Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(040)-1707/2025 17.12.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Mən, Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlu, Ərizəçi “28 fevral 2020-ci ildə doğulmuş X1 onun öhtəsində olması faktının müəyyən edilməsinə dair” ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri Kəlbəcər Rayon Məhkəməsinin binasında məhkəmə iclasından kənar nəzərdən keçirib, müəyyənetdim: İddiaçı Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 28 fevral 2020-ci ildə doğulmuş X1 onun öhtəsində olması faktının müəyyən edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddələrinə əsasən, icraata götürülməkdən imtina edilməklə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının: -1.2-ci bəndində izah edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir; -1.3-cü bəndində izah edilir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir; -3-cü bəndində izah edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. -3.1-ci bəndində izah edilir ki, şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir. Məhkəmə (hakim) hesab edir ki, hazırki ərizəyə məhkəmə icraatında baxılmalı deyildir, belə ki, ərizədə müəyyən edilməsi istənilən faktın ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu fakt olması əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2 və 153.2.1-ci maddələrinin müddəalarından görünür ki, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığına görə, Ərizəçi “28 fevral 2020-ci ildə doğulmuş X1 onun öhtəsində olması faktının müəyyən edilməsinə dair” ərizəsi və ona əlavə olunmuş sənədlər Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata götürülmədən geri qaytarılmalıdır. Belə ki, ərizəçi ərizəsində 28 fevral 2020-ci ildə doğulmuş X1 onun öhtəsində olması faktının müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğunu əsaslandırmamış, ümumiyyətlə bu barədə qeyd aparmamışdır. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ərizçiyə növbəti dəfə yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Ərizəçiyə əlavə olaraq izah edilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarından da görünür ki, Mülki Prosessual Məcəllənin 307.2.2-ci maddəsində nəzərdə tutulan əsasla şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, qəraraaldım: Ərizəçi “28 fevral 2020-ci ildə doğulmuş X1 onun öhtəsində olması faktının müəyyən edilməsinə dair” ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizənin yolverilməzliyinə görə geri qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən, 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1707/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №2(040)-1707/2025
17.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver