlənmiş aktın da sübut qismində qəbul edilməsi isə mümkünsüz olmuşdur. Belə ki, hər hansı bir hüquqi əhəmiyyətli faktı təsdiq edən şəxsin yazılı münasibəti deyil, şahid qismində ifadəsi mötəbər sübut kimi qəbul edilən olmuşdur. Hərçənd ki, aktda qeyd olunan V.Allahverdiyeva və S.Muradova adlı şəxslərin ərizəçi ilə və ya qulluqolunan şəxslə hansı münasibətlərinin olması da aydın olmamışdır.

31. Bundan başqa ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş şahid şahid1 ifadəsində qulluqolunan M.İsmayılova və onun qızı olan ərizəçinin qonşusu Vəliyyəddinin 6-cı mikrorayondakı evində yaşadığını, şahid şahid3 İbrahim qızı isə ifadəsində 10-cu mikrorayonda qonşusu olduğu Səhiyəddinin evində yaşamaqla anasına qulluq etməsinə dair ifadə vermişdir. Şahid şahid2 isə nənəsinin bibisi Sarayla onların evində yaşadığını bildirmişdir. Hərçənd ki, şahid şahid1 ifadəsində xəstəliyi ilə əlaqədar oğlu Vəliyyədinin evinə gətirildiyini və orada yaşadığını bildirmişdir. Bununla da qulluqolunan M.İsmayılovanın və ərizəçinin daimi olaraq harada yaşaması və məhz ərizəçinin daimi olaraq anasına qulluq etməsi ilə bağlı ziddiyətli məqamlar aşkar olunmaqla, həmin şahid ifadələri ilə də ərizəçinin məhz ahıl yaşda anasına daimi qulluq etməsini və bu səbəbdən də işləyə bilməməsini müəyyən etmək mümkün olmamışdır.

32. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçi tələb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən edilə bilməsi üçün məhkəməyə kifayət qədər mötəbər sübut təqdim edə bilməmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393 və 405-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar