Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3708/2022 19.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Səmədov Rəşid Əfraim oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı «daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi tələbi»nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-2168/2022 saylı qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı «müqavilənin ləğv edilməsi və mənzilin boşaldılması tələbi» barədə iddia ərizəsinə dair olan 2(010)-2168/2022 saylı mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia tələbinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 iyun 2021-ci il tarixli Qərarına əsasən, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Həmin Qərardan görünür ki, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. İddia tələbindən də göründüyü kimi iddianın predmetini daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi təşkil edir. Mənzilin boşaldılması tələbi isə birinci tələbdən irəli gələn və ondan asılı olan bir tələbdir. Göründüyü kimi hazırki iddia ərizəsinin predmetini təşkil edən tələblər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin tənzimetmə dairəsinə daxil deyildir. Belə olduğu halda müstəsna aidiyyətlə bağlı müddəaları nəzərdə tutan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsinə istinad edilməsi qanunauyğun deyil. Belə olan halda məhkəmə hesab edir ki, iddia düzgün olaraq, aidiyyət qaydalarına riayət edilməklə Suraxanı Rayon Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsində göstərilmişdir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı «daşınmaz əmlakın alqısatqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki iş məhkəmələr arasında ərazi aidiyyətinə dair fikir ayrılığı olduğuna görə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı «daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3708/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3708/2022
19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver