Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3729/2021 08.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «lizinq obyektinin qaytarılması və borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «lizinq obyektinin qaytarılması və borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli 1901/0662 saylı X4 əsasən, iddiaçı Cavabdeh1 ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə göstərilən və ümumi dəyəri 17000 manat olan 1 ədəd “SUZUKİ” markalı “KİZASHİ” modeli **-PF-*** qeydiyyat nömrəli avtomobili öz mülkiyyətinə keçirərək, Cavabdeh1 müvəqqəti sahiblik və istifadəyə vermişdir. Cavabdeh1 isə öz növbəsinə əsasən 11900 manat məbləğində borcu illik 27% faiz hesablanmaqla, 36 ay müddətinə iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh1 Lizinq müaviləsinə 2 saylı Əlavədə (Lizinq ödənişləri cədvəli üzrə) 36 ay müddətinə illik 27% faiz mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərini pozmuşdur. Bundan başqa, Cavabdeh1 müqavilə öhdəliklərinin təmini üsulu kimi zamin Cavabdeh2 ilə iddiaçı arasında 29 dekabr 2019-cu il tarixli 1901/0662 ZM-01 saylı zaminlik müqaviləsi bağlanmış və zamin Cavabdeh2 məsuliyyəti öz üzərinə götürmüşdür. Bununla əlaqədar cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, lizinq obyektini geri qaytarmaqdan imtina etmiş və lizinq obyektinin yeri bu günə qədər müəyyən edilməmişdir. Hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh1 26.04.2021 -ci il tarixdə iddiaçıya iddia qaldırılan günə 11900 manat əsas lizinq borcu, 4240 manat lizinqdən istifadəyə görə faiz borcu, 4270 manat hesablanmış penya, cəmi 20410 manat məbləğində borcu qalmaqdadır. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. 29 dekabr 2019-cu il tarixli 1901/0662 saylı X3 14.1-ci maddəsinə əsasən, Lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüquqlarına Lizinq verən tərəfindən birtərəfli qaydada aşağıdakı hallarda xitam verilə bilər; 14.1.3. Lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə bir dəfə ödəmir və ya iki dəfə ödənişi gecikdirmişdir. Göstərilənlərə əsasən, iddiaçının mülkiyyətində olan “SUZUKİ” markalı “KİZASHİ” modelli **-PF-*** qeydiyyat nömrəli avtomaşını Cavabdeh1 qanunsuz istifadəsindən alınaraq iddiaçıya qaytarılması, cavabdehlərdən iddiaçının xeyrinə 11900 manat əsas lizinq borcu, 4240 manat lizinqdən istifadəyə görə faiz borcu, 4270 manat hesablanmış penya, cəmi 20410 manat borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxrılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə heç bir məlumat verməmişlər. Odur ki, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan AD seriyalı 749946 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “SUZUKİ KİZASHİ MİNİK” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətindədir. İş materiallarında olan 29 dekabr 2019-cu il tarixli 1901/0662 saylı Daxili lizinq müqaviləsindən görünür ki, iddiaçı ümumi dəyəri 17000 manat olan 1 ədəd ““SUZUKİ KİZASHİ MİNİK” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 lizinqə verməyi, Cavabdeh1 isə İizinq ödənişlərini ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə olunmuş 29 dekabr 2019-cu il tarixli 1901/0662 ZM-01 saylı Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2, Cavabdeh1 iddiaçı qarşısında 29 dekabr 2019-cu il tarixli 1901/0662 saylı Daxili lizinq müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 26 aprel 2021-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh1 29 dekabr 2019-cu il tarixli 1901/0662 saylı Daxili lizinq müqaviləsi üzrə iddiaçıya əsas borcu 11900 manat, mükafat borcu 4240 manat, cərimə borcu 4270 manat, cəmi 20410 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz 4 geri almaq və bununla da da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh1 arasında 29 dekabr 2019-cu il tarixli 1901/0662 saylı Daxili lizinq müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı ümumi dəyəri 17000 manat olan 1 ədəd “SUZUKİ KİZASHİ MİNİK” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 lizinqə verməyi, Cavabdeh1 isə İizinq ödənişlərini ödəməyi öhdələrinə götürmüşlər. Eyni zamanda iddiaçı ilə cavabdehlər arasında 29 dekabr 2019-cu il tarixli 1901/0662 ZM-01 saylı Zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2, Cavabdeh1 iddiaçı qarşısında 29 dekabr 2019-cu il tarixli 1901/0662 saylı Daxili lizinq müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öhdəsinə götürmüşdür. Cavabdeh1 29 dekabr 2019cu il tarixli 1901/0662 saylı Daxili lizinq müqaviləsi üzrə iddiaçıya əsas borcu 11900 manat, mükafat borcu 4240 manat, cərimə borcu 4270 manat, cəmi 20410 manat təşkil edir. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, avtomobili Cavabdeh1 lizinqə vermiş, bunun nəticəsində iddiaçının Cavabdeh1 müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, Cavabdeh1 isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh1, eyni zamanda Cavabdeh2 müqavilələr (lizinq və zaminlik müqavilələri) üzrə öhdəliylərini yerinə yetirməmələrinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyətləri yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilələrin və lizinq müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafiki üzrə yaranmış 11900 manat əsas borcu və 4240 manat mükafat borcu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış lizinq müqaviləsindən irəli gəlir. Belə ki, müqavilənin 10.1-ci bəndinə əsasən cavabdeh gecikdirilən lizinq ödənişi məbləğinə cərimə kimi gündəlik 0,5 faiz hesablanmaqla iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan 4270 manat dəbbə pulu məbləği yaranmış 11900 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 400 manat həddində müəyyən edilməklə cavabdehlərdən tutulması ədalətlidir. Məhkəmə iddia tələbinin avtomobilin iddiaçıya geri qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, lizinq ödənişləri gecikdirildikdə lizinq müqaviləsini ləğv etmək və lizinq predmetini geri almaq lizinq verənə bilavasitə qanunvericiliklə verilmiş hüquqlardır. Tərəflər arasında 29 dekabr 2019-cu il tarixli 1901/0662 saylı X3 14.1-ci bəndinin tələblərinə əsasən, Lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüquqlarına Lizinq verən tərəfindən birtərəfli qaydada aşağıdakı hallarda xitam verilə bilməsini nəzərə alan məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən müqavilə üzrə öhdəlik icra edilmədiyindən iddiaçının lizinq predmeti olan avtomobili geri almaq hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının mülkiyyətində olan “SUZUKİ KİZASHİ MİNİK” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomaşını Cavabdeh1 istifadəsindən alınaraq iddiaçıya qaytarılmalı, cavabdehlərdən iddiaçının xeyrinə 11900 manat əsas lizinq borcu, 4240 manat lizinqdən istifadəyə görə faiz borcu, 400 manat penya, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbləri qismən təmin edilsin. İddiaçı MMC-nin mülkiyyətində olan “SUZUKİ KİZASHİ MİNİK” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomaşın Cavabdeh1 istifadəsindən alınaraq İddiaçı MMC-yə qaytarılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11900 ( on bir mün doqquz yüz) manat əsas lizinq borcu, 4240 ( dörd min iki yüz qırx) manat lizinqdən istifadəyə görə faiz borcu, 400 (dörd yüz) manat penya, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu , ümumilikdə 16.570 (on altı min beş yez yetmiş) manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-3729/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3729/2021
08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver