Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3859/2021 22.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi və zərərin əvəzinin ödənilməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi və zərərin əvəzinin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 mart 2021-ci il tarixində "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus və ünvan 1 ünvanında yerləşən mənzilə quraşdırılmış sayğaca baxış keçirilmiş və NDM seriyalı, 021782 №-li akt tərtib edilmişdir. Tərtib edilmiş aktda göstərilir ki, “EEİQ-na uyğun olaraq sayğaca baxış keçirilən zaman məlum oldu ki, sayğacın dövlət və alt qapaq möhürləri şübhəlidir. Xətdən yük keçməsinə baxmayaraq, sayğacın baxış tablosu oxunmur, impuls lampası vurmur, sayğac sxemindən keçən yükü tam qeyd etmir, Xətdən axan yük Pfak-4 kvt (dörd) P say - 0 kvt (sıfır) Naqillər en kəsiyinin sahəsi S=4 x komp aliminiyum naqilləri”. Akt tərtib edildikdən sonra mənzilə quraşdırılmış sayğac xətdən çıxarılmış və yenisi ilə əvəz edilmiş, 06 aprel 2021-ci il tarixində isə "xxxx" ASC tərəfindən bildiriş xəbərdarlıq göndərilmişdir. Bu bildiriş xəbərdarlıqdan göründüyü kimi, "xxxx" ASC tərəfindən iddiaçıya 2559,39 manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Abonent tərəfindən sayğaca hər-hansı müdaxilə edilmədiyini nəzərə alaraq 2559,39 manat məbləğində əlavə hesablanmış borc silinməlidir. Tərtib edilmiş aktın özündə də sayğacda hər-hansı müdaxilə əlamətləri müəyyən edilməsi barədə hər hansı qeyd mövcud deyildir. Çünki tərəflərindən sayğaca heç bir müdaxilə edilməmiş, habelə sayğacdan kənar heç bir xətt mövcud olmamışdır. 30 mart 2021-ci il tarixində "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş NDM seriyalı 021782 №-li aktın “aşkar edilmiş pozuntu” qrafasında bütün qrafalar üzrə hər hansı pozuntunun olması qeyd edilməmişdir. Bundan sonra, göstərilən məbləğin 3 gün ərzində ödənilməsi tələb edilmiş və 12.04.2021 -ci il tarixdən mənzilə elektrik verilişi dayandırılmışdır. Halbuki, tərəflərindən sayğaca hər hansı müdaxilə olmamış, ödənişlər vaxtlıvaxtında edilmişdir. Belə olan halda, hesablanmış 2559,39 manat pulun mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulan qaydada vaxt verilmədən elektrik enerjisinin verilişinin dayandırılması qanunamüvafiq hesab edilə bilməz. Cavabdeh tərəfindən mənzilə elektrik enerjisinin verilişi dayandırıldığına görə soyuducuda olan 350 manat dəyərində ərzaq xarab olaraq istifadəyə yararsız vəziyyətə düşmüşdür. Göstərilənlərə əsasən "xxxx" ASC tərəfindən əsassız və qanunsuz hesablanmış 2559,39 manat məbləğində borcun silinməsi, habelə cavabdeh tərəfindən vurulmuş 350 manat məbləğində zərərin əvəzi və 30 manat iddia üzrə dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun, ümumilikdə isə 380 manat məbləğində vəsaitin "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, "xxxx" ASC tərəfindən əsassız və qanunsuz hesablanmış 2559,39 manat məbləğində borcun silinməsi, habelə cavabdeh tərəfindən vurulmuş 350 manat məbləğində zərərin əvəzi, 160 manat məbləğində pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkilmiş məhkəmə xərci kimi vəkilə ödənilən vəsait və 30 manat iddia üzrə dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun, ümumilikdə isə 540 manat məbləğində vəsaitin "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. "xxxx" ASC-nin NDM № 021782 saylı, 30 mart 2021-ci il tarixli aktından görünür ki, "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə ünvan 1 ünvanında quraşdırılmış elektrik sayğacına baxış keçirən zaman məlum olmuşdur ki, obyektə sayğac sxemindən kənar xətt daxil olmuşdur. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən NDM № 021782 saylı, 30 mart 2021-ci il tarixli akta əsasən 2547,18 manat cərimə hesablanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin 30.04.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, **********80001 nömrəli kod üzrə elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, 30.03.2021-ci il tarixdə satışa nəzarət idarəsinin əməkdaşları tərəfindən «Elektrik enerjisindən istifadə Qaydaları»na riayət olunmasının vəziyyəti yoxlanılarkən, mənzilə məxsus elektrik sayğacında qüsur (sayğacın dövlət və alt qapaq möhürləri şübhəlidir, sayğac sxemdən keçən yükü tam qeyd etmir) aşkar edilmiş, nümayəndə Əliyev Şabanın iştirakı ilə NDM 021782 nömrəli akt tərtib edilmiş, 24458 kVt.s — 2547,18 manat dəyərində ödəniş sənədi hazırlanmışdır. Aktda qeyd edilən qüsur Sayğac quraşdırma və uçota nəzarət idarəsinin 31.03.2021-ci il tarixli 213494 nömrəli protokolu ilə (A261130547 nömrəli elektrik hesabat sayğacın ayrı-ayrı fazaları işləmir, sayğac yararsızdır) təsdiqlənmişdir. Abunə haqqında bildiriş vərəqinin təhlili də təsdiq edir ki, akta görə təqdim edilmiş ödəniş sənədi tarif fərqi nəzərə alınmaqla aktda qeyd edilən yükə (Pfak=4 kVt) müvafiq “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə uyğun aparılmışdır. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 19 saylı Vəkil bürosuna 160 manat məbləğində pul köçürülmüşdür. Beləliklə, Məhkəmə hesab edir ki, tərtib olunan NDM № 021782 saylı, 30 mart 2021-ci il tarixli akt qüsurlu olmaqla, cavabdehin ehtimalına əsaslanmışdır. Habelə, onun tərtibi istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. Həmin akt isə qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Bu səbəbdən də göstərilən akt əsasında hesablanmış borc silinməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. İşin materiallarında olan NDM № 021782 saylı, 30 mart 2021-ci il tarixli aktdan da göründüyü kimi sayğac çöldə quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı 2559,39 manat borcun silinməsini tələb etsə də, NDM № 021782 saylı, 30 mart 2021-ci il tarixli akta əsasən onun borcu 2547,18 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi borcun silinməsi hissəsində qismən təmin edilməli, NDM № 021782 saylı, 30 mart 2021-ci il tarixli akta əsasən hesablanmış 2547,18 manat cərimə silinməlidir. Məhkəmə iddia tələbinin “cavabdeh tərəfindən vurulmuş 350 manat məbləğində zərərin əvəzinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tələbininin həmin hissəsini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). İddianın hüquqi yardıma görə ödənilmiş 160 manat məbləğində pulun cavabdehdən alınması hissəsi ilə əlaqədar məhkəmə hesab edir ki, iddia bu hissədə təmin olunmalı və hüquqi yardım xərci cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 1-ci hissəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit edilmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən 30.03.2021-ci il tarixdə tərtib edilmiş NDM № 021782 saylı akt ləğv edilməli və həmin akt əsasında hesablanmış 2547,18 (iki min beş yüz qırx yeddi manat, on səkkiz qəpik) manat məbləğində cərimə İddiaçı abunə hesabından (abunə kodu **********80001) silinməli, cavabdeh "xxxx" ASC-dən 160 (bir yüz altmış) manat məbləğində pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkilmiş məhkəmə xərci kimi vəkilə ödənilən vəsaitin əvəzi və ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat hissəsinin əvəzi olmaqla, cəmi 180 (bir yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı verilməli, ödənilmiş dövlət rüsumunun 10 (on) manat hissəsi İddiaçı oğluna aid edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən 30.03.2021-ci il tarixdə tərtib edilmiş NDM № 021782 saylı akt ləğv edilsin və həmin akt əsasında hesablanmış 2547,18 (iki min beş yüz qırx yeddi manat, on səkkiz qəpik) manat məbləğində cərimə İddiaçı abunə hesabından (abunə kodu **********80001) silinsin. Cavabdeh "xxxx" ASC-dən 160 (bir yüz altmış) manat məbləğində pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkilmiş məhkəmə xərci kimi vəkilə ödənilən vəsaitin əvəzi və ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat hissəsinin əvəzi olmaqla, cəmi 180 (bir yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 10 (on) manat hissəsi İddiaçı aid edilsin İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3859/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3859/2021
22.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver