Məhkəmə qərarları › İş №2(006)-3756/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3756/2023

28.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3756/2023 28.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «hərəkətlərin qanunsuz hesab edilərək borcun silinməsi və s» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «hərəkətlərin qanunsuz hesab edilərək borcun silinməsi və s» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Nizami küçəsi, 23 saylı fərdi yaşayış evində qeydiyyatda olmaqla bərabər ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Qeyd olunan fərdi yaşayış evi iddiaçının mərhum X14ə məxsus olmuşdur. Həmin yaşayış evinin ayrıca mülkiyyət sənədi olmamışdır. Həyətdə iddiaçının da evi var. X14 xx.xx.2020-ci ildə ölmüş və ona xx.xx.2020-ci il tarixdə 352 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Atası öləndən həmin fərdi yaşayış evində iddiaçı və qardaşı X7 anaları X8 ilə birlikdə yaşayırlar. İddiaçının atası Ağayev Ağaəmi oğluna məxsus fərdi yaşayış evinin bütün kommunal xərcləri, xüsusilə də elektrik enerjisindən isifadəyə görə yaranmış sərfiyyatın pulunu atası rəhmətə gedəndən sonra iddiaçı və qardaşı tərəfindən vaxtlı-vaxtında ödənmişdir. İddiaçıya məlum olmayan səbəblərə görə "xxxx" ASC cavabdeh qismində mərhum Ağaəmi Ağayevə qarşı “borcla əlaqədar pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ağaəmi Ağayevin istifadə etdiyi elektrik enerjisi üzrə guya yaranmış 13396,44 manat borc və ödənilmiş 30 manat məvləğində dövlət rüsumunun cavabdeh Ağaəmi Ağayevdən tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun bildirmişdir ki, AR Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışa və abunə haqqında bildirişlərə əsasən abonent kodu **********30000 olan Ağaəmi Ağayevin elektrik enerjisindən istifadə etməsi ilə bağlı guya iddiaçı "xxxx" ASC-yə cəmi 13396,44 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdeh Ağaəmi Ağayevə dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elektrik enerjisinin haqqı olan 13396,44 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC əməkdaşları hər ay Ağaəmi Ağayevin ünvanına gələrək sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq təqdim etməsi tələbinin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsinin onun öz ögdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Hal-hazırda Ağaəmi Ağayev vəfat etdiyindən onun oğlu İddiaçı məsuliyyət daşımalıdır. Buna görə qeyd olunanları nəzərə alaraq iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-1389/2021 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh qismində İddiaçı qarşı “borcla əlaqədar pul” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)- 1389/2021 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC-nin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-7007/2021 saylı qətnaməsi ilə\ təmin edilməyərək qətnamə dəyişdirilmədən qüvvəsini saxlamışdır. İddiaçı "xxxx" ASC Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-7007/2021 saylı qətnaməsindən kassasiya şikayəti vermiş, Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-6812/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Beləliklə, "xxxx" ASC-nin mərhum Ağaəmi Ağayevin adına olan abonent kodu **********30000 olan elektrik enerjisindən istifadəyə görə yaranmış 13396,44 pulun hazırki mülki iş üzrə iddiaçıdan tutulması tələbi təmin edilməmiş və qətnamə Ali Məhkəməyə qədər dəyişdirilmədən qüvvədə saxlanılmışdır. "xxxx" ASC həmin borcu silməyərək bu ilin avqust ayının 2-si və ya 3-ü evə yeni sayğac qoyaraq bildirmişdir ki, 13396,44 manat pulu yeni qoyulmuş abunə koduna bərpa edəcəklər. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC tərəfindən verilən çıxarışdan da aydın olur ki, qanuni qüvvəsini almış məhkəmə aktı olmasına baxmayaraq "xxxx" ASC özbaşınalıq edərək qanunsuz həmin 13396,44 manat pulu silməmiş və mərhum Ağaəmi Ağayevin adına olan abonent kodu **********30000 olan sayğacın üzərinə köçürülmüşdür. Ona görə də, "xxxx" ASC-nin 13396,44 pulun mərhum Ağaəmi Ağayevin adına istifadədə olan və ünvan 1 ünvanında abonent kodu **********30000 olan elektrik enerjisindən istifadəyə görə quraşdırılmış sayğacın üzərinə köçürülməsi barədə hərəkətləri qanunsuz hesab edilərək borcun silinməsi və sayğaca müdaxilə edilməsi cavabdehə qadağan edilməlidir. Qeyd edilənlərə əsasən cavabdeh "xxxx" ASC-nin mərhum Ağaəmi Ağayevin adına istifadədə olmuş ünvan 1 ünvanında abonent kodu **********30000 olan elektrik enerjisindən istifadəyə görə yeni quraşdırılmış sayğacın üzərinə 13396,44 manat pulun köçürməsi barədə hərəkətləri qanunsuz hesab edilərək **********30000 saylı abonent kodunda olan 13396,44 manat borcun silinməsi və ünvan 1 ünvanında abonent kodu **********30000 olan elektrik enerjisindən istifadəyə görə quraşdırılmış sayğaca müdaxilə edilməsi cavabdeh "xxxx" ASC-yə qadağan edilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, ünvan 1 ünvanında fərdi yaşayış evi atasına məxsus olmuşdur. O, neftçi olduğundan bütün kommunal ödənişləri ödəməyi iddiaçıya tapşırırmış və iddiaçı tərəfindən bütün ödənişlər vaxtında ödənilmişdir. Lakin cavabdehin əməkdaşları tərəfindən bununla bağlı iddiaçıya qəbz verilməmişdir. Daha sonra Ağaəmi Ağayev dünyasını dəyişmiş və cavabdeh Ağaəmi Ağayevə qarşı iddia qaldıraraq atasının guya elektrik emerjisindən istifadəyə görə onlara 13396,44 manat borcu olduğunu iddia etmişlər. Daha sonra isə Ağaəmi Ağayev vəfat etdiyi üçün cavabdeh qismində İddiaçı prosesə cəlb edilmişdir. Qeyd edilən iddia tələbinə hər üç məhkəmə instansiyasında baxılmış və iddia tələbi borcun olmaması əsası ilə rədd olunmuşdur. Həmin qətnamələr qanuni qüvvəsini almışdır. Daha sonra qeyd edilən mənzilə yeni sayğac quraşdırılmışdır. İddiaçı bununla bağlı kart almaq istəyərkən isə iddiaçıya məlum olmuşdur ki, cavabdehin iddia etdiyi borc həmin sayğaca yüklənmişdir. Borcun olmaması ilə əlaqədar qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olduğu halda cavabdehin həmin borcu iddiaçının sayğacına köçürməsi qanunsuzdur. İddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçının borcunun olmaması ilə bağlı məhkəmə qətnamələri olsa da, 2021-ci ildə iddiaçının 13396 manat borcu var idi. Hazırda da həmin borc qalmaqdadır. 2022-ci ildə iddiaçının evinə sayğac quraşdırılıb və 2013-cü ilə qədər, yəni 11 il ərzində iddiaçı tərəfindən sadəcə 609 manat ödəniş edilmişdir. Sonuncu ödəniş isə 2021-ci ildə sadəcə 5 manat olmuşdur. Qeyd edilənlərdən başqa ödəniş edilməmişdir. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

6. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 2 ünvanında abonent kodu **********30000 olan elektrik enerjisindən istifadəyə görə quraşdırılmış sayğac hazırki mülki iş üzrə İddiaçı X14in adına olmuş, "xxxx" ASC-nin sənədlərinə əsasən 2020-ci il tarixinə 13396,44 manat məbləğində borc yaranmış, bununla bağlı "xxxx" ASC “borcla əlaqədar pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və hər üç instansiyada iddia tələbi təmin olunmamışdır. Borcun olmaması ilə əlaqədar qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olduğu halda, cavabdeh həmin borcu iddiaçının işıq sayğacına keçirmişdir. Hazırda iddiaçı həmin borcun köçürməsi barədə hərəkətlərin qanunsuz hesab edilməsini, abonent kodunda olan 13396,44 manat borcun silinməsini və quraşdırılmış sayğaca müdaxilə edilməsini cavabdeh "xxxx" ASC-yə qadağan edilməsini tələb edir.

a) Mülki işin materialları:

7. Mülki işin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-1389/2021 saylı qətnaməsi ilə iddianın rədd edilməsi, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı “borcla əlaqədar pul” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, iddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

8. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-7007/2021 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı “borcla əlaqədar pul” tələbinə dair iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-1389/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-1389/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

9. Mülki işin materiallarında olan Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021ci il tarixli, 2(102)-6812/2021 saylı qərarı ilə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-7007/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

10. Mülki işin materiallarında olan 4 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-ll № 071634 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X5 xx.xx.2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 02 ayının 12 günündə 352 № ilə qeyd edilmişdir.

11. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, Ağaəmi Ağayevə məxsus ünvan 1 ünvanına dair 13.421,84 manat borc hesablanmışdır.

12. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş Abonentin hərəkət cədvəlinə əsasən Ağayev Ağaverdi adına ünvan 1 ünvanında abonent kodu **********30000 olan elektrik enerjisindən istifadəyə görə quraşdırılmış sayğac üzərində 2020-ci il tarixinə 13396,44 manat borc yaranmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

14. Belə ki, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.1-ci bəndinə əsasən 7.1. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır.

16. Həmin Qaydaların 7.2-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir.

17. Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir.

18. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

19. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.

20. Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır.

21. Qaydaların 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.

22. Mülki Məcəllənin (bundan sonra - MM) 1096, 1097.1 və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

23. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır.

24. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun İddiaçı qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə iddiaçının təqsiri müəyyən edilməmişdir. Lakin bundan başqa məhkəmələrin iddiaçının borcu ilə bağlı qanuni qüvvəsini almış yekun aktlarına əsasən borc sübuta yetirilə bilmədiyindən cavabdehin iddiası rədd edilmişdir. Bu halda artıq cavabde tərəf əsassız olaraq iddiaçının abone hesabından həmin borcu silməməkdə qanunsuz hərəkət etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının atası X3 məxsus ünvan 1 ünvanında abonent kodu **********30000 olan elektrik enerjisindən istifadəyə görə yeni quraşdırılmış sayğacın üzərinə 13396,44 manat pulun köçürməsi barədə hərəkətləri qanunsuz hesab edilərək **********30000 saylı abonent kodunda olan 13396,44 manat borc isə silinməlidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

26. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

27. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

28. Məhkəmə “elektrik enerjisindən istifadəyə görə quraşdırılmış sayğaca müdaxilə edilməsi cavabdeh "xxxx" ASC-yə qadağan edilməsinə” dair hissədə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir.

29. Belə ki, həmin tələb üzrə iddiaçı məhkəmə iclası zamanı məhkəmə tərəfindən veriln suallara əsasən bildirmişdir ki, yeni quraşdırılmış sayğaca əgər borc silinərsə yenidən cavabdehin əməkdaşları tərəfindən müdaxilə edilmə ehtimalı mövcud olduğundan belə bir tələb irəli sürmüşdür. Lakin məhkəmə bu halda qeyd edir ki, bu kimi tələb gələcəkdə baş verə biləcək və ya bilməyəcək hərəkətlə bağlı olduğundan mücərrəd olmaqla iddia tələbi təmin edilə bilməz. Əgər hər hansı bir borc ilə bağlı müdaxilə olarsa, ondan sonra iddiaçının bu tələb ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ vardır.

30. Bundan əlavə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

31. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

32. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindnən, cavabdeh "xxxx" ASCdən 100 (bir yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir.

33. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

37. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

38. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin ünvan 1 ünvanında abonent kodu **********30000 üzrə olan elektrik enerjisindən istifadəyə görə yeni quraşdırılmış sayğacın üzərinə 13396,44 manat pulun köçürməsi barədə hərəkətləri qanunsuz hesab edilərək **********30000 saylı abonent kodunda olan 13396,44 (on üç min üç yüz doxsan altı manat, qırx dörd qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh "xxxx" ASC-dən 100 (bir yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar