Məhkəmə qərarları › İş №2(3-6)-2117/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2117/2026

03.06.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2117/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Cəfərov Ilham Məmməd oğlunun sədrliyi və məruzəsilə, X3 və X1 ibarət tərkibdə, Ərizəçi Ərizəçi (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı maraqlı şəxs qismində cəlb edilməklə) ahıl şəxsə qulluq etmə faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından ərizəçinin nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayət üzrə işə baxaraq, müəyyən etdi: Ərizəçi Ərizəçi (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlər Təyinatı üzrə Mərkəzi Filialı maraqlı şəxs qismində cəlb edilməklə) ahıl şəxsə qulluq etmə faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, onun ## ###### 2000-ci ildən ## ######## 2003-cü ilədək, yəni 3 il ahıl atası X2 qulluq etməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, 1930-cu il təvəllüdlü atası X2 ölən günədək ünvan 1 ünvanında onunla birlikdə yaşamış, ## ######## 2003-cü ildə həmin evdə ölmüşdür. Atasına ahıl vaxtlarında o baxmış, son illərini isə ümumiyyətlə o, yaddaşının itirmiş son aylarda yataq xəstəsi olmuş, neçə ay yataqdan qalxa bilməmişdir. Atasının 70 yaşı tamam olduğu ## ###### 2000-ci ildən öldüyü ## ######## 2003-cü ilədək olan müddət onun əmək stajına daxil edilə bilər. Lakin, bu müddəti müəyyən edə biləcək hər hansı sənəd olmadığına görə bu faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. O, ## ###### 1955-ci ildə anadan olmuş və ## #### 2020-ci il tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. O, 2020-ci ilin sonlarında “DOST” Xidmətinə müraciət edərək 64 yaş 6 ayından yaşa görə pensiya təyin olunmasını xahiş etmişdir. Müraciətinə cavab olaraq Maraqlı şəxs ## ###### 2021-ci il tarixli məktubla müraciətdən imtina etmiş, əmək kitabçasında ## ###### 2006-cı il tarixədək sığorta stajının 23 il 4 ay olmaqla tələb olunan müddətdən az olmasını, eyni zamanda ## ###### 2006-cı il tarixdən ## #### 2008-ci tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmamasını göstərmişdir. Daha sonra o, ## ###### 2025-ci il tarixdə * saylı Bakı “DOST” Mərkəzinə müraciət edərək, atasına qulluq etdiyi illərin onun əmək stajına hesablanıb əmək pensiyası verilməsini xahiş etmiş, lakin Maraqlı şəxs ## ###### 2026-cı il tarixli məktubla ona yaşa görə əmək pensiyası verməkdən imtina etmiş, əsas kimi isə atası vəfat etdiyi üçün ona qulluq etdiyi illər məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında təsdiq edildikdən sonra həmin dövrün sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun baxılacağı bildirilmişdir. Ahıl şəxsə qulluq edilməsi müddəti Qanunvericiliyə əsasən qulluq edən şəxsin sığorta stajına daxil edilən müddət olduğuna görə bu fakt (ahıl şəxsə qulluq faktı) şəxs üçün hüquqi nəticələr doğurmaqla şəxsin pensiya hüququnun əmələ gəlməsinə səbəb olduğundan artıq bu fakt məhkəmə qaydasında hüquqi fakt qismində müəyyən edilə bilər. Qeyd edilən faktın müəyyən edilməsi üçün lazım olan sənədləri başqa qaydada ala bilmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli ilə qərardadı ilə (hakim Fəridə Rzayeva) ərizəçi Ərizəçi (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlər Təyinatı üzrə Mərkəzi Filialı maraqlı şəxs qismində cəlb edilməklə) ahıl şəxsə qulluq etmə faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Ərizəçinin nümayəndəsi və vəkili həmin qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını, ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə icraat xitam verilməsi qənaətinə gələn zaman nəzərə almamışdır ki, onlar ahıl şəxsə qulluq etmə faktının müəyyən edilməsini Mülki Prosessual Məcəlləsini 307.2.2-ci (şəxsin öhdədə olması faktının) maddəsinə əsasən deyil, həmin Məcəllənin 307.2.11-ci (qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların) maddəsinə əsasən tələb etmişlər. Yəni onlar öhdədə olma faktını deyil, ahıl şəxsə qulluqetmə faktını müəyyən edilməsini tələb etmişsə, bu zaman məhkəmə onların tələblərinin şəxsin öhdədə olması faktına aid olmaması əsası ilə işə xitam verə bilməzdi. Belə ki, prosessual qanunvericilik qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmadığı halda hüquqi əhəmiyyəti olan digər faktların məhkəmə qaydasında müəyyən edilməsini nəzərdə tutduğuna görə ərizəçi pensiya hüququnun əmələ gəlməsinə səbəb ola biləcək faktı məhkəmə qaydasında tələb etməkdə haqlı olub. Ərizəçinin nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək, Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinin “Əmək pensiyaları” haqqında Qanunun 21.2.4-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.8-ci bəndi ilə əlaqəli şəkildə şərh edilməsi üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə sorğu verilməsini xahiş etmişdir. Maraqlı şəxs apellyasiya şikayətinə etirazla müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli, ** saylı qərarının 1.3-cü bəndinə görə məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Qərarın 1.2-ci maddəsinə əsasən Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 14-cü bəndinə görə məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Iddiaçı tərəfindən qulluq aktı tərtib olunması imkanı olduğundan sosial sığorta stajının hüquqi əhəmiyyəti olan fakt qaydasında təsdiq edilməsinə zərurət yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilən iş və digər fəaliyyət müddətlərinə aid edilmişdir. Göründüyü kimi, Qanunun qeyd olunan müddəası sığorta stajının müddətinin hesablanması qaydasını müəyyən edir. Lakin həmin normada bu müddətin ayrıca məhkəmə qaydasında müəyyən edilməli olması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2019-cu il tarixli, ** saylı qərarlarının 1-ci bəndində Məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb edilməsini qeyd edir. Ali Məhkəmənin qeyd olunan Plenum qərarının 1.2-ci bəndində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və va əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və va əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1 -ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin Qərarın 1.4cü bəndində qeyd edilir ki lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması, yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü nəzərdə tutulur. Həmin qərarın 3-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Bundan başqa Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər qeyd edilmişdir. Həmin şərtlər kimi məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə ki, sözügedən məcəllənin 310-cu maddəsində ərizənin məzmunu və ərizəyə baxılması qaydası qeyd edilmişdir ki, həmin qaydaya əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2019-cu il tarixli ** saylı “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Plenum Qərarına əsasən məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır, eyni zamanda qeyd edir ki, məhkəmədə müraciətlərə (ərizələrə) baxılmasının prosessual qaydasını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2-ci maddəsində mülki məhkəmə icraatının vəzifələri təsbit edilmişdir. Həmin maddəyə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə uyğun olaraq, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.8-ci yarımbəndinin 3-cü abzasına əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı ahıllara qulluqetmə müddəti üzrə qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il ## ####### tarixli Qərarında göstərilmişdir ki, mülki mühakimə icraatında fiziki və hüquqi şəxslər arasında yaranmış mübahisələr, bir qayda olaraq, iddia icraatı qaydasında həll edilir. Lakin bir sıra hallarda heç kəs tərəfindən pozulmayan və mübahisələndirilməyən hüquq və mənafelərin mülki məhkəmə icraatı qaydasında müəyyən və ya təsdiq edilməsinə zərurət yaranır. Prosessual qanunvericilik bu kateqoriya işlərə baxılmasının xüsusi qaydasını müəyyən edir və onu xüsusi icraat adlandırır. Xüsusi icraat qaydasında hüquq haqqında mübahisənin mövcud olmadığı mülki işlərə baxılır. Bu səbəbdən belə işlərdə tərəflər (iddiaçı, cavabdeh) və üçüncü şəxslər deyil, yalnız ərizəçi və maraqlı şəxslər iştirak edir. Məhkəmədə xüsusi icraat qaydasında işin qaldırılması səlahiyyəti məhdud şəxslərə məxsus olur. Göstərilənlərə əsasən məhkəmə bildirir ki, iş üzrə ərizəçi hazırda vəfat etmiş valideyninə ahıl olduğu dövrdə qulluq etməsi faktının təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, məhkəmənin barəsində şikayət olunan qərardadına əsasən iş üzrə icraata xitam verilmişdir. Halbuki, sözügedən faktın qanuna əsasən hüquqi nəticələr doğurması, həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada alınmasının mümkün olmaması və hüquq haqqında mübahisənin olmaması, mahiyyəti üzrə baxılmanın nəticələrindən asılı olmayaraq, hər bir halda ərizəçinin hazırki ərizəsinin məhkəmə icraatını mümkün edirdi. Bununla yanaşı, birinci instansiya məhkəməsi qeyd edilən qərardadında icraata xitam verilməsinin səbəblərini müəyyən edərkən təsdiq edilməsi tələb edilən faktın qanunvericilikdə nəzərdə tutulmadığı qənaətinə gəlməkdə haqlı olmamışdır. Belə ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi ilə bağlı işlərə xüsusi icraat qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 307.1 və 307.2.11-ci maddələri). Hüquqi əhəmiyyəti olan bir sıra faktlar qanunla müəyyən edilən qaydada qeydə alınırlar və onların mövcudluğu qeydə alan orqanın verdiyi müvafiq sənədlə rəsmiləşdirilir və müxtəlif sənədlərdə əks olunur. Lakin hüquqi faktın əks olunduğu sənəd itirildikdə və onu başqa yolla bərpa etmək mümkün olmadıqda, həmin faktın mövcudluğu məhkəmə qaydasında müəyyən edilir. Hüquqi əhəmiyyəti olan faktlar o halda məhkəmə qaydasında müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktları təsdiq edən sənədlərin başqa qaydada alınmasının mümkünsüzlüyü belə faktların müəyyən edilməsinin məhkəmədənkənar qaydasının qüvvədə olan qanunvericilikdə mövcud olmamasını nəzərdə tutur. Hazırki ərizə üzrə isə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.8-ci yarımbəndinin 3-cü abzasında əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajına daxil edilməsi üçün ahıllara qulluqetmə müddəti üzrə qulluqolunan vəfat etmişdirsə, müvafiq sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olması əsas gətirilir. Göründüyü kimi, ərizəçi təsdiq olunmasını tələb etdiyi faktla bağlı sənədləri alması mümkünsüzdür və qüvvədə olan qanunvericilikdə də belə sənədlərin mövcud olmaması halında məhkəmə qərarının olması şərti ilə ərizəçinin hüquqlarının təmin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Digər tərəfdən, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərək ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməli olmasına baxmayaraq, qeyd edilən izahın qərardadda qeyd edilməməsi prosessual normanın tələbinin pozulması ilə nəticələnmişdir. Beləliklə, qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından və həmin pozuntular düzgün olmayan qərardadın çıxarılması ilə nəticələndiyindən, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizənin mümkünlüyü (icraata qəbul) məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası həmçinin, ərizəçinin nümayəndəsi və vəkilinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə sorğu verilməsi barədə vəsatətinə münasibətdə qeyd edir ki, insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edilməsi üçün əsas müəyyən edilmədiyindən, o cümlədən hazırki qərardadla həll edilməli məsələyə dair konstitusiya icraatı üzrə şərh olunma zərurəti yaranmadığından vəsatət təmin edilmir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ləğv edilsin və iş ərizənin mümkünlüyü (icraata qəbul) məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar