Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3792/2021 07.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 iyun 2014-cü il tarixli, 11-G-1-0-263-14 saylı kredit və 11 iyun 2014-cü il tarixli, 11-G-1-0- 263-14 saylı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Nikoyl” X1 açıq səhmdar cəmiyyətinin 4 saylı filialı ilə mənim aramda bağlanmış 11 iyun 2014-cü il tarixli, 11-G-1-0-263-14 saylı kredit müqaviləsinə əsasən “Nikoyl” X1 açıq səhmdar cəmiyyəti tərəfindən mənə 46000 manat məbləğində kredit verilmişdir. “Nikoyl” X1 açıq səhmdar cəmiyyətinin 4 saylı filialı ilə mənim aramda bağlanmış 11 iyun 2014-cü il tarixli, 11-G-1-0-263-14 saylı ipoteka müqaviləsinə əsasən “Nikoyl” X1 açıq səhmdar cəmiyyətinin 4 saylı filialı ilə aramda bağlanmış 11 iyun 2014-cü il tarixli, 11-G-1-0-263-14 saylı kredit müqaviləsinə əsasən 46000 manat veriləcək kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericilikdə və bu müqavilələr ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi mənə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196,4 kv.m olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, ev 115000 manat məbləğində qiymətləndirilmişdir. “Nikoyl” X1 açıq səhmdar cəmiyyətinin 4 saylı filialı ilə mənim aramda bağlanmış 11 iyun 2014-cü il tarixli, 11-G-1-0- 263-14 saylı kredit müqaviləsinin 1.5, 1.6 və 1.11 -ci bəndlərin tələbləri pozulmuşdur. Belə ki, kredit müqaviləsi üzrə mənə verilən kredit illik 22 faiz ödənilməklə bağlanması təklif edilsə də illik 25 faiz ödənilməklə verilmişdir. Bundan başqa, kredit müqaviləsi üzrə mənə verilən kredit 80 ay müddəti əvəzinə, 60 ay müddəti müəyyən edilmişdir. Bundan başqa, “Nikoyl” X1 açıq səhmdar cəmiyyətinin 4 saylı filialı İlə mənim aramda bağlanmış 11 iyun 2014-cü il tarixli, 11-G-1-0-263-14 saylı ipoteka müqaviləsinə əsasən mənə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196,4 kv.m olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, ev 115000 manat məbləğində qiymətləndirilsə də 17 fevral 2017-ci il tarixli qiymətləndirmə hesabatına görə mənə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində yerləşən 0,03 ha torpaq sahəsinin və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin bazar dəyəri 221000 manat qiymətləndirilmişdir. Göründüyü kimi, mənə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196,4 kv.m olan fərdi yaşayış evi ipoteka müqaviləsində 106000 manat az qiymət qoyulmuşdur. Göstərilənlər ona dəlalət edir ki, “Nikoyl” X1 açıq səhmdar cəmiyyətinin 4 saylı filialı ilə mənim aramda bağlanmış kredit və ipoteka müqavilələri etibarsız hesab olunmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırkı iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələbinə uyğun olaraq xitam verilməlidir. Mülki işin hallarından müəyyən edildiyi kimi “kredit və ipoteka müqaviləsinin etibarsızlığı” tələbinə dair hazırki iş üzrə cavabdeh daha əvvəl məhkəməyə müraciət edərək borcun tutulması və hazırda etibarsız hesab edilməsi tələb edilən ipoteka müqaviləsi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia irəli sürmüşdür. Qeyd edilən iş üzrə Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə müvafiq tələblər qismən təmin edilmişdir. Bu qətnamədən sözügedən işin baxılmasında cavabdeh qismində iştirak edən İddiaçı apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 866/2020 saylı, 11.03.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, lakin birinci instansiya məhkəməsinin qətnaməsi müvafiq hissədə dəyişdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3940/2020 saylı, 06.10.2020-ci il tarixli qərarı ilə iddiaçı "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 mart 2020-ci il tarixli qətnaməsi iddiaçı "xxxx" ASCnin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddia ərizəsinə əsasən göründüyü kimi hazırda İddiaçı məhkəməyə müraciət etməklə kredit məbləğinin verildiyi faiz dərəcəsinin və kreditin verilmə müddətinin ümumi razılaşmaya uyğun müəyyən edilmədiyinə, ipoteka predmetinin ilkin satış qiymətinin real bazar qiymətindən az olduğuna əsaslanaraq hər iki müqavilənin etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, mübahisə predmeti olan kredit və ipoteka müqavilələri üzrə borcun tutulması və ipoteka hüququ ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin müqavilələrin etibarlığı artıq yoxlanılmış, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin əqdin etibarsızlığı ilə bağlı müvafiq maddələrinə istinad edilməklə qiymət verilmişdir. Belə ki, kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair işə baxan məhkəmə mübahisəni mahiyyəti üzrə həll edərkən iddianın əsaslı olub-olmadığını müəyyən etmək üçün ilk növbədə bu tələbin əsasını təşkil edən etibarlı müqavilələrin bağlanıb-bağlanmadığını müəyyən etmək vəzifəsi daşıyır və həmin vəzifəni yerinə yetirməklə tələbin qanuni və əsaslı olmasına hüquqi qiymət verir. Ona görə də bu mübahisəyə baxılan vaxt və yaxud baxıldıqdan sonra müqavilənin etibarsızlığına dair ayrıca iddia tələbinin irəli sürülməsi və həmin tələbə mahiyyəti üzrə baxılması prosessual qanunvericiliyin normaları baxımdan mümkün deyildir. Oxşar mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 22 aprel 2021-ci il tarixli Qərarında əks olunmuşdur. Belə ki, həmin qərarda qeyd edilir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda, həmin tutmanın yönəldilməsinə əsas olan kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə hazırki mübahisəyə mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilməsi Mülki Prosessual Məcəllənin tələblərinə uyğun deyildir və belə olduğu təqdirdə bu Məcəllənin 261.0.2-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 261.0.2, 262, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3792/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3792/2021
07.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver