Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3864/2024 03.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı MTK-nın vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MTK-nın Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təsviri hissə:
1. İddiaçı MTK Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, PBR952 nömrəli mənzil və 128 nömrəli avtomobil dayanacağı üçün alqı-satqı müqaviləsinə əsasən cavabdehin 3503.8 manat (üç min beş yüz manat səksən qəpik) borcunun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 55.04 manat (əlli beş manat dörd qəpik) dövlət rüsumu olmaqla, ümumilikdə 3558.84 manat (üç min beş yüz əlli səkkiz manat səksən dörd qəpik) məbləğin Cavabdeh tutularaq İddiaçı MTK-nın hesabına köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə Cavabdeh arasında ünvan 1 ünvanındakı “X4” yaşayış kompleksində yerləşən binanın “B” blokunun 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 170.2 kv.m olan (157.2 kv.m əmlakın daxili hissəsi, 13 kv.m balkon) 1604 nömrəli mənzilin və binanın zirzəmisində 2-ci mərtəbədə yerləşən 128 nömrəli 1 (bir) tək avtomobil dayanacağının alqı-satqısına dair xx.xx.2014-cü il tarixli, PBR952 nömrəli müqavilə imzalanmışdır. xx.xx.2014-cü il tarixli, PBR952 nömrəli alqı-satqı müqaviləsinin 4 saylı Əlavəsində investora (cavabdehə) göstərilən xidmətlər ətraflı sadalanır. Həmin Əlavənin 5-ci bəndində qeyd edilmişdir ki, investor (yəni cavabdeh) göstərilən xidmətlərin müqabilində Şirkətə əmlakın hər kv.metri üçün hər ay 2 manat xidmət haqqı ödəyəcəkdir. Həmin Əlavənin 6-cı bəndinə əsasən investor (yəni cavabdeh) avtomobil dayanacaq yerini satın almış olduqda, avtomobil dayanacaq haqqı hər sahəyə görə hər ay 10 manat təşkil edir. Müqavilənin 9-cu bəndinə görə, bu müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir və təfsir edilir. Bu müqavilədən irəli gələn və ya onunla əlaqədar yaranan və tərəflər arasında dostcasına həll oluna bilməyən bütün mübahisələr həll edilmək üçün Azərbaycan Respublikasının məhkəmələrinə göndərilməlidir. Cavabdehin 1604 nömrəli mənzil və 128 nömrəli 1 (bir) tək avtomobil dayanacaq yeri üzrə borc cədvəlində göstərildiyi kimi, 2024-cü ilin iyul ayı daxil olmaqla, xidmət haqqı üçün ümumi borc məbləği 3503.8 manat (üç min beş yüz manat səksən qəpik) təşkil edir. xx.xx.2014-cü il tarixli, PBR952 nömrəli müqavilənin 4 saylı Əlavəsinin 5-ci bəndinə əsasən bina sakini Cavabdeh 170.2 kv.m mənzilin hər kv.metri üçün aylıq 2 manat xidmət haqqı (170.2 kv.m x 2 = 340.4 manat) və həmin Əlavənin 6-cı bəndinə əsasən 1 (bir) dayanacaq yerinin hər biri üçün ayrılıqda aylıq 10 manat olmaqla, ümumilikdə mənzil və dayanacaq yeri üzrə aylıq 350.4 manat (340.4 + 10 = 350.40) xidmət haqqı məbləği ödənilməli idi. Borcun yaranma mənbəyinə gəldikdə, cavabdeh xx.xx.2023-xx.xx.2024-cü illər aralığında mənzil və dayanacaq üçün heç bir ödəniş etməmiş və ümumilikdə 10 aylıq xidmət haqqı 350.4 manat (10 x 350.4 = 3504 manat) borc ödənişləri yığılmışdır. Beləliklə, ümumilikdə mənzil və dayanacaq yerinin xidmət haqları üçün 3504 manat məbləğində borc yaranmışdır. Əlavə olaraq, cavabdehin ünvanına xx.xx.2024-cü il tarixli pretenziya göndərilərək borcun ödənilməsi tələb edilmiş və ağlabatan müddət müəyyən edilmiş, lakin cavabdeh tərəfindən heç bir reaksiya verilməmişdir. Göründüyü kimi, iddiaçı üzərinə götürdüyü bütün öhdəlikləri icra etmiş və icra etməkdə davam edir, lakin cavabdeh israrla bu günə qədər göstərilən xidmətlərə görə xidmət haqqını ödəməkdən boyun qaçırır.
3. İddiaçı MTK iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3503.8 manat (üç min beş yüz manat səksən qəpik) borcun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 55.04 manat (əlli beş manat dörd qəpik) dövlət rüsumunun və vəkilə ödənilmiş 300 (üç yüz) manat xidmət haqqının tutularaq İddiaçı MTK-nın hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
a) Proses iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında İddiaçı MTK-nın vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İddiaçı MMC (Şirkət) ilə Cavabdeh (İnvestor) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, PBR 952 nömrəli müqavilədən görünür ki, şirkət bu müqavilənin Əlavə 2-də daha geniş təsvir olunan binada yerləşən 1604B saylı mənzili (əmlak) tikməyə və yaşayış məqsədi üçün investora təqdim etməyə razılaşır və investor həmin mənzili yaşayış məqsədləri üçün şirkətdən qəbul etməyə razılıq verir (bənd 1.1). İnvestor bununla binanın idarə olunmasının idarəetmə şirkəti vasitəsilə həyata keçirilməsini seçir və şirkətə binanın idarə olunması, nəzarətdə saxlanması və ona texniki xidmət göstərilməsinə görə məsuliyyət daşımaq səlahiyyəti verir (bənd 1.4). İnvestor üçün binanın zirzəmisində 2-ci mərtəbəsində yerləşən (128 nömrəli) 1 tək avtomobil dayanacağı sahəsi ayrılmalıdır (bənd 1.5). Bu müqavilənin bütün əlavələri bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir və tərəflər bu müqaviləni imzalamaqla təsdiq edirlər ki, bu müqavilənin hər bir və bütün şərt və müddəalarını, orada nəzərdə tutulmuş öhdəlikləri və şərtləri diqqətlə oxumuş, başa düşmüşlər, onlarla razılaşırlar və onlara əməl etməyi öz üzərlərinə götürürlər (bənd 12.7).
8. Əlavə 2-dən görünür ki, 1604B saylı mənzil “Tower B” binasının 16-cı mərtəbəsində yerləşir. Əmlakın ümumi sahəsi təxminən 170.2 kv.m olacaq və aşağıdakıları əhatə edəcək: Perimetr üzrə divarların daxili tərəfi ilə ölçülən əmlakın ümumi sahəsinə bərabər olan təxminən 157.2 kv.m. Əmlakın ümumi daxili sahəsi (eyvan istisna olmaqla). Təxminən 13 kv.m olan eyvan.
9. Əlavə 4-dən görünür ki, şirkətin investora göstərilməsini təmin edəcəyi xidmətlər sadalanmış (bənd 1), investorun həmin xidmətlərin müqabilində şirkətə əmlakın hər kvadratmetri üçün hər ay 2 (iki) manat məbləğində xidmət haqqı ödəyəcəyi qeyd edilmişdir (bənd 5). Avtomobil dayanacağının icarəsi tərəflər arasında razılaşdırıldıqda, investor şirkətə hər sahəyə görə hər ay 300 (üç yüz) manat məbləğində avtomobil dayanacağı haqqı ödəyəcək və yaxud bu Müqaviləyə uyğun olaraq İnvestor avtomobil dayanacağı sahəsini(lərini) satın almış olduqda, avtomobil dayanacağı haqqı hər sahəyə görə hər ay 10 (on) manat təşkil edəcək (bənd 6). İnvestor bu müqavilədə istinad olunan xidmət haqlarını və digər haqları aylıq olaraq müvafiq hesab-fakturası təqdim edildikdən sonra 5 iş günü ərzində şirkətə ödəməlidir.
10. Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən çıxarışdan görünür ki, İddiaçı MMC 2015-ci ildə təşkilati-hüquqi formasını dəyişərək MTK-ya çevrilmişdir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-394/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, İddiaçı MTK ilə Cavabdeh arasında imzalanmış Bakı şəhəri, Neftçilər prospekti, 151 ünvanında yerləşən Tower B binanın 16cı mərtəbəsindəki 1604B saylı mənzilin satışı barədə xx.xx.2014-cü il tarixli, PBR 952 saylı müqaviləyə xitam verilməsi, Bakı şəhəri, Neftçilər prospekti, 151 ünvanında yerləşən Tower B binanın 16-cı mərtəbəsindəki 1604B saylı mənzilin və mənzilin giriş qapısının açarlarının Cavabdeh alınaraq İddiaçı MTK-ya geri qaytarılması, həmin mənzilin satılması, satışdan əldə olunan vəsaitdən zərər olaraq 247.338 manat, cərimə borcu olaraq 50.000 manat, mənzil üzrə xidmət haqqı kimi 18.355,32 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 27 manatı, cəmi 315.720,32 manat məbləğində pul tutulması, qalan vəsaitin Cavabdeh qaytarılmasının xx.xx.2014cü il tarixli, PBR 952 saylı müqavilənin 7-ci bəndində nəzərdə tutulan qaydada aparılması, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir.
12. İddiaçı MTK ilə Cavabdeh arasında notariat qaydasında təsdiq edilməklə bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(103)-3244/2022 saylı mülki işlə əlaqədar olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinə uyğun olaraq aralarında mübahisəyə son qoymaq, eyni zamanda, hüquqlar və iddialar barədə mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəşt yolu ilə həll etmək məqsədi ilə aşağıda göstərilən şərtlərlə barışıq sazişi bağlayırlar:
1. Cavabdeh xx.xx.2022-ci il tarixdə, PBR 952 saylı müqaviləyə əsasən Bakı ş., Neftçilər prti, 151, Tower B binanın 16-cı mərtəbəsində yerləşən 1604B saylı mənzil üzrə borcdan 300.000 manat məbləğində pul vəsaitini İddiaçı MTK-nın hesabına ödəmişdir.
2. Həmçinin, cavabdeh həmin müqavilə üzrə 107.352 manat məbləğində borcunu, bu sazişin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-də göstərilmiş qaydada, eyni zamanda hazırkı tarixə mövcud olan 22.576,18 manat xidmət haqqını, dövlət rüsumu olaraq 30 manat, ümumilikdə 22.606,18 manat məbləğində pul vəsaitini saziş təsdiq edildikdən və yekun məhkəmə qərarı çıxarıldıqdan dərhal sonra iddiaçının hesabına ödəməyi öz öhdəsinə götürür.
3. İddiaçı və cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-3244/2022 saylı qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti tələbindən imtina edir.
13. Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iş üzrə tələbkar İddiaçı MTK-nın şöbəyə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubunda borclu ilə barışıq sazişi imzalandığı bildirildiyindən və icra sənədinin icraatına xitam verilməsi xahiş edildiyindən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3244/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır.
14. İddiaçı MTK tərəfindən təsdiq edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xidmətlər və parkingə görə ödəməli olduğu aylıq məbləğ 350,38 manat olmuş, xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək olan 10 aylıq müddət ərzində onun tərəfindən MTK-ya heç bir ödəniş edilmədiyindən, cəmi 3.503,80 manat məbləğində borcu yaranmışdır.
15. İddiaçı MTK tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, o, xidmət haqqına görə yaranmış borcun ödənilməsi barədə xəbərdar edilmişdir.
16. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 55,04 manat rüsum ödənilmişdir;
17. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MTK-nın sədri X1 tərəfindən “Yusif Allahverdiyev və partyonları” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülmüşdür.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
18. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə və ona əlavələrə əsasən, tərəflər ümumi sahəsi 170.2 m2 olan mənzilin və 1 ədəd avtomobil dayanacağının cavabdehə satılması, iddiaçının göstərilməsini təmin edəcəyi bir sıra xidmətlərə (mühafizə, kommunal və s.) görə cavabdehin mənzilin hər kvadratmetri üçün hər ay 2 manat məbləğində xidmət haqqı və 10 manat məbləğində avtomobil dayanacağı haqqı ödəməsi barədə razılığa gəlmişlər. İddiaçı MMC 2015-ci ildə təşkilatihüquqi formasını dəyişərək MTK-ya çevrilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə xitam verilməsi, mənzilin və açarlarının cavabdehdən alınaraq iddiaçıya verilməsi, həmin mənzilin satılması, satışdan əldə olunmuş vəsaitdən iddiaçıya dəymiş zərərin, hesablanmış cərimə borcunun, mənzil üzrə xidmət haqqının və məhkəmə xərcinin iddiaçının xeyrinə tutulması, qalan məbləğin cavabdehə qaytarılması barədə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3244/2022 nömrəli qətnaməsi üzrə icra vərəqəsi verildikdən sonra tərəflər öz aralarında razılığa gələrək, xx.xx.2022-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş barışıq sazişi bağlamışlar. İddiaçı həmin barışıq sazişini müvafiq İcra şöbəsinə təqdim etməklə icraata xitam verilməsini xahiş etdiyindən, İcra şöbəsi tərəfindən müvafiq qətnamə üzrə verilmiş icra sənədinin icraatına xitam verilmişdir. Barışıq sazişindən sonra tərəflər arasındakı münasibətlər məhkəmə qətnaməsindən əvvəlki qaydada xx.xx.2014-cü il tarixli müqavilədə (və ona əlavələrdə) razılaşdırılmış kimi davam etmiş, cavabdeh aylıq xidmət haqlarını ödəmişdir. Lakin hazırda mənzil cavabdehin mülkiyyətində olmasına və iddiaçı tərəfindən göstərilən xidmətlərdən yararlanmasına baxmayaraq, o, xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək olan 10 aylıq müddət ərzində müqavilədə nəzərdə tutulmuş haqları ödəməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə pretenziya ilə müraciət edərək, yaranmış borcun ödənilməsini cavabdehdən tələb etsə də, o, yenə də borcunu ödəməmişdir. Buna görə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
c) Məhkəmənin mövqeyi:
19. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin yaranmasının əsası tərəflər arasında bağlanmış tapşırıq müqaviləsidir. Belə ki, xx.xx.2014-cü il tarixli müqaviləyə və ona əlavələrə əsasən, cavabdeh iddiaçının ona xidmətlər göstərməsinə razılıq vermiş və buna görə hər ay müvafiq məbləğdə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Sonradan tərəflər arasında olan məhkəmə mübahisəsi üzrə müqaviləyə xitam verilməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olsa da, onlar icra icraatı zamanı barışıq sazişi bağladıqlarından və işin icraatına xitam verildiyindən, tərəflər isə əvvəlki müqavilə şərtlərini eyni qaydada davam etdirdiklərindən (yəni iddiaçı xidmət göstərməyə, cavabdeh isə aylıq xidmət haqlarını ödəməyə davam etdiyindən) məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməyə hüququ olmuşdur.
20. Mülki qanunvericiliyin öhdəliklər və tapşırıq müqaviləsi barədə olan müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə tapşırıqları yerinə yetirdiyindən, cavabdehin göstərilmiş xidmətlərin əvəzində müqavilə ilə müəyyənləşdirilmiş məbləği iddiaçıya ödəmək öhdəliyi yaranmışdır. Lakin göründüyü kimi, cavabdeh öz öhdəliyini lazımınca icra etməmişdir. Cavabdehin xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək olan 10 aylıq müddət ərzində müqavilədə nəzərdə tutulmuş haqları ödəməsinə dair heç bir əsaslı sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 10 aya görə iddiaçı tərəfindən tələb edilən 3.503,80 manat məbləğində pul ((170,2 m2 x 2 manat + 10 manat) x 10 ay) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
d) Tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 777.1-777.2. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
23. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, iddia əsassız hesab edilir. Bu halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur və əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
24. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3.503,80 (üç min beş yüz üç manat səksən qəpik) manat məbləğində pul alınaraq İddiaçı MTK-ya verilməlidir.
25. Məhkəmə iddia tələbinin “dövlət rüsumu və hüquqi xidmət xərci” hissələrinə münasibətdə hesab edir ki, iddia təmin edildiyindən, məhkəmə xərci kimi ödənilmiş 55 (əlli beş) manat və hüquqi xidmət xərci kimi ödənilmiş 300 (üç yüz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı MTK-ya verilməlidir.
Nəticə:
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 3.503,80 (üç min beş yüz üç manat səksən qəpik) manat məbləğində pul alınaraq İddiaçı MTK-ya verilsin. Hüquqi xidmət xərci 300 (üç yüz) manat və dövlət rüsumu 55 (əlli beş) manat Cavabdeh alınaraq İddiaçı MTK-ya verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova