Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3794/2023 13.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dondurulmuş borc kimi ödənilməsi ondan tələb olunan 131 manat 27 qəpik məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hal-hazırda yaşadığı ünvan 1 ünvanda "xxxx" ASC əməkdaşları tərəfindən quraşdırılan sayğacın abonent kodu «**********A0006» olmaqla, 2018-ci ildə vəfat etmiş atası X3 aiddir. xx.xx.2009-cu ildə dəm qazından digər ailə üzüvlərini də (anası, qardaşı, bacısı) itirdiyinə görə bütün komunal xidmətlərini adına keçirməyi qərara almışdır. Çünki, 2018-ci ildən bəri həmin ünvanda özü tək yaşayır və bütün kommunal xərcləri özü ödəyir və kommunal xidmətlərə görə heç bir borcu yoxdur. Abonent adının dəyişməsi ilə bağlı 1 saylı «ASAN Kommunal» xidmətə yaxınlaşmışdır. Həmin xidmətin əməkdaşları bildirmişlər ki, onun xx.xx.2002-ci il tarixdən xx.xx.2006-ci il tarixə qədər 131,27 manat dondurulmuş borcu var, yalnız onu ödədikdən sonra ad dəyişməni həyata keçirə bilərlər. Qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən ümumi iddia müddəti 10 il təşkil edir, həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən isə müqavilə tələbləri üzrə iddia müddəti isə 3 ildir. Yəni "xxxx" ASC-nin bu borcu tələb etməsi Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir, cünki Barmekin dövründən qalan bu borcun üstündən 17 il keçib. Borcun silinməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatına xx.xx.2023-cü il tarixli, M-4259-5/2023 nömrəli məktub ünvanlamışdır. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-dən ona 13-13/2-2/18-M-4259-5/2023 saylı, xx.xx.2023-cü il tarixli müraciətin araşdırılmasına dair məktub gəlsə də, müraciətinə dair deyil, yalnız borcun məbləğinə dair cavab məktubu almışdır. Həmin cavab məktubu ilə Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzinə yaxınlaşıb iradını bildirdiyində, ona demişlər ki, bu borc yalnız məhkəmə qərarı ilə silinə bilər. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etməyərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ünvan 2 ünvanı üzrə abunə hesabı X4 adınadır. Həmin abunə koduna (**********A0006) 131 manat 27 qəpik borc yazılmışdır. 28 mart 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 939573 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2018-ci ilin mart ayının 28 günündə 600 № ilə qeyd edilmişdir. Təqdim olunmuş sənədlərdən göründüyü kimi, 131 manat 27 qəpik borc xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixə qədər mənzildə istehlak edilmiş, lakin ödənişi aparılmamış elektrik enerjisinin dəyəridir. İşin faktiki hallarından görünür ki, yuxarıda qeyd olunan ünvanda öncələr yaşamış abunəçi X6 21 mart 2018-ci il tarixdə vəfat etmişdir. X1 adına hesablanmış borc 131 manat 27 qəpik təşkil edir. Həmin ünvanda yaşayan, abunəçinin qızı İddiaçı isə atası vəfat etdiyi vaxtdan sonra faktiki olaraq elektrik enerjisindən istifadə etmiş, mütəmadi ödənişlər həyata keçirmiş və hazırda onun şirkət qarşısında elektrik enerjisindən istifadəyə görə cari il üçün ödənilməmiş borcu 7 manat 44 qəpik təşkil edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, 131 manat 27 qəpik borc məbləği mərhum abunəçi İ.A.Balayevin yuxarıda qeyd olunan ünvanda yaşadığı dövrə təsadüf etdiyindən həmin məbləğ iddiaçıdan tələb edilə bilməz. Qeyd etmək lazımdır ki, «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.17-ci maddəsinin tələblərinə əsasən istehsalçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qopardıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəhcizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən istehlakçının (məişət abonenti istina olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Həmin Qaydaların 8.32-ci bəndinin tələblərinə görə məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd edilən Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X4 adına olan **********A0006 saylı abunə koduna hesablanmış 131 manat 27 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X4 adına olan **********A0006 saylı abunə koduna hesablanmış 131 manat 27 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-3794/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3794/2023
13.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver