Məhkəmə qərarları › İş №2(006)-387/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-387/2024

08.01.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-387/2024 08.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Nəsimi Rayon Qəyyumluq və Himayəçilik Orqanı cəlb edilməklə «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi maraqlı şəxs qismində Nəsimi Rayon Qəyyumluq və Himayəçilik Orqanı cəlb edilməklə «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin oğlu X5 xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. 1 yaş 6 aylığında övladına göy öskürək, tetanus, difteriya qarşı AGDT adlanan vaksin vurulduqdan sonra, onun vəziyyəti ağırlaşmış və 7 gün müddətinə Leyla Şixlinskaya xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdir. Bu hadisədən sonra oğlunda orqanik beyin zədələnməsi ocaqları əmələ gəlmiş, həkim müayinəsindən keçirdikdə ona autizm diaqnozu qoyulmuş və müəyyən edilmişdir ki, ilkin inkişafı qüsurludur. Bir neçə ildir oğlunun xəstəliyi ilə bağlı onun qulluğunda duraraq bütün əzabəziyyətlərinə qatlanır. Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə nəticəsində birinci dərəcəli müddətsiz əlillik dərəcəsi verilmişdir. Diaqnozu - uşaq autizmi Kanner sindromu, ağır kəmağıllıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları ilə, daim kənar şəxslərin himayəsinə ehtiyacı var (İQ-21). X5 psixi qüsur nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərini idarə edə bilmir və kənar şəxslərin köməyinə ehtiyacı var. Beləliklə barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən X5 maraqlarını və mənafeyini müdafiə edilməsi üçün mülki hüquqi fəaliyyət qabiliyyətinin əldə edilməsi və həyata keçirilməsi üçün zəruri olduğundan onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən xx.xx.2005-ci il təvəllüdlü oğlu X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, xx.xx.2005-ci il təvəllüdlü oğluna 1 yaş 6 aylığında göy öskürək, tetanus, difteriyaya qarşı AGDT adlanan vaksin vurulduqdan sonra onun vəziyyəti ağırlaşmış və bundan sonra oğlumda orqanik beyin zədələnməsi ocaqları meydana gəlmişdir. Ona uşaq autizmi, Kanner sindromu, ağır kəmağıllılıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları dioqnozu qoyularaq, daimi olaraq başqa şəxslərin himayəsinə ehtiyac olduğu müəyyən edilmişdir. Ona birinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Oğlu xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür, onları idarə edə bilmir. Onun daimi nəzarətə ehtiyacı vardır. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X1 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir.

5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Nəsimi Rayon Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, xx.xx.2005-ci il tarixində Bakı şəhərində anadan olmuş X5 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.

b) Mülki işin materialları:

9. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən verilmiş əlillik haqqında arayışdan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X5 müddətsiz birinci dərəcəli əlildir. Diaqnoz: uşaq autizmi kanner sindromu, ağır kəmağıllıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları ilə, daim kənar şəxslərin himayəsinə ehtiyacı var. (İQ-21).

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X6 xx.xx.2023-cü il tarixli, 3152 №-li rəyindən görünür ki, X3 uşaq autizmi, Kanner sindromu, ağır dərəcəli kəmağıllıqla müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə yaş yanırdığında ona göy öskürək, tetanus, difteriya xəstəliklərinə qarşı vaksin vurulduqdan sonra onun ümumi vəziyyəti ağırlaşması ilə əlaqədar özəl klinikanın reanimasiya şöbəsində bir həftə ərzində müalicədə olması, göstərilən hadisədən sonra yoxlanılan şəxsin psixi inkişafda və davranışında patologiya meydana gəlməsi, həkim müayinələrində olduqdan sonra psixi pozuntu - uşaq autizmi olmasının müəyyən edilməsi, erkən psixofiziki inkişafda yaşıdlarına nəzərə geri qalması, nitqinin bir qədər qüsurlu olması biruzə vermiş, bununla əlaqədar yaşayış yeri üzrə psixiatrik qeydiyyata düşmüş, ona müvafiq müalicələr təyin edilməsi, əqli gerililiyi, narahatlığı, bəzi hallarda evdə aqressiv hərəkətlərə yol verməsi, “Uşaq autizmi. Uşaq autizmi kanner sindromu, ağır kəmağıllıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları ilə. Daim kənar şəxslərin himayəsinə ehtiyacı var.(İQ21)” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, psixi pozuntularla əlaqədar hər-hansı bir işi müstəqil yerinə yetirə bilməməsi səbəbindən daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırki müayinə zamanı mimikasında narahatlıq ifadəsi biruzə verməsi, autizm və əqli inkişafdan gerilik əlamətləri və s.) sübut edir. X3 uşaq autizmi, Kanner sindromu, ağır dərəcəli kəmağıllıqla müəyyən edilir. X5 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X2 onda müəyyən edilən uşaq autizmi, Kanner sindromu, ağır dərəcəli kəmağıllıqla əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

13. Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

16. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

17. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

19. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

20. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi maraqlı şəxs qismində Nəsimi Rayon Qəyyumluq və Himayəçilik Orqanını cəlb etməklə «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyətsiz hesab edilsin. Hazırkı qətnamə X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar