Məhkəmə qərarları › İş №2(006)-387/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-387/2021

18.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-387/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı X2, Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı X2 cavabdehlər Cavabdeh1 Mirhəşim qızına, Cavabdeh2 MMC-yə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə, Bakı şəhəri Nəsimi rayon Bələdiyyəsinə, 13 saylı Notariat ofisinə, X10 qarşı «hesabatın və bağlanmış əqdin etibarsız hesab edilməsi və nəticələrin ləğvi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdehlər Cavabdeh1 Mirhəşim qızına, Cavabdeh2 MMC-yə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə, Bakı şəhəri Nəsimi rayon Bələdiyyəsinə, 13 saylı Notariat ofisinə, X10 qarşı «hesabatın və bağlanmış əqdin etibarsız hesab edilməsi və nəticələrin ləğvi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyatı İdarəsi tərəfindən xx xxx 2005-ci il tarixdə Cavabdeh1 Mirhəşim qızının adına tərtib edilmiş fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair hesabat saxta və əsassız olduğundan və mülkiyyət hüququ yaratmadığından və hüquqmüəyyənedici sənəd hesab edilmədiyindən etibarsız hesab edilməsi; cavabdehlər Cavabdeh1 Mirhəşim qızı və Cavabdeh2 MMC-nin rəhbərliyi arasında 13 saylı DNK-da imzalanmış xx xxxxx 2017-ci il tarixli 3M-151 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; Cavabdeh1 Mirhəşim qızından 4.000 manat maddi ziyan, 12.000 manat əldən çıxmış fayda (30 ay x 400 manat kirayə haqqı), 3.000 manat mənəvi ziyan, 30 manat dövlət rüsumu olmaqla, cəmi 19.030 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli binada, ümumi sahəsi 56 m2, yaşayış sahəsi 38 m2 olmaqla, ata evinin sahibi olmuşdur. Mülkiyyət hüquqları Bakı şəhəri Tİ və MHQİ tərəfindən xx.xx.1998-ci il tarixdə 974 saylı reyestr kitabının 146278-ci səhifəsində 30/146278 sayı ilə qeydiyyata alınaraq ona qeydiyyat vəsiqəsi (çıxarış) verilmişdir. Ailə üzvlərinin sayı çox olduğundan 90-cı illərin sonunda yaşayış şəraitini yaxşılaşdırmaq məqsədi ilə o, öz şəxsi vəsaiti ilə mülkiyyətində olan evinə bitişik torpaq sahəsində tikinti işləri apararaq, otaqlarının sayını 5-ə çatdırmışdır və 2000-ci illərin əvvəlində əlavə tikdiyi sahəsində ailə üzvlərinə müvəqqəti yaşamaq hüququ vermişdir. Hazırkı iddia üzrə cavabdeh olan bacısı Cavabdeh1 Mirhəşim qızı və onun həyat yoldaşı hazırkı iddia üzrə 3-cü şəxs X14 ailə tərkibi qismində onun razılığına əsasən onun mülkiyyətində olan 35 saylı evə qeydiyyata düşmüşlər. ünvan 1 ünvanda yerləşən evləri 90-cı illərdə plana düşdüyündən hazırkı iddia üzrə cavabdeh olan bacısı Cavabdeh1 Mirhəşim qızı 90-cı illərdə, dövlət tərəfindən ona aid olan hissəsinin əvəzinə 1 otaqlı mənzil alaraq həmin bu ünvandan qeydiyyatdan çıxıb, yeni ünvana köçmüşdür. O isə, evdə qalaraq yeni mənzilə köçməyə razılıq verməmişdir və uşaqlıqdan bu günə qədər burada yaşamışdır. xx.xx.1998-ci il tarixdə evini adına sənədləşdirmişdir. Sonradan cavabdeh olan bacısı Cavabdeh1 Mirhəşim qızı 90-cı illərin sonunda mənzilini sataraq və evi olmadığı üçün ondan xahiş etdiyindən, həyat yoldaşı ilə birlikdə onun mülkiyyətində olan 35 saylı evinə pasport qeydiyyatına düşmüşlər. Əlavə tikdiyi otaqlarını qanunun tələblərinə uyğun rəsmiləşdirmək üçün müxtəlif idarə və təşkilatlara müraciətlər etmiş, çox vaxt sərf etdiyi və nəhayət Nəsimi rayon İcra Hakimiyyətinin göstərişinə əsasən xx.xx.2006-cı il tarixdə 59 saylı MKİS-in aktına əsasən Nəsimi RİH-in nəzdində X16 İdarələrarası komissiyasının xx.xx.2006-cı il tarixli 32 saylı texniki rəyi təsdiq edilərək ona Nəsimi RİHB-nin xx.xx.2006-cı il tarixli 211 saylı sərəncamı verilmişdir. Həmin sərəncama əsasən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilin 5 otaqdan ibarət olub, yaşayış sahəsi 92,1 m2, ümumi sahəsi isə 147,2 m2 ona məxsus olması hesab edilib. xx.xx.2006-cı il tarixdə mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli binada, ümumi sahəsi 56 m2, yaşayış sahəsi 38 m2 olan mənzilin bir hissəsini, yəni 20 m2 sahəsi olan 1 otağını 13 saylı DNK-da bağlanmış alğı-satqı müqaviləsinə əsasən X1 və nəticədə xx.xx.2006-cı il tarixdə hər ikisinin adına paylı mülkiyyət hüququ üzrə DƏDRX-dən çıxarış almışlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı Qərarının icrası məqsədi ilə Nəsimi RİHB-nin xx.xx.2016-cı il tarixli 197 saylı sərəncamı və Nəsimi RİH ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Nəsimi rayonu ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması işlərinin həyata keçirilməsi başlanmışdır. Bu baxımdan mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evinin sənədlərinin əslini, yəni çıxarışı və sərəncamı Cavabdeh2 MMC-nin rəhbərliyinə təqdim etmiş və aralarında olan razılığa əsasən mülkiyyətində olan 5 otaqlı evinin əvəzinə yeni tikilən binadan 2 ədəd 3 otaqlı mənzili ona verilməli idi. xx.xx.2017-ci il tarixdə o və Cavabdeh2 MMC-nin rəhbərliyi ilə birlikdə 13 saylı DNK-da alğı-satqı müqaviləsi imzalamışlar. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən ünvan 1 ünvanda yerləşən və mülkiyyətində olan olan 18 m2 yaşayış sahəsinə görə Cavabdeh2 MMC tərəfindən həmin ərazidə tikilən hündürmərtəbəli binadan 3 otaqlı ümumi sahəsi 96,79 m2 olan mənzilin onun mülkiyyətinə verilməsi qeyd edilib. Sərəncama əsasən mülkiyyətində olan digər sahəsinin əvəzinə isə Cavabdeh2 MMC-nin rəhbərliyi həmin binada 4-cü mərtəbədə, təmirli 3 otaqlı ümumi sahəsi 120,37 m2 olan mənzili onun mülkiyyətinə verilməsini söz verməsinə baxmayaraq, bunu etməmişdir. Mülkiyyətində olan evini 2017-ci ildə Cavabdeh2 MMC-nin işçiləri tam şəkildə sökmüş və yerində dərin qazıntı işləri aparmışdır. O isə, ağlaya-ağlaya qalmışdır. O, bir ildən çox vaxt gözləmiş, lakin Cavabdeh2 MMC-nin rəhbərliyi onun ilə ikinci mənzil üzrə müqavilə bağlamamış və əlindən aldığı sərəncamın əslini bu günə qədər ona qaytarmayıb. Ona qarşı vicdansız hərəkət etməkdə davam edir. Bu müddət ərzində o, böyük həyacan içində yaşamışdır, sarsıntı keçirmişdir. Evinin bir hissəsinin itirilməsi və onu bu cür aldadaraq mülkünün və sənədinin əlindən alınmasına nail olan Cavabdeh2 MMC-yə öz iradlarını bildirmişdir. Sonradan Cavabdeh2 MMC-nin işçisi X8 «Olimpik Star» mərkəzinin yaxınlığında yerləşən Cavabdeh2 MMC-nin ofisinin ikinci mərtəbəsində onu qəbul etmiş və orada ona məlum olmuşdur ki, hazırkı iddia üzrə cavabdehlər olan bacısı Cavabdeh1 Mirhəşim qızı və Cavabdeh2 MMC-nin rəhbərliyi arasında 13 saylı DNK-da xx xxxxx 2017ci il tarixdə 3M-151 reyestr nömrəli alğı-satqı müqaviləsi imzalanıb. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən Cavabdeh2 MMC ünvan 1Q ünvanda yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan fərdi yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış evinin tikintisini həyata keçirərək, həmin binada Cavabdeh1 Mirhəşim qızının adına olan ünvan 1Q ünvanda yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan ümumi sahəsi 99,92 m2 olan 4 otaqlı evin əvəzinə 20,4 faiz artıq, B2 blokunun 4-cü mərtəbəsində, təmirli 3 otaqlı, ümumi tikinti sahəsi 120,37 m2 olan 119 nömrəli mənzili Cavabdeh1 Mirhəşim qızının mülkiyyətinə verməyi öhdəsinə götürüb. O, bu məlumatı bildikdə, dəhşətə gəlmişdir ki, onun mənzilini nə səbəbdən bacısı Cavabdeh1 Mirhəşim qızının adına rəsmiləşdirilib. Cavabdeh2 MMC-nin təsisçisi X8 ona bildirmişdir ki, onunla ikinci müqavilə bağlanmayacaq və B2 blokunun 4-cü mərtəbəsində, təmirli 3 otaqlı, ümumi tikinti sahəsi 120,37 m2 olan 119 nömrəli mənzil Cavabdeh1 Mirhəşim qızına veriləcək. Bunun səbəbini soruşanda, ona məhkəməyə müraciət etməsini bildirmişdir. O, sərəncamın əslini sonuncudan tələb etdikdə, verməmiş və ofisdən onu qovmuşdur. Bu haqsızlıqla bağlı o, müxtəlif instansiyalara şikayətlər ünvanlamış, lakin heç bir nəticə əldə edə bilməmişdir. Cavablarda ona məhkəməyə müraciət etməsi bildirilmişdir. O, hüquqlarının müdafiəsi məqsədi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil X9 müraciət etmiş, ona inanaraq məsələni ona bildirmişdir. Sonuncu, onu dinləmiş və bildirmişdir ki, qanun onun tərəfindədir və bunun üçün mütləq mülki qaydada məhkəməyə iddia ərizəsi ilə müraciət etmək zəruridir. O, sonuncunun ödənişini lazımınca etmiş və hüquqi savadı olmadığı üçün öz işini tam şəkildə sonuncuya həvalə etmişdir. Vəkil X11 onun üçün iddia ərizəsi yazmış və Nəsimi rayon Məhkəməsinə təqdim etmişdir. Nəsimi rayon Məhkəməsinin hakimi Rəşid Səmədovun icraatında olan 2(006)-3196/2019 saylı iş üzrə qəbul olunan qətnaməyə əsasən onun iddia tələbi təmin edilməmişdir. Səbəb o olmuşdur ki, iddia ərizəsi və iddia ərizəsinə iki dəfə edilən əlavə və dəqiqləşmə düzgün tərtib edilməyib (etibarsızlığın əvəzinə ləğv tələb edilib) və nəticədə onun bu tələb üzrə subyektiv hüququnun olmaması müəyyən edilmişdir. Daha sonra vəkil X11 onun üçün apellyasiya şikayəti yazmış və Nəsimi rayon Məhkəməsinə təqdim etmişdir. Onu bir daha ümidvar etmişdir ki, onların tələbi haqlıdır, sadəcə cavabdeh tərəf Nəsimi rayon Məhkəməsinin hakimi Rəşid Səmədovu ələ alaraq istədiklərinə nail olublar. O, bir daha öz vəkilinə etibar etmiş, bir daha sonuncunun ödənişini etmiş və sonuncuya güvənərək apellyasiya məhkəməsinə getmişdir. Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Talışinskinin sədrliyi altında keçirilən məhkəmə prosesini də uduzaraq, yəni (iddia tələbini düzgün qoymadığı üçün) apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilmişdir. Daha sonra, vəkil X11 onun üçün kassasiya şikayəti yazmaq istədiyini bildirmişdir. Onu bir daha ümidvar etmişdir ki, onların tələbi haqlıdır, bacısı ilə tikinti şirkəti arasında bağlanmış müqaviləni və bacısının adına olan texniki pasportunu ləğv edəcək. Sadəcə cavabdeh tərəf Apellyasiya Məhkəməsinin hakimi Fuad Talışinskini də ələ alaraq istədiklərinə nail olublar. Ali Məhkəmədə buna nail ola bilməzlər. O, iki məhkəmə uduzduğundan, vəkil X7 dediklərinə şübhə ilə yanaşmış və digər tanınmış və Respublikada məşhur adla tanınan, dediyi sözün sahibi olan vəkil ilə məsləhətləşmiş və həmin vəkil onun gözünü açaraq ona bildirmişdir ki, əvvəlki vəkili tərəfindən qoyulan iddia tələbi düzgün olmadığından həmin iddianın heç bir perspektivi olmazdır, kassasiya şikayəti təmin edilməzdir. Onun yeni vəkili ona subyektiv hüquqdan, ləğv tələbi ilə etibarsızdıq tələbi arasında olan fərqi adi fikirlər ilə izah etmişdir. İddia tələbini düzgün qoymaqla məsələni həll etməsinə nail olmasını ona izah etmişdir. Sonuncu ona bacısı Cavabdeh1 Mirhəşim qızının adına xx xxx 2005-ci il tarixdə tərtib edilmiş hesabatın əldə edilməsində köməklik etmişdir. Hesabatın saxta olması barədə ona izah vermişdir. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırkı iddia ərizəsində göstərilən tələblər Nəsimi rayon Məhkəməsinin 2(006)-3196/2019 saylı iş üzrə qəbul etdiyi qətnamədən fərqli olduğundan təmin edilməlidir. 1. Cavabdeh bacısı Cavabdeh1 Mirhəşim qızının adına xx xxx 2005-ci il tarixdə tərtib edilmiş hesabat etibarsız sayılmalıdır. 2. Cavabdeh bacısı Cavabdeh1 Mirhəşim qızı və Cavabdeh2 MMC-nin rəhbərliyi arasında 13 saylı DNK-da imzalanmış xx xxxxx 2017-ci il tarixli 3M-151 reyestr nömrəli alğı-satqı müqaviləsi etibarsız sayılmalıdır. Belə ki, Bakı şəhəri Tİ və MHQİ tərəfindən xx xxx 2005-ci il tarixdə Cavabdeh1 Mirhəşim qızının adına tərtib edilmiş fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair hesabat nə mülkiyyəti təsdiq edən sənəd, nə də ki, texniki pasportu əvəz edən sənəd sayılmır. Bu sənədin rəsmi formada hazırlanmaması və üzərinə arayışlar üçün nəzərdə tutulan dairəvi möhür ilə təsdiqlənməsi, rəis qrafasında A.X.Qaraşov qeyd edilməsinə baxmayaraq, Arif Qaraşovun imzası yox, əvəzinə kim tərəfindən imzalanması müəyyən olunmadığına görə hesab edir ki, bu sənəd saxtadır və etibarsız hesab edilməlidir. Hesab edir ki, cavabdeh bacısı Cavabdeh1 Mirhəşim qızı Cavabdeh2 MMC-nin rəhbərliyini aldadaraq saxta sənəd təqdim etməklə ona çatası əmlakına dair hüququnu mənimsəyib. Belə ki, Cavabdeh2 MMC-nin rəhbərliyinə rəsmi şəkildə təqdim etdiyi Nəsimi RİHB-nin xx.xx.2006-cı il tarixli 211 saylı Sərəncamın əslini ondan gizlətməsi və ona bu günə qədər qaytarmaması onu göstərir ki, hər iki cavabdeh əlbirdir və hər ikisi saxta sənədə əsaslanaraq ona verilməli olan mənzilin digər şəxsə verilməsinə nail olublar. Hesab edir ki, cavabdeh bacısı Cavabdeh1 Mirhəşim qızının heç bir əvəzedici əmlakı olmadığından, mülkiyyətini təsdiq edən əsaslı hüquqmüəyyənedici sənədi olmadan, onun əmlakı barədə sərəncam vermək hüququ olmadan və saxta sənədi istifadə etməklə Cavabdeh2 MMC-nin rəhbərliyi arasında 13 saylı DNK-da imzalanmış xx xxxxx 2017-ci il tarixli 3M-151 reyestr nömrəli alğı-satqı müqaviləsi etibarsız sayılmalıdır. Cavabdeh bacısı Cavabdeh1 Mirhəşim qızı cinayət yolu ilə mülkiyyətində olan evinin bir hissəsinə qondarma sənəd almaqla həmin 35Q yeni ünvana saxta yollarla qeydiyyata düşüb. Hesab edir ki, onun razılığı olmadan Nəsimi RİH tərəfindən qəbul edilmiş sərəncama əsasən onun adına rəsmiləşdirilmiş daşınmaz əmlaka olan hüququ özgəninləşə bilməzdi və cavabdehin adına hesabatın tərtib edilməsinə əsas verən Bakı şəhəri Nəsimi rayon Bələdiyyəsinin 01/96 saylı xx.xx.2001-ci il tarixli məktubu mülkiyyət hüququ yaratmadığına görə, əsassız olduğundan hüquqmüəyyənedici sənəd olmadığı üçün hesabat və onun nəticələri, yəni ona əsasən imzalanmış alğı-satqı müqaviləsi etibarsız sayılmalıdır. Harda görülüb ki, Bələdiyyənin məktubuna əsasən evin üzərinə yeni ünvan, texpasport, hesabat və yaxud çıxarış verilsin? Bələdiyyənin işçisi kimdir ki, özünə aid olmayan səlahiyyətləri mənimsəsin və nəticədə cinayət əməli törətsin. Buna aydınlıq gətirmək lazımdır və məsul şəxsləri cinayət məsuliyyətinə cəlb etmək zəruridir. Hesab edir ki, belə saxta şəxslər cəmiyyətə ləkədir və öz çirkin əməlləri ilə ölkə başçısının yürütdüyü gözəl və müasir siyasətə əks olaraq hərəkət etmək niyyəti daşıyırlar. Bu onlarda alınmaz. Birlikdə onlara imkan verməzlər. O, ölkə başçısına güvənir. Bu baxımdan, Nəsimi rayon Bələdiyyəsini 3-cü şəxs qismində prosesə cəlb etmişdir. Fikirləri yalnız ciblərini doldurmaqdır. Hamını salıb oyuna. Tələbi odur ki, gəlsin məhkəməyə saxta əməlləri barədə cavab versin. Bakı şəhəri Nəsimi rayon Bələdiyyəsinin 01/96 saylı xx.xx.2001-ci il tarixli saxta məktubunu məhkəməyə rəsmi təqdim etsin. Digər 3-cü şəxs 13 saylı Notariat ofisinin məsul şəxsi tərəfindən iddia tələbi üzrə məhkəmə prosesində Cavabdeh1 Mirhəşim qızının adına xx xxx 2005-ci il tarixdə tərtib edilmiş hesabatla bağlı aparılan əməliyyatın, yəni alğı-satqı müqaviləsinin bağlanması qanuna uyğun olubolmaması barədə izahat verməsini zəruri hesab edir. Cavabdehlər Cavabdeh1 Mirhəşim qızı və Cavabdeh2 MMC-nin rəhbərliyi arasında 13 saylı DNK-da imzalanmış xx xxxxx 2017-ci il tarixli 3M-151 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən 1 ay üzrə 400 manat kirayə haqqı ödənilməlidir. Hesab edir ki, həmin məbləğ, yəni (30 ay x 400 manat) 12.000 manat Cavabdeh1 Mirhəşim qızından alınaraq ona ödənilməlidir. Bundan əlavə olaraq, Cavabdeh1 Mirhəşim qızından 4.000 manat maddi ziyan (hüquqlarının müdafiəsi üçün çəkilən xərclər) qismində, 3.000 manat mənəvi ziyan (3 ilə yaxın vaxt ərzində keçirdiyi sarsıntıya görə) qismində, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 19.030 manat pul tutularaq onun xeyrinə verilməlidir. İddiaçı X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia tələbi əsassızdır. Mübahisələndirilən müqavilə notarial qaydada, qanunvericiliyin tələblərinə uyğun şəkildə, maraqlı şəxslərin razılığı alınmaqla bağlanmışdır. Həmçinin, müqavilənin etibarsız hesab edilməsi tələbi üçün müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Bu səbəbdən, iddianın əsassız olduğundan və iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 Mirhəşim qızına, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə, Bakı şəhəri Nəsimi rayon Bələdiyyəsinə, 13 saylı Notariat ofisinə, X10 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər və nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, əsassız olduğundan, həmçinin iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu B.Bağırova küçəsində istifadədə olan 0,03 ha torpaq sahəsində yerləşən 35 nömrəli, 2 mərtəbəli binada, 56 m2 ümumi, 38 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı mənzil paylı mülkiyyət hüququ üzrə 1 otaq, 18,0 m2 sahəsi X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 259 saylı reyestr kitabının 25274 nömrəli vərəqində qeydiyyata alınmışdır. Nəsimi RİHB-nin xx.xx.2006-cı il tarixli 111 saylı sərəncamından görünür ki, Nəsimi RİH nəzdində X16 İdarələrarası Komissiyanın xx.xx.2006-cı il tarixli 32 saylı texniki rəyi təsdiq edilmiş, Bakı şəhəri Nəsimi rayonu B.Bağırova küçəsində yerləşən, X3 məxsus mənzil 5 otaqdan ibarət olub, yaşayış sahəsi 92,1 m2, ümumi sahəsi isə 147,2 m2 hesab edilmişdir. Bakı şəhəri 13 saylı notariat kontorunda təsdiq edilmiş xx xxxx 2017-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh2 MMC ünvan 1 ünvanda yerləşən 2 otaqlı mənzildən mülkiyyətçi X3 məxsus həmin mərtəbə səviyyəsində dövlət reyestrindən çıxarışda göstərilmiş 18,0 m2 olan yaşayış sahəsinə görə təmirli, 3 otaqlı, ümumi sahəsi 96,79 m2 olan mənzili X3 verməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri 13 saylı notariat kontorunda təsdiq edilmiş xx xxxxx 2017-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh2 MMC ünvan 2 ünvanda yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan ümumi sahəsi 99,92 m2 olan 4 otaqlı evin əvəzinə 20,4 % artıq, B2 blokunun 4-cü mərtəbəsində təmirli 3 otaqlı, ümumi tikinti sahəsi 120,37 m2 olan 119 nömrəli mənzili Cavabdeh1 Mirhəşim qızına verməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-3196/2019 saylı qətnaməsindən görünür ki, X2 Cavabdeh2 MMC-yə və Cavabdeh1 Mirhəşim qızına qarşı «alğı-satqı müqaviləsinin ləğvi və s.» tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)- 12235/2019 saylı qətnaməsi ilə iddiaçı X2 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-3196/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Məhkəmənin yuxarıda qeyd olunmuş qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmişdir ki, Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 111 saylı sərəncamından sonra iddiaçı əlavə sahəyə dair heç bir sənədləşmə işləri aparmamışdır. İşin faktiki hallarından görünür ki, X5 mübahisələndirdiyi əqd və hesabatın predmeti olan daşınmaz əmlak üzərində mülkiyyət hüququ olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. İkincisi, iddiaçının mübahisələndirdiyi əqdin etibarsız hesab edilməsi üçün qanuni əsas yoxdur. Müqavilənin etibarsız hesab edilməsinin qanuni əsasları müvafiq maddi hüquq normalarında öz əksini tapmışdır. Hazırkı iş üzrə qeyd olunan əsaslar müəyyən edilmir. Üçüncüsü, iddiaçı tərəfindən iddia müddəti üzürsüz səbəblərdən ötürülmüşdür. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür və bu da, iddianın rədd edilməsi üçün əsasdır. Bu səbəbdən, iddia təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X2 cavabdehlər Cavabdeh1 Mirhəşim qızına, Cavabdeh2 MMC-yə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə, Bakı şəhəri Nəsimi rayon Bələdiyyəsinə, 13 saylı Notariat ofisinə, X10 qarşı «hesabatın və bağlanmış əqdin etibarsız hesab edilməsi və nəticələrin ləğvi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X2 cavabdehlər Cavabdeh1 Mirhəşim qızına, Cavabdeh2 MMC-yə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə, Bakı şəhəri Nəsimi rayon Bələdiyyəsinə, 13 saylı Notariat ofisinə, X10 qarşı «hesabatın və bağlanmış əqdin etibarsız hesab edilməsi və nəticələrin ləğvi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar