Məhkəmə qərarları › İş №2(006)-373/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-373/2024

11.01.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-373/2024 11.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh1 MMC-nin nümayəndəsi - Nümayəndə oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «müqavilənin etibarsızlığı və fərdi evin yenidən tikilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «müqavilənin etibarsızlığı və fərdi evin yenidən tikilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi 79 saylı fərdi evlə bağlı Cavabdeh1 MMC ilə ona aid hissədə bağlanmış 14 saylı xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi 79 saylı fərdi evin ona aid olan hissədə Cavabdeh1 MMC tərəfindən yenidən tikilməklə istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi ev vərəsəlik qaydasında 1/4 hissədə ona, 3/4 hissədə qardaşı Cavabdeh2 məxsusdur. Cavabdeh1 MMC ilə ikinci Cavabdeh2 razılaşmış və fərdi evin yerində hündür mərtəbəli bina tikintisi adı altında 14 saylı xx.xx.2021 -ci il tarixli müqavilə imzalamışdır. Bu barədə məhkəməyə müraciət etmiş və Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə adı çəkilən müqavilə ləğv edilmiş və xx.xx.2021-ci il tarixli 14 saylı müqavilə yenidən tərtib edilmişdir. Müqavilə xx.xx.2021-ci il tarixdə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsi alınmış, lakin müqavilənin tarixi və nömrəsi əvvəlki tarixə xx.xx.2021-ci il tarixinə qeyd olunmuşdur. Həmçinin Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərardadı ilə Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi 79 saylı evin sökülməsinə qadağa qoyulmuşdur. İki il keçməsinə baxmayaraq, tikinti işlərinə başlanmamış, 79 saylı fərdi evdən başqa digər qonşuların yaşayış sahələri alınmamış sökülməmiş, Cavabdeh1 MMC-nin rəhbərliyi tikintinin nə vaxt başlayacağı sualına biganə qalması kimi hallar yenidən məhkəməyə müraciət etmək zərurəti yaratmışdır. Bağlanmış müqavilənin 2.2.5-d bəndində qeyd olunmuşdur ki, «yeni tikiləcək hündürmərtəbəli binanın bünövrəsi qoyulduqdan sonra tikinti işləri 24 ay müddətinə qədər başa çatdırılacaq». Onunla danışıqlar zamanı Cavabdeh1 MMC-nin rəhbərliyi məlum etmişdir ki, binanın bünövrəsi 2021-ci ilin sonunda başlayacaq, lakin 2 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq, nəinki binanın bünövrəsi qoyulmamış, yuxarıda qeyd etdiyi kimi, mülkiyyətində olan 79 saylı binadan başqa hündürmərtəbəli binanın tikintisi üçün nəzərdə tutulan sahədə heç bir qonşu evlər alınmamış - sökülməmişdir. Cavabdeh1 MMC bu sahədə öhdəçiliklərin yerinə yetirməmişdir. Bu isə kirayə üçün ödənilən 150 manatla günügündən artan kirayə haqqını ödəməkdə çətinliklər törədir. Autizm xəstəsi olan azyaşlı övladı ilə hazırda çox çətin bir şəraitli yaşayış sahəsində yaşayır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisindən 1/4 hissə üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli 14A saylı müqavilədən görünür ki, müqavilə Cavabdeh1 MMC ilə İddiaçı və Cavabdeh2 arasında bağlanmış, müqaviləyə əsasən İddiaçı və Cavabdeh2 mülkiyyətlərində olan ünvan 2 ünvanında yerləşən 81.1 kv.metrdən ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh1 MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada Cavabdeh1 MMC tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdələrinə götürmüşlər. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-3190/2021 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 14 saylı müqavilənin etibarsız hesab edilməsi, cavabdeh "Pilot-16” MMC-yə Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, 81,11 kv.m yaşayış sahəli, 79 saylı fərdi yaşayış evinin 1/4 payına münasibətdə İddiaçı ilə, 3/4 payına münasibətdə isə Cavabdeh2 ilə həmin ərazidə inşa edilməsi nəzərdə tutulmuş hündürmərtəbəli yaşayış binasında yaşayış sahəsi ilə təmin edilməsi barədə müqavilənin bağlanmasının həvalə edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 14A saylı müqavilənin tarixi xx.xx.2021-ci il qeyd edilsə də, müqavilənin, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)- 3190/2021 nömrəli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra 2021-ci ilin sonlarında bağlanmışdır. Məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən müqavilə 2021-ci ilin sonlarında bağlanmış, lakin həmin tarixdən 1 il 6 aydan artıq müddət keçdikdən sonra iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır (xx.xx.2023-cü il tarixdə). Qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Yuxarıda qeyd olunduğu kimi, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bu kimi hallarda iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Məhkəmə qeyd edir ki, mülki hüquq anlamında müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır, göstərilən maddədə həm əhəmiyyətsiz, həm də mübahisə edilən əqdlərin etibarsızlıqları ilə bağlı müddətlər müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, əgər mübahisə edilən əqdin etibarlı olubolmamasının mübahisə edilməsi müddəti müəyyən edilmişsə, əhəmiyyətsiz əqdin isə etibarsızlığı nəticəsinin tətbiqi haqqında iddia müddəti müəyyən edilmişdir. Maddədə həm əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həm də mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik müddət müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən iddia rədd edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, müqavilənin etibarsız hesab edilməsi üçün məhkəmə tədqiqatı zamanı hər hansı əsas müəyyən edilməmişdir. Belə ki, müqavilənin 2.2.5-ci bəndinə əsasən yeni tikiləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdıraraq müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş mənzili iddiaçıya təhvil vermək Cavabdeh1 MMC-nin vəzifəsidir. Göründüyü kimi müqavilənin icrası binanın bünövrəsinin qoyulduğu vaxtdan başlanır. İddia ərizəsinin məzmunundan göründüyü kimi həmin ərazidə olan digər evlərin sahibləri ilə olan münasibətlərdən yaranan səbəblərə görə tikinti işləri başlanmamış, binanın bünövrəsi qoyulmamışdır. Göründüyü kimi tikinti işlərinin başlanmaması Cavabdeh1 MMC-nin cavabdeh olmadığı səbəblərdən baş vermişdir ki, bu hal müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddiaçı müqavilənin etibarsız hesab edilməsi üçün digər əsas olan hər hansı bir sübutu məhkəməyə təqdim etməməklə iddiasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə iddia tələbinin fərdi yaşayış evinin yenidən tikilməklə istifadəsinə verilməsi hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb müqavilənin etibarsız hesab edilməsinə əsaslanmaqla ondan asılı olduğundan və həmin tələb üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsassız hesab olunmaqla təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar