Məhkəmə qərarları › İş №2(006)-3869/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3869/2024

14.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3869/2024 14.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, Ərizəçi, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə verilmiş şəxs X6 iştirakları ilə, Ərizəçi Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda qeydiyyatda olaraq yaşayan və mənzilin mülkiyyətçisi olan bacısı xx.xx.1962-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, bacısı X13 bildirdiyinə görə, əsassız yerə 2023-cü ildə onu müayinə adı ilə 1 saylı Psixiatriya Xəstəxanasına aparmışlar, sonra isə onu orada 1 aya kimi xəstə adı ilə yatırmışlar. X16 Bakı şəhəri Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları təcili tibbi yardım çağıraraq 1 saylı Psixiatriya Xəstəxanasına yola salmışlar. Lakin bacısının orada yatmasına və ya yerləşdirilməsinə dair heç bir məhkəmə qərarı alınmamışdır. X21 bildirir ki, əsassız yerə 2023-cü ildə onu müayinə adı ilə 1 saylı Psixiatriya Xəstəxanasına apararaq, orada yatırtmaqda kimin marağının olmasını öyrənmək və qanuni şəkildə həmin şəxsin, yaxud şəxslərin cəzalandırılması məqsədi ilə vəkilə müraciət etmişdir. Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X9 bacısı ilə bağlı aidiyyəti yerlərə sorğular vermək üçün müqavilə bağlayaraq icraatında olan həmin işlə əlaqədar sorğular göndərmişdir. ünvan 2 ünvan: Asif Məhərrəmov 44 mənzil 29) ünvanda yaşayan və mənzilin mülkiyyətçisi olan bacısı X10 qonşusu ünvan 3 ünvan: Asif Məhərrəmov 44 mənzil 26) ünvanda yaşayan xx.xx.1989-cu il təvəllüdlü X14 və arvadı Əliyeva (Yüzbaşeva) Günel Pərviz qızı ona qarşı dəfələrlə nalayiq hərəkətlər edərək onu söyüb, təhqir edib, ona xəsarətlər yetirdikləri üçün onların barəsində DİN-in 102 qaynar xəttinə etdiyi şikayətlər əsasında polis tərəfindən araşdırma aparılaraq inzibati qaydada protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. X13 isə savadsız olduğu üçün ona tibbi müayinədək keçmək adı ilə 1 saylı Psixiatriya Xəstəxanasına getməli olması bildirilmişdir. Bunlar hamısı Bakı şəhəri Nəsimi RPİ 19-cu PB-nin əməkdaşlarının təkidi ilə olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq vəkil Qabil Ağayev sorğular göndərərək X6 1 saylı Psixiatriya Xəstəxanasına kimin (kimlərin) ərizə və şikayətləri əsasında müayinə və müalicə olunması üçün kimlər tərəfindən göndərilməsinə dair məlumatın və həmin şikayət edən şəxslərin ərizələrinin surətlərinin verilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. Respublika Psixiatriya Xəstəxanası PHŞ xx.xx.2023-cü il tarixdə 20360 saylı məktubla cavab verərək bildirmişdir ki, «Respublika Psixiatriya Xəstəxanası PHŞ Sizin VK-1661/23 nömrəli xx.xx.2023-cü il tarixli sorğunuza cavab olaraq bildirir ki, xx.xx.1962-ci il təvəllüdlü, Bakı şəhəri Nəsimi rayonu A.Məhərrəmov küçəsi ev 44 mənzil 29 ünvanda qeydiyyatda olan X13 arxiv məlumatına görə xx.xx.2023; xx.xx.2023-cü il tarixdə yuxarıda adı göstərilən xəstəxanada stasionar müalicədə olub. Diaqnoz: «Sayıqlama pozuntusu.» «Xroniki sayıqlama pozuntusu» F22.0 Məlumat üçün bildiririk ki, bizim verdiyimiz məlumat sorğuda göstərilən şəxslərin yuxarıda adı göstərilən xəstəxanada müalicədə olub-olmamasını əks etdirir. Həmin şəxsin (və ya şəxslərin) psixiatrik kabinetdə qeydiyyatda olub-olmamasını dəqiqləşdirmək üçün yaşayış yeri üzrə poliklinika və yaxud Mərkəzi Rayon Xəstəxanasına müraciət etməyiniz tövsiyə olunur». Lakin həmin şikayət edən şəxslər kimlər olmuşdur və onların şikayət ərizələrinin surətlərini vəkilə təqdim edilməmişdir deyə vəkil Qabil Ağayev tərəfindən təkrar sorğu göndərilmişdir. X6 1 saylı Psixatiriya Xəstəxanasına kimin (kimlərin) ərizə və şikayətləri əsasında müayinə və malicə olunması üçün kimlər tərəfindən göndərilməsinə dair məlumatın və həmin şikayət edən şəxslərin ərizələrinin surətlərinin verilməsini istəmişdir. Respublika Psixiatriya Xəstəxanası PHŞ tərəfindən xx.xx.2023-cü il tarixli 20360 və xx.xx.2024-cü il tarixli 2884 saylı məktublarla təkrar sorğuya cavablar verilmişdir. Sorğuda qeyd edilmişdir ki, vətəndaş X13 onun heç bir psixi sağlamlığında narahatçılıqları olmaya-olmaya əsassız yerə Respublika Psixiatriya Xəstəxanasında yatırtmalarını özünə, işgüzar nüfuzuna və şəxsiyyətinə ləkə kimi qəbul edir. O, həkim ekspert komissiyasından keçərək anlaqlı olub-olmamasına, fəaliyyət qabiliyyəti olan şəxs hesab edilib-edilməməsinə dair rəsmi qaydada tibbi rəy verilməsini istəyir. Buna əsas kimi o hal-hazırda subay olmasını, mənzilində tək yaşamasını, övladlarının olmamasını əsas gətirərək yaxın qohumlarından kiminsə onun anlaqsız olmasına nail olaraq mülkiyyətindəki mənzilini əllərinə keçirmək niyyətində olduqları qənaətindədir. Ona görə də, vəkil tərəfindən Respublika Psixiatriya Xəstəxanası PHŞ-nın Baş X1 təkrar vəkil sorğusu göndərilərək xahiş olunmuşdur ki, həmin PHŞ tərəfindən verilən vəkil sorğularına xx.xx.2023-cü il tarixli 20360 saylı və xx.xx.2024-cü il tarixli 2884 saylı məktublarla verilmiş cavablarda vətəndaş X11 təyin olunmuş «Xroniki sayıqlama pozuntusu F22.0» və ya «Sayıqlama pozuntusu» diaqnozu onun anlaqsız və ya fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas ola bilərmi? - sualına tibbi qaydada rəsmi cavab verilməsini və ya X6 əqli cəhətdən anlaqlı olub-olmaması və onun fəaliyyət qabiliyyətli şəxs hesab edilibedilməməsi məqsədi ilə həkim tibbi ekspertizası təyin edərək şəxsin barəsində rəsmi rəy verilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Həmin vəkil müraciətinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X19 xx.xx.2024-cü il tarixli 5659 saylı cavab məktubu ilə məlumat verilərək bilirilmişdir ki, «Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsi Sizin VK-1661/24 nömrəli xx.xx.2024-cü il tarixli sorğunuza cavab olaraq bildirir ki, ünvan 4 ünvanda yaşayan X11 təyin olunmuş «Xroniki sayıqlama pozuntusu» və ya «Sayıqlama pozuntusu» diaqnozu onun anlaqsız və ya fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas ola bilərmi sualı ilə Siz Maştağa qəsəbəsi Respublika Psixiatriya Xəstəxanasının ərazisində yerləşən «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi»nə müraciət etməlisiniz». Yuxarıda qeyd olunanlara əsasən ünvan 4 ünvanda yaşayan vətəndaş X11 təyin olunmuş «Xroniki sayıqlama pozuntusu» və ya «Sayıqlama pozuntusu» diaqnozu şəxsin anlaqsız və ya fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas olubolmamasına dair tibbi ekspertizadan keçməklə ekspert rəyi verilməsi zərurəti yaranmışdır. Ona görə də, vəkil X9 yenidən vəkil sorğusu göndərərək bacısı X2 durumunun həkim ekspertləri tərəfindən müayinə edilməsi və onun anlaqlı olub-olmaması barədə rəsmi qaydada ekspert rəyinin verilməsini xahiş etmişdir. Vəkilin göndərdiyi müraciətdə (sorğuda) qeyd edilmişdir ki: «Sual 1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası PHŞ tərəfindən verdiyim vəkil sorğularına xx.xx.2023cü il tarixli 20360 saylı və xx.xx.2024-cü il tarixli 2884 saylı məktublarla verilmiş cavablarda vətəndaş X11 təyin olunmuş «Xroniki sayıqlama pozuntusu F22.0» və ya «Sayıqlama pozuntusu» diaqnozunun həmin şəxsin anlaqsız və ya fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas ola bilərmi? Sual 2. X6 hal hazırda əqli cəhətdən anlaqlı olubolmaması və onun fəaliyyət qabiliyyətli şəxs hesab edilib-edilməməsi məqsədi ilə həkim tibbi ekspertizasından keçirərək şəxsin barəsində aparılmış ekspertiza barədə rəsmi ekspert rəyi verilməsinə köməklik göstərəsiniz». Vəkil sorğusuna Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» PHŞ tərəfindən xx.xx.2024cü il tarixdə 2276 saylı cavab məktubu verilərək bildirilmişdir ki, «Sizin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X19ə ünvanladığınız VK-1661/24 saylı xx.xx.2024-cü il tarixli məktuba aidiyyatı üzrə baxılmışdır. Məlumat üçün bildiririk ki, «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən «Məhkəmə ekspertizası Azərbaycan Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş hallarda təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarı, yaxud məhkəmənin (hakimin) qərarı (qərardadı) ilə təyin edilir. Təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarı, yaxud məhkəmənin (hakimin) qərarı (qərardadı) ilə təyin edilmiş ekspertiza məhkəmə ekspertizası idarələrinin ekspertləri tərəfindən həyata keçirilir». Odur ki, məktubda qoyulan sualların cavablandırılması yalnız qanunvericiliyin tələblərinə uyğun olaraq, yuxarıda qeyd olunan orqanlardan birinə müraciət olunduğu təqdirdə həyata keçirilə bilər. Beləliklə, vəkilin sorğusuna cavab olaraq bacısının anlaqlı olub-olmamasını yalnız məhkəmə qərarı əsasında təyin edilmiş ekspertiza nəticəsində verilən ekspert rəyi əsasında müəyyən etməyin mümkün olması bildirilmişdir. Bunun üçün də, MPM-nin 317.2-ci maddəsinin tələbinə əsasən ərizənin yaxın qohum tərəfindən verilməsi nəzərdə tutulmuşdur. Bu ərizəni verməkdə məqsəd ondan ibarətdir ki, X3 anlaqlı olub-olmaması müəyyən edilsin. X3 anlaqlı olub-olmamasını müəyyən etməkdə məqsədi bacısının mülkiyyətində olan mənzilin gələcəkdə yaxın qohumlardan kimsə tərəfindən Aidənin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etdirərək özünü ona qəyyum təyin etdirib həmin əmlaka sahib ola bilməmələri üçündür. Çünki onda olan məlumata görə digər bacısı X5 məqsədi X16 ruhi və ya psixi xəstə kimi dəlixanaya salaraq onu anlaqsız hesab etdirib özünü ona qəyum təyin etdirərək Aidənin adına olan mənzilə sahib çıxmaqdır. Tərəflərin iştirakı və izahatları: Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə verilmiş şəxs X13 ərizə tələbinə dair verdiyi izahatda bildirdi ki, o, fəaliyyət qabiliyyətli şəxsdir. Ekspert rəyi bunu bir daha sübut edir. Bu səbəbdən hesab edir ki, bununla bağlı qərar qəbul edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: xx.xx.2017-ci il tarixdə Göyçay RPŞ tərəfindən verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin, həmçinin xx.xx.1979-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu il təvəllüdlü olmaqla, Bakı şəhərində doğulmuşdur. Göyçay rayonu Qaraxıdır kəndində qeydiyyatdadır. X4r. xx.xx.2017-ci il tarixdə ASAN1 xidməti tərəfindən verilmiş AZE seriyalı 17341844 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1962-ci il təvəllüdlü olmaqla, ünvan 5 ünvanda qeydiyyatdadır. ünvan 6an görünür ki, ünvan 7 ünvanladığı xx.xx.2023-cü il tarixli VK-1551/23 saylı sorğusuna baxılmışdır. Bildirilmişdir ki, Bakı şəhəri ünvan 8 ünvanladıqları kollektiv ərizələri icraata daxil olaraq araşdırılmışdır. Həmin müraciətlərində qonşuları mənzil 29-da yaşayan X6 xəstə ruhlu şəxs kimi xarakterizə olunması, son vaxtlar onun ətraf mühit üçün təhlükə törədən şəxs kimi xarakterizə olunduğundan xəstəxanaya yerləşdirilməsinə köməklik olunmasını xahiş etmişlər. Məlumat üçün bildirilmişdir ki, A.M.Ağayevanın əvvəllər də 26-cı mənzildə yaşayan X14 və onun həyat yoldaşının onun barəsində nalayiq ifadələr işlətmələrindən, musiqiyə ucadan səs verərək bilərəkdən narahatçılıq yaratmaları barədə eyniməzmunlu müraciətləri olmuşdur. X13 müayinə və müalicə olunması məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» PHŞnın 9 saylı KYS-ya təhvil verilmişdir. «Respublika Psixiatriya Xəstəxanası» PHŞ-nın 29 dekabr 2023-cü il tarixli 20360 saylı məktubundan görünür ki, ünvan 9 ünvanladığı xx.xx.2023-cü il tarixli VK-1661/23 saylı sorğusuna baxılmışdır. Bildirilmişdir ki, xx.xx.1962-ci il təvəllüdlü, Bakı şəhəri Nəsimi rayonu A.Məhərrəmov küçəsi ev 44 mənzil 29 ünvanda qeydiyyatda olan X13 arxiv məlumatına görə xx.xx.2023-xx.xx.2023-cü il tarixdə yuxarıda adı göstərilən xəstəxanada stasionar müalicədə olub. Diaqnoz: «Sayıqlama pozuntusu». Məlumat üçün bildirilmişdir ki, PHŞ-nın verdiyi məlumat sorğuda göstərilən şəxslərin yuxarıda adı göstərilən xəstəxanada müalicədə olub-olmamasını əks etdirir. Həmin şəxsin (və ya şəxslərin) psixiatrik kabinetdə qeydiyyatda olub-olmamasını dəqiqləşdirmək üçün yaşayış yeri üzrə poliklinika və yaxud Mərkəzi Rayon Xəstəxanasına müraciət etməsi tövsiyə olunur. «Respublika Psixiatriya Xəstəxanası» PHŞ-nın 05 mart 2024-cü il tarixli 2884 saylı məktubundan görünür ki, PHŞ-ya ünvanlanmış xx.xx.2024-cü il tarixli VK-1661/24 saylı sorğuya cavab olaraq X6 xəstəxanaya göndərilməsi üçün şikayət edən şəxslərin ərizələrinin, TTY-nın göndərişinin və Nəsimi RPİ 19-cu PB-nin müraciətinin surətləri Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Qabil Ağayevə göndərilmişdir. Məktuba əlavə edilmiş yuxarıda adları qeyd olunan sənədlərdən görünür ki, ərizəçinin bacısı ilə eyni binada yaşayan Azər Hacıyev, Olqa Veretennikova, Samir Əliyev, Lamiyə Qasımova, Tural Əliyev xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nəsimi RPİ 19-cu PByə müraciət edərək, X6 qeyri-adekvat hərəkətlərindən şikayət etmişlər. Həmin müraciətləri nəzərə alan Bakı şəhəri Nəsimi RPİ 19-cu PB-nin rəisi, polis polkovnik-leytenantı Rəşad Əhmədzadə 26 sentyabr 2023-cü il tarixdə «Respublika Psixiatriya Xəstəxanası» PHŞ-ya rəsmi şəkildə müraciət edərək, qonşuların çoxsaylı müraciətlərini, X6 ətraf mühit üçün təhlükə törədən şəxs kimi xarakterizə olunduğunu nəzərə alıb, həmin xəstəxanaya yerləşdirilməsinə köməklik olunmasını xahiş etmişdir. Təqdim edilmiş müşayiət vərəqəsindən görünür ki, 26 sentyabr 2023-cü il tarixdə X13 (daxil olarkən narahat vəziyyətdə olan) 11.20-də müayinə olunmaq üçün RPX-ya qəbul olunmuş, ona «kəskin polimorf psixotik pozuntu» diaqnozu təyin edilmişdir. «Respublika Narkoloji Mərkəzi» PHŞ-nın 02 mart 2024-cü il tarixli xx/xx-2586 saylı məktubundan görünür ki, ünvan 10 ünvanladığı xx.xx.2024-cü il tarixli VK-1661/24 saylı məktubuna aidiyyatı üzrə baxılmışdır. Bildirilmişdir ki, «Narkoloji xidmət və nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun 5.6-cı bəndinə əsasən Azərbaycan Respublikası ərazisində narkoloji xidmət və nəzarət konfidensiallıq və anonimlik əsasında həyata keçirilir. Narkoloji xəstələrin qeydiyyatının aparılması zamanı xəstənin səhhətinin vəziyyəti haqqında məlumatların konfidensiallığı təmin edilməlidir. Hər hansı şəxs barəsində narkoloji yardımın həyata keçirilməsinə dair məlumatlar Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada verilir. Mühafizə orqanlarının sorğusu adlı (soyadı, ata adı və təvəllüd göstərilməklə) siyahı təqdim edilməklə sorğusu cavablandırılır. «Psixi Sağlamlıq Mərkəzi» PHŞ-nın 18 aprel 2024-cü il tarixli 2961 saylı məktubundan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X13 xx.xx.2024-cü il tarixdə Həkim- Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Xroniki sayıqlama pozuntusu F22.0. Eləcə də, qeyd olunmuşdur ki, 2023-cü ildə 1 saylı RPX-da eyni diaqnozla müalicə alıb. «Respublika Psixiatriya Xəstəxanası» PHŞ-nın 01 may 2024-cü il tarixli 5659 saylı məktubundan görünür ki, ünvan 10 ünvanladığı xx.xx.2024-cü il tarixli VK-1661/24 saylı sorğusuna aidiyyatı üzrə baxılmışdır. Bildirilmişdir ki, ünvan 11 ünvanda yaşayan X11 təyin olunmuş «Xroniki sayıqlama pozuntusu» və ya «Sayıqlama pozuntusu» diaqnozu onun anlaqsız və ya fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas ola bilərmi sualı ilə Maştağa qəsəbəsi Respublika Psixiatriya Xəstəxanasının ərazisində yerləşən Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə müraciət olunmalıdır. «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» PHŞ-nın 27 may 2024-cü il tarixli 2267 saylı məktubundan görünür ki, ünvan 10 ünvanladığı xx.xx.2024-cü il tarixli VK-1661/24 saylı məktubuna aidiyyatı üzrə baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən məhkəmə ekspertizası Azərbaycan Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş hallarda təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarı, yaxud məhkəmənin (hakimin) qərarı (qərardadı) ilə təyin edilir. Təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarı, yaxud məhkəmənin (hakimin) qərarı (qərardadı) ilə təyin edilmiş ekspertiza məhkəmə ekspertizası idarələrinin ekspertləri tərəfindən həyata keçirilir. Odur ki, məktubda qoyulan sualların cavablandırılmasının yalnız qanunvericiliyin tələblərinə uyğun olaraq, yuxarıda qeyd olunan orqanlardan birinə müraciət olunduğu təqdirdə həyata keçirilə bilməsi nəzərə çatdırılmışdır. Məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi barədə məhkəmənin xx.xx.2024cü il tarixli qərardadının icrası ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» PHŞ-nın 17 sentyabr 2024-cü il tarixli 2700 saylı rəyindən görünür ki, X8 2023-cü ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasında müalicədə olduğu zaman onda aşkar olunmuş «Sayıqlama pozuntusu» diaqnozuna müvafiq əlamətlər hal-hazırda müəyyən edilmir, yəni həmin dövrdə onda müəyyən edilən psixi pozuntu aldığı müalicə ilə əlaqədar hal-hazırda remissiya vəziyyəti kimi qiymətləndirilir. Buna görə də, X13 hazırki psixi vəziyyətinə görə fəaliyyət qabiliyyətli hesab edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təqdim olunmuş sənədlərdən göründüyü kimi, barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ərizə verilmiş şəxs X8 ağıl zəifliyi və ya ruhi xəstəlik müşahidə olunmur, o, öz hərəkətlərinin mənasını başa düşür və öz hərəkətlərinə rəhbərlik edir. Belə ki, ərizəçinin bacısının fəaliyyət qabiliyyətli olub-olmamasının müəyyən edilməsi məqsədilə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının müvafiq rəyi ilə X6 fəaliyyət qabiliyyətli olması müəyyən edilmişdir. Belə olan təqdirdə hər hansı ruhi xəstəlikdən əziyyət çəkməyən və bununla bağlı müvafiq qeydiyyata alınmamış, habelıə müvafiq ekspert rəyinə əsasən fəaliyyət qabiliyyətli olması müəyyən edilmiş şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair Ərizəçi ərizəsi təmin edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, Ərizəçi (Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi rədd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar