Məhkəmə qərarları › İş №2(006)-3829/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3829/2021

30.07.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3829/2021 30.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalına qarşı «əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrünə görə orta əmək haqqının cavabdeh tərəfindən iddiaçıya ödənilməsi və s.» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalına qarşı «əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrünə görə orta əmək haqqının cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, işəgötürənin təqsirindən gecikdirilmiş əmək haqqına görə iddiaçıya hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 1 % miqdarında ödənişin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi və 01.08.2019-cu il tarixdən 05.04.2021-ci il tarixədək həkim-neanotoloq (hərbçi) kimi işlədiyi, lakin həkimneanotoloq maaşı aldığından yaranmış fərqin – yəni 8.205 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının rəisinin 82 №-li, 05.04.2021-ci il tarixli onunla əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin ləğv edilməsi; onun məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək ştat cədvəlinə uyğun əmək haqqı ödənilməklə əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması; 01.08.2019-cu il tarixdən 05.04.2021-ci il tarixədək həkimneanotoloq (hərbçi) ilə həkim-neanotoloq əmək haqqı fərqinin hesablanaraq ona ödənilməsi və cavabdeh Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının təqsirindən gecikdirilmiş əmək haqqına görə ona hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 1 % miqdarında ödənişin cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 16.06.2001-ci il tarixli, 3496 qeydiyyat nömrəli «Diploma» əsasən 1994-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinə daxil olmuşdur, 2000-ci ildə isə həmin universiteti «Pediatriya» ixtisası üzrə tam kursunu bitirmişdir. Dövlət İmtahan Komissiyasının 17.06.2000-ci il tarixli qərarı ilə ona «Həkim-pediatr» ixtisası verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş 18.07.2001-ci il tarixli 000349 nömrəli «Vəsiqə»yə əsasən, o, 01.08.2000-ci il tarixdən 30.06.2001-ci ilədək K.Y.Fərəcova adına X2 internatura kursunu keçmiş və Buraxılış İmtahan Komissiyasının qərarına əsasən ona «Həkim-pediatr» ixtisası verilmişdir. Əvvəllər müxtəlif yerlərdə işləsə də, 04.11.2013-cü il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının «Akuşer-Ginekologiya» bölməsində həkim-neanotoloq vəzifəsində işə başlamışdır. Göstərilən hospitalda işlədiyi dövrdə işinə həmişə vicdanla və ləyaqətlə yanaşmış, xəstələr ilə münasibəti yaxşı olmuş və işə yanaşma tərzi həmişə müsbət qiymətləndirilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozmasını aşağıdakı faktlar sübut edir: 1) 01.02.2017-ci il tarixdə Akuşer-Ginekologiya bölməsinə həkim-neanotoloq (hərbçi) vəzifəsinə təyin edilmişdir. Lakin 2019-cu ilin avqust ayında ona heç bir xəbərdarlıq edilmədən və onun razılığı olmadan tutduğu vəzifədən azad olunmuşdur. Nəticədə ona verilən hərbçi vəzifəsi ləğv edilmiş və yenidən mülki həkim kimi işinə davam etmişdir. Buna baxmayaraq ona məxsus əmək kitabçasında onun yenidən mülki işə qayıtması ilə bağlı, yəni vəzifə dəyişikliyinə dair hər hansı sənədləşmə həyata keçirilməmiş, müvafıq qeyd aparılmamış və müvafiq sənədin surəti ona təqdim edilməmişdir. Halbuki: Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Son iş günü olan 05.04.2021-ci il tarixdə əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilməsinə baxmayaraq ona «əmək müqaviləsinə xitam verilməsi barədə» işəgötürənin əmrinin surəti verilməmişdir. Halbuki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Bu isə qeyd olunan hospitalın necə kobud pozuntularla işlədiyini təsdiq edən faktdır. Bu səbəbdən hesab edir ki, 01.08.2019-cu il tarixdən 05.04.2021-ci il tarixədək həkim-neanotoloq (hərbçi) vəzifəsində olduğu üçün, lakin həkimneanotoloq maaşı aldığından yaranmış fərq (yəni 8.205 manat) cavabdehdən onun xeyrinə tutulmalıdır. 15.02.2021-ci il tarixdə onlara bölmənin bağlandığı və onların işdən azad edildikləri elan olunmuşdur. Cavabdeh özünün bu qərarını onlara məlum olmayan və surəti onlara təqdim edilməyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin əmri ilə izah etmişdir. Cavabdeh bildirmişdir ki, «TƏBİB hospitala qarışa bilmədiyi üçün burada doğuş ola bilməz.» Daha sonra o, aidiyyəti üzrə X24 Xidmətinə müraciət etdikdə müfəttiş ona bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetindən onlara belə bir əmr və ya digər sənəd daxil olmayıb. Bundan sonra o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Tibb İdarə rəisi vəzifəsini icra edən Eİxan İbrahimova müraciət etmişdir ki, «mən Şuşa rayonundan məcburi köçkün olmaqla şəhid övladıyam və heç olmazsa əziz yurduma - Şuşa şəhərinə qayıdana qədər məni işlə təmin edin.» Sonuncu ona bildirmişdir ki, «səninlə əlaqə saxlayacaqlar.» Lakin təəssüflər olsun ki, heç kəs onunla əlaqə saxlamamış və bu məsələdən heç bir xəbər çıxmamışdır. Çarəsiz vəziyyətdə qaldığından hospitalın rəisi vəzifəsini icra edən Vüqar Mürsəlova müraciət etmiş və eyni sözləri ona da demişdir. Təəssüflər olsun ki, sonuncu onun müraciətinə heç bir məhəl qoymayaraq ona bildirmişdir ki, «sənin diplomun «Pediatriyadır» və məndə sənə uyğun iş yoxdur. Mən səni işdə saxlamaqla cinayət etmiş olaram.» Halbuki, o, tam əminliklə söyləyir ki, göstərilən hospitalda ixtisasına uyğun işləməyən çox sayda həkimlər var. Öncə göstərilən məsul şəxslərin qeydlərinə əsasən o, sonuncuların hər ikisinə bildirmişdir ki, belə olan halda onda onu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında pediatriya bölməsinə yerləşdirsinlər. Lakin bu müraciəti də, əvvəlki müraciətləri kimi təmin olunmayaraq nəticəsiz qalmışdır. 05.04.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının «Kadrlar və Şəxsi Heyətin uçotu bölməsi»nin rəisinin 82 №-li, 05.04.2021-ci il tarixli «Əmri» ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 05.04.2021-ci il tarixdə cavabdehə məxsus jurnalda imza etdikdən sonra yalnız əmək kitabçası ona təhvil verilmişdir. Halbuki: Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin isdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olun şəxslərə; kollektiv müqavilələrdə va ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Qanunvericiliyin qeyd olunan maddəsinin məzmunundan aydın şəkildə müəyyən olunur ki, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır və işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Halbuki, cavabdeh işəgötürən işçilərin peşəkarlıq səviyyəsini müəyyən etmədən tam qərəzli şəkildə onun şəhid ailəsi üzvü və məcburi köçkün olmasına baxmayaraq qanunsuz və əsassız olaraq 82 №-li, 05.04.2021-ci il tarixli «Əmr» ilə aralarında bağlanılmış əmək müqaviləsini xitam etmişdir. Bildirir ki, 27.09.1957-ci il tarixli evlənmək haqqında Şəhadətnaməyə əsasən, anası - X39 atası - X17 ilə rəsmi nikaha daxil olmuşlar və həmin nikahdan valideynlərinin o da daxil 6 (altı) övladları olmuşdur. DQMV Şuşa rayon ZDS İcraiyyə Komitəsinin VVAQ Şöbəsi tərəfindən verilmiş 07.07.1976-cı il tarixli 118 nömrəli akt qeydi olan «Doğum haqqında Şəhadətnamə»yə əsasən, onun anası - X27r və atası isə - X17 olmuşdur. X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı olaraq «polis starşinası» olmuş və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 08 may 1992-ci il tarixdə Şuşa şəhərində erməni quldur dəstəsi tərəfindən qəsdən öldürülərək şəhid olmuşdur. Aşağıdakı sənədlərin notariat qaydada təsdiq edilmiş surətləri onun şəhid ailəsi üzvü və məcburi köçkün olduğunu təsdiq edən sənədlərdir: Anası - X28 Azərbaycan Respublikası Şəhid, Əlil və Veteranlar Birliyi tərəfindən verilmiş 01.12.1999-cu il tarixli, 000154 nömrəli «X41»; Azərbaycan Respublikası DİN tərəfindən verilmiş 28.02.2001-ci il tarixli, 30/1-16 nömrəli «Arayış»; Anası - X28 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 22.08.2003-cü il tarixli, ******* nömrəli «Vəsiqə»; Azərbaycan Respublikası DİN tərəfindən verilmiş 06.04.2004-cü il tarixli, 30/1-5 nömrəli «Arayış»; Anası - X28 Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X36 Birliyi tərəfindən verilmiş 10.04.2006-cı il tarixli, 001970 nömrəli «X41»; Suşa rayonu VVADQ Şöbəsi tərəfindən verilmiş 19.09.2006-cı il tarixli, 177348 nömrəli «Ölüm haqqında Şəhadətnamə»; Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsi tərəfindən ona verilmiş AA seriyalı, 401628 nömrəli, 31.01.2018-ci il tarixli «X30». Həmçinin bildirmək istəyir ki, Şuşa rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14.03.2006-cı il tarixli 2-7/2006 nömrəli qətnaməyə əsasən, ərizəçi X23 əri X9 «ölüm faktının müəyyən edilməsinə dair» ərizəsi təmin edilərək, 1935-ci ildə Şuşa rayonunda doğulmuş X5 rayonunun işğalı zamanı 1992-ci ilin may ayında ölmüş elan edilmiş və qətnamənin icrası Şuşa rayon VVADQ Şöbəsinə həvalə edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Hazırda anası - X39 yataq xəstəsi olmaqla onun himayəsindədir və o, «Parkinson» xəstəliyindən əziyyət çəkir. Bunu «MedEra Hospitalı» tərəfindən verilmiş 08.04.2021-ci il tarixli, 398 nömrəli «Arayış» təsdiq edir. Yuxarıda qeyd olunanlar bir daha bunu təsdiq edir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalı tərəfindən qəbul edilmiş 82 nömrəli, 05.04.2021-ci il tarixli «Əmr» tam qanunsuz və əsassızdır. Çünki, həmin «Əmr» qəbul edilərkən Əmək Məcəlləsinin 78-ci maddəsinin tələbləri birmənalı şəkildə pozulmuşdur. Xüsusilə qeyd edir ki, ümumiyyətlə hazırda ölkədə koronavirus (COVİD-19) infeksiyasının geniş yayıldığı bir dönəmdə işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi (guya işçilərin sayının azaldılması və ştat ixtisarı bəhanəsi ilə) nə dərəcədə məntiqli və ədalətlidir? Yoxsa cavabdeh Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik X20 Əliyevin çıxışına məhəl qoymur və onun dediklərinə riayət etmir? Axı ölkə başçısı dəfələrlə öz çıxışlarında bildirmişdir ki, işçilər əsassız yerə işdən çıxarılmamalı, ixtisara yol verilməməli, həmçinin işçi qüvvəsinə ehtiyac duyulmadığı hallarda qanunvericiliklə görülməsi mümkün olan və iş yerlərinin qorunub saxlanmasına imkan verən alternativ üsullardan istifadə edilməlidir. Nəticə etibarı ilə koronavirus (COVİD-19) infeksiyasının geniş yayıldıgı dövrdə işəgötürənlər işçilərlə əmək münasibətlərini davam etdirməkdə maraqlı olmalıdırlar və belə bir çətin şəraitdə işçilərin işdən çıxarılması yolverilməzdir. Təəssüflər olsun ki, Azərbaycan Respublikası Silahlı X1 barəsində qəbul etdiyi 82 nömrəli, 05.04.2021-ci il tarixli «Əmri» öncə qeyd olunanlara tamamilə ziddir və bunun yalınz bir adı vardır: «Özbaşınalıq». Xüsusilə məhkəmənin diqqətinə çatdırır ki, cavabdeh hətta onu ixtisasına uyğun digər işlə də təmin etməmişdir. Çünki, onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında «Pediatriya» şöbəsində işinə davam etməklə bağlı müraciəti də təmin edilməmişdir. Halbuki, cavabdeh istəsəydi heç şübhəsiz bunu rahat bir şəkildə edərdi. Belə ki, qeyd olunan hospitalda ixtisasından tam kənar işlərdə işləyən kifayət qədər işçilər var və son 2 ayda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında pediatriyaya həkim də qəbul edilib. Digər tərəfdən onlarla birlikdə ixtisar olunan həkimlərdən biri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında «Ginekoloq» vəzifəsinə işə qəbul edilmişdir, digəri isə hospitalda «Ginekologiya» bölməsində analıq məzuniyyətində olan işçinin yerində işlə təmin olunmuşdur. Sual yaranır: İşçilərin sayı azaldılırsa nəyə görə digər tərəfdən yeni işçilər işə qəbul edilir? Doğma yurdu Şuşa şəhərinin erməni quldur dəstələrinin işğalından azad olunmasının sevincini yaşadığı bir dönəmdə cavabdehin belə bir davranışı tamamilə qəbuledilməzdir və şəhid ailəsi üzvü, həmçinin məcburi köçkün olan işçiyə münasibətdə müzəffər ordunun hospitalına yaraşmayan bir hərəkətdir. Bildirmək istəyir ki, cavabdeh Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının «Kadrlar və Şəxsi Heyətin uçotu bölməsi»nin rəisinin 82 №-li, 05.04.2021-ci il tarixli «Əmri» ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Bakı şəhər İdarəsinə də müraciət etmişdir. Lakin şikayətilə bağlı idarədən cavab verilmədiyi üçün hazırda məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalmışdır. «İnsan hüquqlarına dair Ümumi Bəyannamə»nin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən, hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı-seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələri ilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-ci maddəsinin 2-ci bəndinə əsasən, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının rəisinin 82 №-li, 05.04.2021-ci il tarixli onunla əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin ləğv edilməsi; onun məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək ştat cədvəlinə uyğun əmək haqqı ödənilməklə əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması; 01.08.2019-cu il tarixdən 05.04.2021-ci il tarixədək həkim-neanotoloq (hərbçi) ilə həkim-neanotoloq əmək haqqı fərqinin hesablanaraq ona ödənilməsi; cavabdeh Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının təqsirindən gecikdirilmiş əmək haqqına görə ona hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 1 % miqdarında ödənişin cavabdeh tərəfindən ona ödənilməsi; cavabdeh Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalı tərəfindən ona vurulmuş mənəvi ziyana görə 20.000 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının rəisinin 82 №-li, 05.04.2021-ci il tarixli onunla əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin ləğv edilməsi; onun məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək ştat cədvəlinə uyğun əmək haqqı ödənilməklə əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması və ya təsnifata əsasən uyğun vəzifəyə işə bərpa olunması; 01.08.2019-cu il tarixdən 05.04.2021-ci il tarixədək həkim-neanotoloq (hərbçi) ilə həkimneanotoloq əmək haqqı fərqinin hesablanaraq ona ödənilməsi; cavabdeh Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının təqsirindən gecikdirilmiş əmək haqqına görə ona hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 1 % miqdarında ödənişin cavabdeh tərəfindən ona ödənilməsi; cavabdeh Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalı tərəfindən ona vurulmuş mənəvi ziyana görə 20.000 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizədə iddia ərizəsinə əlavə kimi qeyd olunmuşdur ki, 06.08.2003-cü il tarixdən Yeni Azərbaycan Partiyasının üzvüdür və hər zaman X25 yürütdüyü siyasəti dəstəkləmişdir və dəstəkləməyə də davam edir. Bir neçə ay öncə doğma yurdu olan Şuşa şəhərinin erməni işğalından azad edilməsi isə həmin partiyaya üzv olmasının doğru addım olduğunu bir daha təsdiq etmiş və ölkənin ərazi bütövlüyünün tam şəkildə bərpa edilməsi isə qürurverici hal olmuşdur. Buna görə ölkə başçısına sonsuz təşəkkürünü bildirir. Bildirir ki, cavabdeh 22.02.2021-ci il tarixli 1420 saylı «İşçilərin sayının azaldılması haqqında» «Bildirişi» ona yalnız 26.04.2021-ci il tarixdə poçt vasitəsilə ev ünvanına göndərmişdir. Göründüyü kimi, qeyd olunan «Bildiriş» ona təqdim edilməmiş, tərəfindən imzalanmamış və bu barədə klinika tərəfindən hər hansı «Akt» tərtib edilməmişdir. Bununla isə cavabdeh əmək qanunvericiliyi ilə nəzərdə tutulan tələblərə əməl etməmiş və nəticədə qanunsuz olaraq ona məxsus olan əmək müqaviləsini xitam etmişdir. Çünki cavabdeh (işəgötürən) tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl qeyd olunan «Bildiriş» ona qanunvericiliklə nəzərdə tutulan müddətdə, yəni azı 6 təqvim həftəsi (21 fevral 2021-ci il tarixdə) verilməsi əvəzinə, 9 təqvim həftəsi (21 fevral 2021-ci il tarixdən 26 aprel 2021-ci il tarixədək olan dövr nəzərdə tutulur) sonra verilmişdir. Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən (Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları adlı) işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: 1 ilədək əmək stajı olduqda - azı 2 təqvim həftəsi; 1 ildən 5 ilədək əmək stajı olduqda - azı 4 təqvim həftəsi; 5 ildən 10 ilədək əmək stajı olduqda - azı 6 təqvim həftəsi; 10 ildən çox əmək stajı olduqda - azı 9 təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70ci maddəsinin «a» və «b» bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı iki misli miqdarında. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı 6 (altı) təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqından az olmamaqla əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Bundan başqa cavabdeh tərəfindən «Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı» «X21» də «Elektron hökumət portalı» sisteminə 05.04.2021-ci il tarixdə daxil edilməsi əvəzinə, bunu həmin tarixdə deyil, xeyli gec olmaqla, yəni 20.04.2021-ci il tarixdə həmin «Bildiriş» sistemə daxil edilmişdir. Bunu cavabdehin nümayəndəsi tərəfindən 21.04.2021-ci il tarixdə ona edilən zəng də təsdiq edir. Belə ki, həmin tarixdə cavabdehin nümayəndəsi ona zəng edərək bildirmişdir ki, hospitala gedib bildirişi götürsün. O isə cavab olaraq buna etiraz etmiş və bildirmişdir ki, «siz məni 05.04.2021-ci il tarixdə işdən çıxarmısınız və həmin tarixdə də göstərilən bildirişi mənə verməli idiniz, indi niyə gəlməliyəm ki?» Halbuki, cavabdeh 05.04.2021-ci il tarixdə onu müvafiq sistemdən çıxarmaqla «Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı» «X21»ni də elə həmin tarixdə verməli idi. Lakin cavabdeh bunu yalnız onun müraciətindən sonra, yəni 20.04.2021-ci il tarixdə etmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Halbuki, qeyd olunan əmrin surətinin ona verilməməsi ilə bərabər, son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) da ona vaxtında ödənilməmişdir. Buradan isə cavabdehin əmək müqaviləsinə tələm-tələsik xitam verərkən sonsuz sayda pozuntulara yol verməsi açıq-aşkar müəyyən olunur və cavabdeh Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının rəisinin onun barəsində qəbul etdiyi 82 №-li, 05.04.2021-ci il tarixli əmrinin ləğv edilməsini zəruri edir. Həmçinin bildirir ki, 2017-ci ilin mart ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının «Akuşer-Ginekologiya» bölməsinin rəsmi açılışı olmuşdur. Həmin bölmənin açılışında X42 Həsənov, Qərargah rəisi Nəcməddin Sadıqov və digər nazir müavinləri iştirak etmişlər və ölkə kanalları tərəfindən göstərilən açılış mərasimi televiziyada yayımlanmışdır. Başqa sözlə ifadə edildikdə, bu cür təmtəraqla açılış mərasimi olan bölmənin təxminən 4 il sonra ləğv edilməsinin nə dərədəcə doğru olmasını da anlamaq olmur. Xüsusilə qeyd olunmalıdır ki, şəhid övladı (3 saylı Bakı «ASAN Xidmət» mərkəzi tərəfindən verilmiş 30.04.2021-ci il tarixli «Arayış» əlavə olunur) və məcburi köçkün olmasına baxmayaraq min bir əziyyətlə ali təhsilə yiyələnərək cavabdehin qanunsuz əmri sayəsində hazırda işindən olması onun hansı hisslər keçirməyini, nə cür mənəvi iztiraba düçar olmağını ümid edir ki, hörmətli məhkəmənin təsəvvür etməsi o qədər də çətin olmaz. Cavabdehin onun hər hansı gəlir mənbəyinin olmadığı, maddi dəstəyə ehtiyacı olduğu halda işçilərin sayını azaltmaq bəhanəsi ilə onunla bağlanmış əmək müqaviləsini xitam etməsi nəticəsində o psixoloji sarsıntı keçirmiş və mənəvi iztirablara məruz qalmışdır. Qeyd olunanlarla yanaşı bildirir ki, cavabdeh göstərilən «Əmri» ilə ona mənəvi ziyan vurmuşdur. Belə ki, o, baş vermiş hadisəyə görə davamlı olaraq sarsıntı və üzüntülü hisslər keçirir və stress vəziyyətinə düşür ki, bütün bu narahatçılıqlar onu tərk etməyərək daim onda qalmaqla səhhətinə ciddi ziyan vurmaqda davam edir. Cavabdehin bu «Əmri» nəticəsində hazırda işsiz qalmışdır və problemləri yaranmışdır ki, bütün bunlar ona daim əzab və sarsıntı verərək gərginliyə məruz qoyur. Ona görə də, cavabdehdən mənəvi ziyan qismində 20.000 manat məbləğində pul da alınaraq ona verilməlidir. Mülki Məcəllənin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarına əsasən, «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qərarın 8-ci bəndinə əsasən, Plenum izah edir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərvuran şəxsin - cavabdeh Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalına məxsus 82 №-li, 05.04.2021-ci il tarixli «Əmr» ilə tam sübuta yetirilir. Oxşar müddəalar «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məlum olduğu kimi, yaxın günlərdə ölkədə iş axtaran şəhid ailəsi üzvlərinə üstünlük verilməsinə dair prosedur (https://apa.az/az/xeber/sosial-xeberler internet səhifəsindən «Çıxarış» əlavə olunur) da qüvvəyə minmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası bununla bağlı «İşaxtaran kimi qeydiyyata alınmaq üçün elektron ərizənin forması»nda dəyişiklik edib. Belə ki, «Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə» 2021-ci il 1 fevral tarixli qanuna əsasən, şəhid ailəsinin üzvləri sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər kateqoriyasına daxil edilib. İşsiz şəxslərin özünüməşğulluğunun və sosial iş yerlərinin təşkili zamanı şəhid ailəsinin üzvlərinə üstünlük verilməlidir. Təəssüflər olsun ki, dövlət tərəfindən şəhid ailəsi üzvlərinə bu cür diqqət və qayğının göstərildiyi bir vaxtda, cavabdeh tərəfindən qəbul edilən qanunsuz əmrlə o, hazırda işsiz qalmışdır. Digər tərəfdən əmək müqaviləsinə xitam verilməmişdən öncə onun haqqında bölmə rəisinin hospitalın rəisi vəzifəsini icra edən Vüqar Mürsəlova müsbət rəy bildirilməsinə də heç bir məhəl qoyulmamışdır. Üzləşdiyi bu haqsızlıqla bağlı yuxarı instansiyalara da rəsmi şəkildə 26.04.2021-ci il tarixli «Müraciət» göndərmişdir. Həmçinin Nazirlər Kabinetinə 26.04.2021-ci il tarixli «Vəkil sorğusu» (Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında «Pediatriya» bölməsinin bağlanılmasına həqiqətən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarının əsas olub-olmamasına dair məlumatı əks etdirən «Arayış»ın (əgər əsas olmuşdursa həmin qərarın nömrəsi və tarixi «Arayış»da əks olunmaqla) mümkün qədər tez bir vaxtda göndərilməsinə dair sorğu əlavə olunur) göndərilmiş, lakin hazırkı vaxtadək həmin sorğu cavablandırılmamışdır. Məhkəməyə MPM-in 53-cü maddəsinə əsasən ərizə təqdim etdikdən sonra vəkil sorğusuna alınan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Bakı şəhər İdarəsinin 17.05.2021-ci il tarixli «Cavabına» əsasən, «Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının müvafiq bölməsinin bağlanılması və işçilərin işdən azad edilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı onlara məlum olmadığından hər hansı bir arayışın tərəflərindən təqdim edilməsi mümkün deyildir. Bununla isə cavabdehin qanunsuz olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin adından istifadə etməsi birmənalı olaraq sübut olunur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X14 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçının işdən azad edilməsi ilə bağlı müvafiq əmrdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ləğv edildiyi qeyd edilmişdir. İddiaçı həmin vəzifədən qərəzli olaraq azad edilməmişdir. Həmçinin, İddiaçı ixtisasına uyğun vəzifə mövcud olsaydı, o zaman, sonuncu ixtisasına uyğun yeni vəzifəyə təyin edilə bilərdi. Lakin həmin ixtisasa uyğun vəzifə olmadığından, onun işlə təmin edilməsi mümkün olmamışdır. Bundan əlavə, iddia müddətinin tətbiq edilməsinə dair vəsatət təqdim edərək, İddiaçı iddia tələblərində 01.08.2019 - 05.04.2021ci illər üçün ödəniş tələbləri üzrə tələb müddəti keçdiyindən, qeyd edilmiş iddia tələbləri üzrə iddia müddəti tətbiq edilməklə, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 01 fevral 2017-ci il tarixli 25 №li əmrindən çıxarışdan (nizami hissə üzrə) görünür ki, Akuşer-Ginekologiya bölməsinin həkim-neanatoloqu (hərbçi vəzifəsində) X15 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq 01.02.2017-ci il tarixdən həmin bölmədə vakantda həkim-neanatoloq hərbçi (bu vəzifə hərbi qulluqçularla komplektləşdirilənədək) vəzifəsinə təyin edilmişdir. Əmrin verilməsinə əsas X8 ərizəsi olmuşdur. - Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 15 avqust 2019-cu il tarixli 184 №-li əmrindən çıxarışdan (nizami hissə üzrə) görünür ki, mülki işçi Akuşer-Ginekologiya bölməsinin həkim-neanatoloqu (hərbçi vəzifəsində) X8 həmin bölmədə vakantda olan həkim neonatoloq vəzifəsinə keçirilməsi, əmək haqqının ştat cədvəlinə əsasən ödənilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas P.Ə.Novruzovanın ərizəsi olmuşdur. (d/o 10622) - Azərbaycan Respublikası Müdafiə Nazirinin 07.02.2021-ci il tarixli 038 saylı əmrindən çıxarışdan görünür ki, 10.03.2021-ci il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında №2/0178 ştatına (1 №li əlavə) dəyişiklik edilsin. - Sözügedən əmrin 1 №-li Əlavəsi olan №2/0178 ştatı «Silahlı Qüvvələrin Baş Klinik Hospitalı dəyişikliklər Siyahısın»dan görünür ki, Akuşer-Ginekologiya bölməsi tam tərkibdə çıxarılmış, ştata ginekologiya bölməsi əlavə edilmişdir. Həmin bölmədə həkim-neanatoloq ixtisası nəzərdə tutulmamışdır. - Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 05 aprel 2021-ci il tarixli 82 №-li əmrindən çıxarışdan (nizami hissə üzrə) görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən 05.04.2021-ci il tarixdən mülki işçi, Akuşer-Ginekologiya bölməsinin həkimneanatoloqu İddiaçı əmək müqaviləsinə xitam verilməsi, İddiaçı Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinə əsasən əvvəlcədən istifadə etmədiyi (04.11.2020-05.04.2021-ci iş ili üçün) əsas məzuniyyətə görə 30 təqvim günü pul əvəzi və son haqq-hesabı, Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən orta əmək haqqının 1,7 misli miqdarında müavinət verilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas Bölmə rəisi t\x baş leytenant R.Əhmədovanın raportu olmuşdur (d.o5950). - Bölmə rəisi, t\x baş leytenant R.Əhmədovanın raportundan görünür ki, ştatların ixtisarı ilə əlaqədar vəzifələri ixtisara düşmüş neonatoloq X15 və həkim X10 vəzifələrinin ixtisara düşməsi ilə bağlı verilmiş bildirişlərin müddəti 04.04.2021-ci ildə bitmişdir. Xahiş edilir ki, bu barədə qərar verilməsinə sərəncam verilsin. - Silahlı Qüvvələrin Baş X12 İttifaqı Komitəsinin məhkəməyə ünvanladığı 21.06.2021-ci il tarixli 16 saylı məktubundan görünür ki, Silahlı Qüvvələrin Baş X26- Ginekologiya bölməsinin Müdafiə Nazirinin müvafiq əmrinə əsasən bölmə tam tərkibdə ləğv edilib və ştat ixtisarına əsasən həkim-neanatoloqu İddiaçı ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Silahlı Qüvvələrin Baş X12 İttifaqı Komitəsində məsələyə baxılmış və razılıq verilmişdir. - Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəhbərliyi tərəfindən 22.02.2021-ci il tarixdə tərtib edilmiş, gizir A.Cabbarovanın, baş çavuş G.Ağayevanın, çavuş S.Axmineyevanın, mülki işçi T.Ağayevanın imzaladıqları aktdan görünür ki, Akuşer- Ginekologiya bölməsində həkim-neanatoloq vəzifəsindən ixtisara düşmüş mülki işçi Ələkbərova Pərvanə Ənvər qızının vəzifəsinin ixtisara düşməsi barədə ona təqdim olunan 1420 №-li 22.02.2021-ci il tarixli bildirişin götürülməsindən imtina etmişdir. - Silahlı Qüvvələrin Baş Klinik Hospitalının məhkəməyə ünvanladığı 25.06.2021-ci il tarixli 4433 saylı məktubundan görünür ki, pediatr ixtisası olan İddiaçı Silahlı Qüvvələrin Baş Klinik Hospitalında işlə təmin edilməsi qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müəyyən etdiyi ştat cədvəlinə uyğun Silahlı Qüvvələrin Baş Klinik Hospitalında aşağıda qeyd olunan ixtisaslar üzrə həkim vəzifələri mövcuddur. 1.Həkim anestezioloq-reanimatoloq, 2.Həkim mütəxəssis (efferent terapevt, hiperbarik oksigeniya üzrə, invaziv kardioloq, uroloq, ultrasəs müayinə üzrə, otorinolarinqoloq, pulmanoloq, qastroenteroloq, revmatoloq, dermatoloq, endoskopiya üzrə, kompyuter tomoqrafiya üzrə, maqnit rezonans üzrə), 3.Həkim cərrah, 4.Həkim kimyaterapevt, 5.Həkim proktoloq, 6.Həkim krioterapevt, 7.Həkim stomatoloq, 8.Həkim kardioloq, 9.Həkim endokrinoloq, 10.Həkim hematoloq, 11.Həkim psixoloq, 12.Həkim neyropsixoloq, 13.Həkim narkoloq, 14.Həkim radioloq, 15.Həkim laborant, 16.Həkim oftalmoloq, 17.Həkim refleksoterapevt, 18.Həkim biokimyaçı, 19.Həkim mikrobioloq, 20.Həkim parazitoloq, 21.Həkim immunoloq. - Silahlı Qüvvələrin Baş Klinik Hospitalının məhkəməyə ünvanladığı 25.06.2021-ci il tarixli 4434 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 07.02.2021-ci il tarixli müvafiq əmrinə əsasən (əmr məxfi olduğu üçün əmrin nömrəsi qeyd olunmur) Silahlı Qüvvələrin Baş X22-Genokologiya bölməsi tam tərkibdə ştatdan çıxarılmışdır. Bu səbəbdən həmin əmrə əsasən həkim neonatoloq vəzifəsində işləmiş İddiaçı Ənvər qızı əmək müqaviləsinə ştat ixtisarı ilə əlaqədar xitam verilmişdir. - Silahlı Qüvvələrin Baş Klinik Hospitalının məhkəməyə ünvanladığı 16.06.2021-ci il tarixli 4168 saylı məktubundan görünür ki, Ələkbərova (Novruzova) Pərvanə Ənvər qızına 01.02.2017-ci il tarixindən 14.08.2019-cu il tarixədək hərbi vəzifədə işlədiyi müddət ərzində hərbi vəzifə maaşı ödənilmişdir. 15.08.2019-cu il tarixindən o, hərbi vəzifədən mülki işçi vəzifəsinə keçdiyinə görə ona həmin gündən vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş mülki işçilərin tarif cədvəlinə əsasən ödənilmişdir. Hərbi vəzifədə işləyən müddətdə ona ödənilən əmək barədə arayış sözügedən məktuba əlavə edilmişdir. - Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi, Həmkarlar İttifaqı Komitəsinin sədri tərəfindən imzalanmış, İddiaçı adının qeyd edilməsinə baxmayaraq imzası olmayan 22.02.2021-ci il tarixli «işçilərin sayının azaldılması haqqında» bildirişdən görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 07 fevral 2021-ci il tarixli müvafiq əmrinə əsasən yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən tutduğu vəzifə (peşə) üzrə işçilərin sayının azaldılması nəzərdə tutulur. Bu səbəbdən, onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən 04 aprel 2021-ci il tarixdə ləğv ediləcəkdir. Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla, iş yeri axtarmaq üçün o, bir iş günü əmək funksiyasının icrasından azad edilə bilər. Əmək müqaviləsi ləğv edilərkən, ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq, orta aylıq əmək haqqının 1,7 misli miqdarında işdənçıxarma müavinəti və razılığı olduğu halda, Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq 6 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq haqqının 1,4 misli miqdarında birdəfəlik işdənçıxarma müavinəti ödənilməsi nəzərdə tutulur. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı 05.04.2021-ci il tarixli 4/2158 saylı, 23.04.2021-ci il tarixli 4/2531 saylı, 29.04.2021-ci il tarixli 4\2673 saylı məktublarından görünür ki, onun Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında işə qəbul olunmağına dair Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana), Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə ünvanladığı müraciəti ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirinin 07.02.2021-ci il tarixli müvafiq əmrinə əsasən Silahlı Quvvələrin Baş Klinik Hospitalının təşkilati-ştat quruluşunu təkmilləşdirmək məqsədi ilə optimallaşdırma aparılmış, ”Akuşer-ginekologiya” bölməsi ixtisar edilmiş və iddiaçı da həmin bölmənin işçisi olaraq vəzifəsi ləğv olunmuşdur. Odur ki, onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam verilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasınnın Pediatriya bölməsində ixtisasına uyğun vakant ştat vahidi olmadığına görə ərizəsində qaldırdığı məsələnin müsbət həll edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında dindirilən şahid X16 verdiyi ifadəsində bildirdi ki, o, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında kargüzar-operator vəzifəsində çalışır. İddiaçı “İşçilərin sayının azaldılması haqqında” bildirişi götürməkdən imtina etmişdir. İddiaçı bildirişi qəbul etməkdən imtina etdiyi üçün bununla əlaqədar akt tərtib edilmişdir. Aktın tərtib edilməsində 4 nəfər iştirak etmişdir. X4 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında kargüzar-operator vəzifəsində işləyir. Mübariz müəllim İddiaçı “İşçilərin sayının azaldılması haqqında” bildirişi təqdim etmək istəsə də, sonuncu bildirişlə tanış olmaq istəməmişdir. Bu səbəbdən akt tərtib edilmişdir. Aktın tərtib edilməsində 4 nəfər iştirak etmişdir. Bu olanlar cari ilin fevral ayında baş vermişdir. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən bu Məcəllə işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Ştatın ixtisara düşməsi qaydaları və onun hüquqi nəticələri olaraq həyata keçirilməsi əmək qanunvericiliyinin 70-80-cı maddələrinin müddəaları ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 70-ci maddəsinin İİ hissəsinin «b» bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə bu əsasla əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 71-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. - 76-cı maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. - 77-ci maddəsinin 1 -ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: 5 ildən 10 ilədək əmək stajı olduqda - azı 6 təqvim həftəsi, - 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq, on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilir. - 80-cı maddəsinə əsasən bu məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. - 83-cü maddəsinin İ hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. - 83-cü maddəsinin İİ hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. - 84-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. - 84-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmçinin, qanunvericiliyin qeyd edilən normalarının təhlilindən aydın olur ki, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bu halda, işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müəyyən müddətdə rəsmi xəbərdar edilməlidir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Ələkbərova (Novruzova) Pərvanə Ənvər qızı 04.11.2013-cü il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının «Akuşer-Ginekologiya» bölməsində həkim-neanotoloq (mülki işçi) vəzifəsində işə başlamış, 01.02.2017-ci il tarixdə Akuşer-Ginekologiya bölməsinə həkimneanotoloq (hərbçi) vəzifəsinə təyin edilmiş, 15 avqust 2019-cu il tarixdən həmin bölmədə vakantda olan həkim-neonatoloq vəzifəsinə (mülki işçi) keçirilmiş, 05 aprel 2021-ci il tarixli 82 №li əmrlə Azərbaycan Respublikası Əmək məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən 05.04.2021-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. İşin araşdırılmış hallarından məlum olur ki, Azərbaycan Respublikasının Müdafiə Nazirinin 07.02.2021-ci il tarixli müvafiq əmrinə əsasən Silahlı Quvvələrin Baş Klinik Hospitalının təşkilati-ştat quruluşunu təkmilləşdirmək məqsədi ilə optimallaşdırma aparılmış, ”Akuşer-ginekologiya” bölməsi ixtisar edilmiş və iddiaçı da həmin bölmənin işçisi olaraq vəzifəsi ixtisara düşərək bu səbəbdən onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) 04 aprel 2021-ci il tarixdə ləğv olunmuşdur. Bundan əvvəl isə Ələkbərova (Novruzova) Pərvanə Ənvər qızına 22 fevral 2021-ci il tarixdə iş yeri olan Silahlı Qüvvələrin Baş Klinik Hospitalından işçilərin sayının azaldılması haqqında bildiriş vasitəsilə məlumat verilmişdir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinin əmək qanunvericiliyi ilə nəzərdə tutulan tələblərə əməl edilməməsi nəticəsində qanunsuz olaraq xitam verilməsini iddia etmişdir və bu dəlilini ixtisarla bağlı əvvəlcədən məlumatlı olmamasını, cavabdehin 22.02.2021-ci il tarixli 1420 saylı «İşçilərin sayının azaldılması haqqında» «Bildirişi»nin ona yalnız 26.04.2021-ci il tarixdə poçt vasitəsilə ev ünvanına göndərilməsi, qeyd olunan «Bildiriş»in ona vaxtında təqdim edilməməsi, tərəfindən imzalanmaması və bu barədə klinika tərəfindən hər hansı «Akt» tərtib edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə bu dəlillərlə bağlı qeyd edir ki, iddiaçı məhkəmə baxışı dövründə iddia tələbini Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə uyğun bir neçə dəfə dəyişmişdir. Qeyd edilən dəlil iddia tələbinin həcminin artırılması barədə ərizədə öz əksini tapmışdır. Halbuki, ilkin verilən iddia ərizəsində iddiaçı 15.02.2021-ci il tarixdə onlara bölmənin bağlandığı və onların işdən azad edildikləri elan olunmasını, cavabdehin özünün bu qərarını onlara məlum olmayan və surəti onlara təqdim edilməyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin əmri ilə izah etməsini, daha sonra onun aidiyyəti üzrə X24 Xidmətinə müraciət etdikdə müfəttişin ona Azərbaycan Respublikası Nazirlər Kabinetindən onlara belə bir əmr və ya digər sənədin daxil olmaması, bundan sonra onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Tibb İdarə rəisi vəzifəsini icra edən Eİxan İbrahimova müraciət etməsini, daha sonra hospitalın rəisi vəzifəsini icra edən Vüqar Mürsəlova müraciət edərək eyni sözləri ona da deməsini göstərmişdir. Göründüyü kimi, iddiaçı 15.02.2021-ci il tarixdə ona və digərlərinə işlədikləri bölmənin bağlandığı və onların işdən azad edildikləri elan olunmasını ilkin ərizəsində ətraflı qeyd etsə də, sonradan iddia ərizəsinə etdiyi əlavəsində bu barədə olan bildirişin ona vaxtında təqdim edilməməsi, həmin bildirişin onun tərəfindən imzalanmaması və bu barədə klinika tərəfindən hər hansı «Akt» tərtib edilməməsini göstərmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Məhkəmə sözügedən dəlillərə hüquqi qiymət verməkdə davam edərək qeyd edir ki, iş materiallarında olan Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəhbərliyi tərəfindən 22.02.2021-ci il tarixdə tərtib edilmiş, gizir A.Cabbarovanın, baş çavuş G.Ağayevanın, çavuş S.Axmineyevanın, mülki işçi T.Ağayevanın imzaladıqları aktda Akuşer-Ginekologiya bölməsində həkim-neanatoloq vəzifəsindən ixtisara düşmüş mülki işçi İddiaçı vəzifəsinin ixtisara düşməsi barədə ona təqdim olunan 1420 №-li 22.02.2021-ci il tarixli bildirişin götürülməsindən imtina etməsi göstərilmişdir. Aktın məzmununda göstərilənlər həmçinin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X16 və X11 ifadələri ilə də təsdiq edilir. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir və hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. Həmçinin şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. Məhkəmə şahid ifadələrinə qiymət verərək şahidlərin verdiyi məlumatları şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar kimi qiymətləndirir və hesab edir ki, yuxarıda göstərilən hallar iddiaçı tərəfin ixtisarla bağlı əvvəlcədən məlumatlı olmamasına dair dəlillərini tam təkzib edir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsaslandırmasında ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən əvvəlcədən xəbərdarlıq edilməməsinə istinad etsə də, iş materiallarından görünür ki, onun hazırda tutduğu vəzifənin ixtisar olunacağı barədə sözügedən normanın tələblərinə uyğun olaraq əmək stajı 5 ildən 10 ilədək müddətdə olduğu üçün 6 təqvim həftəsi əvvəl xəbərdar olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı 05.04.2021ci il tarixli 4/2158 saylı, 23.04.2021-ci il tarixli 4/2531 saylı, 29.04.2021-ci il tarixli 4\2673 saylı cavab məktublarının məzmunundan aydın olur ki, iddiaçı ixtisarla bağlı əvvəlcədən məlumatlı olmuşdur. İddiaçı tələbində cavabdeh tərəfindən işdən çıxarılarkən son iş günü olan 05.04.2021-ci il tarixdə əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilməsinə baxmayaraq ona «əmək müqaviləsinə xitam verilməsi barədə» işəgötürənin əmrinin surəti verilməməsi ilə cavabdehin Əmək Məcəlləsinin 83.2-cü maddəsində nəzərdə tutulmuş şərtlərə əməl edilməməsini göstərsə də, məhkəmə qeyd edir ki, iddiaçı özü iddia ərizəsində 05.04.2021-ci il tarixdə cavabdehə məxsus jurnalda imza etdikdən sonra yalnız əmək kitabçasının ona təhvil verilməsini etiraf etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndində əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri ilə yanaşı işçinin əmək kitabçasının sonuncu iş günü işçiyə verilməli olması təsbit edilmişdir ki, cavabdeh tərəfindən də bu normanın tələbinə uyğun iddiaçıya son iş günü əmək kitabçası ona təhvil verilmişdir. İş materiallarında olan iddiaçının əmək kitabçasının surətindən görünür ki, orada onun 05.04.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının «Kadrlar və Şəxsi Heyətin uçotu bölməsi»nin rəisinin 82 №-li, 05.04.2021-ci il tarixli «Əmri» ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə hesab edir ki, iddiaçının 05.04.2021-ci il tarixdə cavabdehə məxsus jurnalda imza etməklə əmək kitabçasını götürməsi faktı onun barəsində qeyd edilən tarixdə hansı məzmunda əmr verilməsi barədə məlumatlı olmasını bir daha təsdiq edir və bu halda cavabdehin hərəkətlərində əmək qanunvericiliyinin tələblərinin pozulması halına yol verilməmişdir. Məhkəmə iddiaçının cavabdeh-işəgötürənin işçilərin peşəkarlıq səviyyəsini müəyyən etmədən tam qərəzli şəkildə onun şəhid ailəsi üzvü və məcburi köçkün olmasına baxmayaraq qanunsuz və əsassız olaraq 82 №-li, 05.04.2021-ci il tarixli əmr əsasında aralarında bağlanılmış əmək müqaviləsini xitam etməsi ilə Əmək Məcəlləsinin 78-ci maddəsinin tələbləri birmənalı şəkildə pozulmasına dair dəlilləri ilə bağlı qeyd edir ki, sözügedən normanın 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Normadan da göründüyü kimi, qanunvericilikdə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilərkən işçinin peşəkarlıq səviyyəsinin məhz işəgötürən tərəfindən müəyyən edilməsi qaydası əks olunmuşdur. Lakin sözügedən hüquq normasının tətbiq edilməsi üçün mərhələli şəkildə bir neçə şərtə əməl edilməlidir: əvvəla, müvafiq müəssisədə faktiki olaraq işçilərin sayının azaldılması və ya ştatların ixtisarı həyata keçirilməlidir, daha sonra həmin müəssisədə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün eyni ixtisas (peşə) üzrə bir neçə işçi çalışmalıdır. Məhz göstərilən şərtlər mövcud olduqda işəgötürən tərəfindən işçilərin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi həyata keçirilir. O da nəzərə alınmalıdır ki, işçilərin sayı və ya ştatlarının ixtisarına normativ qaydada anlayış verilməsə də, işçilərin sayının ixtisarı konkret vəzifə üzrə ştat vahidinin azaldılması, işçilərin ştatlarının ixtisarı isə konkret vəzifənin müəssisənin ştat cədvəlindən çıxarılması kimi başa düşülür. Başqa sözlə, əgər işəgötürən tərəfindən hər hansı müəssisədə konkret vəzifə üzrə işləyən işçilərinin sayı azaldılırsa bu işçilərin sayının ixtisarına, ümumilikdə bir neçə işçinin çalışdığı vəzifələr ixtisar edilirsə bu, işçilərin ştatlarının ixtisarının aparılmasına dəlalət edir. Belə olan halda, müvafiq vəzifə ştat cədvəlindən çıxarıldığından, eyni vəzifədə və ixtisas üzrə işləyən, müqayisə aparılmalı olan başqa işçi(lər) olmur. Həmin Məcəllənin 78-ci maddəsinin 2-ci bəndinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin isdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olun şəxslərə; kollektiv müqavilələrdə va ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Normanın məzmunundan görünür ki, normada müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanılması və işəgötürənin işçilərin sayı ixtisara düşdükdə ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda hansı kateqoriya şəxslərin isdə saxlanmasına üstünlük verməsini təsbit etmişdir. İşin araşdırılmış hallarından görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirinin 07.02.2021-ci il tarixli 038 saylı əmri ilə 10.03.2021-ci il tarixədək həmçinin Silahlı Qüvvələrin Baş Klinik Hospitalında №2/0178 ştatına (1 №li əlavə) dəyişiklik edilməsi əmr edilmişdir. 1 №li Əlavədə göstərilən №2/0178 ştat üzrə «Silahlı Qüvvələrin Baş Klinik Hospitalı dəyişikliklər Siyahısın»dan görünür ki, Akuşer-Ginekologiya bölməsi tam tərkibdə çıxarılmış, ştata ginekologiya bölməsi əlavə edilmişdir. Həmin bölmədə həkim-neanatoloq ixtisası nəzərdə tutulmamışdır. Göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsinin xitamı işçilərin sayının azaldılması ilə deyil, məhz ştat ixtisarı əsasında həyata keçirilmişdir. Başqa sözlə, iddiaçının işlədiyi bölmə ştat cədvəlindən tam tərkibdə çıxarılmış və bölmə mövcud olmamışdır. Belə olan halda, iddiaçının vəzifəsi (ştatı) ixtisar edilərkən onunla eyni vəzifədə və ixtisasda başqa şəxslər olmadığından işəgötürən tərəfindən ƏM-nin 78-ci maddəsinə uyğun işçilərin peşəkarlıq səviyyəsinin və üstünlük hüququnun müəyyən edilməsinə zərurət də olmamışdır. Odur ki, iddiaçının “peşəkarlıq səviyyəsinin müəyyən edilməməsi” ilə bağlı mövqeyini məhkəmə əsassız sayır. Məhkəmə, iddiaçının tələbinin faktiki əsası qismində göstərdiyi digər hallarla bağlı bildirir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsinin məzmunu və legitim məqsədindən göründüyü kimi, qanunverici işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən işəgötürən tərəfindən məhz bu Məcəllə ilə müəyyən edilmiş tədbirlərin görülməsini nəzərdə tutmuşdur. Bu baxımdan, Əmək Məcəlləsində bu əsasla əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən sayı azaldılacaq və ya ştatları ixtisar olunacaq işçilərin vəzifə və peşəsinə uyğun başqa işlə təmin olunmasına dair qayda öz əksini tapmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən sonuncunun başqa işlə təmin olunmaması Əmək Məcəlləsinin pozuntusu kimi qiymətləndirilə bilməz. Həmçinin, qeyd edilməlidir ki, əmək qanunvericiliyi işəgötürənin üzərinə ixtisar olunan işçiyə başqa işin təklif olunması kimi vəzifə qoymamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən şəhid ailəsi və məcburi köçkün statusuna malik olan iddiaçıya münasibətdə üstünlük hüququ olduğu halda göstərilən normaların tələblərinə riayət edilməməsi kimi iddia dəlilləri də əsassızdır. Beləliklə də, işin faktiki hallarından göründüyü kimi, yuxarıda qeyd olunan səbəblərdən ştatların ixtisarı həyata keçirilmiş, məhz buna görə də iddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilmiş, bu zaman qanunvericiliyin tələblərinə riayət olunmuş, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmri ƏM-nin 84-cü maddəsinin tələblərinə uyğun olaraq sadə formada tərtib edilmiş, ştatın ixtisarı barədə əvvəlcədən məlumat verilmiş, həmkarlar ittifaqının razılığı alınmış, istifadə etmədiyi əsas məzuniyyətə görə pul əvəzi və son haqq hesabı, eləcə də müavinət verilmişdir. Məhkəmə iddiaçının dövlət tərəfindən şəhid ailəsi üzvlərinə bu cür diqqət və qayğının göstərildiyi bir vaxtda, cavabdeh tərəfindən qəbul edilən qanunsuz əmrlə hazırda işsiz qalmasına, cavabdeh tərəfindən onun başqa işlə təmin edilməməsinə dair dəlilləri ilə bağlı qeyd edir ki, əvvəla onun barəsində verilən əmrin qanunsuz olması yuxarıda sadalanan əsaslar üzrə öz təsdiqini tapmamışdır. İkincisi də, məhkəmənin qənaətinə görə iddiaçının Müdafiə Nazirliyi sistemində başqa işlə təmin edilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid olan məsələdir və iddiaçı bununla əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana), Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə ünvanladığı müraciətlər əsasında sözügedən Nazirlik tərəfindən ona ünvanlanmış 05.04.2021-ci il tarixli 4/2158 saylı, 23.04.2021-ci il tarixli 4/2531 saylı, 29.04.2021-ci il tarixli 4\2673 saylı məktubları ilə müvafiq cavab verilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Pediatriya bölməsində ixtisasına uyğun vakant ştat vahidi olmadığına görə onun işə düzəldilməsi ilə bağlı məsələnin müsbət həll edilməsi mümkün olmamışdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının barəsində olan əmrin qanunsuzluğu ilə bağlı izahatları özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməzdi. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Beləliklə də, məhkəmə hesab edir ki, iddiaçının işdən azad edilməsi barədə əmrin qanunvericiliyin tələblərinə uyğun olmamasına, bununla onun şəhid ailəsi və məcburi köçkün statusuna malik olan şəxs kimi hüquqlarının pozulmasına dair irəli sürdüyü dəlilləri mülahizə xarakterli olmaqla heç bir mötəbər sübut növləri ilə öz təsdiqini tapmamışdır. Buna görə də, iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının rəisinin 82 №-li, 05.04.2021-ci il tarixli onunla əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin ləğv edilməsi barədə iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün iddiaçının tələbinin əsası kimi göstərdiyi digər halların, yəni, işə bərpa edilmə və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının təqsirindən gecikdirilmiş əmək haqqına görə ona hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 1 % miqdarında ödənişin cavabdeh tərəfindən ona ödənilməsi, həmçinin cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyana görə 20.000 manatın sonuncudan onun xeyrinə tutulması kimi tələbləri mülki mübahisənin həlli üçün hüquqi əhəmiyyət kəsb etmir. Məhkəmə bu halları nəzərə alaraq, həmin xüsusatlarla bağlı əlavə araşdırma aparmağı, onlara hüquqi qiymət verilməsini zəruri hesab etmir. Məhkəmə iddiaçının tələbinin 01.08.2019-cu il tarixdən 05.04.2021-ci il tarixədək həkim-neanotoloq (hərbçi) kimi işlədiyi, lakin həkim-neanotoloq maaşı aldığından yaranmış fərqin ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, tələb bu hissədə əsaslı olubolmamasından asılı olmayaraq rədd edilməlidir. Belə ki, cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinin məzmununda göstərildiyi kimi iddiaçı həmin tələblə bağlı məhkəməyə müraciət etmə müddətini buraxmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı 01.08.2019-cu il tarixdən 05.04.2021-ci il tarixədək olan dövr ərzində həkim-neanotoloq (hərbçi) kimi işlədiyi, lakin həkim-neanotoloq maaşı aldığından yaranmış fərqin ödənilməsi ilə bağlı cavabdeh təşkilatda işlədiyi müddət ərzində mötəbər sübutlar əsasında 1 il ərzində məhkəməyə müraciət edə bilərdi. İşin materiallarından görünür ki, iddiaçı 30.04.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbinin 01.08.2019-cu il tarixdən 05.04.2021-ci il tarixədək həkimneanotoloq (hərbçi) kimi işlədiyi, lakin həkim-neanotoloq maaşı aldığından yaranmış fərqlə bağlı hissəsi üzrə isə məhkəmə hesab edir ki, bu halda əmək qanunvericiliyində nəzərdə tutulmuş müddət daxilində müraciət edilsə də, həmin hissədə tələbin təmin edilməsi mümkün deyildir. Belə ki, iddiaçı 01.08.2019-cu il tarixdən 05.04.2021-ci il tarixədək həkimneanotoloq (hərbçi) vəzifəsində olmasını ona məxsus əmək kitabçasında onun yenidən mülki işə qayıtması ilə bağlı, yəni vəzifə dəyişikliyinə dair hər hansı sənədləşmə həyata keçirilməməsi, müvafiq qeyd aparılmaması və müvafiq sənədin surətinin ona təqdim edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə bu dəlillərlə bağlı hesab edir ki, əvvəla işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı əmək müqaviləsinə xitam verilmiş vəzifəsinə təyin edilməmişdən əvvəl işlədiyi vəzifədən 2019-cu ilin avqust ayında ona heç bir xəbərdarlıq edilmədən və onun razılığı olmadan azad olunmasını, nəticədə ona verilən hərbçi vəzifəsinin ləğv edilməsini və yenidən mülki həkim kimi işinə davam etməsini bilirdi, buna uyğun olaraq əmək haqqısını da alaraq bu halı həmin vaxt mübahisələndirməmişdir. Məhkəmənin qənaətinə görə özünün qeyd etdiyi kimi həkim-neanotoloq (hərbçi) və həkim-neanotoloq (mülki) maaşları arasında fərq var idisə iddiaçı bunu bilməyə bilməzdi. Göründüyü kimi, iddiaçı 05 aprel 2021-ci il tarixədək mülki işçi kimi işini davam etdirməklə 01.08.2019-cu il tarixdən ona münasibətdə vəzifə dəyişikliyi ilə bağlı tam məlumatı olmuşdur. Həmçinin də, iddiaçı vəzifə dəyişikliyinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə zidd olmasını da həmin vaxt mübahisələndirməmiş və sözügedən iş yerdəyişməsi də hazırki mübahisənin predmeti deyildir. Buna görə də, məhkəmə hesab edir ki, qeyd edilən dəlil üzrə əlavə araşdırma aparılmasına zərurət yoxdur. Belə olan halda 01.08.2019-cu il tarixdən 05.04.2021-ci il tarixədək həkimneanotoloq (hərbçi) kimi işlədiyi, lakin həkim-neanotoloq maaşı aldığından yaranmış fərqlə bağlı tələb həm hüquqi əsası olmadığından, həm də iddia müddəti (01.08.2019-cu il tarixdən 05.04.2021-ci il tarixədək olan dövr üzrə) buraxıldığından rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyi və onun tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən iddia tələblərinin rədd edilməsi nəticəsinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalına qarşı «05.04.2021-ci il tarixli, 82 №li iddiaçının əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi, məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək ştat cədvəlinə uyğun əmək haqqı ödənilməklə əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması və ya təsnifata əsasən uyğun vəzifəyə işə bərpa olunması, 01.08.2019-cu il tarixdən 05.04.2021-ci il tarixədək həkim-neanotoloq (hərbçi) ilə həkim-neanotoloq əmək haqqı fərqinin hesablanaraq ödənilməsi, işəgötürənin təqsirindən gecikdirilmiş əmək haqqına görə iddiaçıya hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 1 % miqdarında ödənişin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, vurulmuş mənəvi ziyana görə 20.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçya ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar