Məhkəmə qərarları › İş №2(006)-3866/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3866/2022

20.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3866/2022 20.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 15, mənzil 18-də yerləşən ev iddiaçının mülkiyyətindədir. İddiaçı həmin evdə 2000-ci il tarixdən oğlu və gəlini ilə birlikdə yaşayır. İddiaçının evi bir otaqdan ibarətdir, yəni 11,3 kv.m-dir. İddiaçının evinin elektrik sayğacı təxminən 2006-cı il tarixdə qoyulmuşdur. İddiaçı evin bütün kommunal xərclərini vaxtlı-vaxtında ödəmişdir və bu barədə ödənişlərini təsdiq edən sənədləri də vardır. Lakin hazırda iddiaçıya xx.xx.2021-ci il tarixə 672 manat borcunun olduğunu bildirmişlər. Həmçinin, xx.xx.2022-ci il tarixdə isə 1544,92 manat borc hesablanıb. İddiaçı işıq idarəsinə gedəndə ona bildirdilər ki, hazırda onun guya 1544,92 manat işıqdan köhnə borcu vardır. İddiaçı işığa olan borcunu vaxtlı-vaxtında ödəmişdir. Bu borc haradan yaranıb ona izah etmirlər. İddiaçıya bildirirlər ki, hesabat sayğacından artıq sərfiyyat sərf etmişdir. İddiaçı özü heç yerdə işləmir, şəhid anasıdır. İddiaçı artıq sərfiyyata heç vaxt yol verməmişdir. Göstərilənlərə əsasən qanunsuz olaraq "xxxx" Açıq Sənmdar Cəmiyyəti tərəfindən iddiaçının yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 15, mənzil 18-ə hesablanmış 1544,92 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İşin materiallarında olan İddiaçı adına olan cavabdeh təşkilatı tərəfindən verilmiş **********50018 saylı kod üzrə abunə haqqında arayışından görünür ki, abonentə sayğac oxunması üzrə 2772,18 manat, aktlar bölməsi üzrə 484 manat borc hesablanmışdır. Abonentin cari borcu isə 1558,28 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Göstərilən Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Eyni Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd olunan Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının adına olan ünvan 1 ünvanı "xxxx" ASC-nin elektron məlumat bazasında **********50018 saylı kod üzrə qeydiyyata alınmışdır. Abunə haqqında arayışın borc bölməsində 1558,28 manat (mənşəyi bilinməyən) borc olduğu qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, cəmi 1544,92 manat borcun hansı akta əsasən abonent hesabına borc olaraq hesablanması və borcun yaranması əsası müəyyən edilmədiyindən həmin məbləğ iddiaçıdan tələb edilə bilməz. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, abunə haqqında arayışa əsasən 1 ay ərzində 10.874 kvt hesablanıb, bu da mümkün olan hal deyil. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı hesablanmış 1544,92 (bir min beş yüz qırx dörd manat, doxsan iki qəpik) manat borc əsassız hesab edilərək, iddiaçının **********50018 nömrəli abunə hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı hesablanmış 1544,92 (bir min beş yüz qırx dörd manat, doxsan iki qəpik) manat borc əsassız hesab edilərək, iddiaçının **********50018 nömrəli abunə hesabından silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar