Məhkəmə qərarları › İş №2(006)-3795/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3795/2021

15.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3795/2021 15.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı «kredit müqaviləsi və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı «kredit müqaviləsi və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" BOKT MMC ilə onun arasında bağlanmış 16.03.2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi; ona və X1 məxsus olan Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi 5-ci massiv A.Abdullayev küçəsi 8 saylı evə dair bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi; həmin müqaviləyə əsasən ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən cavabdeh "xxxx" BOKT MMC-nin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" BOKT MMC ilə İddiaçı arasında 16.03.2015-ci il tarixli kredit müqaviləsi bağlanaraq 31.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı kimi İddiaçı və X1 məxsus Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi 5-ci massiv A.Abdullayev küçəsi 8 saylı ev ipoteka ilə yüklü edilmişdir. Borclu BOKT qarşısında öhdəliklərini tam icra etmədiyindən iddia tələbi ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 12.07.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi qismən təmin edilərək, ondan cəmi 35.155,70 ABŞ dolları pulun tutularaq iddiaçıya verilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi və sair qət edilmişdir. Bundan sonra İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.11.2019-cu il tarixli 2(103)-3976/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmiş, bu dəfə məhkəmə BOKT-nin iddia tələbini qismən əsaslı hesab edərək qət etmişdir ki, İddiaçı cəmi 35.155,70 ABŞ dolları pul tutularaq "xxxx" BOKT MMC-yə ödənilsin və tələb İddiaçı və X1 məxsus Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi 5-ci massiv A.Abdullayev küçəsi 8 saylı evə yönəldilsin və mənzilin ilkin satış qiyməti isə 100.000 manat müəyyən edilsin. Həmin qətnamə iddiaçıya təqdim edilmədiyindən, Ali Məhkəməyə kassasiya şikayətini yalnız 12.10.2020-ci il tarixdə vermişdir. Lakin kassasiya şikayəti geri qaytarılmış və Ali Məhkəmənin 13.04.2021-ci il tarixli 2(102)-1502/2021 saylı qərarı ilə kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddəti bərpa edilməmişdir. Lakin hüquqi savadsızlığından istifadə edən cavabdeh BOKT onunla kredit müqaviləsini pis niyyətlə ABŞ dolları ilə bağlayaraq, qəsdən ölkədə manatın devalvasiyası zamanı ona manatla yox, ABŞ dolları ilə kredit verdiyindən o, iflasa uğramışdır. Cavabdeh BOKT-nin pis niyyətlə onunla müqavilə bağlamasını indi bilmişdir. Bu səbəbdən kredit müqaviləsinin və ipoteka müqaviləsinin etibarsızlığına dair iddia tələbi ilə hal-hazırda məhkəməyə müraciət edir. Mülki Məcəllənin 337.5, 460.3-cü maddələrinə istinad edən iddiaçı məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" BOKT MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, ipoteka müqaviləsi bağlanarkən qanunvericiliyin tələbləri pozulmamış, həmin vaxt mənzildə qeydiyyatda olan və yetkinlik yaşına çatmış şəxsin razılığı alınmış, sonuncu müqavilə bağlanan vaxt buna razılıq verməsinə dair rəsmi ərizə təqdim etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçının kredit müqaviləsi üzrə cavabdehdən krediti ABŞ dolları ilə götürməsi ona həmin andan məlum olduğu halda, işin qeyd olunan halını eyni tərəflərin iştirak etdiyi digər məhkəmə mübahisəsi zamanı bildirməmiş, iddia ərizəsində adını çəkdiyi digər mülki iş üzrə birinci instansiya məhkəməsində izahat verərkən, kredit müqaviləsini, ipoteka müqaviləsini mübahisələndirməmiş, yalnız ondan tələb olunan faiz və cərimə ilə razı olmadığını bildirmiş, məkəmədən iddianın qismən təmin edilməsini xahiş etmişdir. Aşkar şəkildə görünür ki, iddia əsassız olmaqla, eyni tərəflərin iştirak etdiyi mübahisə üzrə qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını yubatmaq məqsədi ilə məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı «kredit müqaviləsi və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı «kredit müqaviləsi və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar